Qismətimizə düşmüş ömrümüzün bir-birinə bənzəməyən günləri yaşandıqca onlardan geriyə yalnız acılı-şirinli xatirələr qalır. O xatirələr ki heç vaxt unudulmur. O xatirələr ki zaman-zaman bizi qırılmaz tellərlə keçmişə bağlayır. Yaddan çıxmayan bu xatirələr yaddaşımızda asta-asta geri vərəqləndikcə xəyalların qanadlarında ötən illərə dönürük.
O illərə ki bəzən sakit, bəzən gərgin və şərəf dolu hadisələrin baş verdiyi günləri ilə ömrümüzdə əbədi olaraq qalıb. Amma nə yaxşı ki şərəf dolu günlərimiz həyatımızda çox olub. Yoxsa ömür yollarımız mənasızlıq girdabında ilişib qalardı, xatırlamağa isə yaddaşımızda heç nə tapmazdıq.
Bəzən yaşadığımız bir günümüz bir ilə bərabər olur. Həmin günü, həmin günün içində yaşanan hadisələri heç vaxt unutmuruq. Yaşadığımız qürur dolu o çağları - cəbhə bölgəsinə ezamiyyətə getdiyimiz soyuqlu günlərdə üşüdüyümüz qarlı-şaxtalı havaları, istisində tər tökdüyümüz günləri, toz-torpaqlı yolları, barıt qoxuyan səngərləri, iştirakçısı olduğumuz döyüş anlarını, dəhşətli səhnələri, yurdun müdafiəsində dayanan döyüşçülərlə olan maraqlı söhbətləri, qulaqbatıran atəş səslərini, top gurultusunu, avtomat və pulemyotların şaqqıltısını, mərmi partlayışını, zirehli texnikaların nəriltisini unutmaqmı olar?
Xatırlandıqca çözülən xatirələr
Qarabağ müharibəsi ilə bağlı yaddaşımızda qalmış o qədər qanlı hadisələr və bu hadisələrdən doğmuş kövrək xatirələr var ki! Həmin hadisələrin baş verdiyi günlərin üstündən zaman karvanını sürüb keçsə də, o olaylar xatırlandıqca xatırlanır, çözələndikcə çözələnir, yazıldıqca yazılır, səhifələndikcə səhifələnir. Ona görə də belə günləri unuda bilmirik. Xatırlandıqca xatırlanan xatirələr bələdçilik edərək xəyalların qanadında bizi o illərə aparır. Ötən illərin arxasında qalmış soyuq bir qış günündə iştirakçısı və şahidi olduğumuz xoş ovqatlı bir görüşü tez-tez xatırlayırıq. Xatırladıqca da sanki həmin günün xoş duyğulu anlarını təzədən yaşayırıq...
1993-cü ilin ilk gününü, Yeni ili Ağdamda qarşıladıq. İlin ilk gününün ilk səhərini Qarabağın bu gözəl şəhərində açdıq. Axşamdan yağan qar hər tərəfi ağ dona bürümüşdü. Hərbi hissə şəhərin mərkəzindəki məktəblərin birində yerləşirdi. Siniflərdəki partaların yerinə əsgər çarpayıları düzülmüş, kitabxananın bir hissəsinə silah-sursat yığılmışdı. Ermənilərin 1988-ci ildən işğalçılıq niyyəti ilə Qarabağda başlatdıqları müharibə həyatın gündəlik nizamını pozaraq minlərlə insana narahatlıq və ölüm gətirmişdi. Bir vaxtlar şagirdlərin futbol oynadıqları meydançada hərbi texnikalar sıraya düzülmüşdü. Sanki hərbçilərlə bərabər, məktəb də döyüş ab-havasına köklənmişdi. Artıq məktəbin həyətində şagirdlər sülh nəğmələri oxumurdular. İndi təhsil ocağından səmaya əsgərlərin xorla ifa etdikləri hərbi marş və mahnılar yüksəlirdi.
Odpüskürən silahlar insanların ömrünə son qoyurdu
Ağdamı ilk dəfəydi görürdük. Küçələrdə adamlar seyrək gözə dəyirdi. Uzaqdan eşidilən atəş səsləri ön xətdə ağır döyüşlərin getdiyindən xəbər verirdi.
Fərrux dağı istiqamətində torpaqlarımızı müdafiə edən zabit və əsgərlərin yanına getməyə tələsirdik. Şəhərin qarlı küçələrindən keçib cəbhə xəttinə gedirdik. Bir neçə yaşayış məntəqəsinin içindən keçən yol bizi cəbhə bölgəsinə aparıb çıxartdı. Əlağalı kəndinin ətəyinə çatanda bizi bu gözəl məkana gətirən hərbi avtomobil sanki dərindən nəfəs çəkib dayandı. Fərrux dağına yol bu kəndin ətəyindən keçirdi. Axşamdan yağmış qar irəliləməyə çətinlik yaradırdı. Başı göylərə söykənən dağın zirvəsinə qatı duman çokmüşdü.
Xaçınçayın üstündəki körpüdən keçib Fərrux dağının ətəklərində səngər quran döyüşçülərin yanına gedirik. Körpünün aşağı tərəfində artilleriyaçılar mövqe tutmuşdular. Topçular dayanmaq bilmədən düşmən səngərlərinə mərmi yağdırırdılar. Aramsız atılan bu mərmilər işğalçıların mövqelərini darmadağın edirdi.
Fərruxun ətəyi ilə irəli gedib ön mövqeyə çatdıq. Yurdumuzu erməni işğalçılarından qoruyan zabit və əsgərlərlə görüşüb xeyli söhbət etdik, keçdikləri şərəfli döyüş yolları ilə tanış olduq. Öyrəndik ki, neçə vaxtdan bəridir bu əlverişli yüksəklik uğrunda gərgin döyüşlər gedir. Yüksəklik əldən-ələ keçir, mövqelərin yerləri tez-tez dəyişir, gurlayan atəş səsləri səngimək bilmir. Odpüskürən silahlar ömürləri yarıda qırır, insanların həyatını şam kimi söndürür. Bütün qüvvələrini döyüşə səfərbər etmiş ermənilər Fərrux dağı kimi strateji yüksəkliyi əldə saxlamağa çalışırlar. Hərbçilərimiz cəsarətlə, qətiyyətlə vuruşur, bir addım da olsun geriyə çəkilmirlər.
Amalları Vətən torpaqlarını qorumaq olan zabit və əsgərlərlə xeyli söhbət etdik. Onlardan eşitdiyimiz vətənpərvərlik duyğulu sözlərdən ürəyimiz dağa döndü. Səngərlərdən yüksək ovqatla ayrılıb Xaçınçayın sahilində yerləşən Əlağalı kəndinə gəldik. Vəziyyət gərgin olduğundan sakinlər doğma ocaqlarını çoxdan tərk etmişdilər. Buna görə də kənd suyu sovulmuş dəyirmana bənzəyirdi. Üstünə mərmi düşmüş evlərin yerində dərin çalalar əmələ gəlmişdi. Bir neçə ay əvvəl cənnəti xatırladan Əlağalı kəndi indi minillərin xarabalığından seçilmirdi.
Darısqal məhəllələrdən biri ilə üzüyuxarı qalxdıq. Geniş həyəti və hündür hasarı olan bir evin yanında ayaq saxladıq. Bölüyün ehtiyat qüvvələri burada yerləşirdi. Əvvəlcə səngərdən yenicə qayıtmış əsgərlərlə görüşüb söhbət etdik. İştirakçısı olduğu əməliyyatlardan danışan döyüşçülərin çöhrələrində təbəssüm duyulur, üz-gözlərindən igidlik və cəsurluq yağırdı. Bir qədər söhbətdən sonra döyüşçülər bizi çaya qonaq etdilər. Soyuq qış havasında əsgərlərin stəkanda verdikləri buğlanan çay bədənimizə istilik gətirdi. Kapitan Oqtay Mürsəlov sevincək söylədi ki, bölüyümüzdə Xanoğlan İmanov adlı bir əsgər var, oxuduğu mahnılar hamını sehirləyir. Əsgər tez-tez gözəl mahnılar ifa edərək döyüşçü dostlarına mənəvi güc verir, onları düşmən üzərində zəfərə ruhlandırır.
Əsgərin "Leylam"ı müharibələrə "yox" deyirdi
Zabitin bu sözlərindən sonra Xanoğlanı görmək və mahnılarını dinləmək marağımız artdı. Çox çəkmədi ki, əsgər gəlib çıxdı. Xanoğlan gülərüz, qarayanız bir oğlan idi. Onun üz-gözündən nur tökülür, çöhrəsindən təbəssüm süzülürdü. Xanoğlanla görüşüb yaxından tanış olduqdan sonra ondan bir neçə mahnı səsləndirməyi xahiş etdik. Sağ olsun, sözümüzü yerə salmayıb "baş üstə" dedi.
Amma bölükdə elə münasib bir yer yox idi ki, Xanoğlan orada oturub mahnı ifa etsin. Kapitanın tapşırığından sonra bölüyün əsgərləri qısa vaxt ərzində həyətdə səliqə-sahman yaradıb, bir növ onun oxuması üçün "səhnə" düzəltdilər. Əsgərlərdən biri hansı evdənsə köhnə bir qaval da tapıb gətirdi. İlk baxışdan Xanoğlan utancaq əsgərə oxşayırdı. Utandığından üzü qızarmış, yanaqları pörtmüşdü. Onu elə görəndə fikirləşdik ki, yəqin bu ovqatda oxuya bilməyəcək. Amma az keçmiş o özünü ələ aldı. Onu qavalda müşayiət edən Şahin adlı əsgər isə incəsənət adamına oxşayırdı. O, qavalda mahnıların ritmini düzgün tutması ilə əsgər İmanovu oxumağa daha da həvəsləndirirdi.
Xanoğlan həm bəstəkar, həm də xalq mahnılarını böyük məharətlə ifa etdi. Onun ürəyəyatımlı, bir az da yanıqlı səsi dalğa-dalğa ağ örpəyə bürünmüş Fərrux dağına, oradan da geniş çöllərə yayılırdı. Qəribəydi ki, bu anlarda atəş səsləri də eşidilmədi. Əsgərin oxuduğu mahnılar da, məlahətli səsi də silahları sanki susdurmuşdu. Əsgərin ifa etdiyi bir-birindən gözəl mahnılar müharibəyə, qan-qadaya, ölümlərə, kənd və şəhərlərin dağıdılmasına "yox" deyirdi.
Qəlbləri oxşayan, ürəkləri yerindən oynadan "Leylam"
Səsində qeyri-adi məlahət, qəribə yanğı duyulan Xanoğlanın ifa etdiyi mahnıların hamısı zövq oxşayırdı. Amma əsgərin böyük sevgi və məhəbbətlə oxuduğu "Leylam" mahnısı könlümüzə daha çox yatdı. Onun yanıqlı səsi, ifa tərzi ürəkləri yerindən oynatdı. Mahnının sözləri əsgərin dilindən süzülüb damla-damla ürəklərə, qəlblərə hopurdu. Leylasından xəbərsiz olan Xanoğlan onun danışıb gülməməyindən, görüşə gəlməməyindən, halını bilməməyindən çox nigaran qalaraq oxuyurdu:
Danışıb gülməyirsən, Leylam,
Halımı bilməyirsən, Leylam,
Görüşə gəlməyirsən, Leylam,
Leylam, Leylam, mənim Leylam.
Soyuq və şaxtalı qış günündə torpaqlarımızı qoruyan döyüşçülərlə olan bu görüşümüz xoş ovqatla başa çatdı. Yurdumuzun keşiyində dayanan cəsur oğullarla sağollaşıb yenidən görüşmək ümidi ilə ayrıldıq.
Həm həmin gün, həm də sonrakı dövrdə harada olurduqsa, Xanoğlanın məlahətli, ürəyəyatımlı həzin səsi qulaqlarımızdan getmirdi. Sanki onun qəlbləri riqqətə gətirən səsi ürəyimizə hopub qalmışdı. Əsgər İmanov mahnını çox yanıqlı, ona çalar qata-qata oxuyurdu. Elə buna görə də "Leylam" mahnısı ürəkləri fəth edirdi, yaddaşlarda dərin iz salırdı.
Həmişə düşünürdük ki, görəsən Xanoğlan bu mahnını oxuyanda səsindəki yanğı, həzinlik haradan axıb gəlirdi? Kim bilir, bəlkə də "Leylam" mahnısını oxuyan həmin vaxtlarda əsgərin sevdiyi, yolunu gözlədiyi Leylası var imiş. Bəlkə ona görə bu mahnını var gücü ilə oxuyurdu ki, səsi uca dağlardan aşıb sevgilisinə çatsın. Sevgilisi də bilsin ki, o sağ-salamatdır, qarlı dağlar qoynunda həm vuruşur, həm də yanıqlı səsi, gözəl mahnıları ilə əsgər dostlarını qələbəyə ruhlandırır. Nə bilək, bəlkə də Xanoğlan özü qəsdən bu mahnını belə yanıqlı ifa edirmiş ki, səsi insanlara ölüm gətirən silahları susdursun. Azərbaycanın musiqi beşiyi olan Qarabağda müharibə dayansın, bu torpaqlarda yalnız sülhü və sevgini vəsf edən mahnılar səslənsin.
Görəsən, həmin soyuq, şaxtalı günlərdə Xanoğlanın məlahətli səsi, sözləri qarlı dağları aşıb sevgilisinə gedib çatırdımı? Görəsən, Xanoğlan qanlı döyüşlərdən sağ-salamat geri dönüb "Leylam" mahnısını ifa edə-edə öz Leylasına qovuşdumu? Yoxsa hələ də "Leylam" deyib onu soraqlayır, eşqinə, vüsalına çatmaq üçün yeni bəstələr qoşur?..
Dağlara, daşlara hopub qalan mahnı
Təəssüflər olsun ki, 1993-cü ilin soyuq bir qış günündə əsgər Xanoğlan İmanovun oxuduğu "Leylam" mahnısını dinlədiyimiz o gözəl yerləri, zirvəsi buludlardan su içən Fərrux dağının ətəklərini də, başqa əraziləri də həmin ilin yayında ermənilər işğal etdilər. Əsgərin səsi hopan o qarlı dağlar, geniş düzlər, bir sözlə, Qarabağın o gözəl guşəsi yağıların əlinə keçdi. Düşmən işğal etdiyi bu yerlərdə daşı daş üstündə qoymadı. Gözəl kəndlər, minillərin elləri, obaları odlara qalandı...
Erməni işğalının ömrü 30 ilə qədər çəkdi. Azərbaycan sülh tərəfdarı idi. Müharibənin başlanmasını, qan tökülməsini istəmirdi. Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə üstünlük verirdi. Amma qəsbkarların danışıqlar yolu ilə torpaqları qaytarmaq fikirləri yox idi. İşğalçılar elə düşünürdülər ki, zəbt etdikləri ərazilər əbədi olaraq onlara qalacaq. Təbiidir ki, bütün bunlar ermənilərin xam xəyallarından başqa bir şey deyildi. Azərbaycan Ordusu gücü, qüdrəti ilə təkcə Qarabağdakı ermənilərin deyil, bütün dünyada yaşayan separatçı daşnakların xam xəyallarını alt-üst etdi. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan 44 günlük Vətən müharibəsi alovlandı. İllərdən bəri susmuş silahlar bir an içində dilə gəlib gurladı. Ermənilər əvvəlki illərdə olduğu kimi, yenə də uğur qazanacaqlarını, yeni ərazilər işğal edəcəklərini düşünürdülər. Düşmənin işğal qoxulu bu istəkləri elə istək olaraq da gözlərində qaldı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Ermənistan silahlı qüvvələrini və erməni separatizmini darmadağın etdi. Qarabağı və onun ətrafındakı rayonları qəsbkarlardan təmizlədi. Azərbaycan Ordusu qazandığı zəfərləri və qələbələri ilə Qarabağa sülh gətirdi. İllərdən bəri kədərli qalmış çöhrələrə sevinc ələndi. Xalq ordusunun qələbəsini sevinc içində qeyd etdi, çal-çağır səsi aləmə yayıldı. Müğənnilər bir-birindən gözəl mahnılar ifa etdilər. Oxunan mahnıların arasında 30 il əvvəl soyuq bir qış günündə Fərrux dağının ətəyində əsgər İmanovun ifasında dinlədiyimiz "Leylam"da var idi.
İkinci Qarabağ müharibəsinin iştirakçılarından, qəhrəmanlarından və şəhidlərindən biri olan Xudayar Yusifzadənin yanıqlı səslə oxuduğu, indi "Xudayar təsnifi" adlanan ifanı dinləyəndə xəyallar əlimizdən tutub bizi bir anlıq ötən günlərə apardı. Qəribəydi ki, Xudayarın səsi də, ifa tərzi də, hətta xarici görünüşü də Birinci Qarabağ müharibəsində döyüşmüş və Fərruxun ətəyində yanıqlı səsi ilə "Leylam" mahnısını oxumuş Xanoğlan İmanova çox oxşayırdı. Döyüşlərin gərgin vaxtlarında Xudayar da, Xanoğlan da vuruşa-vuruşa mahnı oxuyaraq döyüş yoldaşlarını zəfərə, qələbəyə ruhlandırırdı. Hər ikisi döyüşlərə oxuya-oxuya qatılmışdı. Xanoğlan dağların ətəyində sevgi mahnısı oxuyurdu, Xudayar dağların qoynunda elə dağları vəsf edən mahnısını oxuyurdu.
İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə hara gedirdiksə, harada olurduqsa, əsgər Xudayar Yusifzadənin oxuduğu təsnifin bu sözləri qulaqlarımızda səslənirdi:
Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başında dastana döndü.
Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş bölgələrdə quruculuq və bərpa işləri vüsət aldı. Şəhərlər, qəsəbələr və kəndlər yenidən tikilməyə başladı. Keçmiş köçkünlər çöhrələrində sevinc doğma ocaqlarına qayıtmağa başladılar.
"Leylam" və "Xudayar təsnifi" Zəfər nəğməsi kimi səslənirdi
Xoş günlərin birində yolumuz 31 il əvvəl soyuq bir qış günündə əsgərin ifasında "Leylam" mahnısını dinlədiyimiz bölgəyə düşdü. Ermənilərin işğal dövründə dağıdıb viran qoyduqları kəndlərdə quruculuq işləri aparılırdı. Bu yerlərdə həyat yenidən çiçəkləyirdi. Kəndlər abadlaşır, evlər tikilir, sakinlər yavaş-yavaş doğma ocaqlarına dönürdülər.
Ətrafımızı bürüyən gözəlliklər içində kövrək addımlarla 31 il əvvəl əsgərin oxuduğu nöqtəyə gəlib çatdıq. Həmin yerə çatan kimi qulaqlarımıza Xanoğlanın və Xudayarın yanıqlı səslə oxuduqları "Leylam" mahnısının və "Xudayar təsnifi"nin səsi gəldi. Əvvəlcə elə zənn etdik ki, kimsə bu mahnıları yaxınlığımızda zümzümə edir. Amma ətrafa boylananda bir kimsəni görmədik. Qulağımıza gələn səs torpaqlarımızın azadlığı uğrunda vuruşmuş əsgər İmanovun, əsgər Yusifzadənin ifaları idi. Xanoğlan da, Xudayar da həmin həzin, məlahətli səslə oxuyurdular. Qəribəydi, səslər olduğu kimi, ifa olunduğu kimi qulağımızda qalmışdı. Nə Xanoğlan, nə də Xudayar yanımızda var idi... Sanki möcüzə baş vermişdi, əsgərlərin məlahətli səsləri əbədi olaraq dağlara hopub qalmış, indi əks-səda verirdi...
Qəribəydi ki, Fərrux dağından gələn "Leylam" və "Xudayar təsnifi" əvvəlki mahnılar kimi deyil, Zəfər nəğməsi kimi səslənirdi, Qələbə marşı kimi oxunurdu.
Qürur hissləri keçirə-keçirə düşündük ki, əsgər Xanoğlan İmanovun "Leylam" mahnısı da, Xudayar Yusifzadənin təsnifi də Fərrux dağının yaddaşından heç vaxt silinməyəcək. Daim səsləndikcə səslənəcək, könüllərə sığal-tumar çəkəcək, ürəkləri fəth edəcək. Özündə tariximizin qiymətli bir parçasını yaşadacaq... Amma indən sonra onların səsində, əvvəlki illərdə olan yanğı hiss olunmayacaq. Bu səslərdən Zəfər ovqatı duyulacaq...
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Bakı-Ağdam-Bakı