18 May 2016 01:05
226
CƏMİYYƏT
A- A+
Canavarlar kəndə girir

Canavarlar kəndə girir

 

İnsanlara və mal-qaraya dəyən ziyanın qarşısını necə almalı

 

Hər il vəhşi heyvanların - canavar və çaqqalların, hətta bəzən ayıların kəndlərə basqın etməsi, təsərrüfatlara ziyan vurması haqqında xəbərlər yayılır. Vəhşi heyvanların fərdi təsərrüfatlarda mal-qaranı tələf etməsi mütəmadi hal alıb. Onlar bəzən insanlara belə hücum etməkdən çəkinmirlər.
Canavar “qəribə” heyvandır - aparacağı şikarından əlavə baş vurduğu sürünün axırına çıxmağa çalışır: beləcə, təsərrüfat sahibinə ciddi maddi ziyan dəyir. Nəzərə alsaq ki, bir sıra regionlarda heyvandarlıq kəndlinin əsas dolanışıq mənbəyi, məşğuliyyətidir, sürüsünün böyük bir hissəsini, bəzən təsərrüfatındakı bütün qoyun-quzusunu canavara “qurban” verən vətəndaşların bundan sonra düşəcəyi iqtisadi vəziyyəti, yaşayacağı çətinlikləri təsəvvür etmək heç də çətin deyil...
Ancaq ziyanverəni - bu vəhşi heyvanları öldürmək olmaz! Ümumilikdə belə deyilir, bu tezisdən çıxışla da kəndli az qala özünümüdafiə hüququndan məhrum edilir. Yaxud bundan çəkindirilir. Niyə? Bu sualla bərabər vəhşi heyvanların hansı səbəblərdən həmişə uzaq gəzməyə çalışdığı insanlara yaxınlaşmağa cürət etməsini, hətta ölümü gözünün önünə alıb hücuma keçməsini də aydınlaşdırmaq lazımdır. Yalnız bundan sonra problemin həlli yolları haqqında danışmaq olar.
Xatırladaq ki, Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında Avropa Konvensiyası”na 1999-cu ilin oktyabr ayından qoşulub. Konvensiyanın, eləcə də müvafiq qanunvericilik aktlarının tələbinə əsasən bir sıra vəhşi heyvanın, o cümlədən canavar və çaqqalların ovu qadağandır. Əvvəla, göründüyü kimi, söhbət ovdan gedir, özünümüdafiədən yox! Doğrudur, konvensiya bu heyvanların qorunması və artması istiqamətində öhdəlikləri də özündə ehtiva edir. Bununla belə, istər beynəlxalq, istərsə də respublika qanunları təhlükənin kimdən və ya nədən gəlməsindən asılı olmayaraq, vətəndaşlara özlərini və mülkiyyətlərini qorumaq hüququ verir.
Problemə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bu fikri təsdiqləyərək “Əgər vəhşi heyvan təqib olunmaqla, yəni ovlanmaq məqsədilə deyil, şəxsi təsərrüfat sahəsində öldürülübsə, bu özünümüdafiə kimi qiymətləndirilir. Belə hallarda vətəndaşlar hər hansı formada məsuliyyətə cəlb edilə bilməzlər”, - dedi. Müsahibimiz təbiətdə aparılan monitorinqlərdən, əhali arasında aparılan maarifləndirmə və təşviqat işlərindən də bəhs etdi. Raqub Mirzəyevin izahına görə, belə bir təhlükə olarsa, nazirliyin müvafiq yerli təşkilatlarına müraciət edilməlidir. Bu orqanlar da şəraiti öyrənib qiymətləndirməli, lüzum bilindiyi halda vəhşi heyvanların vurulması üçün ovçu qrupu yaratmalıdır. Ovçular da onları tapıb zərərsizləşdirməlidir. Təlimat qulağa xoş gəlir. Amma görünən odur ki, praktik olaraq işləmir. Həm də bu, faktiki “daldan atılmış daş”a bənzəyir. Lakin bu “daş” da atılmır - heç olmasa, bununla növbəti hadisələrin qarşısı alınardı...
Bununla belə, düşünürük ki, təlimat və hüquq normativlərinin formal və nəzəri tətbiqi ilə problemin lokal, məhəlli həllinə çalışmaqdansa, respublika çərçivəsində, hətta qonşu ölkələrlə əlaqəli fəaliyyət sayəsində səmərəli çözüm yolları aranmalıdır.
Vəhşi heyvanların insan məskənlərinə hücumu ölkənin bütün regionlarını (bölgələrini) əhatə etdiyindən müxtəlif coğrafi şəraitə, iqlimə aid ərazilərdə, həmçinin ilin fərqli fəsillərində baş verdiyindən onların bu “yürüşünü” nə müharibə şəraiti, nə qışın sərt keçməsi ilə izah etmək mümkündür. Şübhəsiz, bu amillər də nəzərdən qaçırılmamalıdır. Ancaq bəllidir ki, vəhşi heyvanlar insanların fərdi təsərrüfatlarına “harınlıqlarından” deyil, çarəsizlikdən qida ardınca gəlir. Deməli, onlar yaşadıqları şəraitdə yetərincə qidalana bilmirlər. Maraqlıdır, niyə? Bəlkə əsas səbəb onların qida mənbələrinin məhdudlaşmasında, azalmasında deyil, özlərinin çoxalmasındadır? İllərdir canavara-çaqqala güllə atan yoxdur: törəyib xeyli artıblar, tələbatları da müvafiq olaraq dəfələrlə yüksəlib. Özü də bu hal təkcə insanlar üçün təhlükə yaratmır, qanunla qorunan digər təbiət canlılarının sürətlə azalmasına da gətirib çıxarır - vəhşi heyvanlar onları yeyib tükəndirirlər. Beləcə, canavarlar təbii “sanitar”dan məcburən təbiət “qatilinə” çevrilir. Çaqqallarınsa ziyanı daha çoxdur. Deməli, vəhşi heyvanların çoxalması hesabına təbiətdə balans kəskin pozulub. Tarazlıq yaratmaq üçünsə vəziyyətə təcili insan müdaxiləsi tələb olunur.
Hərçənd, toxunduğumuz problemin kəskinləşməsində elə təbiətə insan müdaxiləsinin də qismən rolu var. Turizmin inkişafı, bu yöndə fəaliyyətin genişlənməsi meşəlik və dağlıq ərazilərin dərinliklərinə sirayət ilə müşayiət olunur. Əyləncə, istirahət mərkəzlərinin hüdudları çoxdan vəhşi heyvanların “özlərinki” bildikləri ərazilərin “sərhəd”lərini aşıb. Bu hal da heyvanların məcburən yerlərini və belə demək mümkünsə, “həyat tərzlərini” dəyişmələrini tələb edir. Nəzərə almaq lazımdır ki, ərazi uğrunda mübarizə heyvanlar arasında da kəskindir. Öz ərazilərindən “didərgin” düşən heyvanlar başqalarının “ov sahələri”nə girə bilmədiklərindən, məhdud, dar şəraitdə “dolana” bilmir, bəzən çarəni yaşayış məntəqələrinə “hücum”da görürlər.
Deməli, təbiətdəki tarazlığı, vəhşi heyvanların say nisbətini nizamlamaqla bərabər, həm də onların həyatına, təbiət qanunlarına müdaxilədən çəkinmək lazımdır. Doğrudur, təbiət özü ən kamil nizamlayıcıdır. Amma bunun üçün ona kifayət qədər böyük vaxt tələb olunur...
Müstəqillik dövründən əvvəl daxil olduğumuz ittifaq dövlətində canavar və çaqqalların ovu qadağan deyildi. Amma bu vəhşi heyvanların ətindən istifadə olunmadığı üçün onların ovu maraq doğurmurdu. Bu səbəbdən dövlət orqanları maddi stimulla ovçuları onların ovuna təşviq edirdi. Hər vurulan və təhvil verilən bu vəhşi heyvanlara görə 50-75 manat pul ödənilirdi. Bəzi ovçular bu işi özlərinə “biznes” seçmiş, məxsusi olaraq canavar, çaqqal, tülkü ovu üzrə ixtisaslaşmışdılar. İş o yerə çatmışdı ki, bəzi bölgələrdə ovçular aylarla şikarsız, ovsuz qalırdı: ərazidəki canavar-çaqqalların, demək olar ki, axırına çıxmışdılar. Beləliklə də kəndlərə vəhşi heyvan hücumu çox nadir hallarda baş verirdi. İndi isə sadalanan səbəblərdən bu heyvanların bilavasitə yaşayış məntəqələrinə hücumları xeyli çoxalıb.
Problemə ovçuların da münasibətini öyrənmək üçün Azərbaycan Həvəskar Ovçular və Balıqçılar Cəmiyyətinə müraciət etdik. Cəmiyyətin sədri Füzuli Əşrəfov bununla bağlı əhali tərəfindən onlara müraciət edildiyini söylədi. Cəmiyyət sədri məsələ ilə əlaqədar səlahiyyət sahibinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi olduğunu vurğulayaraq nazirlikdən ovçulara hər hansı təklif və ya tapşırıq verilmədiyini bildirdi. Söhbət əsnasında məlum oldu ki, Antarktida buzlaqları sürətlə ərisə də, nazirliklə bu cəmiyyət arasındakı “buzlar” hələ də yerindədir, hətta bir qədər də “daşlaşıb”. Nazirlik yarım əsrdən də artıq yaşı olan bu ovçular cəmiyyətini tanımır, onunla münasibət qurmaq, əməkdaşlıq etmək istəmir...
Füzuli Əşrəfov canavar və çaqqal ovunun heç də düşünüldüyü kimi asan olmadığını nəzərə çatdırdı və bunun incəliklərini sadaladı. Bəlli oldu ki, bu ov üçün təcrübəli, müəyyən bilik və bacarıqlara malik ovçu qrupu yaradılmalıdır, xüsusi ləvazimatlardan istifadə edilməlidir... Ancaq belə bir qrup yalnız nazirlik tərəfindən və özü də müvafiq qərardan sonra yaradıla bilər. Nazirlikdən isə bildirdilər ki, onlara vətəndaşlar tərəfindən heç bir müraciət olmayıb. Sektor müdiri Raqub Mirzəyev elə belə də dedi: “Vətəndaşlar nədənsə hadisə baş verəndə KİV-ə müraciət edir, bizə müraciət etmirlər...”
İstər-istəməz sual doğur: görəsən, niyə? Əgər nazirlik, departamentlər və onların yerli təşkilatları əhali arasında maarifləndirmə, hüquqi izahat işi aparırlarsa, nə üçün əhali “inadla” KİV-ə üz tutur, onlara yox?!.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ilk müraciətimiz çox diqqətlə dinlənilmişdi: yığdığımız nömrəyə nazirliyin aparat rəhbərinin köməkçisi cavab vermiş, məqsədimizi öyrənəndən sonra yüksək mədəniyyətlə bizi Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin Departamentinə yönəltmiş, Hikmət Əlizadə adlı məsul mütəxəssislə əlaqə saxlamağı məsləhət görmüş və bunun üçün bir neçə telefon nömrəsi vermişdi. Ancaq Hikmət Əlizadə mətbuatdan, “Azərbaycan” qəzetindən olduğumuzu eşidən kimi nə üçün zəng vurduğumuzla belə maraqlanmadan, daha doğrusu, niyyətimizi açıqlamağa belə imkan vermədən nazirliyin mətbuat xidmətinə müraciət etməyimizi söyləmişdi. Hörmətli məmur-mütəxəssisə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini xatırlatdıqda, o, qətiyyətlə bizi dinləməkdən imtina edərək “Nə iradınız varsa, qəzetinizdə yaza bilərsiniz” cavabı vermişdi...
Bəlkə problem elə bundadır - bu sayaq iş prinsipində, inzibati-amirlik metodunda, daxili təlimata, bir sözlə, bürokratik “ənənə”lərə “sədaqət”dədir? Hər halda, vətəndaşların mətbuata, ovçulara üz tutarkən nazirliyin qurumlarından yan keçməsi səbəbsiz deyil...
Mövzu ətrafında daha iki məsələ diqqətə alınmalıdır. Bunlardan biri silahla bağlıdır. Məlumdur ki, hər evdə olmasa da, hər kənddə dədə-babadan qalma az-çox silah - ov tüfəngləri var. Amma etiraf etmək lazımdır ki, heç də bütün silahların sənədləri qaydasında deyil. Bir çoxu varislik üzrə yenidən qeydə alınmalı, digərlərinin şəhadətnamə (icazə) müddəti yenilənməlidir. Vətəndaşları silahlarının sənədlərini qaydaya salmaq üçün təşviqedici təşəbbüslər olmadığından, əksinə, buna cəhd edənlərin bürokratik labirintlərə salınmaları niyyəti olanları belə bu işdən çəkindirir. Bəli, silah ciddi məsələdir. Amma inzibati tənbeh, yüksək məbləğli cərimə təhdidindən və bürokratik süründürməçilikdən çəkindirilən insanların silahlarını qanundan gizlətməyə təhrik edilməsi bundan daha ciddi və təhlükəlidir.
Bunu ona görə xatırlatdıq ki, hücuma məruz qalan kəndli silahına əl atsa da, tətiyi çəkməkdə bəzən tərəddüd edir: çünki silaha görə sonra verəcəyi “cavab” ona daha ağır gəlir...
Digər məsələ isə quduzluq xəstəliyi təhlükəsi ilə əlaqədardır. Toxunulan problem ətrafında təcili tədbir görülməsini diktə edən təhlükələrdən biri də vəhşi heyvanlar arasında quduzluğun geniş yayılmasıdır. Mütəxəssislərin söylədiyinə görə, kəndli təsərrüfatlarına, insanlara hücum edən vəhşi heyvanların yarıdan çoxu quduz olub...
Qadağalardan nə sədd çəkmək, nə də “ov” etmək üçün tor toxunmamalıdır. Qanunların praktik tətbiqi üçün sadələşdirilmiş mexanizmlər, prinsiplər əsasında iş qurulmalıdır. Beləliklə, təbiətdə tarazlığı bərpa etmək üçün zəruri bütün tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Əgər səlahiyyətli orqanlar bunun öhdəsindən gələ bilmirlərsə, kəndliyə vəhşi heyvanlardan qorunmaq hüququ verilməlidir. Daha doğrusu, mövcud hüquqlarından istifadə etməsinə şərait yaradılmalıdır. Özünü, ailəsini, təsərrüfatını qoruyan kəndli cərimələrlə, inzibati tənbehlərlə qorxudulmamalıdır. Nəhayət, onların etibarı qazanılmalı, yerli təşkilatlara inamı bərpa olunmalıdır: görüləcək real işlə, veriləcək ümumi fayda ilə...

Elxan QƏNBƏRLİ,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub  

00:21
17 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!