Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini emosional şüarlar, siyasi konyunkturaya uyğunlaşdırılmış gözləntilər və ya ayrı-ayrı dairələrin subyektiv qənaətləri ilə müəyyənləşdirmək mümkün deyil. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi bağlara, qarşılıqlı etimada və strateji maraqlara söykənir. Lakin bütün bunların fövqündə dayanan, müzakirəyə və şərhə ehtiyacı olmayan fundamental bir prinsip var: Azərbaycan müstəqil dövlətdir və onun suverenliyi heç bir siyasi münasibətin, tarixi bağlılığın və ya müttəfiqlik formatının şərtindən asılı deyil.
Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında deyib ki, son dövrlərdə Türkiyənin bəzi media resurslarında, sosial şəbəkələrində və ayrı-ayrı siyasi dairələrin açıqlamalarında Azərbaycanla bağlı müşahidə olunan yanaşmalar məhz bu prinsip baxımından ciddi suallar doğurur. Söhbət təkcə faktların birtərəfli təqdimatından, siyasi qərarların kontekstdən çıxarılmasından və ya jurnalist məsuliyyətinin sərhədlərinin aşılmasından getmir. Daha ciddi məsələ Azərbaycanın müstəqil dövlət kimi qərar qəbul etmək hüququnun sorğulanması, ölkəmizin daxili və xarici siyasətinə kənardan qiymət vermək iddiasının siyasi təzyiq vasitəsinə çevrilməsi cəhdidir. “Bu məqamda aydın şəkildə bildirilməlidir: Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik olmaq onun siyasi iradəsinə təsir göstərmək, qərarlarını mübahisələndirmək və ya milli maraqlarını başqa dövlətin gözləntilərinə uyğunlaşdırmasını tələb etmək hüququ yaratmır. Belə bir yanaşma tərəfdaşlıq deyil, tərəfdaşlıq pərdəsi altında siyasi üstünlük iddiasıdır. Müttəfiqlik bərabərhüquqlu münasibətdir, siyasi itaət mexanizmi deyil. Bu, diplomatik ritorikanın elementar qaydası olmaqla yanaşı, beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin fundamental prinsipidir. Dövlətlər arasında münasibətlərin yaxınlığı onların suveren hüquqlarının məhdudlaşdırılması anlamına gəlmir. Əksinə, həqiqi strateji tərəfdaşlıq məhz tərəflərin bir-birinin müstəqil qərarlarına hörmət göstərməsi, fərqli mövqeləri təzyiq vasitəsinə çevirməməsi və fikir ayrılıqlarını qarşılıqlı etimad çərçivəsində həll etməsi ilə möhkəmlənir”, – deyə o əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycanın Türkiyə ilə münasibətlərə verdiyi əhəmiyyət heç kimdə şübhə doğurmur, ancaq bu münasibətlərin strateji xarakteri Azərbaycanın müstəqil xarici siyasət yürütmək hüququndan imtina etməsi demək deyil. Ankara hansısa beynəlxalq məsələdə öz milli maraqlarına uyğun qərar qəbul edirsə, bunu suveren dövlətin legitim hüququ kimi dəyərləndirmək lazımdır. Eyni hüququn Bakıya münasibətdə şübhə altına alınması isə ikili standartdır. Dövlət suverenliyi siyasi simpatiyalardan, ideoloji yaxınlıqdan və ya tərəflər arasında mövcud olan münasibətlərin səviyyəsindən asılı olaraq dəyişən prinsip deyil. Türkiyə üçün qəbul edilən hüququn Azərbaycan üçün də qəbul edilməsi zəruridir. Əks halda, söhbət bərabərhüquqlu tərəfdaşlıqdan deyil, münasibətlərə birtərəfli yanaşmadan gedir.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi və siyasi təməlini təşkil edən “Bir millət, iki dövlət” prinsipi də məhz bu kontekstdə düzgün anlaşılmalıdır: “Ulu Öndərin bu tarixi ifadəsinin birinci hissəsini qabardaraq ikinci hissəsini arxa plana keçirmək, ortaq milli-mənəvi bağları Azərbaycanın siyasi iradəsinə təsir göstərmək vasitəsinə çevirmək həmin prinsipin mahiyyətini təhrif etməkdir. Burada söhbət bir millətdən və iki dövlətdən gedir. İki dövlətin mövcudluğu formal və ya ikinci dərəcəli detal deyil. Bu, ortaq milli kimliyin iki müstəqil dövlətin suverenliyi, siyasi iradəsi və dövlətçilik ənənələri çərçivəsində təcəssümüdür. Əgər “bir millət, iki dövlət” ifadəsi yalnız Azərbaycanın Türkiyəyə dəstək göstərməli olduğu hallarda xatırlanır, Azərbaycanın öz milli maraqlarından çıxış etdiyi məqamlarda isə onun müstəqil qərarları şübhə altına alınırsa, bu yanaşma, ən yaxşı halda tarixi prinsipin siyasi məqsədlər üçün selektiv istifadəsidir. Tarixi qardaşlıq bir tərəfin digərinə qarşı irəli sürə biləcəyi birtərəfli tələbnamə deyil. Qardaşlıq qarşılıqlı hörmət tələb edir. Strateji tərəfdaşlıq qarşılıqlı məsuliyyət yaradır. Müttəfiqlik isə tərəflərdən heç birinin digərinin suverenliyini öz siyasi gözləntilərinə tabe etdirməsinə imkan vermir. Bu baxımdan Türkiyədəki ayrı-ayrı siyasi və media nümayəndələrinin Azərbaycanla bağlı açıqlamalarında istifadə etdikləri ritorikanın məsuliyyətlə qiymətləndirilməsi zəruridir. Xüsusilə, siyasi hakimiyyətə yaxınlığı və ya yüksək dövlət vəzifəsi ilə əlaqəsi olan şəxslərin fikirləri sıradan ictimai şərhlərdən daha geniş siyasi məna daşıya bilər. Belə şəxslər tərəfindən səsləndirilən qərəzli, əsassız, böhtan xarakterli ittihamlar və birtərəfli mülahizələr ictimai rəyə təsir göstərməklə yanaşı, iki ölkə arasındakı münasibətlərin mahiyyəti barədə də yanlış təsəvvürlər formalaşdırır”.
E.Mirzəbəyli bildirib ki, heç bir dövlətin siyasəti tənqiddən kənarda deyil, lakin tənqidlə siyasi təzyiq, faktların təhlili ilə qərəzli ittiham, fikir bildirməklə başqa dövlətin suveren hüquqlarını sorğulamaq arasında aydın görünən bir sərhəd var. Bu sərhədi nəzərə almadan aparılan müzakirələr konstruktiv dialoqa xidmət etmir. Azərbaycanın xarici siyasəti başqa dövlətlərin siyasi və ideoloji gözləntilərinə uyğunlaşdırılan dəyişkən mexanizm deyil. Bu siyasət ölkəmizin milli maraqlarına, təhlükəsizlik prioritetlərinə, beynəlxalq hüquqa və regional reallıqlara əsaslanır. “Azərbaycanın üçüncü dövlətlərlə münasibətləri də məhz bu prinsiplər çərçivəsində formalaşır. Hər hansı ölkə ilə diplomatik, iqtisadi və ya siyasi əlaqələrin mövcudluğu avtomatik olaraq başqa bir dövlətin maraqlarına zidd mövqe tutmaq anlamına gəlmir. Dövlətlərarası münasibətləri emosional qəliblərə salmaq, ölkələri yalnız “bizimlə” və ya “bizə qarşı” bölgüsünə əsasən qiymətləndirmək müasir beynəlxalq münasibətlərin mürəkkəbliyini nəzərə almayan yanaşmadır. Azərbaycan öz tərəfdaşları ilə münasibətlərini beynəlxalq hüquq və qarşılıqlı maraqlar əsasında qurmaq hüququna malikdir. Bu hüququn həyata keçirilməsi üçün hər hansı siyasi mərkəzdən icazə almaq və ya kənar dairələrin gözləntilərinə uyğun izahat vermək öhdəliyi yoxdur. Eyni zamanda, Azərbaycanın müstəqil xarici siyasəti onun müttəfiqlərinə münasibətdə məsuliyyətsiz davranması demək deyil. Əksinə, suveren qərarların qəbul edilməsi ilə tərəfdaşlıq öhdəliklərinin yerinə yetirilməsi bir-birini istisna etmir. Əsas məsələ münasibətlərin qarşılıqlı öhdəliklər, razılaşdırılmış prinsiplər və bərabər hüquqlar əsasında qurulmasıdır. Heç bir tərəf öz siyasi mövqeyini avtomatik olaraq digərinin mövqeyi kimi qəbul edə bilməz. Belə gözləntinin formalaşdırılması strateji müttəfiqliyi möhkəmləndirmir, əksinə, onu əsassız şərtlərlə yükləyir”, – deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycanla bağlı bəzi müzakirələrdə dini məsələlərin siyasi ittiham predmetinə çevrilməsi ayrıca diqqət tələb edir. Xüsusilə Azərbaycanın dünyəvi dövlət quruluşu, dini etiqad azadlığı və təhsil siyasəti ətrafında aparılan müzakirələrdə hüquqi və konstitusion reallıqların nəzərə alınmaması ciddi yanlışlıqlara yol açır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, ölkəmiz dünyəvi dövlətdir. Bu prinsip dövlət hakimiyyətinin dini göstərişlərdən asılı olmaması, bütün dini etiqadlara münasibətdə hüquqi bərabərliyin təmin edilməsi və ictimai münasibətlərin qanunvericilik əsasında tənzimlənməsi deməkdir. Dünyəvilik dini azadlığın rəqibi deyil. Əksinə, hüquqi dövlət çərçivəsində dünyəvilik müxtəlif dini inanclara malik vətəndaşların hüquqlarının qorunmasının, dövlətin heç bir dini və ya məzhəbi digərindən üstün tutmamasının mühüm təminatlarından biridir. Bu prinsip Türkiyənin konstitusion quruluşunda da öz əksini tapır. Belə olan halda Azərbaycanın dünyəvi dövlət modelinin siyasi mübahisələrdə hədəfə çevrilməsi, dini həssaslıqlardan istifadə etməklə ölkəmizin daxili siyasətinə təsir göstərməyə çalışılması ziddiyyətli, qərəzli və dövlət əxlaqından kənar görünür.
Deputat deyib ki, dini inanclar fərdin vicdanına və etiqad azadlığına aid məsələdir. Təhsil siyasəti isə uşaqların hüquqlarını, bərabər imkanları, tədris prosesinin təşkilini və dövlətin qanunvericiliklə müəyyən etdiyi prinsipləri əhatə edir. Bu sahələrdə konkret qərarları müzakirə etmək mümkündür. Lakin müzakirə hüquqi əsaslara, faktlara və pedaqoji məqsədlərə söykənməli, dini hissləri bilərəkdən emosional şüarlarla istismar etməklə siyasi təzyiq vasitəsinə çevrilməməlidir. “Baş örtüyü və digər dini simvollar ətrafında yaranan həssaslıqların populist ritorika ilə dərinləşdirilməsi nə dini azadlığın qorunmasına, nə ictimai həmrəyliyə, nə də dövlətlərarası münasibətlərin sağlam inkişafına xidmət edir. Dini mövzudan istifadə etməklə, Azərbaycan cəmiyyətini qarşıdurmaya sövq etmək və ya ölkəmizin konstitusion prinsiplərini şübhə altına almaq cəhdləri qəbuledilməzdir. Bu xüsusda mühüm məqama da diqqət çəkmək istəyirəm: dini etiqad azadlığını müdafiə etmək başqa, dini məsələləri siyasi təsir alətinə çevirmək başqadır. Birincisi hüquqi dövlətin və demokratik cəmiyyətin fundamental dəyərlərindəndir. İkincisi isə dini inancların siyasi məqsədlərə tabe etdirilməsi təhlükəsini yaradır”, – deyə o əlavə edib.
E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın İslam dünyası ilə münasibətləri də birtərəfli siyasi gözləntilərdən deyil, qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərindən qaynaqlanır. Ölkəmizin müsəlman dövlətləri ilə əlaqələri, beynəlxalq təşəbbüsləri və humanitar fəaliyyəti bu əməkdaşlığın konkret istiqamətlərini təşkil edir. Azərbaycanın Fələstin məsələsinə münasibəti də ümumi siyasi şüarlarla deyil, rəsmi mövqeyi və praktiki fəaliyyəti ilə qiymətləndirilməlidir. Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını dəstəkləyir, Fələstinə maliyyə və humanitar yardım göstərir və münaqişənin beynəlxalq hüquqa, BMT-nin müvafiq qətnamələrinə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmasını nəzərdə tutan “iki dövlət” prinsipinə uyğun həllini müdafiə edir. Qəzzada baş verən hadisələrə münasibətdə mülki əhalinin müdafiəsi və humanitar prinsiplər də Azərbaycanın mövqeyinin mühüm tərkib hissəsidir. Bu faktlar Azərbaycanın xarici siyasətini qərəzli şəkildə təqdim edənlərin diqqətindən kənarda qala bilməz. Azərbaycanın başqa dövlətlərlə münasibətlərini bir istiqamət üzrə seçdiyi mövqe əsasında qiymətləndirmək, bu münasibətləri avtomatik olaraq Fələstin məsələsinə qarşı qoymaq siyasi reallığın bilərəkdən təhrif olunmasıdır. Dövlətlərarası əlaqələrin mövcudluğu öz-özlüyündə hər hansı münaqişədə tərəflərdən birinin bütün siyasətini qəbul etmək anlamına gəlmir.
Deputatın fikrincə, müsəlman ölkələri arasında fikir ayrılıqlarının mövcudluğu təbiidir, lakin bu fikir ayrılıqlarının həlli təzyiq, ittiham və ya siyasi itaət tələbi ilə mümkün deyil: “İslam həmrəyliyinin real məzmunu dövlətlərin suverenliyinə hörmətlə yanaşmaqdan, ortaq problemlərin həllində əməkdaşlıq etməkdən və fərqli mövqelərə dözümlülük göstərməkdən ibarətdir. Bu baxımdan, Azərbaycanın həm İslam dünyası, həm də digər beynəlxalq tərəfdaşlarla münasibətlərini müstəqil şəkildə müəyyənləşdirməsi tam legitim siyasi davranışdır. Həmrəyliyə çağırış edənlər ilk növbədə onun əsas şərtinə – bərabərhüquqlu münasibətlərə hörmət göstərməlidirlər. Siyasi tənqid konkret faktlara və əsaslandırılmış arqumentlərə söykənməlidir. Təhqir, böhtan, faktların təhrif edilməsi və ictimai emosiyaların məqsədli şəkildə qızışdırılması isə tənqid deyil. Bu cür yanaşmaların geniş yayılması qarşılıqlı etimadı zəiflədə, cəmiyyətlər arasında yanlış təsəvvürlər formalaşdıra və strateji tərəfdaşlığın siyasi mühitinə zərər vura bilər”.
E.Mirzəbəyli bildirib ki, Azərbaycanın milli maraqlarını müdafiə etməsi, müstəqil qərarlar qəbul etməsi və konstitusion prinsiplərinə uyğun siyasət yürütməsi heç bir halda başqa dövlətə qarşı yönəlmiş addım kimi təqdim edilməməlidir. Ölkəmizin suveren hüquqlarından istifadəsini problemə çevirmək, onu kənar siyasi gözləntilərə uyğun davranmağa çağırmaq və bu gözləntilərdən kənara çıxdığına görə ittiham etmək bərabərhüquqlu münasibətlərin mahiyyəti ilə uzlaşmır. Azərbaycan Türkiyə ilə münasibətlərin inkişafında maraqlıdır, lakin bu maraq ölkəmizin müstəqil xarici siyasətindən imtina etməsini, milli maraqlarını başqa dövlətin siyasi gözləntilərinə tabe tutmasını və ya öz konstitusion prinsiplərini kənar təzyiqlər qarşısında yenidən nəzərdən keçirməsini nəzərdə tutmur. Ankara ilə Bakı arasındakı münasibətlər nə qədər yaxın olursa-olsun, onların əsasını qarşılıqlı hörmət və bərabərhüquqluluq təşkil etməlidir. Bu prinsiplərə əməl olunması yalnız Azərbaycanın deyil, Türkiyənin də maraqlarına uyğundur. Çünki suverenliyə hörmət üzərində qurulan müttəfiqlik daha etibarlı, siyasi konyunkturadan asılı olmayan və uzunmüddətli perspektivdə daha dayanıqlı olur. “Azərbaycanın mövqeyi nə tarixi qardaşlıq münasibətlərini şübhə altına almaq, nə də süni qarşıdurma yaratmaq məqsədi daşıyır. Məqsəd bu münasibətlərin siyasi və hüquqi təməllərini aydın şəkildə müəyyənləşdirməkdir. Tarixi yaxınlıq siyasi bərabərliyin alternativi, mənəvi birlik suverenlikdən imtina demək deyil. Strateji müttəfiqlik isə siyasi itaət öhdəliyi yaratmır. Bir millətin ortaq dəyərləri iki müstəqil dövlətin suverenliyinə, qarşılıqlı hörmətinə və bərabərhüquqlu tərəfdaşlığına söykənir. “Bir millət, iki dövlət” prinsipinin həqiqi gücü də məhz buradadır!”, – deyə o söyləyib.
Deputat qeyd edib ki, Azərbaycan öz müstəqilliyini və milli maraqlarını qorumaq əzmindədir və bu mövqe nə kiməsə qarşı yönəlmiş addımdır, nə də izaha ehtiyacı olan siyasi güzəşt. Bu, dövlətçiliyin mahiyyətindən irəli gələn fundamental prinsipdir. Azərbaycanla dostluq etmək istəyənlər bu reallığı qəbul etməlidirlər. Ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyənlər onun suverenliyinə hörmət göstərməlidirlər. Azərbaycanla qardaşlıq bağlarını siyasi üstünlük iddiasına çevirmək istəyənlər isə anlamalıdırlar ki, belə yanaşma qardaşlığın özünə xidmət etmir. Çünki müttəfiqliyin dəyəri qarşı tərəfin müstəqil iradəsinə hörmət göstərmək bacarığındadır. Dövlətlər arasında etimadın əsl ölçüsü də məhz budur.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”