Təkcə cari ilin 11 ayında 4300-dən çox işaxtaran bu proqram çərçivəsində aktivlərlə təmin olunub
Prezident İlham Əliyevin apardığı sosial siyasət daha çox insanın rifahının yaxşılaşdırılmasına yönəlib. Bu istiqamətdə icra edilən islahatların əsas məqsədi dövlətin imkanlarından hər bir vətəndaşın faydalanmasına şərait yaratmaqdır. İslahatların şaxələndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi isə vətəndaşlara səmərəli sosial xidmətlərdən yararlanmağa imkan verir.
Dövlətin sosial sahədə həyata keçirdiyi islahatların hədəflərindən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Çünki bu, insanların sosial rifahının yaxşılaşmasında önəmli rol oynayır. Xüsusən özünüməşğulluq proqramı çərçivəsində şəxsi kiçik biznesin yaradılması daha faydalıdır. Bu imkandan istifadə edən vətəndaş təkcə özünün deyil, ailə üzvlərinin də məşğulluğunu təmin etmiş olur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal və xidmət sahələrində kiçik biznes fəaliyyətinə başlamaq üçün 28 istiqamət üzrə zərflər təqdim edilir. Bu zərflər vətəndaşların müxtəlif sahələrdə peşəkar fəaliyyət göstərmələrinə, peşə bacarıqlarını gəlirli biznesə çevirmələrinə və əmək bazarında öz mövqelərini gücləndirmələrinə şərait yaradır.
Proqram çərçivəsində təqdim edilən zərflərin tərkibi və istiqamətləri əmək bazarının araşdırılması, mövcud tələbatın qiymətləndirilməsi nəticəsində müəyyən edilir və mütəmadi təkmilləşdirilir. Öz biznes ideyasını reallaşdırmaq istəyən şəxslər özünüməşğulluq proqramına müraciət edərək təqdim olunan imkanlardan faydalana bilirlər. Təkcə cari ilin 11 ayı ərzində 4329 nəfər istehsal və xidmət istiqamətləri üzrə aktivlərlə təmin ediliblər.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə nəhəng sosial quruculuq layihələri həyata keçirilir. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın geri dönməsi üçün həmin ərazilərdə şəhər və kəndlər bərpa edilir və yeniləri salınır. Yurdlarına qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsi də unudulmur. Bu istiqamətdə dövlət-özəl sektor tərəfdaşlığı proqramlarının icrası xüsusi əhəmiyyət daşıyır. Çünki dövlətin bütün vətəndaşları onun tabeliyində olan qurumlarda işlə təmin etmək imkanı yoxdur və o üzdən özəl sektorla əməkdaşlıq edib maliyyə yükünün bölüşdürülməsi ilə bu məsələni həll etmək mümkündür.
Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş keçirilib. Vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində proqramlar daim genişləndirilir və bu məqsədlə işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirilməsi diqqətdə saxlanılır. Nazirlik bölgələrə köçürülən vətəndaşların məşğulluğunun təminatı sahəsində aparılan işləri davam etdirir. Həmin vətəndaşlar hələ köçürülməzdən əvvəl onlarla görüşlər keçirilərək məşğulluq imkanları qiymətləndirilir. Köçürüldükdən sonra isə onlar məşğulluq proqramlarına (işədüzəltmə, özünüməşğulluq proqramı, peşə hazırlığı və s.) cəlb edilirlər.
"Böyük qayıdış" proqramına uyğun olaraq Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərinin təşkilini davam etdirir və bu məqsədlə mütəmadi olaraq əmək yarmarkaları keçirir. Növbəti əmək yarmarkası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub. 14 işəgötürənin iştirakı ilə keçirilmiş yarmarkada İT üzrə mütəxəssis, aşpaz, bağ fəhləsi, qaz paylayıcı stansiyanın operatoru, qeydiyyatçı, sürücü, anbardar, gözətçi, çilingər və s. peşələr olmaqla ümumilikdə 103 vakansiya təqdim edilib.
Qarabağ və Gəncə-Daşkəsən Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində isə 44 işəgötürən tərəfindən ümumilikdə 400-ə yaxın vakansiya təqdim olunub. Vakansiyalara müraciət edən şəxslərə işə qəbul tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasında beynəlxalq əlaqələrin qurulması və onlarla əməkdaşlıq edilməsi də vacibdir. Belə əməkdaşlıq hesabına beynəlxalq təşkilatlardan və Dünya Bankından müəyyən məbləğdə vəsait cəlb etməklə özünüməşğulluq proqramları ilə əhalinin işlə təminatını yaxşılaşdırmaq mümkündür. Bunun üçün dünyada qəbul edilən müəyyən standartların ölkəmizdə tətbiqi tələb olunur. Belə standartlardan biri də ICO 9001:2015-dir. Odur ki, Dövlət Məşğulluq Agentliyi fəaliyyətinin ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunlaşdırılmasına başlayıb. Bu, standart qurumda idarəetmənin səmərəliliyinin artırılmasını, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, vətəndaş məmnunluğunun təmin olunmasını və fəaliyyətin şəffaf, ölçülə bilən göstəricilər əsasında aparılmasını nəzərdə tutur. Artıq İsveçrənin nüfuzlu sertifikatlaşdırma qurumu olan "Swiss Approval" tərəfindən agentlikdə sertifikatlaşdırma auditi keçirilib. Audit çərçivəsində təşkil edilən rəsmi görüşdə qonaqlara məlumat verilib ki, sözügedən standartın tətbiqinin qurumda idarəetmə proseslərinin optimallaşdırılması, xidmətlərin beynəlxalq tələblərə uyğunlaşdırılması və inkişafının sürətləndirilməsi baxımından əhəmiyyətli işlər görülüb.
Xatırladaq ki, bundan əvvəl Dövlət Məşğulluq Agentliyi Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 37001:2016 "Antikorrupsiya idarəetmə sistemi" standartı üzrə sertifikata layiq görülmüşdür.
Rüstəm KAMAL,
"Azərbaycan"