Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü - VİDEO
Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü - VİDEO
Türkiyə Prezidentinin Azərbaycana səfəri və liderlərin Qarabağdan verdiyi mesajlar iki ölkənin həmrəyliyini bütün dünyaya nümayiş etdirdi
Azərbaycan və Türkiyə münasibətləri beynəlxalq diplomatiyada özünəməxsus yeri olan, tarixi, milli və mənəvi bağlara söykənən nadir qardaşlıq nümunəsidir. İki ölkə arasındakı əlaqələr sıradan strateji tərəfdaşlıq çərçivəsini çoxdan aşaraq, sarsılmaz könül birliyinə çevrilib. Azərbaycan və Türkiyəni birləşdirən əsas amillər ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və xalqlarımızın bir-birinə bəslədiyi tükənməz sevgidir.
Bu ali münasibətlərin kökündə dayanan “Bir millət, iki dövlət” ifadəsi sadəcə siyasi şüar deyil, tarix boyu müxtəlif sınaqlardan keçərək möhkəmlənmiş qardaşlığın həqiqi mahiyyətidir. Xalqlarımız əsrlər boyu bir-birinin sevincinə və kədərinə şərik olublar, ən mürəkkəb dövrlərdə çiyin-çiyinə dayanıblar. XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə də qardaş Türkiyə ilə münasibətlər xüsusi əhəmiyyət daşıyıb və bu gün də həmin tarixi təməl üzərində ucalmaqdadır. Xüsusən dövlət başçılarının ardıcıl qarşılıqlı səfərləri, imzalanan mühüm sənədlər və həyata keçirilən birgə regional layihələr bu əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirir.
Bu möhkəm təməlin sarsılmazlığını və dövlətlərimizin bir-birinə olan dərin bağlılığını vurğulayan Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bu həqiqəti xüsusi olaraq qeyd edib: “Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur. 44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir".
Prezident İlham Əliyev vurğulayıb ki, bizim birliyimiz, qardaşlığımız sarsılmazdır: "Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq, onların arzuları onların gözlərində qalacaq". Dövlətimizin başçısı əlavə edib ki, iki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın.
Bu bəyanat Azərbaycan-Türkiyə qardaşlığının sadəcə emosional bağlara deyil, ən yüksək səviyyədə nümayiş etdirilən qətiyyətli siyasi iradəyə söykəndiyini göstərir. Burada əsas mesaj iki liderin vahid mövqeyi sayəsində heç bir kənar qüvvənin, geosiyasi marağın və ya nifaq cəhdinin bu birliyə xələl gətirə bilməyəcəyidir. Bəyanat iki ölkə arasındakı müttəfiqliyin sarsılmazlığını xatırlatmaqla yanaşı, Azərbaycan və Türkiyənin həmrəyliyinə kölgə salmaq istəyən bütün dairələrə qətiyyətli xəbərdarlıq xarakteri daşıyır.
Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının ən parlaq nümayişi məhz çətin günlərdə özünü büruzə verib. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xalqımızın yaddaşında əbədi yer tutub. Türkiyənin dövlət rəhbərliyi və qardaş xalqı ilk saatlardan Azərbaycanın haqq mövqeyini açıq şəkildə dəstəkləyib. Eynilə, 2023-cü ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələlər zamanı Azərbaycanın dəstəyi və göstərdiyi həmrəylik iki xalq arasındakı qardaşlığın qarşılıqlı xarakter daşıdığını, birimizin ağrısının digərimizin ağrısı olduğunu bir daha bütün dünyaya subut etdi.
Vətən müharibəsindən cəmi 7 ay sonra imzalanan tarixi sənəd isə bu əlaqələri rəsmi olaraq ən yüksək zirvəyə qaldırdı. 2021-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələ açdı, iki ölkə arasındakı müttəfiqlik bağlarını hüquqi-siyasi çərçivədə möhkəmləndirdi.
Prezident İlham Əliyev bu tarixi məqamın əhəmiyyətini belə ifadə edib: “Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Və bu bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi sadəcə olaraq bu tarixi mədəni əlaqələri rəsmi çərçivəyə salıb”.
Bu dostluq və müttəfiqlik təkcə iki ölkə üçün deyil, bütövlükdə geniş bir coğrafiya üçün təhlükəsizlik və sabitlik zəmanətidir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük gücə çevrilməsi, güclü iqtisadiyyatı və siyasi çəkisi ilə dünya miqyasında söz sahibinə çevrilməsi Azərbaycanı da gücləndirir. Prezident İlham Əliyevin dediyi kimi biz birlikdə daha da güclüyük və böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi mühüm bir amil, mühüm bir faktordur: "Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik faktorudur".
Bu həmrəyliyin və ortaq gələcəyin sarsılmazlığını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında bəyan edib. Türkiyənin dövlət başçısı münasibətlərin tarixi köklərini və gələcək perspektivini qiymətləndirərək vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatıb: ““Bir millət, iki dövlət” şüarı ilə ifadə etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahımıza işıq tutan sönməz bir məşəldir. 15 iyun 2021-ci il tarixində Şuşada imzaladığımız bəyannamə ilə müttəfiqlik bağını möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi, bu gün də, sabah da məqsədlərinə əsla çata bilməyəcəklər. Uca Allahın izni ilə birliyimiz hər zaman davam edəcək”.
Bu bəyanat bir daha sübut edir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi təkcə rəsmi razılaşmalara deyil, sarsılmaz mənəvi və tarixi təməllərə söykənir. Şuşa Bəyannaməsi ilə taclanan bu birlik kənar təzyiqlərə və nifaq cəhdlərinə qarşı ən güclü qalxandır. Liderlərin nümayiş etdirdiyi bu qətiyyətli iradə iki qardaş dövlətin gələcəkdə də bütün sınaqlardan layiqincə çıxacağını zəmanət altına alır.
İki qardaş dövlət regional və beynəlxalq platformalarda vahid mövqedən çıxış edir, bir-birinin maraqlarını qarşılıqsız müdafiə edirlər. Azərbaycan-Türkiyə qardaşlığı həm də türk dünyasının inteqrasiyasına, regionda sülhün, inkişafın, əməkdaşlığın bərqərar olmasına xidmət edən tarixi bir missiyadır. Prezident İlham Əliyevin vurğuladığı kimi bu səfərlərin ana xəttini təşkil edən əsas nəticə birliyin sarsılmazlığıdır.
Azərbaycan və Türkiyə qardaşlığı tarixin bütün sınaqlarından şərəflə çıxaraq zəfərlərlə taclanan, bənzəri olmayan əməkdaşlıqdır. Qarabağda yenidən ortaya qoyulan bu sarsılmaz həmrəylik, iradə və xalqlarımızın qəlbindəki sonsuz sevgi göstərir ki, Azərbaycan-Türkiyə birliyi bundan sonra da əbədi olacaq, regional sülhün, ədalətin və tərəqqinin ən etibarlı dayağı kimi gələcək nəsillərə işıq saçmaqda davam edəcək.
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!