Ağstafada keçirilən yubiley tədbirini giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov açaraq xalq arasında həm jurnalist, həm publisist, həm də məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənli haqqında ürək sözlərini söyləmişdir.
Qeyd etmişdir ki, Ağstafada dünyaya göz açan, ölkəmizin mədəniyyət və incəsənətinə böyük töhfələr vermiş şairin Azərbaycan poyeziyasındakı özünəməxsusluğu, istinad etdiyi yeni şeir üslubları oxucular, gənclər və gələcək nəsillər tərəfindən hər zaman seviləcəkdir. Sənətkarın mənəvi zənginliyi, əsərlərində ifadə etdiyi insanların daxili dünyası, sevgi və həyatın gözəllikləri, eyni zamanda cəmiyyətlə səmimiliyi onu hər kəsin sevimli şairinə çevirmişdir.
Sonra söz tədbir iştiakçılarına verilmişdir. Xalq şairi Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov, Əməkdar incəsənət xadimi Barat Vüsal, şair Saqif Qaratorpaq, mədəniyyət işçisi Gülgün Kərimov, Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli, Xalq artisti Tariyel Qasımov şairin həyat və fəaliyyətindən, eləcə də milli mədəniyyət və incəsənətimizə, sənət adamlarına göstərilən yüksək dövlət qayğısından söz açmışlar.
Tədbirin bədii hissəsində Nüsrət Kəsəmənlinin oxucular və dinləyicilər tərəfindən sevilən şeirləri və sözlərinə bəstələnmiş musiqilər səsləndirilmişdir.
Nüsrət Kəsəmənlinin oğlu, Bakı Bələdiyyə Teatrının aktyoru Rəşad Kəsəmənli "Biri vardı, biri yox", "Mən səni unuda bilmirəm axı", nəvəsi Əli Kəsəmənli "Qar yağır Şəhidlər xiyabanına" adlı şerlərini səsləndirmişlər. Sonra ağstafalı mədəniyyət işçisi Oruc Mansırov, Bakı Bələdiyyə teatrının aktyorları - İsmayıl Atakişiyev, Toğrul Rza, Ülviyyə Rza, Günel Həmidova, Zülfiyyə Qurbanova, Elməddin Zakiri Nüsrət Kəsəmənlinin xalq arasında sevilə-sevilə oxunan şerlərindən nümunələr səsləndirmişlər.
Sabir ƏLİYEV,
“Azərbaycan”