Qarabağın və Şərqi Zəngəzurun ekosistemi bərpa olunur
Azərbaycan işğaldan azad etdiyi torpaqlarına yenidən həyatın qayıtması üçün dünyada misli görünməmiş miqyasda layihələr gerçəkləşdirir.
44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasından dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda start verilən quruculuq və bərpa işləri böyük uğurla həyata keçirilir, keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarına dönüşü üçün böyük hazırlıqlar görülür. Artıq zəfərdən sonra Böyük qayıdışın ilk uğurlu addımları atılıb və bir neçə aydır ki, Zəngilanın Ağalı kəndinin sakinləri doğma yurdlarına qovuşublar.
Meqalayihələrin gerçəkləşdirildiyi ünvana çevrilən Qarabağ və Şərqi Zəngəzurda bütün şəhərlərin baş planları təsdiq olunub, bu yerlərin elektrik, su, yol və digər infrastrukturları ilə bağlı işlər reallaşdırılır. Füzuli və Zəngilanda Beynəlxalq Hava limanlarının fəaliyyətə başlaması isə görülən işlərin qürurlu nəticələrindəndir.
Eyni zamanda 30 il ərzində düşmənin məhv etdiyi Qarabağın və Şərqi Zəngəzurun ekologiyası da müvəffəqiyyətlə bərpa olunur.
Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir
"Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır".
Ötən ilin 16 martında Qarabağın mirvarisi Şuşada səfərdə olarkən Prezident İlham Əliyev bu tarixi şəhərimizdə erməni vandallığının izləri ilə bir daha qarşılaşanda qəzəbqarışıq heyrətlə söyləmişdi bu fikirləri. İlham Əliyev onu da təəssüflə vurğulamışdı ki, otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar.
Azərbaycanın tarixi ərazilərini 30 il müddətində işğal altında saxlayan vandal ermənilər vəhşiliklər törədərək bu yerlərdə daşı-daş üstündə qoymayıblar, bütün yaşayış yerlərini talayıb dağıdıblar, xalqımıza məxsus tarixi, dini, mədəni irsi məhv ediblər.
Erməni vandalları Qarabağ və Şərqi Zəngəzurda ekoloji terrora da əl ataraq bulaqlarımızı, çaylarımızı qurudub, meşələrimizi qırıb, yandırıb, flora və faunamıza qənim kəsiliblər. Bir sözlə, işğal müddətində Ermənistan "ölü torpaq" siyasəti həyata keçirərək, bu yerlərdə həyata dair hər nə varsa hamısına qənim kəsilib.
Ermənistanın ekoloji terroru
Ermənistanın yürütdüyü bu ekoloji terror transsərhəd çay olan Oxçuçaydan da yan keçməyib. Bu çay Ermənistan ərazisində daim çirkləndirilib. Aparılan araşdırmalar zamanı ortaya çıxıb ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır. Nəticədə çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olması Oxçuçayın su ehtiyatlarının istifadəsinin yararsız hesab edilməsinə gətirib çıxarıb.
Ermənistan təbiətə qənim kəsilən əməllərini 2020-ci il 10 noyabr bəyanatı ilə Kəlbəcər, Laçın və Ağdamı boşaltmaq üçün Azərbaycanın humanist mövqeyi nəticəsində onlara verilən əlavə vaxt zamanında da dünyanın gözü qarşısında nümayiş etdirdi. Həmin vaxt ermənilər tərk etdikləri evləri, meşələri yandıraraq, ağacları kəsərək bir daha öz vandal xislətlərini göstərdilər.
Eləcə də bu il qanunsuz məskunlaşdıqları Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaldan zaman barbar ermənilərin iyrənc əməllərinin şahidi olduq. Evlərə, meşələrə od vuran erməni vəhşilərin çirkin əməllərindən bir daha dəhşətə gəldik.
Balıqlar hövzələri zənginləşdirdi
Azərbaycanın Vətən müharibəsində zəfər çalması Qarabağın və Şərqi Zəngəzurun ekologiyasını, təbiətini də ermənilərin murdar əməllərindən qurtarıb. Azərbaycan dövləti bu yerlərdə tikinti-quruculuq işləri ilə yanaşı, ekosistemin bərpası istiqamətində də böyük işlər görür.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin düzəldilməsi üçün burada müxtəlif növ ağaclar əkilir, balıqlar və heyvanların tarixi areala reintroduksiyası üçün işlər həyata keçirilir.
IDEA İctimai Birliyinin "Zəngin hövzələr" layihəsi çərçivəsində son 2 ildə Qarabağ və Şərqi Zəngəzur bölgələrində təbii su hövzələrinə balıq buraxılışı tədbirləri həyata keçirilir. Bu ərazilərdə olan Bəsitçay, Bərgüşad, Həkəri, Suqovuşan və digər su hövzələrinə balıq körpələri buraxılır.
Onu da bildirək ki, balıqlarla yanaşı, işğaldan azad olunmuş ərazilərə maral, dağ keçisi, ceyran, bezoar keçisinin də buraxılması planlaşdırılır.
Ceyranlar tarixi areallarına qaytarıldı
Qarabağ və Şərqi Zəngəzurun düşmən tərəfindən məhv edilən ekologiyası birbaşa Prezident İlham Əliyevin diqqəti və nəzarəti altında bərpa olunur. Dövlət başçısının bu bölgələrimizə hər səfərində şəxsən özünün ağac əkməsi, onu sulaması da bu ərazilərimizə əbədi həyatın qayıdışının mesajını verir.
Oktyabrın 19-da İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyran buraxmaları bu canlıların da tarixi areallarına qayıdışının daha bir rəmzi oldu.
Həmçinin Şərqi Zəngəzurda ekosistemin bərpası istiqamətində icra olunan layihələr, Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin layihəsi də işğaldan azad edilən bölgələrimizdə ekologiyanın bərpası istiqamətində gerçəkləşdirilən mühüm işlərdir.
Oktyabrın 20-də Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl ərazisində sözügedən komplekslərin təməlqoyma mərasimlərində iştirak etdilər. Həmin gün iki qardaş ölkənin prezidentləri Azərbaycanın işğaldan azad edilən torpağında ağac əkdilər. Əraziyə daha 15 baş ceyran buraxıldı.
Meşələrimiz yenidən canlanır
"Ağıllı Tingçilik"də qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, köçürmə sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcəkdir. Burada il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif növ ting yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırma işlərində istifadə olunacaq.
Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda ekosistemin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün mühüm işlər gerçəkləşdirilir. İşğal dövründə təbiətinə ciddi ziyan dəymiş ərazilərimiz yenidən axarlı-baxarlı, yaşıl ərazilərə çevrilir.
Mənfur düşmənin qurutduğu bulaqlarımız, çaylarımız çağlayır, qırdığı meşələrimiz pöhrələyir, 30 ildir ki, təbii ərazisindən didərgin düşən canlılar yenidən öz ərazilərinə qaytarılır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"