Neftin qiymətinin 85 dollar müəyyən edilməsi ilə iqtisadiyyatın digər sahələrinin daha da aktivləşməsi təmin ediləcək
2022-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 85 dollar müəyyən edilib. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında cari ilin büdcəsinə təklif edilən dəyişikliklər layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
Xatırladaq ki, bundan öncə büdcədə neftin bir barelinin qiyməti 50 dollar müəyyən edilmişdi. Lakin qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı qiymət gözləntiləri yüksələn xətlə davam etdi. Eyni zamanda dünya bazarında "Azeri Light" markalı neftin qiyməti də bahalaşdı. Bir neçə ayda neftin qiyməti müəyyən günlərdə rekord həddə çatdı. Ötən il təsdiqlənən dövlət büdcəsində neftin qiyməti 50 dollar götürülsə də, gedən proseslər fonunda "Azeri Light" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər oldu ki, bu da dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün istinad götürülən qiyməti 2 dəfədən artıq üstələdi.
Büdcəyə ediləcək dəyişiklik sosial paketin maliyyələşdirilməsinə töhfə verəcək
İlk dəfə olaraq bu ilin 5 ayı ərzində Azərbaycanın neft ixracından əldə etdiyi valyuta gəlirləri ilə qaz ixracından əldə etdiyi gəlirlər, demək olar ki, bərabərləşib. Bununla da 2022-ci ilin beş aylıq fiskal icra göstəriciləri və dünya neft bazarlarında müşahidə edilən dinamika makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaratdı.
Beləliklə, 2022-ci ilin dövlət büdcəsinə ediləcək dəyişiklikdə xam neftin bir barelinin orta illik ixrac qiymətinin 85 ABŞ dollar, orta illik inflyasiyanın isə 12,5 faiz səviyyəsində götürülməsi təklif olunur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, 2022-ci ilin dövlət büdcəsinə əlavə dəyişikliklərin edilməsinin əsas səbəbi neftin dünya bazarında qiymətinin yüksək olması, eyni zamanda qeyri-neft sektorundan daxilolmaların artmasıdır. Deputat bildirir ki, qeyri-neft sektorundan da proqnozlaşdırılandan daha çox vəsaitin büdcəyə daxil olması müşahidə olunub ki, bu da bütövlükdə büdcə xərclərinə, gəlirlərə yenidən baxılmasını gündəmə gətirib. Büdcəyə edilən dəyişikliklər xərclərin artmasına səbəb olur ki, bu da bir sıra istiqamətlərə vəsaitlərin ayrılması üçün maliyyə bazası formalaşdırır. Vüqar Bayramovun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun təsdiq olunmuş gəlirləri 300 milyon manata yaxın artıb. Bu vəsait Prezidentin fevral və mart aylarında imzaladığı sosial tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunacaq: "Bu, sosial paketin maliyyələşdirilməsinə töhfə verəcək və onun genişləndirilməsinə imkan verəcəkdir".
Çox mühüm məqamlardan biri də iqtisadi fəaliyyət üzrə xərclərin artırılması və təxminən yarım milyard manata yaxın vəsaitin işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurulma işləri üçün yönəldilməsidir.
Deputat vurğulayır ki, bu, xüsusən, Qarabağ və Şərqi Zəngəzurda daha qısa zamanda bərpa və yenidənqurma işlərinin aparılmasına, Böyük qayıdış planının daha tez reallaşması və ərazilərin bərpasına daha çox vəsaitin ayrılmasına imkan verəcək: "Azərbaycan 2021-2022-ci illərdə işğaldan azad olunmuş ərazilərin bərpası üçün yalnız dövlət büdcəsindən 5 milyard manata yaxın vəsait ayırıb. Bu isə ondan xəbər verir ki, mövcud maliyyə resurslarımız işğaldan azad olunmuş ərazilərin öz vəsaitlərimiz hesabına bərpasına imkan verir".
Deputat qiymətlərin optimallaşdırılması və dünya bazarında müşahidə edilən qiymət artımının Azərbaycanın istehlak bazarına təsirinin minimallaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinin vacib olduğunu deyir. Bu tədbirlər sırasında sahibkarların dəstəklənməsi, minimum istehlak səbətinə daxil olan məhsulların istehsalı ilə məşğul olan sahikarlarla bağlı yeni güzəşt mexanizmlərinin təklif edilməsi var. Bu da yerli istehsalın genişləndirilməsinə, həm də qiymətlərin optimallaşdırılmasına xidmət edəcək.
Əhalinin gəlirləri daha yuxarı həddə formalaşacaq
İqtisadçı ekspert Eldəniz Əmirov isə 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına imkan yaradan əsas faktorun neft və dövlət gəlirlərinin təsdiq olunmuş göstəricidən 2 milyard manatdan daha yuxarı formalaşacağı proqnozunun olduğunu qeyd edir. Ekspert bildirir ki, ümumilikdə gəlirlərin 53,2 faizi məhz neft sektorunun, 46,8 faizi isə qeyri-neft sektorunun payına düşür. Neft gəlirlərinin təxminən 15 milyard 540 milyon manata yaxın olacağı proqnozlaşdırılır.
Eldəniz Əmirov vurğulayır ki, neft gəlirlərinin yuxarı səviyyədə olması dövlət büdcəsinə yenidən baxılması üçün geniş fürsətlər verib. Bütövlükdə dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektorunun xüsusi çəkisində artım müşahidə olunsa da, neft faktorlarının daha önəm daşıması qaçılmazdır, çünki neft sektoru birbaşa statistik təhlillər zamanı gördüyümüz rəqəmlərlə yekunlaşmır, eyni zamanda qeyri-neft sektorunda olan canlanmaların da baş verməsi üçün zəmin yaradır. Neftdən gələn gəlirlər hesabına iqtisadiyyatın digər sahələrində də aktivlik təmin olunur.
Ekspert deyir ki, Azərbaycanın ötən il təsdiq olunmuş 2022-ci il dövlət büdcəsinin 26,8 milyard manatlıq gəlirlərinin 8,9 faiz artaraq 29,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Dövlət xərclərinin isə 29,8 milyard manatdan 8,1 faiz artaraq 33,3 milyard manat həcmində olacağı pronozlaşdırılır.
İqtisadçının fikrincə, neft qiymətlərinin qalxması səbəbindən büdcədə olan dəyişiklik, bundan dolayı əsaslı və cari xərclərin artması iqtisadiyyatın digər sahələrində də aktivliyin qorunub saxlanmasına, dövlət investiya layihələrinin reallaşmasına imkan verəcək. Bu layihələrin həyata keçirilməsi məşğulluğun təmin olunmasında, əhalinin gəlirlərinin daha yuxarı həddə formalaşmasında mühüm rol oynayacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"