Bura dünyanın var olan nöqtəsidir...
Bura dünyanın qibləgahıdır...
Bura bütün dünya müsəlmanlarının ən müqəddəs
ziyarətgahı, Allahın ilk evidir...
Hər il milyonlarla insanın Allaha üz tutduğu,
tapındığı, dualar etdiyi, qurbanlar kəsdiyi məkandır...
"Kəbə” ərəbcə "əl-Kəb” sözündən götürülüb,
mənası "kub” deməkdir. Böyük daşlardan təxminən kub formasında tikilmiş formaya
malikdir. Kəbə 180 kvadratmetr sahəni əhatə edir. Sahəsi 128,4 kvadratmetr, hündürlüyü
13,10 metrdir. Şimal-şərq divarı 12,6, şimal-qərb divarı 11,03, cənub-qərb divarı
13,10, cənub-şərq divarı 11,22 metrdir. Divarlarında istifadə olunan daşlar Məkkə
yaxınlığındakı təpələrdən gətirilmiş qranitlərdir.
Kəbə binasının küncləri düz Yer kürəsinin
qütblərinə - Şimal, Cənub, Şərq və Qərbə istiqamətlənib. Bu künclərin hər birinin
xüsusi adı var. Kəbənin şərq küncündə Həcərül-əsvəd adlanan qara daş yerləşir. Şimal
küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.
Kəbənin cənub-qərb divarının qabağında hündürlüyü
90 santimetr, eni 1,5 metr olan yarımdairə şəkilli, ağ mərmərdən tikilmiş divar
var. Bu ərazi Hatim adlanır və Kəbənin bir parçası hesab olunduğu üçün təvaf zamanı
oraya daxil olmağa icazə verilmir.
Kəbənin qapısı yerdən 2 metr hündürlükdə
şimal-şərq divarında yerləşir. Ora qalxmaq üçün təkərlər üzərində quraşdırılmış
taxta pilləkəndən istifadə olunur. Bu pilləkən adətən məsciddə, arka formalı Bəni-Şeybə
qapısı ilə Zəmzəm quyusunun arasında saxlanılır.
Kəbənin döşəməsi qranitdəndir. Divarların
içərisi yarıya qədər Quran ayələri ilə bəzədilmiş qranitdən, yarıdan çoxu isə üzərində
qızıl saplarla Quran ayələri işlənilmiş yaşıl parçadan ibarətdir.
Kəbənin içərisindəki 3 ədəd qəhvəyi rəngdə taxta sütun tavana dirək rolunu oynayır.
Bu sütunlar olduqca möhkəm taxtalardan hazırlandığı üçün 1350 ildir ki, möhkəmliyini
qoruyur. Hər sütunun diametri 44 santimetrdir. Bu sütunlar hələ Məhəmməd peyğəmbərin
vaxtında Abdullah ibn Zübeyr tərəfindən yerləşdirilib. Hər bir sütun kvadratşəkilli
taxta platforma üzərində oturub. Hər üç sütundan müxtəlif dövrlərdə zəvvarlar tərəfindən
Kəbəyə bağışlanılan hədiyyələrin asıldığı dirək keçirilib.
Kəbənin içində ərəb xəttatlığı ilə bəzədilmiş
8 daş var.
Kəbə evinə bərkidilmiş Qara daşa toxunub
öpmək isə hər müsəlmanın arzusudur. Çünki bu daşın səmadan, Cənnət bağlarından endirildiyinə
dair inanc var. Müsəlmanlar bu daşın Adəmə Cənnətdən qovulduqdan sonra günahlarının
təmizlənməsi üçün göndərildiyini düşünürlər. Bəzi rəvayətlərə görə, daş əvvəl ağ
rəngdə olub və bir çox günahkar insanın ona toxunması nəticəsində zaman keçdikcə
qaralıb.
930-cu ildə Bəhreyndə məskunlaşmış kərmətilər
Qara daşı oğurlayırlar. 951-ci ildə bu daş yenidən Məkkəyə qaytarılır. Kəbə iki
dəfə yanıb, 1626-cı ildə isə Məkkə sel daşqınında suda batıb. Bu bədbəxt hadisələrdən
sonra Qara daş 15 parçaya bölünüb. İndi bu hissələr sement məhlulu ilə birləşdirilib
və gümüş çərçivəyə salınıb. Daşın görünən hissəsi təxminən 16,5x20 sm-dir.
Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi
ildə iki dəfə - ramazan ayının və həcc mərasiminin başlanmasından 15 gün əvvəl yerinə
yetirilir. İçərinin təmizlənməsi üçün adi süpürgələrdən istifadə olunur, Zəmzəm
suyu ilə fars qızılgül suyunun qarışığı ilə yuyulur.
Kəbənin üzəri kisvah adlanan qızıl saplarla
işlənmiş ipək parça ilə örtülür. Hər il həcc dövründə yenisi ilə əvəz olunan kisvah
658 kvadratmetr sahəni örtür. Bu örtüyün toxunması üçün 670 kiloqram xalis ipək,
üzərindəki naxışların vurulması üçün isə 15 kiloqram qızıl sapdan istifadə olunur.
Naxışlarla ipəyin üzərinə Şəhadət kəlməsi və Quran ayələri yazılır. 47 hissədən
ibarət örtük Kəbənin üzərinə örtülür və yerə mis halqalarla bərkidilir. Onun düzəldilməsi
təqribən 4,5 milyon ABŞ dollarına başa gəlir.
Kəbə evinin, örtüyünün, həmçinin Kəbə yaxınlığında
İbrahim peyğəmbərin ayaq izinin əks olunduğu daşın yerləşdiyi Məqami-İbrahim adlı
yerin açarı isə əş-Şeybi ailəsindədir. Əslən Qureyşilərdən olan əş-Şeybi nəsli
1400 ildən artıqdır ki, Kəbənin açarlarını özündə saxlayır və nəsildən-nəslə ötürülür.
Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfəri zamanı
və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır.
Misir mütəxəssisi, Qahirə Universitetinin
professoru Hüseyn Kəmaləddin elmi cəhətdən sübut edib ki, vulkan püskürmələri nəticəsində
ilk dəfə quru məkan məhz Kəbənin olduğu yerdə yaranıb. O vaxtadək bütün planet su
ilə örtülü olub. Quru ərazilər buradan yayılmağa, genişlənməyə başlanıb. Bu elmi
kəşf 1977-ci ildə rəsmən açıqlanıb. Alimlər müəyyən ediblər ki, hazırda Ərəbistan
yarımadası olan ərazidə vaxtilə Qondvana superqitəsi yerləşib. Sonradan bu superqitə
yeddi qitəyə bölünüb.
Hüseyn Kəmaləddin müəyyən edib ki, Yer kürəsinin
maqnit mərkəzi Məkkədə, məhz Kəbənin dayandığı yerdədir. Maraqlıdır ki, Yer kürəsinin
maqnit qütbləri dəyişsə də, Kəbədə maqnit mərkəzi dəyişmir. Bu, dünyanın istənilən
nöqtəsindən qiblənin istiqamətini ölçərkən məlum olub. Alim müəyyən edib ki, qiblə
hər tərəfdən Məkkə və Kəbəyə aparan maqnit xətlərin istiqaməti ilə üst-üstə düşür.
Xəyalə MURADLI,
"Azərbaycan”