Artıq 20 ilə yaxındır ki, Qubadlıdan çıxmışıq. Yaşadığımız hər günün ağırlığı ilə bərabər olub. Doğma torpağımızdan ayrı düşməkdən, ev-eşiyimizi, ömrümüz boyu qazandıqlarımızı itirməkdən ağır nə ola bilər ki?! Hara getsən yad olursan, oturuşana qədər bir ömür də azlıq edir. Sumqayıtın "Şəfa" sanatoriyasında məskunlaşdıq.
Dərdimizin ağırlığına, itkimizin böyüklüyünə baxmayaraq istər yerli təşkilatlardan, istərsə də şəhər əhalisindən gördüyümüz qayğıya, mərhəmət hissinə sevindik. Bircə canımızı götürüb qaçmışdıq, xırda bir köməyə də, adi təsəlliyə də uşaq kimi sevinirdik. Beləcə, bizi əhatə edən insanların qayğısına, köməyinə arxalanıb yaşadıq. Çətinliklərimiz də aradan götürüldü, qayğılarımız nisbətən azaldı. Ordan körpə gələn uşaqlarımız indi ali məktəblərdə oxuyur, hərbi hissələrdə vətənə borclarını verirlər, ailə quranlar da az deyil.
Lakin yaşadığımız sanatoriyada uzun müddət təmir aparılmadığından əziyyət çəkirdik. Bu ilin fevralında rayon icra hakimiyyəti başçısı Malik İsaqova sanatoriyada görüş keçirərkən üzləşdiyimiz çətinliklərdən, məişət qayğılarından danışdıq. Bir mənzildə bir neçə ailə məskunlaşırdı, sovetlər vaxtında təmir edilən kommunikasiya xətləri sıradan çıxmışdı, pilləkənlər keçilməz hala düşmüşdü.
İcra başçısı bizi diqqətlə dinlədi, qeydlərini etdi və qısa müddət ərzində yaşadığımız mənzillərdə təmir işləri başlanıldı. "Şəfa" sanatoriyasının I və II mərtəbələri müasir qaydalara uyğun təmir edilərək yenidən sakinlərin ixtiyarına verildi. Bundan başqa, yaraşıqlı xeyir-şər evi, tibb məntəqəsi, kitabxana da məcburi köçkünlərin ixtiyarına verildi. Biz qaçqın və məcburi köçkünlər yaxşı bilirik ki, belə nəcib əməllər ölkə başçısının bizlərə olan qayğı və diqqətindən bəhrələnir. "Şəfa" sanatoriyasında müvəqqəti məskunlaşan bütün sakinlərin adından bu işdə əməyi olan hər bir kəsə öz minnətdarlığımızı bildiririk. Dara düşənə xeyirxahlıq etmək babalardan qalıb. Əminik ki, gün gələcək düşməndən azad olunan torpaqlarımıza qayıdacağıq, içimizdə qubarlanan vətən nisgili əriyib gedəcək, yolumuzu gözləyən yurdumuza dönəcəyik.
Qüdrət ALLAHVERDİYEV,
Qubadlı rayon sakini