"Azərbaycan" qəzetinin adı xalqımızın dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri ilə eyni vaxtda meydana çıxıb. 1918-ci il sentyabrın 15-də Gəncədə qəzetin ilk sayının işıq üzü görməsi ilə milli mətbuat tariximizdə yeni səhifə açılıb. Həmin gün Bakının azad edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi hakimiyyətinin paytaxtda möhkəmlənməsi arasında yaranan tarixi vəhdət qəzetin ilk addımlarına xüsusi məna verib.
Qəzetin ilk saylarında həmin dövrün siyasi hadisələri, dövlət quruculuğu, ordu məsələləri, parlament fəaliyyəti və Azərbaycanın qarşısında dayanan taleyüklü məsələlər öz əksini tapıb. Nəşrdə Qafqaz İslam Ordusunun Bakının azad edilməsindəki xidmətlərinə və Nuru paşanın roluna verilən yüksək qiymət həmin dövrün ictimai ovqatını və milli düşüncəsini əks etdirən mühüm nümunələrdəndir.
"Azərbaycan" qəzetinin ilk yaradıcı simaları sırasında Məhəmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Rəhim bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahim, Piri Mürsəlzadə, Hənəfi Zeynallı, Rübabə Tağızadə, Şəfiqə Əfəndizadə, Səhra Paşazadə, Mustafa bəy Vəkilov, Əbdül Əbdülzadə, Mirzə Hadi (Atlasov), Hacı İbrahim Qasımov, Məmmədəli Sidqi Səfərov, Seyid Hüseyn Sadiq, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdüssəlimzadə kimi Azərbaycan fikir tarixində xüsusi yeri olan ziyalıların adları dayanır. Xüsusilə Üzeyir bəy Hacıbəylinin qəzetdəki fəaliyyəti milli mətbuatımızın inkişafında mühüm mərhələ təşkil edir. Onun publisistik yazılarında istiqlal, milli şüur, dil, mədəniyyət və dövlətçilik məsələləri geniş yer tutub.
"Azərbaycan" qəzetinin tarixi yalnız bir mətbuat orqanının yaranma və inkişaf tarixindən ibarət deyil. Onun səhifələri Azərbaycan xalqının siyasi düşüncəsinin, milli özünüdərk prosesinin və dövlətçilik iradəsinin formalaşdığı mürəkkəb bir dövrün yazılı yaddaşını yaradıb.
Qəzetin milli oyanış prosesindəki rolunu da məhz bu kontekstdə qiymətləndirmək lazımdır. 1918-ci ildə milli dövlətçilik ideyası siyasi reallığa çevrilərkən bu ideyanın cəmiyyətə çatdırılması, xalqın yeni dövlətin məqsədləri ətrafında səfərbər olunması və milli həmrəylik ruhunun gücləndirilməsi mətbuatın qarşısında mühüm vəzifələr qoyurdu. "Azərbaycan" qəzeti həmin tarixi prosesin içində öz sözünü söyləyən əsas tribunalardan biri idi.
Bu ənənə sonrakı tarixi mərhələlərdə də qəzetin fəaliyyətində öz izini qoruyub. Dövlətçilik, milli maraq, vətənpərvərlik və milli-mənəvi dəyərlər "Azərbaycan" qəzetinin ictimai mövqeyinin əsas dayaqlarını təşkil edib. Qəzetin uzunömürlülüyünü şərtləndirən başlıca amillərdən biri də öz məfkurə xəttinə və milli mövqeyinə bağlılığıdır.
Azərbaycanın müasir dövlətçilik tarixində bu mövqenin yeni məzmun qazandığı mərhələ Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. Ulu Öndərin dövlətçilik fəlsəfəsində milli mətbuat cəmiyyətin siyasi və mənəvi həyatına təsir göstərən mühüm institut kimi xüsusi yer tuturdu. Heydər Əliyev milli dövlətçiliyin möhkəmləndirilməsində ictimai fikrin rolunu yüksək qiymətləndirir, mətbuatın məsuliyyətli və prinsipial fəaliyyətini dövlət quruculuğunun mühüm şərtlərindən biri hesab edirdi.
1998-ci il avqustun 6-da senzuranın ləğv edilməsi Azərbaycan mətbuatının inkişafında mühüm dönüş yaratdı. Bu qərar jurnalist fəaliyyətinin hüquqi və ictimai imkanlarını genişləndirdi, mətbuatın cəmiyyət qarşısında məsuliyyətini daha da artırdı.
Heydər Əliyevin "Azərbaycan" qəzetinə verdiyi qiymət də bu tarixi kontekstdə xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider 15 sentyabr 1998-ci ildə qəzetin 80 illiyi münasibətilə redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda nəşrin fəaliyyətini yüksək qiymətləndirərək onun "yüksək amallara dönməz sədaqəti"ni xüsusi vurğulayıb. Bu qiymət qəzetin keçdiyi yolun dövlətçilik baxımından dəyərləndirilməsi ilə yanaşı, onun qarşısında dayanan gələcək məsuliyyətə verilən siyasi əhəmiyyəti də ifadə edirdi.
Sözügedən məktubda Ümummilli Lider Heydər Əliyev bildirir: "Azərbaycanın dövlət müstəqilliyi tarixində xüsusi rol oynamış "Azərbaycan" qəzetinin 80 illiyi tamam olur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan" qəzeti yarandığı gündən milli azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran "Azərbaycan" qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir.
Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır.
Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və azad, demokratik cəmiyyət qurulması işində ölkəmizin digər mətbuat orqanları kimi, "Azərbaycan" qəzetinin də üzərinə böyük vəzifələr düşür. İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına dönməz sədaqət göstərmiş "Azərbaycan" qəzetinin kollektivi bundan sonra da respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirə biləcəkdir.
Ölkəmizin adını daşıyan və demokratik, milli dövlətçiliyimizin yaşıdı olan "Azərbaycan" qəzetinin 80 illiyi münasibətilə sizi ürəkdən təbrik edir, kollektivinizə daha böyük yaradıcılıq uğurları arzulayıram".
Bu məqamda xüsusi olaraq qeyd etməyi vacib sayıram ki, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə mətbuatımız yeni inkişaf mərhələsini yaşayıb. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Heydər Əliyevin şəxsi səyi nəticəsində ana dilimizə olan ögey münasibət aradan qadırılıb, milli dil siyasəti yürüdülüb və bu siyasət medianın inkişafında müstəsna rol oynayıb. Azərbaycan dilində qəzetlərin sayı artırılıb, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirilib.
Məhz Ulu Öndərin dövründə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan Jurnalistika məktəbinin formalaşmasında, inkişafında müstəsna rol oynadı.
Heydər Əliyevin "Azərbaycan" qəzetinə münasibəti də bu kontekstdə daha gözəl qavranıla bilər. Məhz Heydər Əliyevin dövründə "Azərbaycan" qəzetinin dövlətçilik mövqeyini qoruması və milli maraqlara əsaslanan publisistik xəttini davam etdirməsi onun ictimai nüfuzunun əsas amillərindən birinə çevrildi.
Heydər Əliyevin bu münasibəti "Azərbaycan" qəzetinin fəaliyyətində mühüm mənəvi dayaq yaratdı. Qəzetin dövlətçilik xəttinə bağlılığı, milli maraqları üstün tutması və cəmiyyətin siyasi düşüncəsinə təsir göstərən mövqeyi sonrakı illərdə də öz aktuallığını qorudu.
Bu gün həmin siyasi-mənəvi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında açılan yeni inkişaf mərhələsində öz davamını tapır. Dövlət siyasətinin əsas istiqamətlərinin cəmiyyətə çatdırılması, Azərbaycanın milli maraqlarının müdafiəsi və ölkəmizin qazandığı tarixi nəticələrin ictimaiyyətə təqdim olunması "Azərbaycan" qəzetinin müasir fəaliyyətində mühüm yer tutur. Bu xəttin ən parlaq təzahürlərindən biri Azərbaycanın Vətən müharibəsi və sonrakı tarixi proseslər zamanı apardığı informasiya mübarizəsində özünü göstərməsi oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbə ilə Prezident İlham Əliyevin beynəlxalq informasiya məkanında apardığı mübarizə bir-birini tamamladı. BBC, CNN, "Al Jazeera", "Euronews", "France 24", "Sky News", ARD və digər nüfuzlu media qurumlarına verdiyi müsahibələrdə dövlət başçısı Azərbaycanın mövqeyini qlobal auditoriyaya çatdırdı, Ermənistanın iddialarına tarixi faktlar və beynəlxalq hüququn müddəaları əsasında cavab verdi. Döyüş meydanındakı qələbənin diplomatik və informasiya müstəvisində möhkəmləndirilməsi Azərbaycanın müasir tarixində mühüm mərhələ yaratdı.
2023-cü ilin sentyabrında 23 saat ərzində həyata keçirilən antiterror tədbirləri Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpasını təmin etdi. Ardınca qarşıda yeni tarixi vəzifələr yarandı. İşğaldan azad edilmiş ərazilərin bərpası, şəhər və kəndlərin yenidən qurulması, yolların, enerji və sosial infrastrukturun yaradılması, insanların doğma yurdlarına qayıdışı Böyük qayıdışın real mənzərəsini formalaşdırdı.
"Azərbaycan" qəzeti üçün bu mərhələ həm də Azərbaycanın quruculuq salnaməsinin yazılması deməkdir. Qarabağda salınan yeni yaşayış məntəqələri, açılan məktəblər, xəstəxanalar, çəkilən yollar və doğma torpaqlarına qayıdan ailələr dövlət siyasətinin nəticələrini canlı şəkildə göstərir. Bu proseslərin işıqlandırılması həm bu günün ictimaiyyətinə, həm də gələcəyin tədqiqatçılarına mühüm yazılı mənbə qazandırır. Ölkənin digər bölgələrində həyata keçirilən sosial-iqtisadi layihələr də Azərbaycanın vahid inkişaf strategiyasının mənzərəsini tamamlayır.
Böyük qayıdışın Qarabağda gerçəkləşən hər bir mərhələsi gələcəyə yönəlmiş yeni ümidlər doğurur. Bu ümidlərin sırasında Qərbi Azərbaycana qayıdış arzusu da xüsusi yer tutur. Arzu edirik ki, "Azərbaycan" qəzeti gələcəkdə doğma yurdumuz olan Qərbi Azərbaycana qayıdışımızın müjdəsini xalqımıza çatdıran ilk mətbuat orqanı kimi də tarixə yazılsın.
Bu proseslər Heydər Əliyevin siyasi irsi ilə Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti arasındakı ardıcıl varislik xəttini də aydın göstərir. Heydər Əliyevin formalaşdırdığı müasir Azərbaycan dövlətçiliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə inkişaf etdirilir. "Azərbaycan" qəzeti bu siyasi xəttin mahiyyətinin ictimai fikirdə möhkəmlənməsinə və dövlətçilik düşüncəsinin nəsillərə ötürülməsinə öz töhfəsini verir.
Süni intellekt və rəqəmsal informasiya əsrində qəzetin bu missiyası yeni məzmun qazanır. İnformasiyanın sürətlə yayıldığı bir dövrdə faktın yoxlanılması, redaksiya məsuliyyəti və etibarlı mənbəyə söykənən jurnalistika xüsusi dəyər kəsb edir. Qəzet səhifəsində qorunan materiallar zaman keçdikcə ölkənin siyasi, ictimai və mədəni həyatını öyrənən tədqiqatçılar üçün yazılı mənbəyə çevrilir. "Azərbaycan" qəzetinin 108 illik arxivi bu baxımdan milli yaddaşımızın qiymətli hissəsidir.
Milli-mənəvi dəyərlərin, ana dilimizin, ədəbiyyatımızın, tariximizin və mədəni irsimizin təbliği də qəzetin ənənəvi missiyasının mühüm istiqamətini təşkil edir. Bu ənənənin müasir informasiya imkanları ilə davam etdirilməsi "Azərbaycan" qəzetinin qarşısında yeni yaradıcılıq imkanları açır.
Söz yox ki, "Azərbaycan" qəzeti bundan sonra da Heydər Əliyev siyasi irsinin sadiq tərənnümçüsü, Prezident İlham Əliyevin siyasi kursunun fəal təbliğatçısı kimi öz mövqeyini daha da möhkəmləndirəcək.
108 illik şərəfli yolunuz mübarək!
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri