Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut vəfat edib.
AZƏRTAC xəbər verir ki, Arye Qut uzun sürən ağır xəstəlikdən sonra 47 yaşında İsraildə dünyasını dəyişib.
Qeyd edək ki, 1975-ci il iyunun 2-də Bakıda anadan olan Arye Qut Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib, İtaliyanın Genuya Universitetində müəllimlik təcrübəsi keçib. O, İsrail-Türkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində aparıcı mütəxəssislərindən biri kimi tanınırdı. Eyni zamanda, İsrailin dövlət radiosunda və televiziya kanallarında daimi siyasi şərhçi kimi çıxış edirdi.
İsrail-Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yüzlərlə məqalənin müəllifi olan ekspert AZƏRTAC-la da fəal əməkdaşlıq edib. Arye Qutun agentliyimizin saytında dərc olunmuş analitik yazıları və aktual mövzularda şərhləri oxucular tərəfindən daim maraqla qarşılanıb.
Arye Qut, həmçinin İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, həmçinin bu ölkədə “Justice for Khojaly” beynəlxalq kampaniyasının rəsmi əlaqələndiricisi idi.
2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib. Onun İsraildə “Ağrı” bədii-sənədli romanı çapdan çıxıb. Əsərdə 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli soyqırımından bəhs edilir.
AZƏRTAC-ın kollektivi Arye Qutun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.