Dünya bazarlarında qızılın bir troya unsiyasının qiyməti 4 400 dolları ötərək yenidən tarixi maksimuma yüksəlib.
AZƏRTAC xəbər verir ki, dekabrın 22-də qızılın bir troya unsiyasının qiyməti 4 436,9 dollara çatıb. Gümüşün qiyməti də 3,2 faiz artaraq 68,89 dollarla rekord həddə yüksəlib.
Mütəxəssislər qiymət artımını ABŞ Federal Ehtiyat Sisteminin (FED) ötən həftə həyata keçirdiyi faiz endirimi və yaxın dövrdə əlavə faiz endirimlərinə dair gözləntilərlə əlaqələndirirlər. Bu amil həm qızılın, həm də gümüşün bahalaşmasına ciddi təsir göstərib.
Qızıl qiymətləri 2025-ci il ərzində kəskin artım nümayiş etdirib. Avqustun 18-də bir troya unsiyası 3 333 dollar olan qızıl cəmi iki ay ərzində 4 381 dollara yüksələrək investorlarına təxminən 30 faiz qazanc gətirib.
Oktyabrın sonu və noyabrın əvvəlində qızıl qiymətlərində sürətli ucuzlaşma olsa da, noyabrın sonlarından etibarən yenidən yüksəliş trendinə keçib. Dekabrın 1-nə olan məlumata görə, qızılın bir troya unsiyasının qiyməti 4 261,4 dollar səviyyəsində olub.
İqtisadçılar bu artımda FED-in faiz endirimlərinə davam edəcəyi ilə bağlı gözləntilərin güclənməsini əsas faktor kimi göstərirlər.
Mütəxəssislərin fikrincə, oktyabr ayındakı rekorddan sonra qızıl qiymətlərində müşahidə olunan dalğalanmaların əsas səbəblərindən biri investorların mənfəət realizasiyası məqsədilə satışlara üstünlük verməsi olub.
Bəzi analitiklər ABŞ Prezidenti Donald Trampın Çinlə gömrük qarşıdurmasında müəyyən uzlaşmaya getməsini də bazarlara təsir edən amillər sırasında göstərirlər. Bununla belə, ekspertlər hesab edirlər ki, qlobal iqtisadi və siyasi qeyri-müəyyənliklər davam etdikcə qızıl qiymətlərinin yeni rekord səviyyəyə yüksəlməsi mümkündür.
2026-cı il üçün proqnozlar
Analitiklərin fikrincə, 2025-ci ildə qızıl qiymətlərindəki artımın əsas səbəbləri geosiyasi və iqtisadi qeyri-müəyyənliklər, mərkəzi bankların aktiv alışları, fərdi və institusional investorların marağı, eləcə də FED-in faiz endirimləri olub.
Proqnozlara əsasən, 2026-cı ildə qızılın bir troya unsiyası üzrə orta qiymətinin 4 min 488 dollar səviyyəsində olacağı gözlənilir və bu göstəricinin daha da yüksəlmə risklərinin mövcud olduğu bildirilir.
Bununla yanaşı, bəzi ekspertlər 2026-cı ildə qızılın qiymətinin 5 000 dollara qədər artacağını istisna etmirlər.