Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən aprelin 16-da "Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ:
elektron çıxarışa keçid və onun xüsusiyyətləri” mövzusunda ictimai təqdimat və dialoq
keçirilib. Tədbir qeyri-hökumət təşkilatları və media nümayəndələrinin, əmlak ekspertlərinin
iştirakı ilə baş tutub. Məqsəd elektron çıxarışın faydaları, praktiki istifadə qaydaları
və vətəndaşa verdiyi üstünlüklər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Həmçinin
daşınmaz əmlakların sənədləşdirilməsi istiqamətində vətəndaş məmnunluğunun daha
da artırılması, habelə rahatlıq və çevikliyi təmin edən komitənin həyata keçirdiyi
innovativ işlər, sosial layihələr, elektron xidmətlər barədə məlumatların ictimaiyyətə
ötürülməsi əsas vəzifələrdəndir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununun
tətbiqi haqqında imzaladığı fərmandan danışan Əmlak Məsələləri Dövlət Komitəsinin
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki,
aprelin 18-dən çıxarışların elektron şəkildə verilməsi prosesinə başlanılacaq. Bununla
da kağız çıxarış dövrünə son qoyulur. Qanuna edilmiş dəyişikliyin də əsas məqsədi
ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma
endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik
və optimallığı artırmaqdır.
Elektron çıxarışın
tətbiqi ölkə rəhbəri tərəfindən aparılan "Elektron hökumət” quruculuğuna töhfə olacaq.
Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən
aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların
aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarışın tətbiqi
vətəndaşların qeydiyyata olan marağını artırmaqla ölkədə leqal əmlakların sayını
artıracaq. Elektron çıxarış tam hüquqi qüvvəyə malikdir, fərdi identifikasiya kodu
ilə keçərli olacaq.
Əmlakını rəsmi
qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr
ofislərində çıxarışlar 1, 3, 7, 10 iş günündə elektron qaydada hazırlanacaq.
Regionlarda
elektron çıxarışın tətbiqi, üstünlükləri, istifadə qaydaları ilə bağlı ictimai maarifləndirmə
işi aparılır, ərazi ofislərində "açıq qapı” günü keçirilir. Ölkədə çıxarışların
elektron müstəvidə verilməsi beynəlxalq maliyyə institutları və təşkilatların, o
cümlədən "Doing Business” reytinqində Azərbaycanın mövqeyini daha da gücləndirəcək.
Bundan başqa,
Hikmət Mustafayev bildirib ki, Prezidentin imzaladığı "Bəzi çoxmənzilli binaların
istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanı da vətəndaş məmnunluğuna,
onların sadə yollarla mülkiyyətini qeydiyyata almasına, ölkədə leqal əmlakların
sayının artması istiqamətində bir yenilik olmuşdur. Hazırda fərmanın icrası ilə
bağlı işlər aparılır. Vətəndaşların ünvanlarında mənzillərinə dair çıxarışlar verilir.
Hikmət Mustafayev
onu da bildirib ki, komitə tərəfindən tətbiq edilən 41 elektron xidmətin 26-sı daşınmaz
əmlakın qeydiyyatı sahəsinə aiddir. Bundan başqa, göstərilən xidmətlərin keyfiyyətinin
yüksəldilməsi üçün əks zəng sistemi və sorğular həyata keçirilir.
Daha sonra
çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının üzvü Əliməmməd Nuriyev bildirib ki, müasir dövrümüzdə vətəndaş məmnunluğunun
təmin edilməsi, şəffaflığın artırılması elektron mühitin genişləndirilməsindən birbaşa
asılıdır. Əmlak Məsələləri Dövlət Komitəsi də vətəndaşların xidmətlərdən daha çevik
şəkildə yararlanması üçün fəaliyyətində elektronlaşma prosesini sürətləndirir. Elektron
çıxarışın tətbiqi də bu mərhələnin davamıdır. Çıxarışların elektron formata keçirilməsi,
qeydiyyat sənədlərinin verilmə müddətlərinin azaldılması vətəndaşlar üçün yaradılan
rahat şəraitdən xəbər verir.
Daha sonra
"Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarışın üstünlükləri və
xüsusiyyətləri” mövzusunda komitə nümayəndəsi tərəfindən təqdimat olub. Bildirilib
ki, elektron çıxarışlar "Elektron hökumət” portalına yerləşdirilir. Hüquq sahibinin
çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır,
sonra həmin çıxarış vətəndaşın "Elektron hökumət” portalındakı şəxsi kabinetinə
yerləşdirilir. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi
kabinet yaradıldıqdan sonra avtomatik olaraq ora transfer olur.
Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə,
poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr
və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.
Vətəndaş komitənin "Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın
qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına
malikdir. Bunun üçün isə istifadəçilərdən nə elektron imza, nə də ödəniş tələb olunur.
Elektron çıxarış
sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi riskləri aradan qalxır.
Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə
edilməsi halı tam istisna edilir.
Bu sistemin
tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib.
Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin
alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır.
Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin "Elektron hökumət”
portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların
əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.
Əmlak Məsələləri
Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin
təmin edilməsi istiqamətində işləri sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ
üsullardan istifadə etməklə əhalinin əmlakının daha rahat yolla qeydiyyata alınması
işi davam etdiriləcək.
"Azərbaycan”