Anemiya qan azlığı kimi tanınan problemdir və qanda kifayət qədər sağlam
qırmızı qan hüceyrələrinin, hemoqlobinin olmaması ilə xarakterizə edilir.
Anemiyanın profilaktikası üçün düzgün qidalanma çox vacibdir.
Bunun üçün əsas məqsəd orqanizmi lazımi qida maddələri ilə təmin etməkdir
ki, qırmızı qan hüceyrələrinin istehsalı normal olsun. Növləri və əsas səbəbləri
kimi dəmir çatışmazlığı, B12 vitamini çatışmazlığı və fol turşusu çatışmazlığı
anemiyalarını deyə bilərik. Dəmir çatışmazlığı anemiyası qidalanmada dəmir
çatışmazlığı və ya dəmirin zəif mənimsənilməsi nəticəsində yaranır. B12
vitamini çatışmazlığı anemiyası daha çox heyvan mənşəli qida qəbul etməyən
insanlarda rast gəlinir. Fol turşusu qırmızı qan hüceyrələrinin istehsalı üçün
vacibdir və onun çatışmazlığı anemiyaya səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Hematologiya və
Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Oksana Abbasova bildirib.
Profilaktik qidalanmanın prinsipləri haqqında danışan Oksana Abbasova
deyib ki, anemiyaya qarşı profilaktik qidalanma prinsipləri dedikdə, ilk olaraq
dəmirlə zəngin qidalar təsəvvür edilir. Belə ki, dəmir qırmızı qan hüceyrələrində
oksigen daşıyan hemoqlobinin əsas komponentidir. Heme dəmir və non-heme dəmir
olmaqla, iki növ dəmir var. Heme dəmir əsasən heyvan mənşəli qidalarda olur və
orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Non-heme dəmir bitki mənşəli
qidalarda olur və mənimsənilməsi daha çətindir. Heme dəmir mənbələri kimi mal,
qoyun, toyuq və hinduşka ətlərini, balıq növlərini (somon, sardina, ton
balığı), ciyər (mal və quş ciyəri) və digər daxili orqanları misal olaraq göstərmək
olar. Non-heme dəmir mənbələri kimi yaşıl yarpaqlı tərəvəzləri (ispanaq, pazı,
kələm, brokoli), paxlalıları (mərcimək, noxud, lobya), tam taxılları (yulaf,
buğda, darı), quru meyvələri (qaysı, kişmiş, gavalı qurusu), çərəzləri (badam,
fındıq, balqabaq və günəbaxan tumu) misal gətirmək olar.
Həkim-hematoloq vacib məqam kimi qeyd edib ki, non-heme dəmirin mənimsənilməsini
artırmaq üçün bu qidalar C vitamini ilə birlikdə qəbul edilməlidir: "C
vitamini dəmirin bağırsaqdan sorulmasını artırır və onun orqanizmdə daha yaxşı
mənimsənilməsinə kömək edir. C vitamini ilə zəngin qidalar portağal, limon,
kivi, çiyələk, quşüzümü, böyürtkən, pomidor, bolqar bibəri, ispanaq, brokoli, kələm,
gül kələmi kimi bitkilərdir. Həmçinin B12 vitaminini xüsusi qeyd etmək
lazımdır. B12 vitamini qırmızı qan hüceyrələrinin istehsalı üçün həyati əhəmiyyət
daşıyır. Bu vitamin yalnız heyvan mənşəli qidalarda olur. Buna görə də,
vegetarian və veqanlar əlavə B12 qəbul etməlidirlər. B12 mənbələri kimi mal və
qoyun ətini, balığı (somon, skumbriya, sardina), süd və süd məhsullarını
(qatıq, pendir, süd), yumurtanı demək olar. Bunlarla yanaşı, DNT sintezində və
qırmızı qan hüceyrələrinin formalaşmasında fol turşusunun xüsusi iştirakını
qeyd etmək lazımdır. Fol turşusu ilə zəngin qidalara yaşıl yarpaqlı tərəvəzlər
(ispanaq, pazı, kələm), portağal, naringi və digər sitrus meyvələri, avokado,
baklagillər (mərcimək, noxud, lobya), tam taxılları misal çəkmək olar".
Anemiyalı xəstələrin çay və qəhvədən imtina etməli və ya az qəbul etməli
olduğunu deyən mütəxəssis əlavə edib ki, onlar yüksək miqdarda taninlər və
polifenollar ehtiva edir. Bu isə dəmirin mənimsənilməsini azaldır. Yeməklərdən
dərhal sonra çay və qəhvə içməkdən çəkinmək lazımdır: "Dəmirin mənimsənilməsini
kalsium da zəiflədə bilər. Buna görə də, süd və süd məhsullarını dəmir mənbəyi
olan qidalardan ayrı qəbul etmək tövsiyə olunur. Dəmir çatışmazlığı riski olan
insanlar (hamilələr, yeniyetmələr, menstruasiya dövründə olan qadınlar) həkim məsləhəti
ilə dəmir əlavələri qəbul edə bilərlər. Əlavələrlə birlikdə C vitamini qəbul
etmək daha təsirli olur. Ümumiyyətlə, dəmir, fol turşusu və B12 ilə zəngin
qidaların balanslı şəkildə qəbulu qırmızı qan hüceyrələrinin normal səviyyədə
qalmasını təmin edir və anemiyanın yaranmasının qarşısını alır".
Oksana Abbasova qeyd edib ki, anemiya növləri üçün pəhriz nümunəsi
olaraq səhər yeməyində yumurta (qayğanaq və ya suda bişmiş), tam buğda çörəyi
ilə hazırlanmış sendviç, bir stəkan təzə sıxılmış portağal suyu qəbul etmək
olar. Nahar yeməyində qırmızı ət (qızardılmış və ya qaynadılmış), yaşıl salat
(pomidor, ispanaq limon suyu ilə), mərci şorbası, bir dilim tam buğda çörəyi
yemək məsləhətdir. Axşam yeməyində isə toyuq və ya balıq, brokoli və gül kələmi
ilə hazırlanmış tərəvəz qarışığı, qəhvəyi düyü və ya kinoa, bir stəkan qatıq
yemək lazımdır. Ara yeməklərdə quru meyvələr (qaysı, kişmiş), fındıq, badam,
meyvə (alma, armud və s.) tövsiyə olunur.
Mütəxəssis
vurğulayıb ki, düzgün qidalanma və sağlam həyat tərzi anemiyanın qarşısını
almaqda əsas rol oynayır. Dəmir, fol turşusu və B12 vitamini ilə zəngin
qidaların balanslı şəkildə qəbul edilməsi ilə qan dəyərlərini normada saxlamaq
mümkündür. Ehtiyac olarsa, həkim məsləhəti ilə əlavələr qəbul edilə bilər.