Azərbaycan Respublikasının müasir siyasi tarixinin təhlili göstərir ki, ölkəmiz dövlət quruculuğu prosesində yalnız institusional və inzibati islahatlarla kifayətlənmir, eyni zamanda dərin mənəvi-ideoloji dayaqlara söykənən humanist idarəetmə modeli ilə seçilir. Bu modelin mərkəzində güclü dövlət, güclü vətəndaş münasibətləri, hüquqi ədalət prinsipi və sosial məsuliyyət anlayışı dayanır. Məhz bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən amnistiya təşəbbüsünün irəli sürülməsi təsadüfi qərar deyil, müasir Azərbaycan dövlətçilik fəlsəfəsinin məntiqi və ardıcıl davamıdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində XX əsrin sonlarında dağılmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövləti xilas edilib, müstəqilliyin dönməzliyi təmin olunub. Ulu Öndərin rəhbərliyi ilə formalaşan siyasi kursun mərkəzində hüquqi dövlətin qurulması, daxili sabitliyin təmin edilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və vətəndaş-dövlət etimadının bərqərar olunması dayanırdı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası bu baxımdan təkcə hüquqi çərçivə deyil, həm də milli dövlətçilik manifesti kimi tarixə düşüb.
Bu strateji siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni dövrün çağırışları və reallıqları fonunda uğurla davam etdirilir. Azərbaycan uzun illərdir daxili siyasi sabitliyi qoruyan, iqtisadi müstəqilliyini möhkəmləndirən və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan dövlətdir. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan dövlətçiliyini keyfiyyətcə yeni mərhələyə yüksəltdi, ölkəmizin milli suverenliyini və ərazi bütövlüyünü tam təmin etdi.
Bu gün Konstitusiyamızın ali hüquqi qüvvəsi ölkənin bütün ərazilərində bərqərar edilib ki, bu da yalnız hərbi və siyasi uğur deyil, eyni zamanda hüquqi dövlətçiliyin qələbəsidir. Belə bir tarixi mərhələdə humanist hüquq siyasətinə əsaslanan amnistiya təşəbbüsü ilə çıxış etmək yalnız güclü, özünə inanan və gələcəyə strateji baxışla yanaşan dövlətin ata biləcəyi addımdır. Beynəlxalq təcrübə də göstərir ki, amnistiya institutu əsasən siyasi sabitliyə nail olmuş, hüquq-mühafizə və məhkəmə sistemləri formalaşmış, ictimai təhlükəsizlik səviyyəsi yüksək olan dövlətlərdə tətbiq edilir. Bu baxımdan amnistiya zəiflik deyil, əksinə, dövlətin öz hüquqi mexanizmlərinə və cəmiyyətin siyasi yetkinliyinə olan inamının ifadəsidir.
Azərbaycan Respublikasında təqdim olunan amnistiya aktının layihəsi humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə söykənir. Layihədə Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, həmin döyüşlər zamanı həlak olmuş və ya itkin düşmüş vətəndaşların yaxın qohumlarının, eləcə də Ermənistanın hərbi təxribatları nəticəsində sağlamlığını itirmiş şəxslərin nəzərə alınması xüsusi siyasi və mənəvi məna daşıyır. Bu yanaşma dövlətin öz qəhrəmanlarına, onların ailələrinə və bütövlükdə milli yaddaşa verdiyi yüksək dəyərin bariz göstəricisidir.
Eyni zamanda qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların, eləcə də böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin amnistiya əhatəsinə daxil edilməsi sosial dövlət konsepsiyasının real və praktik tətbiqi kimi çıxış edir. Burada əsas məqsəd yalnız cəzadan azad etməklə məhdudlaşmır, həm də həmin şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına, sosial adaptasiyasına və hüquqi islahına şərait yaratmaqdan ibarətdir.
Azərbaycan müstəqillik dövrü ərzində amnistiya və əfv institutlarından ardıcıl və sistemli şəkildə istifadə edib. 1995-ci ildən etibarən qəbul edilən amnistiya aktları on minlərlə insanın həyatında dönüş nöqtəsi yaradıb, cəmiyyətin sosial harmoniyasının möhkəmlənməsinə töhfə verib. Bu qərarlar heç vaxt hüquqi nihilizmə yol açmayıb, əksinə, cəza ilə islah arasında sağlam balansın qorunmasına xidmət edib. Ulu Öndər Heydər Əliyevin imzaladığı əfv fərmanları hüquqi humanizmin dövlət siyasəti səviyyəsinə yüksəldiyini nümayiş etdirib. Prezident İlham Əliyev tərəfindən imzalanan çoxsaylı əfv sərəncamları və 2021-ci ildə Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı bu xəttin davamlılığını bir daha təsdiqləyib.
Xüsusilə postmüharibə dövründə qəbul edilən 2021-ci il amnistiyası milli birlik, sosial barış və hüquqi etimad mühitinin gücləndirilməsində mühüm rol oynadı. Bu təcrübə sübut etdi ki, Azərbaycan dövləti qalib olduğu anda daha da ədalətli və mərhəmətli olur. Hazırda Milli Məclisə təqdim edilən yeni amnistiya aktının 20 mindən çox şəxsə şamil olunacağı ehtimal edilir ki, bu da müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya qərarlarından biri ola bilər. Minlərlə məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, minlərlə şəxsin cəzasının yüngülləşdiriləcəyi və çoxsaylı vətəndaşın cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir.
Bu qərarın ictimai təsiri olduqca genişdir: ailələrin birləşməsi, sosial gərginliyin azalması, cəmiyyətin humanist dəyərlər ətrafında daha sıx birləşməsi və eyni zamanda penitensiar sistemin yükünün azaldılması. Resosializasiya proseslərinin güclənməsi isə uzunmüddətli perspektivdə hüquqi sabitliyə və ictimai təhlükəsizliyə müsbət təsir göstərəcək.
Deputat mövqeyimdən çıxış edərək qeyd etmək istərdim ki, bu təşəbbüs yüksək qiymətə və təqdirə layiqdir və Azərbaycan dövlətçiliyinin gücünü, siyasi uzaqgörənliyini və humanist mahiyyətini bir daha nümayiş etdirir. Parlament üzvlərinin missiyası yalnız qanunların qəbulu ilə məhdudlaşmır, eyni zamanda dövlət qərarlarının fəlsəfəsini və ictimai mahiyyətini cəmiyyətə izah etməkdən ibarətdir. Bu amnistiya aktı göstərir ki, Azərbaycan dövləti gələcəyə baxır, sosial barışı və hüquqi sabitliyi prioritet hesab edir. Çünki güclü dövlət bağışlamağı bacaran dövlətdir və Azərbaycan məhz belə bir dövlətdir.
Nəticə etibarilə, ölkə başçımız cənab İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin siyasi yetkinliyinin bariz göstəricisidir. Bu addım bir daha sübut edir ki, qalib Azərbaycan dövləti yalnız gücü ilə deyil, eyni zamanda humanizmi, liberal dəyərləri, ədaləti və məsuliyyətli hüquq siyasəti ilə də nümunədir.
Vasif Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru