10 Noyabr 2026 14:01
129
DÜNYA
A- A+
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

Bu gün Rusiya - Ukrayna müharibəsinin dayandırılması istiqamətində Əbu-Dabidə (BƏƏ) növbəti diplomatik görüş keçirilir. Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların əsas məqsədi müharibənin başa çatdırılması, müharibədən sonrakı təhlükəsizlik mexanizmlərinin müəyyənləşdirilməsi və tərəflər arasında mümkün razılaşma üçün ortaq mövqelərin tapılmasıdır.

AZƏRTAC xəbər verir ki, noyabrın 10-11-də keçiriləcək görüş xüsusi əhəmiyyət daşıyır. Çünki bu, fevral ayından sonra Rusiya və Ukrayna nümayəndələrinin ABŞ vasitəçiliyi ilə yenidən üçtərəfli formatda bir araya gəlməsidir. Bununla belə, danışıqlar ərəfəsində tərəflərin mövqelərində ciddi fikir ayrılıqları qalmaqdadır. Görüşdən əsas gözlənti dərhal sülh müqaviləsinin imzalanması deyil, gələcək razılaşmanın əsas şərtləri üzrə müzakirələrin yenidən başlanmasıdır.

“Associated Press” agentliyinin məlumatına əsasən, Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətdə xarici işlər nazirinin müavinləri, hərbi və kəşfiyyat strukturlarının yüksək vəzifəli nümayəndələri də yer alır. Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov başçılıq edir. ABŞ tərəfini isə Prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edir.

Görüşün diqqətçəkən məqamlarından biri də Avropa ölkələrinin prosesdə iştirakıdır. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avropa İttifaqı və NATO nümayəndələri də Əbu-Dabi görüşünə qatılıblar.

Moskva Avropa nümayəndələrinin üçtərəfli danışıqlara birbaşa qoşulmasına qarşı çıxır. Kiyev isə Avropanın təhlükəsizlik məsələlərinə dair qərarların qəbulunda iştirakını vacib hesab edir.

Görüşün gündəliyində bir-biri ilə sıx bağlı olan bir neçə mühüm məsələ dayanır. Ərazi məsələsi əsas mübahisə predmetidir. Rusiya ilə Ukrayna arasında razılaşmanın qarşısındakı ən ciddi maneələrdən biri məhz budur. Moskva Donbasın, xüsusilə Donetsk vilayətinin Ukrayna nəzarətində qalan hissələrinin Rusiyaya verilməsini tələb edir. Kreml daha əvvəl də Ukraynanın NATO-ya üzvlük perspektivindən imtina etməsini və ölkənin hərbi imkanlarına məhdudiyyətlər qoyulmasını gündəmə gətirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin ərazi bütövlüyü ilə bağlı güzəştləri qəbul etmədiyini bildirir. Kiyevin mövqeyinə görə, Ukrayna ordusunun müdafiə etdiyi ərazilərin gələcək taleyi ilə bağlı qərarlar təhlükəsizlik təminatlarından ayrı müzakirə edilə bilməz. ABŞ nümayəndələri ərazi məsələsində müəyyən kompromis imkanlarının olduğunu düşünürlər. Lakin Ukrayna rəsmiləri ərazi güzəştlərinə razılıq verilməsi ehtimalını açıq şəkildə təkzib edirlər. Kiyev üçün müharibənin dayandırılması qədər vacib olan digər məsələ gələcəkdə Rusiyanın yenidən hərbi müdaxiləsinin qarşısını alacaq təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Ukrayna müharibədən sonra ölkənin suverenliyini və ərazi bütövlüyünü qoruyacaq etibarlı beynəlxalq təminatların verilməsində maraqlıdır. ABŞ administrasiyası da danışıqlarda bu məsələyə xüsusi diqqət ayırır. Vaşinqtonun yanaşmasına əsasən, mümkün sülh razılaşması yalnız atəşin dayandırılmasını deyil, həm də müharibədən sonrakı təhlükəsizlik sisteminin formalaşdırılmasını əhatə etməlidir.

Danışıqlarda atəşkəs məsələsinin də mühüm yer tutacağı şübhəsizdir. Son dövrlərdə enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı əldə olunan razılaşma heç bir nəticə verməyib. Rusiya Ukraynanın elektrik enerjisi infrastrukturuna və şəhərlərinə zərbələr endirir, Ukrayna isə Rusiyanın neft emalı obyektlərinə dronlarla hücumlarını artırıb. Bu baxımdan, Əbu-Dabi görüşündə hərbi eskalasiyanın qarşısının alınması üçün konkret mexanizmlərin müzakirəsi xüsusi əhəmiyyət daşıyır.

Bu görüşün əvvəlki danışıqlardan fərqlənən mühüm cəhətlərindən biri də müzakirələrin yalnız Rusiya–Ukrayna münasibətləri ilə məhdudlaşmamasıdır. “Reuters” agentliyinin yaydığı məlumata görə, Rusiya nümayəndə heyətindəki mənbə danışıqların əsas istiqamətlərindən birinin Avropa üçün yeni təhlükəsizlik çərçivəsinin hazırlanması olduğunu bildirib.

Moskva hesab edir ki, Avropada uzunmüddətli sabitlik üçün yeni təhlükəsizlik mexanizmləri yaradılmalıdır. Lakin bu yanaşma Qərb dövlətlərinin hamısı tərəfindən eyni şəkildə qəbul edilmir. Xüsusilə NATO-nun genişlənməsi, Avropada hərbi qüvvələrin yerləşdirilməsi və Ukraynanın gələcək təhlükəsizlik statusu ilə bağlı fikir ayrılıqları qalır. Avropa ölkələrinin narahatlığı ondan ibarətdir ki, qitənin təhlükəsizlik gələcəyi ilə bağlı qərarlar onların birbaşa iştirakı olmadan qəbul edilməməlidir.

Donald Tramp administrasiyası müharibənin diplomatik yolla başa çatdırılmasını prioritet istiqamətlərdən biri kimi təqdim edir. ABŞ-ın xüsusi nümayəndəsi Cared Kuşner noyabrın 9-da bildirmişdi ki, Vaşinqtonun səyləri dörd əsas istiqamətə yönəlib: hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı etibarlı təhlükəsizlik təminatlarının hazırlanması, Ukraynanın iqtisadi bərpası və gələcək inkişafı üçün planın formalaşdırılması, eləcə də humanitar məsələlərin həlli. C. Kuşnerin sözlərinə görə, məqsəd uzunmüddətli və dayanıqlı sülhə nail olmaq, Ukraynanın təhlükəsizliyini təmin etmək və ölkənin müharibədən sonrakı bərpası üçün şərait yaratmaqdır. ABŞ eyni zamanda Avropa dövlətləri ilə də məsləhətləşmələr aparır. Bu isə Vaşinqtonun mümkün razılaşmanın yalnız iki ölkə arasındakı münasibətləri deyil, daha geniş regional təhlükəsizlik məsələlərini də əhatə etməsinə çalışdığını göstərir.

Hazırkı vəziyyətdə Əbu-Dabi danışıqlarından üç mümkün nəticə istiqamətini qeyd etmək olar. Birinci istiqamət – danışıqların davam etdirilməsi. Tərəflər ərazi, təhlükəsizlik və atəşkəs məsələlərində razılığa gələ bilməsələr də, diplomatik təmasların bərpası özü müəyyən əhəmiyyət daşıyır. Bu halda növbəti görüşlərin keçirilməsi və danışıqlar mexanizminin formalaşdırılması gündəmə gələ bilər ki, bu da sülhün nə vaxtsa əldə olunacağı ümidini yaradır. İkinci istiqamət – məhdud razılaşmaların əldə edilməsidir. Əsirlərin dəyişdirilməsi, enerji infrastrukturuna hücumların dayandırılması, humanitar məsələlər və Qara dənizdə təhlükəsizlik kimi konkret mövzularda razılıq əldə olunması mümkündür. Belə razılaşmalar ümumi sülh müqaviləsi üçün ilkin zəmindir. Üçüncü istiqamət – geniş siyasi razılaşmaya doğru addımların atılmasıdır. Əgər tərəflər ərazi məsələsi və Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı ortaq mövqeyə yaxınlaşa bilsələr, daha geniş sülh danışıqlarına keçid mümkün olacaq. Lakin hazırda bu məsələlər üzrə ciddi ziddiyyətlər mövcuddur.

Almaniyanın DW telekanalına müsahibə verən ukraynalı deputat Davıd Araxamiya danışıqlardan böyük irəliləyişin olmayacağını bildirib. Lakin uzun fasilədən sonra danışıqların bərpası faktı müəyyən nəticə sayıla bilər.

Əslində, Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı problemin əsasını tərəflərin müharibədən sonrakı siyasi və təhlükəsizlik reallıqlarına fərqli yanaşmaları təşkil edir. Rusiya əldə etdiyi ərazilərin gələcək statusunun və Ukraynanın hərbi-siyasi istiqamətinin dəyişdirilməsini istəyir. Ukrayna isə ərazi bütövlüyünün qorunmasını, suveren qərarvermə hüququnu və gələcək təhlükəsizliyinə beynəlxalq təminatların verilməsini tələb edir. ABŞ bu ziddiyyətlər arasında kompromis tapmağa çalışır. Digər tərəfdən, Avropanın prosesdə iştirakı da mühüm amildir. Çünki müharibədən sonra Ukraynanın təhlükəsizliyi, NATO-nun şərq cinahının müdafiəsi və Avropada hərbi balans məsələləri birbaşa Avropa dövlətlərinin maraqlarına toxunur.

Beləliklə, Əbu-Dabi görüşünü Rusiya–Ukrayna müharibəsinin həlli istiqamətində sülh olmasa da, mühüm diplomatik cəhd kimi qiymətləndirmək olar. Əsas məsələ tərəflərin siyasi bəyanatlardan konkret razılaşmalara keçə bilməsidir. Əgər Əbu-Dabidə ərazi məsələsi, təhlükəsizlik təminatları və atəşkəs mexanizmləri üzrə müəyyən ortaq məxrəc tapılarsa, bu, gələcək danışıqlar üçün yeni imkanlar açacaq. Mühüm məqam isə ondan ibarətdir ki, müharibənin başa çatması təkcə silahların susması demək deyil. Həm Rusiya, həm də Ukrayna üçün qəbul edilə bilən, təhlükəsizlik baxımından davamlı və beynəlxalq səviyyədə təminatlandırılmış razılaşma əldə olunmalıdır. Əbu-Dabi danışıqlarının əsl sınağı da məhz bu olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

21:21
10 Noyabr

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

19:21
10 Noyabr

10 noyabr bəyanatı Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi oldu

16:07
10 Noyabr

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

14:53
10 Noyabr

Türkiyənin Vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

14:50
10 Noyabr

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

14:01
10 Noyabr

Azərbaycanın energetika naziri COP31-də elektrikləşmə üçün istehsal, şəbəkələr və enerji saxlancının paralel inkişafına çağırıb

13:41
10 Noyabr

Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib

13:19
10 Noyabr

Rusiya Əbu-Dabi danışıqlarında irəliləyiş əldə olunacağına ümid edir

13:15
10 Noyabr

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək

13:13
10 Noyabr

BDYPİ: Səfərdən qayıdan sürücülərə mühüm xəbərdarlıq!

12:31
10 Noyabr

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub  

12:30
10 Noyabr

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq  

12:29
10 Noyabr

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə  

12:09
10 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO

12:00
10 Noyabr

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

11:57
10 Noyabr

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib  

11:23
10 Noyabr

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO  

10:57
10 Noyabr

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb  

10:36
10 Noyabr

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir  

10:17
10 Noyabr

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır  

10:13
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!