O, 1926-cı ildə Şuşada məşhur Cavanşirlər nəslinin nümayəndəsi olaraq dünyaya gəlib. Cavanşirlər soyadı nəinki Qarabağda, bütöv Azərbaycanda tanınan, sayılıb-seçilən qədim isimlərdəndir. Əsilzadədirlər! Bu soydan gəlmələr Azərbaycan xalqına onlarca sərkərdə, şair, yazıçı, musiqişünas, aktyor bəxş edib. Belə məşhurlardan biri də teatr qurucusu, rejissor, pedaqoq, müəllim və istedadlı aktyor Nəsir Sadıqzadədir.
Nəsir Sadıqzadə orta təhsilini başa vurduqdan sonra - 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alsa da, arzusu aktyor olmaq idi. Elə bu arzu da onu 1964-1965-ci illərdə Moskvada A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq kursuna aparıb.
O həm istedadlı aktyor, həm də bacarıqlı teatr təşkilatçısı idi. Bu bacarığı ona Gəncə, Füzuli, İrəvan, Sumqayıt, Xankəndi, Naxçıvan teatrlarında quruluşçu rejissor və baş rejissor işləməyi nəsib edib.
Görkəmli səhnə ustası müxtəlif illərdə C.Cabbarlının "Aydın", M.İbrahimovun "Kəndçi qızı", Ə.Nesinin "Bura gəlin", B.Vahabzadənin "Yağışdan sonra", İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər", M.F.Axundzadənin "Hacı Qara", O.İoselianinin "Araba hələ aşmayıb" və digər əsərlərə quruluş verib.
İstedadlı aktyor "Mən ki, gözəl deyildim", "Şeytan göz qabağında", "Qətl günü", "Zirzəmi", "Qara Volqa", "Qəzəlxan" filmlərində rol alsa da, yaddaşlarda rejissor Ramiz Əzizbəylinin çəkdiyi "Bəxt üzüyü" filminin veteranı Tanrıbəy obrazı ilə xatırlanır.
Aktyorun sənət yoldaşı, uzun illər Mədəniyyət və İncəsənət Universitetində onunla birlikdə çalışan əməkdar artist Azad Şükürov Nəsir Sadıqzadə haqqında xatirələrini bizimlə bölüşür: "Nəsir müəllim aktyor idi. Həyatda yox, səhnədə oynamağı sevirdi. O, çox ciddi, işinə olduqca məsuliyyətli, dəqiq adam idi. Cəsarətliydi, sözünü deməyi bacarırdı. Tələbənin, kasıbın dostuydu. Respublikanın mədəniyyət aləmində yaxşı tanınan, sözü keçən idi. Biz onunla respublikanın hər yerində səfərlərdə olmuşuq. Birlikdə Şuşaya da getmişik. 1980-ci illərdə ermənilərin başladıqları separatçılıqdan narahatlıq keçirirdi. Hətta Şuşanı ermənilər işğal edən zaman soyuqqanlılıqla dedi ki, bu, onların müvəqqəti qələbəsidir. Biz Şuşanı mütləq geri qaytaracağıq".
Nəsir müəllim sözün düzünü deyərdi. Buna görə yuxarılar onu o qədər də sevməzdilər. 70 illik ömrünü sənətə həsr etsə də, nə bir fəxri ad, nə bir mükafat almışdı. Halbuki onun tələbələri çox fəxri adlarla, mükafatlarla fərqləndirilmişdi.
Azad müəllim söhbətini davam etdirib dedi:
- 1991-ci il oktyabrın 18-də axşam Nəsir müəllim mənə zəng edib soruşdu:
- Azad, sabah universitetə gedəcəksən?
- Bəli, gedəcəyəm, - deyə cavab verdim.
- Onda səhər saat 10-da "Baksovet" metrosunun qarşısında görüşək, birlikdə gedək, - dedi.
"Baksovet"də görüşüb birlikdə universitetə getməyə başladıq. Düzünü desəm, Nəsir müəllimin mənimlə "Baksovet"də görüşmək həvəsini heç başa düşə bilmədim. Onsuz da universitetdə bir yerdə olacaqdıq. Daha "Baksovet"ə getməyə nə hacət vardı ki?.. Fikirləşdim ki, Nəsir müəllim məni ora elə-belə, şapdangəldi çağırmaz. Üzündə bir məmnunluq var idi. Nə baş verdiyini anlaya bilmirdim. Biz "İstiqlal" küçəsi ilə addımlayırdıq. ADR-in Parlament binasına çatanda Nəsir müəllim dayanıb dedi: "Azad, ölmədik, müstəqil ölkənin müstəqil vətəndaşı olmağı da gördük. Bundan sonra ölsəm də, dərdim olmaz". Sonra gözləri doldu.
Kinorejissor Rövşən İsax da Nəsir Sadıqzadənin dostluq etdiyi tələbələrindən olub. O da müəllimi haqqında düşüncələrini bizimlə bölüşdü:
- Nəsir müəllim olduqca məlumatlı adam idi. Özü ilə həmişə 8-10 kiloqram ağırlığında bir çanta gəzdirərdi. O çantanın içində bilirsiniz nə olurdu? O zaman ittifaq miqyasında nəşr olunan ən maraqlı qəzet və jurnallar. Elə bir əsər, pyes olmazdı ki, ondan söz açaydın, Nəsir müəllim məlumatsız olaydı. Nəsir müəllim həm də çox gözəl tərcüməçi idi. Türk yazıçısı Əziz Nesinlə möhkəm dost idi. Onun Azərbaycanda tamaşaya qoyulan əsərlərinin bəlkə də hamısını Nəsir müəllim tərcümə etmişdi.
Çox təmiz, saf, ürəyiyumşaq adam idi. Hətta o qədər kövrək idi ki, oxuduğu bir əsərdə qəmli, kədərli bir şey tapardısa, bir haqsızlıq görərdisə, onu adama danışanda gözünün yaşına hakim ola bilməzdi.
Biz oxuyan vaxt ali məktəblərdə hələ təyinat var idi. Nəsir müəllim tələbələrindən kimin harada işləmək istədiyini öyrənib bir siyahı tutar, sonra Mədəniyyət Nazirliyinə gedib hər kəsin arzuladığı yerə təyinatını verdirərdi.
Özü Ədil İsgəndərovun sinfində oxumuşdu, amma rəhmətlik Mehdi Məmmədov onun kumiri idi. Dərs dediyi tələbələr bilikdə, bacarıqda, səhnədə, insanlıqda Nəsir müəllimə oxşamağa çalışırdılar. Amma Nəsir müəllim olmaq mümkün deyildi.
Elşən QƏNİYEV,
"Azərbaycan"