Hər zamankı kimi oldu. Səhnəyə qədəm basdığı an zal canlandı. İnsanlar maraq və heyranlıqla onun oyununa tamaşa etməyə başladılar. Çünki böyük sənətkar Səməndər Rzayev səhnədəydi...
Heç birinin onun canındakı ağrılarından, ruhunun sıxıntılarından xəbəri yoxdu. Aktyorun da istədiyi elə bu idi. Səməndər Rzayev sevib-seçdiyi peşəsinin yalnız vurğunu deyildi, həm də ona sonsuz ehtiramla, məsuliyyətlə yanaşırdı, təəssübünü çəkirdi.
Sənətə açılan qapı
Əsli Lahıcdan idi. Böyük Vətən müharibəsi dövründə ailəsi Ağsuya köçmüşdü. Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəldi. Qızı Rübabə Səməndər deyir: "Onun uşaqlıq illəri barədə bizə daha çox anam danışıb. Çünki atam qırx bir yaşında dünyasını dəyişəndə mənim on bir, qardaşımın on yaşı vardı. Atamla az ünsiyyətdə ola bildik..."
Ailənin sonbeşiyi olub Səməndər Rzayev. Nə qədər ki, atası Mənsim kişi yanlarındaydı, gün-güzəran dərdi çəkmirdilər. Rübabə xanım danışır: "Hərdən deyirlər ki, Səməndər Rzayev çox çətinliklə böyüyüb. Belə olmayıb. Əslində, babam Mənsim kişi imkanlı adam olub. Özünün dəyirmanı varmış. Ağsuda onu yaxşı tanıyırdılar. Mənsim kişi çox xeyirxah olub, bacardığı qədər ehtiyacı olanlara əl tutub. Sonralar brilyant alverinə başlayıb. Sibirdən brilyant gətirib satırmışlar. Sovet dövründə onlara "sexovşik" deyir, əməllərini qanunsuz hesab edir, özlərini də cəzalandırırdılar. Mənsim kişi də həbs olunub. Və elə həbsxanada da dünyasını dəyişib. Atamın onda on yeddi yaşı varmış".
O günədək də ağrı-acının nə olduğunu bilirdi. On üç yaşında dostları ilə oynadığı zaman yıxılıb ayağı sınandan sonra ömrünün ən qayğısız illəri dərman qoxulu xəstəxanalarda keçib. Səməndər Rzayevi müalicə üçün Mərdəkana sanatoriyaya gətiriblər. Xeyli müddət ayağı asılı vəziyyətdə qalıb. O günlərdə oxuduğu kitablar, bir də dinlədiyi radio tamaşaları və verilişləri həm ağrılarını, həm də ailəsindən, dostlarından ötrü darıxdığını az da olsa, unutdururmuş. Balaca radioqəbuledici onun üçün sanki böyük sənətə açılan qapı idi...
Tamaşaları xüsusilə səbirsizliklə gözləyirmiş. Aktyorlar Ələsgər Ələkbərovla Barat Şəkinskayanın səsləndirdikləri "Arxip baba və Lyonka" radio-tamaşası ona böyük təsir edir. Həmin tamaşada Arxip baba rolunun ifaçısı Ələsgər Ələkbərovun səsinə vurulur. Aktyor olmaq qərarını da o vaxtlar verir. Lakin onda heç ağlına da gətirmirdi ki, vaxt gələcək onun səsinə, oyunlarına vurğun olacaqlar, neçə-neçə gənci aktyorluq sənətinə Səməndər Rzayevin ifasına olan heyranlıq gətirəcək...
Səməndər Rzayev dörd il Mərdəkanda sanatoriyada qalmalı oldu. Sonralar bir az yaxşılaşsa da, tam sağalmadı. Tək problemi zədəli ayağı deyildi. Xəstə yatağında ikən həkimlər ona dedilər ki, əgər kökəlməsən, ayaq sümüyün çürüyə bilər. Ondan sonra kökəlməyə başladı. Rübabə xanım təəssüflə bildirir: "Kökəlmək ona başqa problemlər yaratdı, bədənində qıcolmalar başladı. Saatlarla keçmirdi. Artıq çəkinin fəsadları tək bu da deyildi. Cavan olmağına baxmayaraq, canının ağrıları, bədəninin ağırlığı ona çox böyük əziyyət verirdi. Həkimə getməyi, dərman içməyi isə heç sevmirdi. Poliklinikada qeydiyyatı belə yox idi. Sanki həyatdan da küsmüşdü. Deyirdi ki, harda qırılar, qırılar".
On yeddi yaşınadək sanatoriyada qaldı. Orta məktəbi də orada bitirdi. Sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) vermək niyyətindəydi. Həmin instituta qəbul imtahanları digər ali məktəblərdən tez keçirilirdi. Ona görə sənədlərini Teatr İnstitutuna verə bilmədi. Başqa bir təhsil ocağına üz tutdu. Qəbul imtahanlarından uğurla keçərək Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil oldu. Təhsil aldığı fakültə ona yad deyildi. Ədəbiyyatı çox sevir, dərindən bilirdi. Ancaq könlü, fikri, xəyalı başqa aləmdəydi. Bir gün özü-özünə dedi: "Mən aktyior olmaq istəyirəm. Bura mənim yerim deyil". Sənədlərini götürüb Ağsuya getdi. Onda artıq atasını həbs etmişdilər, əmlakları müsadirə olunmuşdu. Qızı danışır: "Növbəti ilin qəbul imtahanlarınadək Ağsuda qalmalı idi. Atam orada dram dərnəyi yaradır. Ancaq ailələrinə də kömək etməliydi. Atam üç qardaşın kiçiyi idi. Ondan böyük iki qaraşı olsa da, nədənsə, ailəsinə kömək etmək, evə qazanc gətirmək qayğısı atamın üzərinə düşüb. Onun yaxşı əl qabiliyyəti vardı. Həmin vaxtlar sifarişlə plakatlar da çəkib. Gənc idi. Hazırladığı plakatları gündüzlər divarlara yapışdırmağa utanırdı. Gecələr yapışdırırdı".
Tələbə-aktyor...
Bir il Ağsuda qaldı. Növbəti il Bakıya döndü. 1964-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil oldu. Rza Təhmasibdən, Mehdi Məmmədovdan, Adil İsgəndərovdan dərs aldı. Elə tələbə ikən böyük sənətkarlar Səməndər Rzayevin fitri istedadını gördülər. Dördüncü kursda oxuyanda, 1968-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edildi. İlk rolu Uilyam Şekspirin "Hamlet" tamaşasında Horatsio oldu. Ondan əvvəl Akademik Milli Dram Teatrının səhnəsinə "Sənsiz" tamaşasında Tərlan rolu ilə çıxmışdı. Amma o vaxt həmin rolu ifa edən aktyor xəstə olduğu üçün onu əvəz etmişdi.
Rübabə Səməndər xatırlayır: "Atam evdə məşq etmirdi. Onun çox güclü yaddaşı vardı. Bunu onunla söhbət edənlər dərhal anlaya bilərdilər. Çox kitab oxumuşdu, geniş məlumatı vardı. İstedadına gəlincə, o yalnız aktyor kimi məharətli deyildi. Səsi də çox gözəl idi. Evdə ariyalar oxuyurdu. Pianoda gözəl ifa edirdi. Onun, ümumiyyətlə, boş dayanmaqla arası yox idi. Harda olsa, bir də görürdün dəftərin, kağızın bir küncünə nəsə çəkirdi. Atamın çox maraqlı şarjları, həcvləri vardı". Rübabə Səməndərin dediyinə görə, Xalq artisti Mikayıl Mirzə Səməndər Rzayevin çəkdiyi rəsmləri haqqında yazacağı kitaba daxil etmək üçün ondan alıb. Ancaq Mikayıl Mirzənin evində baş verən yanğın zamanı şarjlar da məhv olub.
Səməndər Rzayev yumşaq təbiətli idi. Eyni zamanda olduqca prinsipialdı, fikrindən keçənləri çəkinmədən deyərdi. Bu, həcvlərində də əksini tapmışdı. Amma həmin həcvlər də it-bata düşdü.
Teatrda "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı", "Həyatın dibində" və başqa tamaşalarda oynadığı rolların hər biri onun istedadının, əməyinin və gərgin yaradıcılıq axtarışlarının bəhrəsi idi. Televiziya tamaşalarında da bir-birindən maraqlı rollar ifa etdi.
Çoxları hər bazar axşamı radioda səsləndirilən "Bulaq" verilişini məhz Səməndər Rzayevin bulaq kimi saf, şəffaf səsini dinləmək üçün gözləyirdi.
Teatr qədər kino sənətini də çox sevirdi. Səməndər Rzayev üçün rolun böyüyü, kiçiyi yox idi. İlk dəfə çəkildiyi "Uşaqlığın son gecəsi" filmindəki milisioner rolunun heç sözü yox idi. Sonralar "Çarvadarların izi ilə"də Səməndər, "Nəsimi"də Şirvanşah İbrahim, "Bəyin oğurlanması"nda Hidayət müəllim, "Babamın babasının babası"nda Əliquliyev və başqa rolları canlandırdı. Ona nədənsə filmlərdə daha çox epizodik rollar verirdilər. Halbuki Səməndər Rzayevin bacarığına, gücünə bələd idilər...
Bütün bunlara baxmayaraq, əlindən gələni edirdi. Qızı deyir ki, o, səhər evdən çıxırdı, axşam gəlirdi. Yorğun olurdu. Ailəsini dolandırmaq üçün çox işlər görürdü. Teatra, ordan radioya, çəkilişlər olanda televiziyaya gedirdi. Rübabə xanım söyləyir: "Mən balaca olanda atam Korlar Cəmiyyətində Aydın Qaradağlı ilə birlikdə kitablar belə səsləndirirdi. O, bütün günü ayaqüstə olurdu. Ayağında problem vardı. Ağrılar onu əldən salırdı. Üstəlik, teatrda dublyor vermirdilər. Guya ona hörmət edirdilər ki, dublyorun ola bilməz, sən əvəzolunmaz aktyorsan. Əslində, absurddur. Aktyorun bir gündə üç dəfə - səhər, günorta, axşam eyni tamaşada oynaması düzgün deyil. Elə şərait yaradırdılar ki, dəvət aldığı çox filmlərə çəkilmək üçün gedə bilmirdi.
Dünyanın malında, ad-sanında gözü yox idi. Ancaq istedadı və gördüyü işlər o qədər nəzərəçarpan idi ki, fəxri ad alanların siyahısında adının olmaması istər-istəməz ona toxunur, qəlbini incidirdi. Çünki hamı bilirdi ki, Xalq artisti adını almaq Səməndər Rzayevin haqqıdır. Buna görə də ruhdan düşürdü.
Qızı yada salır: "Fəxri adların siyahısından onun adının üstündən xətt çəkirdilər. Ehtiyacı böyük olduğu halda adını ev siyahısından pozurdular. Atama mənzili Ümummilli Lider Heydər Əliyev hədiyyə etmişdi. Atam o vaxt hələ institutu bitirməsə də artıq Akademik Milli Dram Teatrında işləyirdi. Bir gün tamaşaya gecikib. Çünki uzaqda kirayədə qalırdı. Atam baş rollardan birini oynayırdı. Ona görə tamaşaya başlaya bilməyiblər. Ulu Öndər Heydər Əliyev tamaşaya baxmağa gəlib. Görüb tamaşa gecikir. Soruşub ki, niyə başlamırsız? Cavab veriblər ki, bir cavan aktyor var, çox uzaqda yaşayır. Ümummilli Lider tamaşaya baxandan sonra səhnənin arxasına keçib, aktyorlarla görüşüb. Tamaşa haqqında xoş sözlər deyib. Atamın ifasını çox bəyənib. Heydər Əliyevin tapşırığı ilə atama "Gənclik" metrostansiyasının yaxınlığında ev verilib".
Son tamaşa - "Həyatın dibində"
Sonralar Səməndər Rzayevə 9-cu mikrarayonda üçotaqlı ev verdilər: "İkicə il yaşadı o evdə... - aktyorun qızı danışır. - Ancaq axırda hər şey düzəlirdi. Tamam fəqrli olacaqdı atamın həyatı. Karyerasında çox böyük dəyişiklik baş verirdi. Bizə bağ evi, maşın verəcəkdilər. Üstəlik, teatra çox sevdiyi rejissor - Hüseynağa Atakişiyev gəlmişdi. Onunla çox böyük planlar qururdular. Atam onun səhnələşdirdiyi "Həyatın dibində" tamaşasında oynadı. Təəssüf ki, bu, ilk və son rolu oldu. Planlarını həyata keçirməyə ömür vəfa etmədi. Çünki sağlamlıq əldən getmişdi..."
"Həyatın dibində" tamaşasında səhnədə halı pisləşdi. Qızı xatırlayır: "Teatrdan evə gəldi. Mən onun səsini eşidib oyanmışdım. Anama dedi ki, bu gün işdə "çepe" baş verdi. Tamaşa vaxtı ayaqları şişibmiş, ciyərində də güclü problem vardı. Səhnədəki rola uyğun olaraq döşəmədə bir müddət uzanmalı olub. Vəziyyəti daha da ağırlaşsa da, rolunu sonadək ifa edib... Biz həmin günədək onun serroz olduğunu bilmirdik. Ondan sonra öyrəndik. Özü bir il imiş xəstəliyindən xəbərdar imiş. Rayonda qastrolda olanda həkim deyib ki, ciddi müalicə olunmasan, bir ilə öləcəksən. Bizə söyləmədi. Atamın xəstəliyi şəkər yox, serroz idi. Ciyəri çürüyürdü, şəkər xəstəliyindən müalicə edirdilər. Xəstəliyi şəkərlə daban-dabana zidd idi. Onu səhv müalicə etdilər".
Yanvarın 2-də evində ad gününü qeyd etdilər. Bir neçə gün sonra Səməndər Rzayev xəstəxanaya aparılır. Rübabə Səməndər qüssə içində xatırlayır: "Gediş elə o gediş oldu. Atam əvvəl "Eksperimental xəstəxana"da (Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi), sonra isə "Leçkomissiya"da (Mərkəzi Klinik Xəstəxana) müalicə olundu. Anam yanından ayrılmadı. Yaşamaq istəyirdi. Xəstəxanaya atamı görməyə gedən rejissor Ramiz Həsənoğluna deyib: "İndiyədək yaşadıqlarım elə bil qaralama idi. Mən yaşamaq istəyirəm".
Sadiq dostları ona görə çox narahat idilər. Həsən Əbluc, Telman Adıgözəlov həkimlər icazə vermədikləri üçün hündür hasarı aşıb xəstəxananın həyətinə keçir, Səməndər Rzayevi görməyə gedirdilər.
Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayev 1986-cı il martın 27-də xəstəxanada dünyasını dəyişdi. Böyük aktyorun qızı o əbədi ayrılıq günlərini belə xatırlayır: "Qardaşımla mən anamın xalasıgildə qalırdıq. Ana babam gəldi. Bizə dedi ki, atanı gətiriblər. Vəfat etdiyini demədi. Biz evimizin həyətinə çatanda Mikayıl Mirzə babama dedi: "Allah rəhmət eləsin". Uşaq olsaq da, qardaşım da, mən də atamın vəziyyətinin ağır olduğunu bilirdik. Ancaq ümid edirdik. O anda ümidimiz öldü".
Aktyorluq sənəti ona xalqın sevgisini qazandırdı, şöhrət bəxş etdi, adını Azərbaycan incəsənətinin unudulmaz sənətkarları sırasına yazdı. Böyüklüyünə, kiçikliyinə baxmadan, heç bir fərq qoymadan istər teatrda, istərsə də kinoda öhdəsinə düşən rolları istedadına, adına layiq ifa etdi. O rolların ən kiçiyi belə Səməndər Rzayevin necə böyük aktyor olduğunu anladır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"