Son zamanlar sosial-iqtisadi proseslərin
dinamikliyi sayəsində innovasiyalar ictimai həyatın bütün sahələrinə nüfuz etməkdədir.
İnnovativ fəaliyyət mədəni-sosial mühiti yeniləməklə fərdlərdə və sosial qruplarda
innovativ davranış formalaşdırır, eyni zamanda, sosial münasibətlərin xarakteri
və dinamikasını dəyişir. Bu baxımdan dövlət idarəçiliyində yenilik axtarışları zamanın
tələbidir və istər ölkəmizdə, istərsə də
dünyada prioritet məsələlərdəndir.
Ölkəmizdə dövlət idarəçiliyi sahəsində innovasiyaların
tətbiqi məsələsinin aktuallığı ilk növbədə dövlətin inkişaf strategiyası ilə bağlıdır.
Burada başlıca məqsəd bir tərəfdən daxili və xarici problemləri həll edə biləcək
güclü dövlətin yaradılması, digər tərəfdən hüquqi, demokratik, sosialyönümlü və
xalqa tabe olan dövlət qurumunun formalaşdırılmasıdır. Aydındır ki, qarşıya qoyulan
məqsədin həlli bir çox hallarda idarəetmənin
keyfiyyətindən, idarə edənlərin peşəkarlıq səviyyəsindən asılıdır.
1991-ci ildə yenidən müstəqillik əldə etdikdən
sonra demokratik, hüquqi, dünyəvi və unitar dövlət olaraq formalaşan Azərbaycan
Respublikasında yeni Konstitusiyanın qəbulu
ilə dövlət idarəçilik sistemində köklü dəyişikliklərə təkan verildi, səmərəli və
məhsuldar idarəçilik sisteminin təşkili, təkmilləşdirilməsi istiqamətində mühüm
addımlar atıldı, dövlətin sosial, siyasi, hüquqi, iqtisadi və ideoloji funksiyalarına
yenidən baxıldı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından
sonra dövlət idarəçilik sisteminin bütün sahələrində olduğu kimi, dövlət qulluğunda
da islahatlar həyata keçirildi. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası
Prezidentinin 29 dekabr 1998-ci ildə imzaladığı fərmanla dövlət idarəçilik sistemində
islahatların uğurunu təmin etmək üçün dövlət komissiyası təşkil olundu. Fərmana
əsasən demokratikləşmə və bazar iqtisadiyyatı sahəsində aparılacaq islahatlar dövlət
idarəçiliyinin səmərəliliyi və məhsuldarlığını artırmalı, iqtisadiyyatın inkişafı
üçün beynəlxalq standartlara cavab verən hüquqi zəmin təmin etməli idi. Nəticə etibarilə
əvvəlki sistemdən qalma bir çox təşkilatlar ləğv edilmiş, müasir idarəçilik sisteminə
uyğunlaşa bilən yeni qurum və müəssisələr təsis edilmiş, idarəçilik sisteminin səmərəliliyini
artıracaq hüquqi tənzimləmələr aparılmışdır. Bu addımlar sırasında ən önəmli olanı
Azərbaycan Respublikası dövlət qulluğu sisteminin əsasını təşkil edən "Dövlət qulluğu
haqqında” qanunun qəbul edilib qüvvəyə minməsidir. Qanunun məqsədi "Azərbaycan Respublikasında
dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının
hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləməkdir”. Çünki dövlətin vətəndaşa
lazımi xidmət göstərməsi effektiv dövlət qulluğu sisteminin təşkili və bu sistemin
ən vacib tərkib hissəsi olan dövlət qulluqçularının səmərəli fəaliyyətləri ilə birbaşa
bağlıdır. Eyni zamanda, bacarıqlı şəxslərin işə qəbulu, onların vəzifədə yüksəlmələri,
hüquqları, vəzifələri, nəzarət məsələlərini tənzimləyən dövlət qulluğu sistemini
aktiv vəziyyətə gətirmək və qanunlarla onu möhkəmləndirmək dövlət idarəçilik sisteminin
demokratikləşdirilməsi prosesində mühüm rol oynayır.
Dövlət qulluğu sistemini formalaşdırmaq,
dövlət qulluqçularını qulluğa hazırlamaq üçün fərqli ölkələrdə fərqli metodlardan
istifadə edilir. Seçim həmin ölkənin milli xüsusiyyətləri, mədəniyyəti, dövlətçilik
ənənələri, tarixi, siyasi sistemi və digər amillərdən asılıdır. Bu baxımdan Azərbaycan
Respublikasında davamlı olaraq dövlət qulluğu sistemində islahatların həyata keçirilməsi
prosesinə diqqətlə yanaşılır, dövlət sektorunda qulluğu tənzimləyən hüquqi bazanın
təkmilləşdirilməsi ilə bağlı islahatlar reallaşdırılır. İslahatların əsas məqsədi
isə innovativ idarəetmə texnologiyalarının
istifadəsi ilə dövlət idarəçiliyində səmərəliliyin təmin olunması üçün dövlət qulluğunda
çevikliyə və cavabdehliyə nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin
23 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” isə məhz qeyd
olunan proseslərin sürətləndirilməsinə, müasir düşüncəli, vətəndaş gözləntilərinə
cavab verə bilən dövlət qulluqçusu korpusunun yaradılmasına xidmət edir. Strategiya
dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti,
dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyət səmərəliliyinin
artırılması, dövlət qulluğunda səriştə və
mütərəqqi motivasiya modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının
yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatları nəzərdə
tutur. Eyni zamanda, strategiyada SWOT analizi modelinin tətbiqi ilə dövlət qulluğu
sisteminin güclü və zəif cəhətləri müəyyən edilmiş, bu sahənin inkişafı ilə bağlı
imkanlar və təhdidlər öz əksini tapmışdır. Dövlət qulluğunda mövcud vəziyyətin təhlilinə nəzər salsaq görərik ki,
Azərbaycan Respublikasında müxtəlif dövlətlərin qabaqcıl təcrübəsindən istifadə edilməklə özünəməxsus dövlət qulluğu
sistemi formalaşmışdır. Eyni zamanda, dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən
normativ hüquqi baza yaradılmış; status və funksiyalarına uyğun olaraq dövlət orqanlarının
kateqoriyaları müəyyən edilmiş; dövlət qulluğu vəzifələrinin təsnifatlar üzrə bölgüsü
aparılmış; dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının
şəffaf həyata keçirilməsi üçün prosedurlar işlənmiş; dövlət qulluqçularına ixtisas
dərəcələrinin verilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması,
intizam məsuliyyətinə cəlb edilməsi və sair prosedurlar qanunvericiliklə tənzimlənmiş;
dövlət qulluqçularının əməyinin ödənilməsi və sosial təminatı sistemləri yaradılmış;
dövlət qulluqçularının etik davranış qaydaları təsdiqlənmiş; dövlət qulluğu sahəsində
qanunvericiliyin tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ metodiki təminatını
həyata keçirən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası formalaşdırılmış;
dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması və peşəkarlıq səviyyələrinin
artırılması, həmin sahədə elmi tədqiqatlar aparılması məqsədilə Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və dövlət qulluqçuları haqqında
mərkəzləşdirilmiş məlumat bazası olan Dövlət Qulluqçularının Reyestri yaradılmışdır.
Strategiyanın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planında isə dövlət qulluğunda
həyata keçirilməsi nəzərdə tutulan proqram əsaslı tədbirlər, hədəflər qeyd olunmuşdur.
Bunlar isə innovativ idarəetmə texnologiyalarının tətbiqi ilə innovasiyayönümlü
dövlət qulluğu sisteminin formalaşmasını zəruri edir. Dövlət qurumlarında müstəqil
innovasiyalar norma deyildir. İnnovasiya daha çox inkişafla bağlıdır və adətən xarici
mühitdə meydana gəlir. Təkamül modelləri göstərir ki, innovasiyalar mövcud fəaliyyətdən
irəli gələn bir sıra əlavə dəyişikliklərin birləşməsinin təsiri nəticəsində meydana
çıxır. Belə ki, qurumun strateji atributlar
sistemi mütəmadi olaraq yeni strateji aktivləri və yeni məhsulları birləşdirərək
inkişaf edir. Əgər innovasiyalar davamlı inkişaf edən fəaliyyətə əsaslanırsa, müxtəlif
növ innovasiyalar arasındakı tamamlayıcı əlaqələri nəzərə almaq lazımdır. Azərbaycanın
brendi olan "ASAN xidmət” ilə digər dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin
təmin olunması bunun bariz nümunəsidir. Bu aspektdən baxanda Azərbaycan Respublikasında
son illərdə dövlət idarəçilik sistemində həyata keçirilən islahatlar çərçivəsində
dövlət qulluğundakı innovasiyaları dinamik bir proses kimi nəzərə almaqla, təşkilati
innovativlik və performansla bağlı daha ətraflı hesabatın əldə oluna biləcəyini
iddia etmək olar. Bu arada dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və institusional
islahatların həyata keçirilməsi istiqamətində vacib məsələlərdən biri kimi Azərbaycan
Respublikası Dövlət Qulluğu Məcəlləsi layihəsinin hazırlanıb müzakirəyə verilməsinin
müsbət nəticələrə yol açacağına şübhə yoxdur. Bu məcəllənin qəbulu dövlət qulluğu sferasında hüquqi münasibətləri
tənzimləyən qanunvericilik aktlarının sistemləşdirilməsi və hüquqi tənzimetmənin
səmərəliliyinin artırılmasına səbəb olacaq, dövlət qulluğu vəzifələrinin iyerarxiyasının
optimallaşdırılması, dövlət qulluğunda şəffaflıq və dövlət qulluğunun qeyri-dövlət
sektoru ilə rəqabət qabiliyyətinin artırılmasına öz töhfəsini verəcəkdir.
Strategiyada müəyyən olunmuş məqsədlərə nail
olunması istiqamətində əsas məsələlərdən biri də dövlət qulluqçularının bilik və
baçarıqlarının təkmilləşdirilməsidir. Göründüyü kimi, dövlət qulluğunda kadr potensialının
inkişaf etdirilməsi istiqamətində islahatlar zamanın tələbi kimi çıxış etməkdədir.
Vətəndaş gözləntilərini nəzərə almaqla islahatların uğurunu təmin etmək üçün kadr
potensialının qiymətləndirilməsi mövcud potensialın müəyyənləşdirilməsi və onun
bazasında potensialın gücləndirilməsi zərurətini yaradır. Demək lazımdır ki, kadr
potensialının qiymətləndirilməsi və bunun əsasında insan potensialının gücləndiriməsi
məsələləri səmərəli idarəetmənin vacib elementləridir. Bu isə öz növbəsində bilik
və bacarığın, təcrübənin, uzaqgörənliyin, təşəbbüskarlığın əsas götürüldüyü kadr
potensialının inkişaf etdirilməsini zəruri edir. Kadrların təkmilləşdirilməsi, dövlət
və özəl sektorlararası keçidin optimallaşdırılması üçün peşəkar potensialın inkişaf etdirilməsi prosesinin düzgün
təşkili mühüm əhəmiyyət kəsb edir. Qeyd edilənlər müasir dövlət idarəçiliyinin tələbidir. İnsan potensialının
planlaşdırılması kimi bilinən bu proses gələcəyə istiqamətlənib və davamlı inkişaf
naminə dövlət qulluğu sisteminin təkmilləşdirilməsinə töhfə verir. Eyni zamanda,
kadr potensialının gücləndirilməsi adətən
qərar qəbulunda iştirak edən dövlət qulluqçularının yenidən hazırlanmasını şərtləndirir.
Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsi,
onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət idarəçiliyinə dair nəzəri
biliklərinin artırılması, habelə bu sahədə vahid kadr siyasətinin həyata keçirilməsi
məqsədilə 11 dekabr 2014-cü il tarixli fərman
imzalamışdır. Fərmanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında dövlət qulluqçuları üçün ixtisasartırma və yenidənhazırlanma növləri
üzrə əlavə təhsilin təşkil edilməsi və bunun dövlət sifarişi əsasında dövlət büdcəsinin
vəsaiti hesabına həyata keçirilməsi qeyd olunmuşdur. Məhz bunun nəticəsi olaraq
akademiyada dövlət qulluqçularının peşəkar inkişafının yüksəldilməsinə, yenilikləri qəbul etmək və öyrənmək qabiliyyətinin
artırılmasına xüsusi diqqət yetirilir və bu sahədə innovativ metodlardan istifadə
olunur. Akademiyada ölkədə ilk olaraq dövlət qulluqçularının yenidən hazırlanması
prosesində distant təhsilin imkanlarından istifadə edilir, regional kadr hazırlığının
daha optimal və səmərəli formaları sınaqdan keçirilir. Bunların sırasında getdikcə
müntəzəm xarakter alan səyyar və distant treninq və seminarları xüsusi qeyd etmək
yerinə düşər.
Dövlət qulluğunda innovasiyaların tətbiqi
ilə bağlı dövlət qulluqçularının xidməti
fəaliyyətinin qiymətləndirilməsi məsələsi də olduqca önəmlidir. Siyasi və praktiki
cəhətdən çox əhəmiyyətli olan xidməti fəaliyyətin
qiymətləndirilməsi dövlət qulluqçusunun xidməti davranışının, qarşıya qoyulan tapşırıqların
icra vəziyyəti nəzərə alınmaqla, müxtəlif meyarlar əsasında bilavasitə rəhbər tərəfindən yoxlanılması və qiymətləndirilməsi prosesidir.
Dövlət qulluqçuları vəzifələrini əvvəlcədən müəyyən olunmuş qaydalar çərçivəsində
həyata keçirir və dövlətin ən çox etibar etdiyi
şəxslərdir. Ancaq bu etibardan sui-istifadə edilməməli, səmərəliliyə xələl
gətirilməməlidir. Bu aspektdən baxanda səmərəliliyin ölçülməsi real olmalı, obyektiv
meyarlara söykənməlidir. Dövlət qulluqçularının vəzifədə irəli çəkilməsi, əməkhaqqının
artırılması, mükafatlandırılması, motivasiyası və s. onların fəaliyyət səmərəliliyi dərəcəsinə görə
müəyyən olunmalıdır. Dövlət qulluqçularının qiymətləndirilməsinə müasir yanaşmalar
onların fəaliyyət səmərəliliyinin artırılması məqsədini daşıyır. Fəaliyyət səmərəliliyinin
yüksəldilməsinə təsir edən amillərin müəyyən edilməsi isə müasir dövlət idarəçilik
elminin ən vacib problemlərindən biri hesab olunur. Azərbaycan Respublikasında dövlət
qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları "Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır
(10 fevral 2014-cü il) və inzibati vəzifələrin üçüncü - yeddinci təsnifatlarına
uyğun olan inzibati vəzifə tutan dövlət qulluqçularına aiddir. Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, respublikamızda 2019-cu il yanvarın 1-nə dövlət qulluqçularının
sayı 29127 nəfər olmuş və onların 28,5 faizini qadınlar təşkil
etmişdir. Dövlət qulluqçularının 4,5 faizi
inzibati vəzifələrin ali 3-cü təsnifatı, 75,7 faizi 4-7-ci təsnifatlar üzrə və
19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində çalışanlardır. Hər il təqribən
22000 dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir.
Hazırda beynəlxalq təcrübə və qiymətləndirmə qaydalarının tətbiq olunduğu 5 illik
müddətdə əldə olunan nəticələr əsas götürülərək yeni layihədə qiymətləndirmə qaydaları
işlənilir.
Son 30 ildə dünyanın bir çox ölkələrində
etika və dövlət xidməti dəyərlərinə artan marağın dövlət qulluğunda islahatlarla
paralellik təşkil etməsi təsadüfi deyil. Bu həm cəmiyyətin müxtəlif sahələrində
baş verən dəyişikliklər (dövlət qulluqçularının gözləntiləri, daha iddialı, yaxşı
bilikli vətəndaşlar, qloballaşma və s.), həm də dövlət qulluqçularının qanuni çərçivə
daxilində hərəkət etmələrinə dair minimum davranış standartlarının müəyyənləşdirilməsi
və etika infrastrukturunun inşa olunması ilə əlaqələndirilir. Etik infrastruktur
isə əsasən etik prinsiplərin bəyan edilməsi, davranış standartları, etik davranış
şüurunu artırmağa və təkmilləşdirməyə yönələn vasitələr, etik nəzarət, etik dəyər
və proqramların idarə olunması və qiymətləndirilməsi məsələlərini əhatə edir. Dövlət
qulluqçuları üçün etik davranış qaydaları hazırlanarkən, qaydaların və normativlərin
quruluşu dəqiqləşdirilməzdən əvvəl əsas etik dəyərlərin müzakirəsi və ölkənin ictimai
rəyində fikir birliyinin əldə olunduğu məqamların diqqətə alınması tövsiyə edilir. Yuxarıda qeyd olunan strategiyanın
əsas məqsədlərindən biri kimi yüksək mənəvi və etik dəyərləri əsas tutan dövlət
qulluqçularının formalaşdırılması, eləcə də dövlət qulluqçularının etik davranış
qaydalarının tətbiqinin təkmilləşdirilməsi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası
dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun 2007-ci ildə qəbul
edilərək qüvvəyə minmişdir. Haqqında bəhs edilən qanunda dürüst davranış, professionallıq,
loyallıq, sədaqət, xalqın etibarının qorunması, hüquqlara, azadlıqlara və qanuni
mənfəətlərə hörmət, mədəni davranmaq, əmr və təlimatların və ya verilən vəzifələrin
yerinə yetirilməsi, obyektivlik, korrupsiyanın qarşısının alınması, hədiyyənin qəbul
edilməsi ilə əlaqəli məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması,
əmlakdan, informasiyadan istifadə və siyasi fəaliyyətlər başlıqları altında dövlət
qulluqçularının etik davranış qaydaları tənzimlənmişdir.
Ölkə Prezidentinin bu sahədə həyata keçirdiyi islahatlar isə səmərəli dövlət idarəçiliyinin
təzahürü kimi özünü büruzə verir. Belə ki,
səmərəli dövlət idarəçiliyi insanların yaşayış şəraitinin yaxşılaşdırılması
prinsipinə köklü şəkildə təsir göstərməli və vətəndaşların birgə rifahının təmin
edilməsinə istiqamətlənməlidir. Bu səbəbdən səmərəli dövlət idarəçiliyi işinin xalqın
real problemlərinə yönəldilməsi və cəlb olunan sektorları dinləməklə həll yollarının
axtarmağa çalışılması tamamilə əsaslıdır. Azərbaycanda bütün dövlət qulluqçularından
tələb olunan etik davranış qaydalarına aid standartlar təkmilləşdirilmişdir. Ümumilikdə
dövlət qulluqçuları üçün qüvvədə olan standartlara əlavə olaraq, dövlət fəaliyyətinin
həyata keçirilməsində məsuliyyət daşıyan,
maraqlar toqquşması riskinin yüksək olduğu həssas sahələrdə işləyən müəyyən qruplar
və ya peşələr üçün əlavə təlimatlar hazırlanmış, etik davranış qaydalarının nəşr
olunması və bu qaydaların səmərəli bir şəkildə tətbiq olunması istiqamətində hüquqi
çərçivə və güclü nəzarət mexanizmi formalaşdırılmışdır.
Yuxarıdakıları ümumiləşdirərək qeyd etmək
lazımdır ki, dövlət idarəçiliyində səmərəliliyin təmin olunması baxımından dövlət
qulluğu sisteminin təkmilləşdirilməsi fərqli
zaman və məkanlarda aktuallıq kəsb edən prioritet məsələdir. Bu istiqamətdə uğurun
zəmanəti hakimiyyət və vətəndaş cəmiyyətinin birgə təşəbbüslərinin koordinasiyasıdır.
Hazırda dövlətin strateji vəzifəsi əhalinin həyat səviyyəsi və keyfiyyətinin davamlı
olaraq yüksəldilməsidir. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayır ki, dövlət məmurları öz
vəzifə borcuna məsuliyyətlə yanaşmalıdır. Ölkə Prezidentinin məmurlardan və dolayısı
ilə yenidən formalaşdırılan dövlət qulluğu sistemindən qətiyyətli tələbi budur:
"Birbaşa xalqla ünsiyyətdə olan məmurlar elə etməlidirlər ki, insanlar onların fəaliyyətindən
razı olsunlar. Diqqətli olmalıdırlar, yaddan çıxarmamalıdırlar ki, biz xalq üçün
çalışırıq, əksinə deyil. Bizim vəzifəmiz xalqa xidmət etməkdir”. Fikrimizcə, dövlət
başçısının bu sözləri bütün dövlət qulluqçuları tərəfindən fəaliyyət proqramı kimi
qəbul olunmalıdır.
Rəcəb RƏHİMLİ,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin
müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent