Türkiyə ilə Ermənistan arasında “Alican” sərhəd-keçid məntəqəsinin açılması, fəaliyyəti Türkiyə, İran və Azərbaycan da daxil olmaqla, bütün region üçün ciddi təhlükə olaraq qalan Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə əlaqələndirilməlidir.
Bu barədə AZƏRTAC-a Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal bildirib.
TADDEF-in sədr müavini Ermənistandakı atom elektrik stansiyasını Türkiyənin sərhəd əyalətlərində xərçəng hallarının artmasına səbəb olan “saatlı bomba” adlandırıb.
“Hər il İğdırın təxminən min sakininə müxtəlif xərçəng formaları diaqnozu qoyulur. Digər sərhəd əyalətlərində bu rəqəm ildə təxminən 700 nəfər təşkil edir. Nəticə olaraq, xərçəngdən ölüm nisbəti qeyri-adi dərəcədə yüksəkdir. Bizim əyalətdə sonsuzluq və əlilliyi olan uşaqların doğulması da yayılıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, İğdırda rəsmi Ankaranın verdiyi bütün qərarlara hörmətlə yanaşılır, lakin Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını vacib hesab edirlər.
S.Ünsal xatırladıb ki, Metsamor Atom Elektrik Stansiyası yüksək seysmik aktivliyə malik bir bölgədə fəaliyyət göstərir və istənilən güclü zəlzələ bütün bölgə sakinləri üçün böyük bir faciəyə səbəb ola bilər.
TADDEF rəhbərinin müavini Ermənistanda atom elektrik stansiyasının istismarının 2040-cı ilə qədər uzadılmasının qəbuledilməzliyini vurğulayıb. “Sovet dövründə tikilmiş bu stansiyanın fəaliyyətinin davam etdirilməsi Çernobıl faciəsinə bənzər bir faciə üçün şərait yaradır. Biz bu məsələ ilə bağlı Avropa İttifaqından da qətiyyətli və sürətli addımlar gözləyirik”, - deyə o bildirib və əlavə edib ki, İğdır heyvandarları da ciddi problemlərlə üzləşirlər.