Zəngin qızıl, civə, filiz yataqlarının mövcud olduğu Azərbaycan dağları təbii sərvətimizdir
Hər il dekabrın 11-i dünyada Beynəlxalq Dağlar Günü kimi qeyd edilir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılıb. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən isə 2003-cü ildən hər il bu gün qeyd olunur.
Dağlar gününün keçirilməsinin əsas məqsədi dağ sistemlərinin qlobalmiqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. Dağlar Günü müxtəlif başlıq altında qeyd olunur. Məsələn, bu gün "dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyi", "dağlar fəlakət təhlükəsinin idarə edilməsi" adlandırılıb.
Yer kürəsinin 40 faizini təşkil edən çayların su təminatçısı
Yer kürəsinin təxminən 40 faizini təşkil edən dağlar Azərbaycan təbiətinin də ayrılmaz hissəsidir. Dünyanın ən hündür zirvəsi Himalay dağları, ən uzun sıra dağları And, dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür zirvə isə Mauna-Kea hesab olunur.
Zəngin təbiətə malik olan Azərbaycan ərazisində meşə, düzən ərazilərlə yanaşı, dağlıq ərazilər də mövcuddur. Respublikamız şimaldan Böyük Qafqaz, qərbdən Kiçik Qafqaz, cənubdan isə Talış dağları ilə əhatələnib. Ölkə ərazisində 80-nə yaxın dağ yerləşir. Azərbaycanın ən yüksək zirvəsi isə Böyük Qafqaz silsiləsində yerləşən, hündürlüyü 4466 metr olan Bazardüzü hesab olunur. Hündürlüyü ilə seçilən digər dağlar isə Zəfər zirvəsi (4301), Şahdağ (4243), Tufandağ ( 4206), Bazaryurd (4126) və başqalarıdır.
Dağlar eyni zamanda çayların su təminatçısı hesab olunur. Belə ki, qış aylarında zirvələrə yağan qar hesabına su ehtiyatı toplanır. Hər il yaz aylarında respublikanın yüksək dağlıq ərazilərində 4 istiqamətdə aparılan qarölçmə işləri nəticəsində yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır.
Hesablama işləri başa çatdıqdan sonra qar ehtiyatları və gursululuq dövründə fəsillik hava proqnozu haqqında məlumatlara əsaslanaraq iri su anbarlarına Kür, Araz və Qanıx tranzit çayları ilə daxil olacaq axımın və yerli dağ çaylarının sululuğunun proqnozu tərtib edilir.
Azərbaycan dağları təbii ehtiyatlarla da zəngindir. Dağlarımızda zəngin qızıl, civə, filiz və. s yataqları mövcuddur. Ölkənin dəmir filizləri bu gün də sənayenin əsas dayaqlarından biridir. Hazırda Azərbaycan ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılıb. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən və Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar.
Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşib.
Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataqlardır.
Kiçik Qafqazın mis yataqları əsasən Gədəbəy filiz rayonunda cəmləşib. Bu regionda mis-porfir, qismən mis-kolçedan yataqları inkişaf edib. Eyni zamanda mis minerallaşmasına Kiçik Qafqazın Qarabağ filiz rayonunun da perspektivliyi yüksəkdir.
Azərbaycan dağlarının turizm rekreasiya potensialı var
Dağlarımızdakı təbii ehtiyatlardan danışan AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov qəzetimizə açıqlamasında deyib ki, dağlar Azərbaycan təbiətinin önəmli vahididir və ölkə ərazisinin yarıdan çoxunu tutur.
Onun sözlərinə görə, dağların özünəməxsus təbiəti yerləşdiyi iqlim qurşağından asılıdır. Buna görə də dağların təbiəti dəyişir, yenidən qurulur. Dağlar müxtəlif təbii ehtiyatlara malikdir, buradakı ehtiyatlar düzənliklərdəkindən kəskin şəkildə fərqlənir. Bunları müxtəlif cür qruplaşdırmaq olar. Məsələn, dağların turizm rekreasiya potensialı çox zəngindir. Bu da təbii ehtiyatların dağlarda formalaşmış bir elementidir ki, insanlar tərəfindən tarix boyu mənimsənilib.
Həmin təbii ehtiyatların zənginliyindən çıxış edərək ata-babalarımız yayda dağlara çıxardı, qışda düzənliklərə enərdi. Dağların xalqımızın təsərrüfatının inkişafında, onun psixologiyasının formalaşmasında böyük rolu olub.
Şöbə müdirinin sözlərinə görə, turizm rekreasiya potensialı hər dağda müxtəlifdir, çünki hər birinin öz xüsusiyyəti var. Məsələn, Talış dağlarının orta dağlıq hissələrində istər təbiət abidələri, istər mağaralar, istərsə də maraqlı qaya çıxıntıları turistləri cəlb edir, digər tərəfdən quru iqlimi insan sağlamlığı üçün önəmlidir. Talış dağlarında turizm üçün vacib olan elementlər həm də onun flora, faunası ilə bağlıdır. Böyük Qafqazın tamamilə fərqli turizm rekreasiya potensialı var. Eyni zamanda bu dağlarda zəngin istisu ehtiyatları yerləşir. Bu ehtiyatların xüsusən sağlamlıq turizminin inkişafı üçün əhəmiyyəti olduqca böyükdür. Gələcəkdə dağlarımızın turizm potensialından daha geniş istifadə edilməsi vacibdir.
Zəngin mineral ehtiyatlar, faydalı qazıntılar
Mirnuh İsmayılov deyib ki, Kiçik Qafqaz, Naxçıvanın Zəngəzur-Dərələyəz dağları da fərqli təbii ehtiyatlara malikdir: "Təkcə rekreasiyaya görə bizə fərqli elementlər verirlər. Turistlər burada həm dincəlir, həm də sağlamlıqlarını bərpa edirlər".
Dağların su ehtiyatından danışan alim bildirib ki, həmin ehtiyatlar dağların buzlaqlarında, çoxillik qarında olur. Qar yağması çox önəmlidir, onlar çayların, yeraltı suların qidalanması, bulaqların səthə çıxması üçün vacib amildir. Son dövrlər iqlim dəyişmələri ilə bağlı olaraq dağlarımızda buzlaqlar sürətlə azalır, sahəsi kiçilir.
Aparıcı elmi işçi vurğulayıb ki, dağların təbii ehtiyatlarından olan mineral ehtiyatlar, yəni faydalı qazıntılar düzənlik ərazilərdəkilərdən fərqli olaraq xüsusiyyətlərini dəyişir. Burada ən çox maqmatizmlə bağlı faydalı qazıntılar üzə çıxır. Məsələn, dəmir filiz, qızıl, civə yataqları Azərbaycan dağlarında geniş yayılıb. Talış dağları əsasən mineral ehtiyatlarla zəngindir. Böyük Qafqaz dağlarında mineral ehtiyatlar o qədər də çox deyil, həmçinin sıra dağlardakı ehtiyatların mənimsənilməsi əsrarəngiz maraqlı təbii landşafta görə çətinlik yaradır.
Mütəxəssis qeyd edib ki, Filizçay polimetal ehtiyatları bütün Qafqazda tayı-bərabəri olmayan nəhəng yataqdır. Tərkibində mis, qızıl, polimetallik elementlərə rast gəlmək mümkündür: "Onlar da xüsusilə elektronika sənayesinin inkişafı üçün böyük bazadır. Tədqiqatlar nəticəsində gələcəkdə orada çoxlu yataqlar aşkarlamaq mümkündür. Burada yerləşən oksid yataqları alüminium istehsalı üçün vacibdir. Bu da gələcəyin sənaye xammalıdır".
Qızıl ehtiyatlarımız
Şöbə müdirinin sözlərinə görə, Kiçik Qafqaz metallik mənşəli faydalı qazıntılarla zəngindir. Bura Azərbaycanın "Ural"ı da deyirlər, çünki bu dağlarda metallik mənşəli elementlər çoxdur. "AzərGold"un Kiçik Qafqazın şimal-şərq yamacında "Çovdar", Gədəbəydə qızıl yataqları var. İşğaldan azad olunmuş ərazilər - Kəlbəcər, Laçın, Zəngilan, Tərtərin bir hissəsində çox zəngin qızıl yataqları var. Həmçinin Ağdərədə tapılan ermənilər tərəfindən istismar olunan qızıl yataqları, xüsusən Zod qızıl mədənlərində böyük ehtiyatlar var. Dağlar içərisində Kiçik Qafqazla, Zəngəzur-Dərələyəz dağları daha mənfəətlidir, hər ikisində zəngin polimetal yataqları mövcuddur. Onlar vaxtilə işləyirdilər. İndi yataqları yenidən dövriyyəyə qaytarmaq lazımdır.
Azərbaycan ərazisindəki dağlarda yerləşən təbii ehtiyatları saymaqla bitməz. Ölkəmizin təbiəti zəngin olduğu qədər, ehtiyatları da qiymətlidir. Elə bu səbəbdən Azərbaycanın işğal altında olan torpaqlarında da uzun illər təbii ehtiyatlarımız qanunsuz şəkildə istismar olunub, müxtəlif xarici şirkətlər tərəfindən mənimsənilərək digər ölkələrə daşınıb.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"