Burada 150 növdən çox, 1200 başa qədər müxtəlif heyvan və quşlar nümayiş olunur
Bakı sakini olan bir nəfər avtomobilinin açarını qəfəsdəki meymuna uzadır. Meymun da cəld tərpənərək açarı ondan qapır. Həmin gün açarı heyvandan almaq mümkün olmur, vətəndaş isə kor-peşman çıxıb gedir. Beləcə, avtomobil açarı bir neçə gün meymunun əyləncə vasitəsinə çevrilir...
Hadisə yaxın günlərdə Bakı Zooloji Parkında qeydə alınıb. Bunu və digər maraqlı məlumatları zooloji parkdan reportaj hazırlayarkən öyrəndik.
Bakı zooparkının yaranması ötən əsrin 20-ci illərinə təsadüf edir. 1928-ci il dekabrın 14-də zoopark keçmiş Lunaçarski, hazırkı Nizami parkında "Bakı Heyvanat Bağı" adı altında kiçik zooloji guşə kimi fəaliyyətə başlayıb. 1942-ci ildə "zooloji park" statusu alıb və sonralar yeri bir neçə dəfə dəyişdirilib. 70-ci illərdə park Bayıl qəsəbəsində yerləşib, lakin ərazinin sürüşkən olduğu nəzərə alınaraq, indiki yerinə köçürülüb. Həmin vaxt parkın ərazisi 45 hektar olmalı idi. Lakin 1980-ci ilin əvvəllərində cəmi 2,25 hektar ərazi zoopark üçün istifadəyə verilib. Amma 2001-ci ildə Zooloji Parkın ərazisi iki hektar da artırılaraq 4,25 hektara çatdırılıb.
Bakı Zooloji Parkının direktoru Azər Hüseynov bizimlə söhbətində heyvan və quşların yerlərinin dar olduğunu bildirdi. Onun sözlərinə görə, normal zooloji parkların ərazisi 20 hektardan başlayaraq 100 hektaradək olmalıdır.
Nərimanov rayonu, Bakıxanov küçəsi, 29 ünvanda yerləşən dörd hektarlıq bu parkı gəzib-dolaşmaq elə də çətin deyil. Zooparka üz tutan insanlar dincəlmək üçün burada çay və müxtəlif sərinləşdirici içkilər də sifariş edə bilərlər. Çay masalarının arasından keçib birbaşa ilan və Nil timsahlarının saxlandığı guşəyə gedirik. İlanlar öz işində olsa da, timsah kefsiz görünürdü. Yerinin dar olmasına baxmayaraq, günəş düşən səmtdə sərilməyə imkan tapmışdı. Amma onun üçün nəzərdə tutulan hovuzun suyu timsahın heç ayaqlarına da çatmazdı. Su haradasa qurumaq üzrə idi. Daha sonra akvariuma baş çəkdik. Burada onlarla müxtəlif növlü balıqlar saxlanılır. Amma bu növlər haqqında çox yerdə məlumat yazılmayıb. Bələdçi xanımın sözlərinə görə, əvvəllər balıqlar haqqında məlumatlar hər bir akvariuma yapışdırılıb, lakin insanlar onları qoparıblar.
Çirkli gölməçədəki ağ flaminqo
Daha sonra bir-birindən gözəl quş növlərini seyr etdik. Onların içərisində halına acıdığımız ağappaq flaminqo quşlarıdır. Belə ki, bu quşların gəzib-dolaşdığı su gölməçəsi qapqaradır. Axarı olmayan gölməçənin uzun müddət suyunun dəyişdirilmədiyini kənardan həm görmək, həm də pis qoxusunu hiss etmək mümkündür. Zooparkın direktoru bu vəziyyətə aydınlıq gətirərək bildirdi ki, əraziyə gələn su borusu deşilib: "Neçə gündür ki, bu işlə məşğuluq. Su borusu düzələn kimi bunlar hamısı aradan qaldırılacaq".
Zooparkdakı canavarların bədəninə isə yaman qaşınma düşmüşdü, özlərini gah yerə, gah da dəmir barmaqlıqlara sürtürdülər. Tükləri necə korlanıbsa, vəhşi heyvan əzəmətindən əsər-əlamət qalmayıb. Digər heyvanlar - qonur ayılar, nəcib maral, ceyranlar, ponilər və Alpak dəvələri isə öz işlərində idilər. Dəvəquşuları da məmnun görünürdülər. Bakı Zooloji Parkındakı heyvan və quş növləri bunlarla bitmir. Burada Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, Arktika canavarı, Şotland ponisi, yallı qoyun, Avropa cüyürü, pavian qamadril, tirəndaz, adi iriburun yenot var. Bundan başqa, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlara da rast gəlmək olar. Bakı Heyvanat Parkında həmçinin adı "Qırmızı Kitab"a düşmüş və nəsli kəsilməkdə olan nadir heyvan və quşlar saxlanılır. Bunlara ceyran, Dağıstan turu, qamış pişiyi, nəcib maral və qırmızı canavar kimi heyvanlar daxildir. Zooloji parkda olan yırtıcı quşların əksəriyyəti - berkut, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu da "Qırmızı Kitab"a daxil edilib, qorunur. Sürünənlərdən Aralıq dənizi tısbağası isə yalnız Azərbaycanda deyil, dünyada qorunur. Ümumiyyətlə, Bakı Zooloji Parkının kolleksiyasına hazırda 150 növdən çox 1200 başa qədər yırtıcı və məməli heyvanlar, quşlar, sürünənlər və balıqlar daxildir.
Heyvanlar mübadilə yolu ilə alınır
Heyvanların necə artırıldığına, əcnəbi ölkələrdən hansı yolla gətirildiyinə gəldikdə isə öyrəndik ki, Bakı Heyvanat Parkı 1995-ci ildən "Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyası"nın üzvüdür. Bu assosiasiyaya üzv olmaq Bakı zooparkına Avropa və MDB ölkələrinin zooloji parkları ilə əməkdaşlıq etməyə imkan yaradır. Yəni, bu zooparklarla heyvanların mübadiləsi həyata keçirilir. Zoopark direktoru qeyd etdi ki, bu günə qədər pulla heç bir heyvan alınmayıb: "1995-ci ildə Bakı zooparkında heyvan növlərinin sayı 60 növ, 200 baş idisə, artıq növlərin sayı iki dəfədən çox, başların sayı isə bir neçə dəfə artmışdır. Mübadilə nəticəsində Afrika aslanları, amur pələngi, bəbir, timsahlar, müxtəlif ilan növləri - anakonda, albinos ilanları, ceyranlar, meymunlar, xallı maral, quşların bir çox növləri, Cənubi Amerikada yaşayan alpakolar, Avstraliyada yaşayan kenqurular, emu dəvəquşuları və s. zooparkın sakinləri olmuşlar. Bunlar gətirildikdən sonra Bakı Heyvanat Parkı xeyli zənginləşmişdir. Bu heyvanların özləri də burada balalayaraq artırlar. Ərazimizin kiçik olmasına baxmayaraq, müəyyən nəticələr əldə etmişik. Ötən il Çexiya və Maldova ilə mübadiləmiz olub.
Maldovadan vaşaq, qırqovulların iki növünü gətirmişik, əvəzində onlara soltan toyuğu göndərmişik. Bu il isə onlar bizə oyuncaq meymun (həddən artıq kiçik olduğu üçün oyuncaq meymun adlanır - E.M.) və vaşaqın cütünü göndərməlidirlər. Bu o deməkdir ki, getdikcə bizim tək olan heyvanlarımız da cütləşəcəkdir. Bundan əlavə, bu il Gürcüstandan bir baş yaquar, beş baş meymun, iki baş lama gətiriləcək, biz də əvəzində on baş soltan toyuğu və bir baş Qafqaz maralının dişisini verməliyik".
Xatırladaq ki, cari ilin may ayında sözügedən assosiasiyanın Çexiyada konfransı keçirilib. Burada 70-dən çox zooloji parkın rəhbərləri iştirak edərək heyvanların yemlənməsi, artırılması və s. barədə bir çox yeniliklərlə tanış olublar. Konfrans zamanı bizim zooparka ilanların çıxarılması üçün inqubator hədiyyə edilib. Hesab olunur ki, bu inqubator vasitəsilə gələcəkdə ilanlardan bala almaq daha asan olcaqdır.
İnsanlara xəbərdarlıq!
Onu da qeyd edək ki, Bakı Zooloji Parkında heyvanların doğum faizi tələbdən çoxdur. Onların ölüm səbəbi əsasən qocalıqdan irəli gəlir. Bəzən görürsən ki, ziyarətçilər heyvana sellofan və müxtəlif zərərli məhsullar atırlar. Bunun nəticəsidir ki, iki il əvvəl bir ceyran tələf olub. Ölü ceyranın içi yarılanda mədəsinin sellofanlarla dolu olduğu ortaya çıxıb. Bu barədə təəssüflə danışan A.Hüseynov bildirdi ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də insanlar heyvanları yedirtmək istəyirlər: "Sellofanda yem verirlər, dibində bir az qalanda sellofanla birgə heyvanın qarşısına atırlar. Bəzən meymunun avtomobil açarını alması kimi xoşagəlməz hadisələr də olur. Görürsən ki, valideyn uşağı götürüb ikinci səddə qoyur ki, uşaq meymuna nəsə versin, belə olduqda bəzən meymun uşaqları zədələyir. Əvvəllər belə hadisələr çox olsa da, indi xeyli azalıb. Biz heyvanlar üçün maksimum geniş yer təmin etmişik ki, sərbəst gəzə bilsinlər. Bu baxımdan, onların qəfəsdən çıxmağından deyil, insanların ora keçməyindən qorxuruq".
Heyvanlara qulluq məsələsi ilə də maraqlandıq. A.Hüseynov dedi ki, qış ayı üçün arpa, buğda, qarğıdalı tədarük olunur. Çünki qışda qiymətlər bahalaşır. Ona görə də yayda qış üçün, qışda da yay üçün qida hazırlıqları görülür. Zooloji parkda direktor başda olmaqla, beş nəfər baytar həkim işləyir: "Bizim əsas vəzifəmiz, ilk növbədə, heyvanlarda xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsidir. Yəni, müəyyən heyvanlar var ki, onlarda quduzluğa qarşı peyvəndləmə aparılır. Bəzi heyvanlar var ki, onlardan ildə bir dəfə qan alınır, bruselyoza qarşı yoxlanılır. Həmçinin mütəmadi olaraq gənələrə qarşı dezinfeksiya işləri aparılır. Rübdə bir dəfə heyvanlarda qurdlara qarşı tədbirlər görülür. Bu tədbirlər görülməsə, heyvanların hamısını itirə bilərik".
Hazırda Bakı Zooloji Parkının internet saytı yoxdur. "Elektron hökumət"in formalaşdığı bir dövrdə buranın da internet ünvanının olması yəqin ki, ümumi işin xeyrinə olar. Zoopark rəhbərliyi bildirdi ki, internet saytı barədə düşünürlər: "Yəqin ki, maddi imkanımız yol verən kimi, bu məsələ də öz həllini tapacaq".
55 hekratlıq yeni zoopark
Yaxın illərdə yeni Zooloji Park tikilib istifadəyə veriləcək. Ötən il iyul ayının 20-də Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Abşeron rayonunda yeni Zooloji Parkın tikintisinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Hazırkı zooparkın işçi heyəti bildirir ki, yeni Zooloji Parkın tikilməsində çox maraqlıdırlar. Onların sözlərinə görə, yeni zoopark 55 hektarlıq ərazini əhatə edəcək. Bu parkı heyvanla təmin etmək də o qədər çətin olmayacaq. Ona görə ki, hazırkı parkda heyvanların yeri çox dardır, yeni parkda isə onların yeri geniş olacaq. Həmçinin bütün ərazi heyvanlardan ibarət olmayacaq. Əlbəttə ki, orada təsərrüfat bölmələri, anbarlar, müəyyən iaşə obyektləri də nəzərdə tutulacaq.
Elgün MƏNSİMOV,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan"