Azərbaycan və Türkiyənin dost, qardaş olduqları bu çətin günlərdə növbəti dəfə öz təsdiqini tapdı. Meşə yanğınlarında Türkiyənin köməyinə tələsən ilk ölkə məhz Azərbaycan oldu. Bu, türk xalqı və dövləti tərəfindən də yüksək səviyyədə qiymətləndirilir.
Hazırda Azərbaycan yanğınsöndürənləri Türkiyəni bürüyən meşə yanğınları ilə bağlı mübarizədə türkiyəli həmkarları qədər mətinlik, əzmkarlıq göstərirlər. Bu, türk mediasının, ictimaiyyətinin xüsusi diqqət mərkəzindədir.
Azərbaycan yanğınsöndürənlərinin şücaəti qardaş ölkənin bir neçə yüzminlik tirajlı qəzetlərinin, baxış sayı milyona çatan internet portallarının, sosial şəbəkədəki səhifələrin əsas manşet mövzusuna çevrilib. “Azərbaycan qardaşlığını növbəti dəfə sübut etdi” başlığı, demək olar ki, əksər KİV-in manşet xəbəri olub. Muğlanın Marmaris bölgəsindəki meşə yanğınları səbəbi ilə Azərbaycandan gedən xilasetmə qruplarının türk bayrağına olan hörmət və həssaslığını türk mediası gündəmə çevirib.
“Sabah”, “Milliyet”, “Akşam” və digər qəzetlər “Can Azərbaycanın türk bayrağı sevgisi” başlıqlı xəbərlərində yazırlar ki, Hisarönü bölgəsində çalışan azərbaycanlı yanğınsöndürənlərin evlərin divarlarından asılan Türkiyə bayraqlarına həssaslığı diqqət çəkib. Belə ki, yanğınsöndürənlər Türkiyə bayraqlarının yanmaması üçün onları bir-bir toplayaraq qoruma altına alıblar: “Can Azərbaycanın yanğınsöndürmə briqadasının komandiri Kamil Dünyamalıyev Türkiyəni ürəkdən sevdiyini və baş verən meşə yanğınlarının onu çox kədərləndirdiyini bildirib: “Türklər bizim qardaşımızdır. Azərbaycan və Türkiyə hər zaman qardaş olacaq. Son günə qədər Türkiyənin yanındayıq. Biz meşə yanğınını söndürmək üçün Marmarisə gəldik. Ev yanırdı, evin içərisinə girdim və gördüm ki, heç kim yoxdur. Türkiyə bayrağını gördüm və götürdüm. Bayraq bizim üçün çox vacibdir”.
“Sondakika.com.tr” saytının “Qardaş Türkiyəmizin yanındayıq” başlıqlı xəbərində yanğınsöndürənlərin fikirlərinə geniş yer verilərək vurğulanır ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir: “Azərbaycanlı yanğınsöndürənlərdən biri ilə söhbətimiz zamanı dedi ki, biz Türkiyəmizi çox sevirik.”
Xəbərdə daha sonra qeyd edilir ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil: “Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. Daim inkişaf edən, dəyişən bir Azərbaycan var”.
Sonda bildirilir ki, bu yanğın növbəti dəfə sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz və əbədidir. Azərbaycan Prezidenti İlham Əliyev isə Türkiyənin ən yaxın və səmimi dostudur.
Elçin CƏFƏROV,
“Azərbaycan”