15 İyul 2016 12:07
1201
İQTİSADİYYAT
A- A+
Dəmirçidən Lahıca uzanan yol...

Dəmirçidən Lahıca uzanan yol...

 

Şamaxı ilə İsmayıllını birləşdirəcək yeni yol Balakənə qədər uzanan turizm marşrutu zəncirini yaradacaq

 

Hər elin, hər obanın abadlığı, inkişafı onun yolundan başlayır. Əslində, Yer üzünə qədəm basdığımız andan qəbir evinə gedənə kimi saldığımız saysız-hesabsız ləpirləri köksünə sıxan da yoldur. Maraqlıdır ki, ləpirlərimizin say çoxluğuna, ömrümüzün qısa və ya uzunluğuna baxmayaraq, ömür bitsə də, yol bitmir. Təsadüfi deyil ki, yol insanlar üçün həmişə müqəddəs hesab olunub. Hətta leksikonumuzda “yol haqqı” deyilən and da illərlə sınaqdan çıxaraq yaddaşlara həkk olunub. Xüsusən də müqəddəs yerləri ziyarət edən insanların “getdiyim yola and olsun”, “Əli yolu haqqı” kimi and yerləri bu baxımdan düşündürücüdür.
Yaşadığımız coğrafi məkanın Böyük İpək Yolunun üzərində yerləşməsi, mövcud təbii sərvətlərimiz və burada istehsal olunan çoxsaylı məmulatlar da ticarətin inkişaf etdirilməsi baxımından yol infrastrukturunu həmişə gündəmdə saxlayıb. Normal yol infrastrukturuna malik olan istənilən yaşayış məntəqəsinin daha tez zamanda tərəqqi etməsi isə hər kəsə bəllidir. Abad yolun mövcudluğu həm vaxta qənaət edilməsi, həm də həmin ərazidə əhali məskunluğunun artması deməkdir.

 

Yeni turizm marşrutuna aparan yol

 

Müasir dövrümüzdə yol məfhumuna yanaşmalarda xeyli fərqliliklər müşahidə olunmaqdadır. Bu yanaşmalardan biri də daha səmərəli turizm marşrutlarının yaradılması məqsədilə yeni və qısa yolların çəkilməsi layihələridir. Bu da aydındır: rahatlığın təmin olunması, infrastrukturun yaradılması ilə daha çox sayda insanların turizm obyektlərinə təşviq edilməsinə nail olmaq.
Belə layihələrdən biri də Şamaxı rayonunun Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsini birləşdirəcək yol tikintisinin reallaşdırılmasıdır. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov məlumat verdi ki, Dəmirçi kəndindən Lahıca kimi məsafə ümumilikdə 15 kilometrdir. Bu layihə reallaşanda Şamaxının İsmayıllı rayonunun Lahıc kəndinə bənzər və tatdilli toplumun yaşadığı Dəmirçi kəndi arasında əlaqə yaranacaq.
Ümumilikdə isə qeyd olunan layihənin həyata keçirilməsi ilə Şamaxı və İsmayıllı rayonlarının turizm marşrutu zənciri yaranacaq. Həmin marşrutun sonradan Böyük Qafqaz sıra dağları silsiləsində yerləşən Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarına qədər uzanması realdır. Bununla da, Bakıdan Şirvan bölgəsi üzrə hərəkətdə olan yerli və ya xarici turist əvvəlcə paytaxta ən yaxın turizm potensiallı yaşayış məntəqəsi olan Şamaxıya səfər edə biləcək. Şirvan ellərinin bu füsunkar obasının turizm obyektlərini, gəzməli-görməli yerlərini ziyarət edəcək. Şamaxı isə relyefinə və təbiətinə görə Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Əsrarəngiz təbiətə, gözəl flora və faunaya, yüksək mətbəx mədəniyyətinə malik olan bu diyar qədim tarix və mədəniyyət abidələri, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri ilə də məşhurdur.
Şamaxı torpaqlarının təbii şəraiti lap qədimdən insanları cəlb etməkdədir. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonunun ərazisində 50-dən çox dərman bitkisi yetişir.
Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün əlverişli imkan yaradır. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şəraiti müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qalınlığı 30-50 santimetrdir.
Şamaxıda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə də diqqət artırılıb. Bu diyar yayda da, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir.
Mərkəzdən 12 kilometr şimal - şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Şamaxıya səfər edən turistlərin marağına səbəb ola biləcək məskənlərdən biri də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasıdır. Bu elmi mərkəzdə çətin müşahidə edilən Cənub səmasının tədqiqatları aparılır. Rəsədxananın muzeyində qiymətli eksponatlar nümayiş etdirilir.
Turistlər Əngixaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlədə bilmirlər. Elə Nağaraxana zonasındakı Avaxlı, Çuxuryurd kəndlərindəki bulaqlar da onlardan geri qalan deyil. Bu bulaqların suyu müalicə baxımından da çox əhəmiyyətlidir. Maraqlı yerlərə atla gəzintilər turistlərin ürəyincə olur. İstirahət və bayram günlərində ölkəmizin paytaxtından və ayrı-ayrı rayonlardan gələnlər Şamaxının turizm həyatını daha da canlandırırlar.

 

Ov turizmi üçün infrastruktur yaradılır

 

Yolumuzu qeyd olunan turizm marşrutu ilə salaraq Dəmirçi kəndi istiqamətinə yön alırıq. Rayon mərkəzi ilə Dəmirçi arasındakı məsafə təxminən 31 kilometrdir. Yol boyu bizi Dəmirçi kənd ərazi icra nümayəndəsi Gəray Hüseynov müşayiət edir. Yol olduqca rahatdır. Lakin bu rahatlıq tam mənzil başına kimi davam etmir. Pirqulunu və daha bir neçə kəndi keçdikdən sonra asfalt bitir. Bunun ardınca torpaq yol başlayır. Ətrafın yaşıllığı, laləli çəmənliklər sanki yolun kələ-kötürünü örtmək üçün kamufulyaj rolunu oynayır. Müəyyən məsafə qət etdikdən sonra yolun sol tərəfində inşa olunan obyekt və hündür təpələrdə hərəkət edən texnikalar diqqətimizi çəkir. G.Hüseynov marağımızı hiss edərək məlumat verir:
- Gördüyünüz məkanda ovçuluq turizmi üçün şərait yaradılır. Artıq burada çalışacaq insanlar üçün ofisin tikintisi də yekunlaşıb. Hazırda inşa olunan isə hotel binasıdır. Dağlara qalxaraq müəyyən heyvanların ovunu edəcək insanların hərəkəti üçün də yol çəkilir. Həm yerli, həm də xarici turistlər ov mövsümündə burada istirahətlərini istədikləri şəkildə təmin edə biləcəklər.
Yolumuza davam edirik. Ətrafda olan kəndləri keçdikdən sonra hündür bir təpəyə qalxırıq. Üstdən aşağı baxarkən dərənin dibində və təpəliklərdə bərqərar olan bir oba ilə qarşılaşırıq. Bu, Dəmirçi kəndidir. Dəniz səviyyəsindən 1500-1600 metr hündürlükdə qərar tutan Dəmirçi Pirsaatçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanıb. İsmayıllının Əhən kəndindən bura gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi işlə əlaqədar el yolunun kənarında müvəqqəti yurd salsalar da, sonradan burada daimi məskunlaşmağa qərar veriblər. Kəndin adı isə sakinlərin məşğuliyyəti ilə əlaqədar Dəmirçi adlandırılıb.

 

Bəxtinə gün doğan kənd

 

İlk baxışdan mənzərəsi ilə diqqəti çəksə də, kəndin içərisinə daxil olduqda burada baxımsızlıq hiss olunur. Dəmirçi sakinləri lahıclılarla eyni boyun daşıyıcıları olsalar belə, burada Lahıcdakı baxımlılıq, yaradılmış səliqə-sahman yoxdur. Üzərində “Dövlət tərəfindən qorunur” lövhəsi olan məscid bərbad vəziyyətdədir. Kənddaxili yollar haqqında da ürəkaçan söz deyə bilməyəcəyik. Maşınla bir qədər kəndin içərilərinə doğru irəliləmək istəsək də, yolun vəziyyəti arzumuzu ürəyimizdə qoydu.
Lakin illərlə baxımsız, gözdən-könüldən iraq qalan bu kəndin də deyəsən bəxtinə gün doğub. Biz kənddə olarkən öyrəndik ki, həmin gün rayon icra hakimiyyətinin başçısı Asif Ağayev də Dəmirçidə olub. Kəndin ərazi icra nümayəndəsi rayon rəhbərliyi tərəfindən ümumilikdə belə səfərlərin tez-tez baş verdiyini, problemlərlə əlaqədar yerli sakinlərlə görüşərək onların həllinə imkan daxilində kömək göstərdiyini dedi. Rayon rəhbərinin Dəmirçiyə budəfəki gəlişinin əsas səbəbi isə kəndin real vəziyyəti ilə bir daha yerindəcə tanış olmaq, ağsaqqallarla görüşərək gələcəkdə problemlərin həlli üçün zəruri olan məsələləri dəqiqləşdirmək idi.
Onu da öyrəndik ki, hazırda Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Dəmirçi kəndinin yenidən bərpası ilə əlaqədar layihənin reallaşdırılması planlaşdırılır. Layihə çərçivəsində kəndin bütün infrastruktur sahələrinin tam yenidən qurulması ilə yanaşı, turistlərin cəlb olunması da qarşıya qoyulan hədəflərdəndir. Burada suvenir mağazaları, su köşkləri quraşdırılacaq. Əlavə olaraq turistləri cəlb edən digər obyektlərin yaradılması da kəndin inkişafına əhəmiyyətli töhfə vermiş olacaq. Layihənin reallığa çevrilməsindən sonra tranzit yol üzərində olması Dəmirçi üçün daha gözəl perspektivlərin yaranmasına stimul verəcək.
Bu gün Dəmirçinin düşdüyü çətinliklərin, üz-üzə qaldığı problemlərin başlıca səbəblərindən biri də məhz yolsuzluqdur. Lakin hazırda kəndin girişində SOCAR-ın çoxsaylı maşın və mexanizmlərinin, dağlıq hissədə topoqrafiya ilə məşğul olan geodeziya işçilərinin apardıqları işlər çox keçmədən öz bəhrəsini verəcək. Beləliklə də Dəmirçi camaatı bundan sonra yolların abadlaşdırılması ilə uzaq məsafələrin yaxınlaşacağına əmindirlər. Bununla da onlar həm ata-baba vərdişləri olan sənətkarlığa daha həssas yanaşacaq, həm də aqrar sektorun müəyyən sahələri, xüsusən də heyvandarlıq üzrə daha səmərəli fəaliyyət göstərməyə çalışacaqlar.

Əli SƏLİMOV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsfahanda neft anbarı bombalanıb

09:45
07 Aprel

ABŞ: 155-dən çox İran gəmisinə zərər vurulub və ya məhv edilib

09:43
07 Aprel

İsrail ordusu Tehrandakı SEPAH qərargahına zərbələr endirdiyini açıqlayıb

09:43
07 Aprel

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələdə

09:37
07 Aprel

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

Gələcəyin təməli: məktəbəqədər təhsil müəssisələrinə dövlət qayğısı

08:40
07 Aprel

Xülyası puç olan faşist 

08:35
07 Aprel

"Real Ermənistan" xəstə təfəkkürə qarşı

08:30
07 Aprel

Əməyin ödənilməsində gender bərabərliyi daha effektiv təmin olunacaq

08:25
07 Aprel

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

08:20
07 Aprel

Milli Məclisin komitələrinin birgə iclası keçirilib

08:15
07 Aprel

Mehriban qonşuluq, nümunəvi tərəfdaşlıq

08:10
07 Aprel

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!