26 İyun 2025 08:35
604
SİYASƏT
A- A+
Dövlətçiliyin rəmzi

Dövlətçiliyin rəmzi


26 iyun tarixi Azərbaycan xalqı üçün böyük qürur və iftixar doğuran günlərdən biridir. Bu tarix Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur və ölkənin müdafiə gücünü və vətənpərvərlik ruhunu təcəssüm etdirir.

Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Həmin gün Azərbaycan Ordusunun yaradılması barədə qərar qəbul edilib və milli hərbi hissələrin formalaşdırılmasına başlanılıb. Bu tarixi qərar Azərbaycan xalqının milli müstəqillik və özünümüdafiə ideyalarının reallaşdırılmasında ilkin mərhələ hesab edilir. Sovet dövründə bu proses süni şəkildə dayandırılsa da, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hərbi quruculuq yenidən strateji prioritetlər sırasında ön plana çəkilib.

Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Məhz onun sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanılıb. 

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Hələ 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin böyük zəhmətləri hesabına Azərbaycanda hərbi kadrlar hazırlayan və görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılıb. Ümummilli Lider azərbaycanlı zabit kadrların hazırlanması və gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması və hətta SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması üçün əlindən gələni edib. Dövlət müstəqilliyinin ilk illərindəki mürəkkəb geosiyasi və daxili vəziyyət fonunda nizami ordu quruculuğu zəruri və təxirəsalınmaz vəzifə kimi qarşıda dururdu. Məhz Heydər Əliyevin qətiyyətli siyasi iradəsi, strateji baxışları və praktiki tədbirləri nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinin inkişafında dönüş yaranıb. 

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ciddi təhlükəsizlik problemləri ilə üzləşirdi. Ermənistanın Azərbaycan torpaqlarına qarşı başladığı hərbi təcavüz fonunda ordu quruculuğu milli təhlükəsizlik baxımından prioritet məsələ idi. Lakin həmin dövrdə siyasi rəhbərliyin zəifliyi, hərbdəki nizamsızlıq və koordinasiyanın olmaması Silahlı Qüvvələrin formalaşdırılmasını xeyli çətinləşdirirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyin əsas sütunlarından biri kimi güclü və peşəkar ordu quruculuğunu qarşıya başlıca məqsəd kimi qoydu. Onun rəhbərliyi ilə ordu sahəsində fundamental islahatlara başlanıldı. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Həmin dövrdən etibarən bu tarix ölkənin hərbi qüdrətinin təntənəsi kimi qeyd olunmaqla yanaşı, hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir mərhələdə inkişafı və gücləndirilməsi istiqamətində görülən işlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiya həlledici rol oynayıb. Ordu quruculuğu, hərbi-texniki modernləşmə, beynəlxalq hərbi əməkdaşlıq, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və regionda hərbi üstünlüyün təmin olunması istiqamətində atılan addımlar ölkənin strateji maraqlarına cavab verib və milli müdafiə qabiliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib.

Prezident İlham Əliyev 2003-cü ildən dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra Silahlı Qüvvələrin inkişafını milli təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri elan edib, həmçinin orduya ayrılan dövlət büdcəsinin ildən-ilə artırılması, hərbi xərclərin strateji səviyyəyə yüksəldilməsi, peşəkar hərbi kadrların hazırlanması üçün milli hərbi təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir texnologiyaların və silah sistemlərinin alınması və yerli hərbi-sənaye kompleksinin yaradılması istiqamətində çox böyük işlər həyata keçirilib. Bu tədbirlər nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü və çevik ordu sisteminə malik olan dövlətlərdən birinə çevrilib. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu nazirliyin əsas məqsədi milli hərbi məhsul istehsalının təşkili və Silahlı Qüvvələrin daxili tələbatının yerli istehsal hesabına qarşılanması oldu. Hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul Azərbaycanın öz müəssisələrində istehsal edilir, bəziləri isə ixrac potensialına malikdir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

29 dekabr 2017-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanunu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. 

Prezident İlham Əliyevin hərbi və siyasi liderliyi 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünü parlaq şəkildə göstərdi. Ali Baş Komandan kimi İlham Əliyev müharibənin bütün mərhələlərinə şəxsən rəhbərlik etmiş, hərbi əməliyyatların düzgün koordinasiyası, informasiya müharibəsinin idarə olunması və diplomatik manevrlər nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün müasir tələblərə cavab verən, güclü və peşəkar orduya çevrilib. Xüsusilə Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və xalqla birliyini bütün dünyaya nümayiş etdirib. Ordumuzun əldə etdiyi şanlı qələbə nəticəsində əzəli torpaqlarımız azad olunub və ərazi bütövlüyümüz bərpa edilib. Silahlı Qüvvələrimizdə xidmət edən hər bir əsgər, zabit və hərbçi bu gün Azərbaycanın təhlükəsizliyinin, müstəqilliyinin və əmin-amanlığının təminatçısıdır. Onların fədakarlığı, mərdliyi və vətənə sədaqəti hər bir vətəndaş üçün nümunədir. Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü və modern ordu sistemlərindən birinə malikdir. Ordu quruculuğunda NATO standartlarına uyğun islahatların həyata keçirilməsi, müasir silah-sursatla təchizat, hərbi təlimlərin intensivliyi və beynəlxalq əməkdaşlıq ölkənin hərbi strategiyasının əsas komponentlərindəndir. Bu gün nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli 569 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusu mənzillərlə təmin olunub, 2025-ci il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.  Bu təqdirəlayiq yanaşma dövlət başçısının hərbçilərimizə verdiyi dəyərin bir nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilib. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. 

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı tükənməz perspektivə malikdir. İki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi ölkələrimizin strateji tərəfdaşlığını və hərbi əməkdaşlığı daha da inkişaf etdirən ən önəmli sənədlərdəndir. 

Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi, hərbi potensialın artırılması istiqamətində bu gün də addımlar atılır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlətin strateji dayağı kimi çıxış edir və onun daha da gücləndirilməsi yalnız hərbi gücün deyil, həm də milli birliyin və siyasi iradənin ifadəsidir.

26 İyun Silahlı Qüvvələr Günü təkcə bir bayram deyil, həm də Azərbaycan Respublikasının suverenliyinin, dövlətçiliyinin və ərazi bütövlüyünün rəmzi kimi qiymətləndirilməlidir. Bu gün münasibətilə Azərbaycan xalqı şəhidlərini dərin ehtiramla yad edir, qazilərinə və ordu sıralarında xidmət edən hərbçilərinə təşəkkür və hörmətini bildirir.


Pərvanə VƏLİYEVA,

Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!