Dünya bazarında karbohidrogen məhsullarının bahalaşması kənd təsərrüfatına da təsirsiz ötüşmür.
AZƏRTAC xəbər verir ki, dizel yanacağının bahalaşması payız əkinləri dövründə fermerlərə və kənd təsərrüfatı ilə əlaqəli sənaye məhsulları istehsal edən şirkətlərə mənfi təsir göstərməkdə davam edir. Dizel yanacağı kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələri üçün əsas istehsal resurslarından biridir. Traktor, kombayn, yük avtomobili və digər texnikaların böyük hissəsinin fəaliyyəti birbaşa dizel yanacağından asılıdır. Buna görə də dizelin qiymətində baş verən artım yalnız yanacaq xərclərinin yüksəlməsi ilə məhdudlaşmır, istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir.
Xüsusilə kənd təsərrüfatında bu təsir daha qabarıq hiss olunur. Əkin sahəsinin hazırlanmasından başlayaraq şumlama, səpin, gübrələmə, dərmanlama, məhsulun yığılması və daşınmasına qədər bir çox proses yanacaq sərfiyyatı tələb edir. Dizelin bahalaşması nəticəsində fermerin hər hektar üzrə xərci artır. Bu isə məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur.
Hörmüz boğazının bağlanması dizelin qiymətinin də artmasına səbəb olub. Məsələ burasındadır ki, Yaxın Şərqdən xam neftin ixracı dayanıb və buna görə də ABŞ və Avropa ölkələrinin neft emalı zavodları dizel istehsalı üçün xammal ala bilmirlər.
ABŞ analitiki Larri Conson “Sonar21” portalında qeyd edir ki, bu gün Hörmüz boğazı açılsa belə, dünya bazarına kifayət qədər dizel yanacağı daxil olmayacaq. Çünki Yaxın Şərq münaqişəsi başlayan gündən dövlətlər məcburiyyət qarşısında qalaraq strateji ehtiyatlardan istifadə etməli olublar. Hökumətləri bu addımı atmağa vadar edən əsas amillər inflyasiya və qiymət artımıdır. Əgər strateji ehtiyatlardan istifadə olunmasaydı, bir çox ölkələrdə səfalət yaşanacaqdı.
Dünya bazarının gündəlik dizel tələbatı 29,4 milyon bareldir. Avqust ayında Hörmüz boğazından və Rusiyadan dünya bazarına 1,6 milyon barel dizel ixrac edilib ki, bu da çox azdır. Sentyabr ayının ilk üç həftəsində ABŞ-də neft emalı zavodları yalnız 5,2 milyon barel dizel istehsal edib ki, bunun da 3,4 milyon bareli daxili tələbat, qalan hissəsi isə ixrac üçün istifadə edilib.
Göründüyü kimi, dünya bazarının tələbatı tam təmin olunmayıb ki, bu da qiymət artımına gətirib çıxarıb. Belə bir vəziyyətdə strateji ehtiyatlardan istifadə qiymət artımına bir qədər də təkan verib. Hörmüz boğazının açılacağı təqdirdə dizel idxal edən ölkələr ilk növbədə strateji ehtiyatların yerini doldurmalı olacaqlar. Buna görə də qiymətin yüksək həddə qalması uzun müddət davam edə bilər.
Hazırda dünya bazarında dizelin bir barelinin qiyməti 180-200 dollar arasında dəyişir. “Sonar21” analitik portalı yazır ki, yaxın zamanlarda dizelin qiymətinin enməsi gözlənilmir. Çünki bazarın tələbatı tam olaraq ödənilmir.