Bahar gözəlliyinə
görə digər fəsillərdən fərqlənir. Səmada süzən quşlardan tutmuş yaşıllığa çevrilən
boz çöllər təbiətin insanlara ən böyük töhfəsidir.
Beləcə yaz
başlayandan sanki göylər yerə öz nurunu səpməyə tələsir. Bütün qış boyu quraqlıqdan
torpaq da bezmişdi. Böyüklərdən tutmuş uşaqlara qədər ötən qışın qarsızlığına təəssüflənərək
fəsli başa vurduq. İstiləşən hava boz ay boyunca bir-birinin ardınca çərşənbələri
qova-qova Baharın pişvazına çıxdı. Torpağın köksündə Od qalanmış, Yel Suyu axmağa
başlamışdı. Hətta martın ortalarında havanın tempraturu 20 dərəcəyə qədər yüksəldi.
Təpədən-dırnağadək hər şey dəyişdi. Axar sular aşıb-daşdı, yamaclar yaşıllaşdı,
gecələr qısalıb ömrünü gündüzə bağışladı.
İnsanlar iqlim
dəyişikliyinə artıq alışıb. Yenə də təbiət bizi təəccübləndirdi. Aprelin ikinci ongünlüyündə Qubanı ağ örpəyə bürüdü.
Yaşıl səməniyə bənzəyən torpağa qar necə də yaraşırmış. Zirvədə topalanan qar sanki,
-”mənsiz yaz olmaz!” deyir. Sübh günəşinin şəfəqlərinin çarpaz şölələndiyi qarlı zirvə öz ruzi-bərəkətini dörd bir yana yaymaqdadır.
Amma bu qarın
insanlara gətirdiyi sevincin əksi təbiətə vurduğu zərərdi. Çərdəkli meyvələrin çiçəkləndiyi
bir zamanda yağan qar onların barını əlindən
aldı. Gilas, albalı, şaftalı, ərik kimi meyvələrə bu zaman yağan qarın vurduğu zərər
onu yetişdirən insanlara təəssüf hissi yaşatdı. Demək, bu il həmin meyvələr qıt
olacaq. Arılara da bu qarın yağmağı yaxşı təsir göstərmir. Amma bəzi təsərrüfat
adamlarına düşərli oldu. Taxıl zəmilərinə yağan qar bu sahəyə can verdi. Göy zəmilərdə
bərəkəti artıran qar sahibkarların sevincinə səbəb oldu.
Amma nə etmək
olar, Allahın işinə kim qarışa bilib ki. Xoşbəxt anları yaşayan
Bahar isə kainatın Azərbaycan dünyasında dolaşmaqdadır. Nə qədər
qar yağsa da, temperatur aşağı düşsə də, unutmayaq ki, qışın ömrü bitib. Uşaqların
"kaş qışda yağaydı bu qar” təəssüfü isə qaldı gələn ilə. Qarşıda
isə bərəkətli günlər gəlir.
Akif ƏLİYEV,
"Azərbaycan”