22 İyul 2025 08:30
572
CƏMİYYƏT
A- A+
Dövrünün tarixi salnaməsini yaradan "Azərbaycan" azərbaycançılıq ideyaları ilə dövlətçiliyimizə xidmət edir

Dövrünün tarixi salnaməsini yaradan "Azərbaycan" azərbaycançılıq ideyaları ilə dövlətçiliyimizə xidmət edir


Ömürboyu işıqlı ideyalarla yaşayan, ürəyi millətinin gələcəyi, tərəqqisi, inkişafı ilə döyünən, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabi böyük zəhmət və əziyyətlər bahasına 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsasını qoydu. Həmin illərdə qəzet sanki qaranlığın hökm sürdüyü bir cəmiyyətdə ildırım kimi çaxdı, işıq kimi ətrafa yayıldı. Cəhalət mehində mürgüləyən beyinlərə, qaranlıq qəlblərə, könüllərə nur saçdı. İnsanların sanki tutulmuş gözlərini açıb onlara işıqlı dünyanı və bu dünyaya gedən rahat yolları nişan verdi. Fəaliyyət göstərdiyi iki il ərzində "Əkinçi" qəzeti geniş maarifçilik işləri apardı, cəmiyyəti düşündürən problemləri işıqlandırdı, dövrün mütərəqqi ideyalarını səhifələrində əks etdirdi, həm milli, həm də bəşəri dəyərlərin təbliğinə çalışdı.

Ən başlıcası isə sözün gücü və qüdrəti ilə mətbuatın, qəzetin nə olduğunu xalqına, millətinə göstərdi. Dövrünün mütərəqqi fikirli ziyalılarını sönməyən bir məşəl kimi qəzetin ətrafına topladı. Neçə-neçə şairi, yazıçını xalqa tanıtdı. Adından da göründüyü kimi, "Əkinçi" qəzeti sanki özündən sonra yaranacaq qəzetlərin toxumunu da cəmiyyətin içərilərinə səpdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində bu "toxum"lardan yeni mətbu orqanlar yaranıb meydana çıxdı, cəmiyyətin mayakına, işığına çevrildi. 

Yaşanılmış təcrübədən məlumdur ki, mətbuat həm də dövrünün tarixini yazır, onu olduğu kimi gələcək nəsillərə çatdırır. İllər keçəndən sonra baş vermiş hadisələr haqqında dəqiq məlumatları öyrənmək üçün tarixçilər, tədqiqatçılar ilk növbədə mətbuata üz tutur, bir çox hadisəni qəzet səhifələrindən oxuyub dəqiqləşdirirlər. Ona görə də mətbu orqanların yalnız çap olunması deyil, onların qorunması da, saxlanılması da böyük önəm daşıyır. 1914-cü ildə "İqbal" qəzetində çap olunan "Nicat" qiraətxanəsi" adlı məqaləsində dövri mətbuatda nəşr olunan qəzet və jurnalların gələcək oxucular üçün kitabxanalarda qorunub saxlanmasının əhəmiyyətinə yüksək dəyər verən görkəmili ədib Yusif Vəzir Çəmənzəminli yazırdı: "Mətbuat millətin tərəqqi yoludur. Millət addım atdıqca ayaqlarının izi mətbuatda qalır". Doğrudan da elədir. Cəmiyyətdə, həyatda baş verən hadisələr mətbuatda tarixləşir, mətbuatda yaşayır. Ona görə də bu günümüzdə olduğu kimi, bütün dövrlərdə də mətbuata böyük önəm verilir.


15 sentyabr 1918-ci il - "Azərbaycan"ın işıq üzü gördüyü gün 


Dövrünün keşməkeşli tarixini daim səhifələrində yaşadan mətbu orqanlardan biri də xalqımızın və ölkəmizin adını daşıyan "Azərbaycan" qəzetidir. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlayan bu qəzetin işıq üzü görməsi tarixi zərurətdən yaranmışdı. Çünki həmin dövrdə müstəqil dövlətin yeritdiyi xarici və daxili siyasi kursun, qərar və göstərişlərin və başqa zəruri məlumatların, eləcə də cəmiyyətdə baş verən hadisələrin ölkə ictimaiyyətinə çatdırılması üçün mətbu orqana ciddi ehtiyac var idi. Dövrün, zamanın yaratdığı bu ehtiyacı ödəmək üçün 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri"nin nəşrinə başlamaq barədə qərar verilmişdi. Amma görünür ki, bu, özünü doğrultmamışdı. Buna görə də hökumət "Azərbaycan" adlı qəzetin nəşrinə başlamağı qərara almışdı. Çox fərəhləndirici və qürurverici haldır ki, səhifələrində dərc olunan materialların dərinliyinə, əhatə dairəsinin genişliyinə görə əvvəlki mətbu orqanlardan seçilən qəzetin ilk nömrəsi 15 sentyabr 1918-ci ildə, xalqımız və ölkəmiz üçün həlledici olan bir gündə işıq üzü görmüşdür. Həmin gün Azərbaycanın mətbuat tarixinə yeni bir qəzetin adı da yazıldı. Bu tarix, bu gün hər bir azərbaycanlı üçün müqəddəs və doğmadır. Çünki 15 sentyabr 1918-ci ildə Bakı şəhəri Qafqaz İslam Ordusu və yenicə yaradılmış doğma ordumuzun qüvvələri tərəfindən erməni-bolşevik tör-töküntülərindən azad edilmişdi. 

Ölkəmiz üçün belə həlledici və şərəfli zamanda nəşrə başlayan "Azərbaycan" qəzeti ilk günlərdən həqiqət və ədalət yolunu tutdu. Qəzetdə dərc edilən materialların qətiyyətinə, məqsəd və amalının sadiqliyinə görə elə ilk günlərdən dövrünün aynasına çevrildi. Məhz buna görə də həftədə iki dəfə işıq üzü görən qəzet qısa müddət ərzində böyük oxucu sevgisi qazandı. "Azərbaycan" qəzetinin ilk 4 sayı Gəncədə çıxdı. İlk saylarının işıq üzü görməsində, materialların hazırlanmasında Ceyhun bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin böyük xidmətləri olmuşdu. Bakının işğaldan azad olunmasından bir müddət sonra isə "Azərbaycan" qəzetinin redaksiya heyəti dövlət idarələri ilə bərabər, Gəncədən ölkənin paytaxtına, Bakı şəhərinə köçdü.

"Azərbaycan" qəzeti fəaliyyət göstərdiyi dövrünün mətbu orqanları arasında daha çox dövlətçilik maraqlarının və demokratik ideyalarının tərənnümçüsü olması ilə fərqlənirdi. İnsanların böyük sevgi və məhəbbətlə oxuduqları "Azərbaycan" jurnalistikanın mütərəqqi ənənələri üzərində təşəkkül tapan və cəmiyyətin bəşəri dəyərlər üzərində maariflənməsinə can atan qəzet idi. Mətbu orqanı rubrikaları onların əhatə dairəsinin genişliyindən, məqsəd və amallarından xəbər verir. "Azərbaycan" qəzetindəki "Azərbaycanın Məclisi-Məbusanında", "Hökumət qərarları", "Rəsmi xəbərlər", "Xarici xəbərlər", "Azərbaycanda", "Türkiyədə", "Teleqraf xəbərləri" və başqa rubrikalar hər şeydən əvvəl mövzu genişliyinin göstəricisi idi.

Həm Gəncə, həm də Bakı dövründə "Azərbaycan" qəzeti ətrafına dövrünün, zamanının ən işıqlı, gələcəyi görən, qabaqcıl düşüncəli ziyalılarını, ictimai xadimlərini, millətinə, xalqına ürəkdən bağlı olanları və sevənləri toplamışdı. Milli problemlərin işıqlandırıldığı, qabardıldığı əsl tribunaya çevrilmiş qəzetdə Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Xəlil İbrahim, Əhməd Cavad, Hüseyn Cavid, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtlı, Firudin bəy Köçərli, Abdulla Şaiq və dövrünün digər nüfuzlu ziyalıları, yazıçı-publisistləri maraqlı mövzularla çıxış edirdilər. 

Bu gün xatirələrini dərin hörmətlə andığımız həmin ziyalıların sayəsində ətrafına geniş oxucu auditoriyası toplayan "Azərbaycan" ömrünün qısa olmasına baxmayaraq, az vaxt ərzində dövrün tarixi salnaməsinə çevrildi, dövlətin, dövlətçiliyin möhkəmlənməsində, tanınmasında mühüm rol oynadı, milli məfkurənin və şüurun təkamülünə əvəzsiz töhfələr verdi.


"Azərbaycan"ın nəşri Azərbaycan mətbuat tarixində mühüm hadisə oldu


 "Azərbaycan" qəzetinin 1918-ci il sentyabrın 15-də işıq üzü görməsi təsadüfi bir iş və yaxud birdən-birə ortalığa çıxan gözlənilməz bir hadisə deyildi. Əslində, bunu XIX əsrin ikinci yarısından başlanan və XX yüzilliyin əvvəllərində genişlənib milli hərəkata çevrilmiş proseslərin məntiqi nəticəsi və davamı kimi də qiymətləndirmək olar. Bu tarixi hadisə həm də azərbaycançılıq dalğasının məqsəd və amalına çatdığını göstərən amil idi. "Azərbaycan" qəzeti qalib gəlmiş bir ölkənin, Azərbaycan Xalq Cümhuriyyəti adlanan müstəqil bir dövlətin mətbu orqanı kimi fəaliyyət göstərirdi. Həmçinin "Azərbaycan" qəzeti təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin, arzu və istəklərinin çiçək açması idi. Tədqiqatçılar haqlı olaraq "Azərbaycan"ın rəsmi dövlət qəzeti kimi fəaliyyətə başlamasını Azərbaycan mətbuat tarixində olduqca mühüm və arzulanan hadisəsi kimi qiymətləndirirlər.

Qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyli "Azərbaycan" qəzeti haqqında yazırdı: "Danışırlar ki, "Azərbaycan" qəzeti guya "Müsavat" partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan" qəzetinin məsləki Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir". 

İki dildə çıxan "Azərbaycan" qəzetinin Azərbaycan dilində 443, rus dilində isə 438 nömrəsi çap olunub. İlk nömrələri "Heyəti-idarə", "Heyəti-təhririyyə" kimi "Redaksiya heyəti" mənasını ifadə edən məsul şəxslər qrupu tərəfindən imza edilən "Azərbaycan" qəzetinə müxtəlif vaxtlarda Üzeyir bəy Hacıbəyli, Ceyhun Hacıbəyli, Xəlil İbrahim, qəzetin rus variantına isə Səfi bəy Rüstəmbəyli baş redaktorluq ediblər.

Səhifələrində 1918-1920-ci illərin salnaməsini yaradan və yaşadan "Azərbaycan" qəzetini mətbuat tədqiqatçıları "Cümhuriyyətin yadigarı" adlandırırlar. Çünki Xalq Cümhuriyyətinin yaşıdı olan "Azərbaycan" qəzetinin taleyi AXC-nin taleyi kimi oldu. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından dərhal sonra "Azərbaycan" qəzetinin nəşri dayandırıldı, hətta adının çəkilməsi belə qadağan edildi. Məqsəd "Azərbaycan" adını, "Azərbaycan" kəlməsini xalqa unutdurmaq idi. Sovet ideoloqları gözdən salmaq üçün "Azərbaycan"ı gah "müsavatçı", gah da burjua təmayüllü qəzet kimi qələmə verirdilər. Onun yaddaşlarda bu cür qalmasını istəyirdilər. Partiyanın diktəsi ilə oturub-duran sovet ideoloqlarının nə yazmasından, necə yazmasından asılı olmayaraq, "Azərbaycan" rəsmi dövlət qəzeti olsa da, sözün əsl mənasında, azad fikir meydanı, müstəqillik və dövlətçilik ideyalarına sadiq qalan və ona xidmət edən qəzet idi. 

Qəzetin rus variantının redaktoru Səfi bəy Rüstəmbəyli xatirələrində bolşeviklərin Azərbaycanı işğal etmələrini çox ürək dağlayan sözlərlə qələmə almışdı: "Nəhayət, 27 aprel gecəsi saat 12-də Bakıda bütün idarə, məhəllə bolşeviklərin əlinə keçdi. Bununla aşağı-yuxarı ikiillik milli Azərbaycan istiqlal tarixi qapandı. Fəqət, milli azəri türkünün istiqlal ruhunu əlindən ala bilmədilər. İşğal zəfərləri yarımçıq qaldı. Məmləkətin həqiqi övladlarının istiqlal uğrundakı qan ilə boyanmış və müttəhid bir kütlə halındakı gənc övladlarının hürriyyət və istiqlaliyyət ruhu ilə istiqlal hələ yürüyür. İmanın qüvvəsi, istiqlalın təbcili bizdə Bakı və Azərbaycan yaşadıqca yaşayacaq və bütün türk ellərini istiqlal ilə sevindirəcəkdir".

Azərbaycan Xalq Cumhuriyyətinin dövlət bayrağı qəbul olunarkən Üzeyir bəy "Azərbaycan" qəzetinin 2 may 1919-cu il, 175-ci sayında "Bayrağımız saralmaz" məqaləsində yazırdı: "...Bayrağımız haqq bayrağıdır. O, bir millətin bəşəri hüquqlarının parçasıdır. Bir millətin ki onun insan kimi yaşamağa haqqı vardır. Bir millətin ki daha əsir olmaq istəmir..."


70 ildən sonrakı müstəqillikdə doğulan "Azərbaycan"


Daim Azərbaycan xalqının ürəyində, qəlbində yaşayan bu arzu və istəklər 70 ildən sonra həyata keçdi. Xalqımız gərgin mübarizələrdən sonra yenidən müstəqilliyinə qovuşdu. Əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyi yenidən əldə olundu. Azərbaycan Xalq Cümhuriyyəti dövründəki bütün atributlar bərpa edildi. Əsrin əvvəllərində işıq üzü görmüş "Azərbaycan"ın varisi olan müasir "Azərbaycan" qəzeti yenidən nəşrə başladı. Qəzet ilk günlərdən başlayaraq varislik ənənələrini yaşadır və bu gün də tarixi ənənələrimizə sadiq qalaraq, müstəqil dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edir. Varislik ənənələrini yaşadan qəzet nəşr olmaqla bərabər, həm də sələfi kimi dövrünün salnaməsini, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasi, iqtisadi və ideoloji xətti xalqa çatdırır. "Azərbaycan" qəzeti Azərbaycan mətbuatının ön sıralarında inamla addımlayır. 

Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdıqdan sonra bütün sahələr kimi, Azərbaycan mətbuatı da tərəqqi və inkişaf yoluna qədəm qoydu. Mətbuatda geniş demokratikləşmə prosesinə başlanıldı, senzura ləğv edildi. Bu gün "Azərbaycan" qəzeti ölkəmizdə, eləcə də dünyada baş verən ictimai-siyasi prosesləri operativ şəkildə oxuculara çatdırır. Qəzetin çap variantı ilə yanaşı, elektron variantı da fəaliyyət göstərir. Bu da informasiyaların oxuculara operativ şəkildə çatdırılmasını yüksək səviyyədə təmin edir. Dövlət başçısının sərəncam və fərmanları, dövlətin uğurla apardığı daxili və xarici siyasət, o cümlədən ölkə parlamentinin fəaliyyəti, müvafiq qanun və qərarların hazırlanması, qəbul edilməsi və başqa vacib sahələr geniş şəkildə işıqlandırılır. 

Yeniliklərini yaşadığımız müasir dövrümüzdə elektron informasiya vasitələri, saytlar bir-birinin ardınca artıb çoxalsa da, "Azərbaycan" qəzeti mətbuat aləmində liderliyini qoruyub saxlayır və saxlayacaqdır. Gündəlik nəşr olunan qəzet yaşadığımız günlərimizin tarixinin salnaməsidir. Hər gün böyük sevgi ilə "Azərbaycan"ı vərəqləyən oxucular müstəqillik tariximizlə, dövlət başçımızın rəhbərliyi altında Qarabağda, eləcə də işğaldan azad edilmiş başqa bölgələrdə aparılan quruculuq işləri ilə bağlı məlumatları böyük həvəslə oxuyurlar. Getdikcə dünyada böyük nüfuz qazanan, söz sahibinə çevrilən, iqtisadi gücü artan, ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər, sosial sahədə həyata keçirilən islahatlar, ordu quruculuğundakı uğurlar, vətəndaşlarımızı narahat edən problemlər, həmçinin digər zəruri məsələlər "Azərbaycan" qəzetinin daim işıqlandırdığı mövzulardır. 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev "Azərbaycan"ın fəaliyyətini daim yüksək qiymətləndirmiş, əlamətdar günlərdə redaksiya heyətini təbrik etmişdir. Ulu Öndər 1998-ci ildə "Azərbaycan" qəzetinin 80 illik yubileyi münasibətilə yaradıcı kollektivə ünvanladığı təbrik məktubunda deyirdi: "Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır".


Azərbaycançılıq ideyaları ilə sabahkı uğurlara çağırış


Oxuculara yaxşı məlumdur ki, sələfinin şərəfli yaradıcılıq yolunu layiqincə davam etdirən "Azərbaycan" rəsmi dövlət qəzetidir. Ona görə də dövlət başçısının imzaladığı sərəncam, fərman və qanunlar, bütün fəaliyyəti, gördüyü işlər, xarici ölkələrə etdiyi səfərlər, keçirdiyi yüksəksəviyyəli görüşlər, həm işğaldan azad olunmuş ərazilərdə, həm də ölkəmizin başqa bölgələrində yeni obyektlərin təməlqoyma və açılış mərasimləri, etdiyi tarixi çıxışlar qəzetdə geniş və operativ şəkildə işıqlandırılır. Bununla da, sözün həqiqi mənasında, "Azərbaycan" qəzeti bu gün sabahlar üçün dövrünün tarixi salnaməsini yaradır.

Həm gündən-günə dövlətin diqqət və qayğısını yaxından hiss edən, həm də rəsmi dövlət qəzeti kimi üzərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirən "Azərbaycan" qəzetinin yaradıcı kollektivi bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş doğmadan doğma olan Qarabağımızda, həmçinin başqa bölgələrimizdə aparılan quruculuq işlərini, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları, "Konstitusiya və Suverenlik İli" ilə bağlı tədbirləri və dövrlə, zamanla ayaqlaşan başqa zəruri mövzuları operativ şəkildə işıqlandırır. Qəzetin daha da oxunaqlı olması, oxucu sevgisi qazanması üçün bir-birindən maraqlı olan rəngarəng mövzulara geniş yer ayrılır. Bundan başqa, qəzet milli-mənəvi dəyərlərimizin geniş təbliğ olunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində də çox mühüm və zəruri işlər görür. Görkəmli elm xadimləri, ziyalılar, tanınmış beynəlxalq səviyyəli siyasi şərhçilər, ekspertlər tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların uğurlu nəticələri təhlil olunaraq aydın və lokanik şəkildə oxuculara çatdırılır. 

1918-ci il sentyabr ayının 15-də dövrünün görkəmli ziyalıları rəsmi dövlət orqanı olan "Azərbaycan" qəzetini yaradaraq onun ətrafında sıx birləşib, azərbaycançılığın möhkəm, alınmaz qalasını yaratmışdılar. Bu müqəddəs yolda bütün çətinliklərə, mərhumiyyətlərə sinə gərmişdilər. Qısa zaman ərzində azərbaycançılıq ideyasını fikir və düşüncələrə hopduraraq istiqlal idealına çevirmişdilər. Ürəyimizi, qəlbimizi daim iftixar hissi ilə dolduran müstəqilliyimizlə yaşıd "Azərbaycan"ın varisi olan müasir "Azərbaycan" qəzeti də özünəməxsus mətbuat ənənələrini uğurla və layiqincə qoruyaraq səhifələrində həm yaşadaraq, həm də davam etdirərək, xalqımızın dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında sıx birləşməsi naminə fəaliyyətindən və mübarizəsindən bir gün də olsun qalmır. Bir-birindən maraqlı və müxtəlif mövzularda yazılmış məqalələri ilə xalqımızı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha da sıx birləşməyə, Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyaları ilə dövlətimizi, dövlətçiliyimizi daha da inkişaf etdirməyə və möhkəmləndirməyə çağırır. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!