05 Oktyabr 2026 15:57
116
SİYASƏT
A- A+
Azərbaycanın xarici siyasət modeli  

Azərbaycanın xarici siyasət modeli  


Milli güc, siyasi müstəqillik, çoxvektorlu diplomatiya, strateji tərəfdaşlıq və strateji təmkin


Milli dövlətlərin formalaşmağa başladığı və müasir beynəlxalq münasibətlər sisteminin ilkin təzahürlərinin meydana çıxdığı gündən etibarən real xarici siyasət milli güc amilinə söykənir. Bu sahədə mövcud olan bütün klassik nəzəriyyələrdə dövlətlərin beynəlxalq müstəvidə ciddi təsir imkanlarına malik olmaları üçün məhz milli güc amilinin zəruriliyi vurğulanır. Dövlətin milli gücünü təşkil edən komponentlər isə onun coğrafi mövqeyindən, təbii ehtiyatlarından, insan resurslarından, iqtisadi və hərbi potensialından, milli xarakter, milli ruh kimi önəmli faktorlardan, diplomatiyanın və dövlət idarəçiliyinin keyfiyyətindən asılıdır. Bu komponentlər olmadan regional, subregional və qlobal müstəvidə real təsir imkanlarına malik olmaq, milli maraqları müdafiə etmək, şübhəsiz ki, mümkün deyil. Çünki bütün siyasi proseslərin, o cümlədən xarici siyasətin ana xəttini daha çox təsir imkanlarına malik olmaq uğrunda aparılan mübarizə təşkil edir.

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın xarici siyasəti də məhz milli güc amilinə əsaslanan, özündə klassik komponentlərlə yanaşı, çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb və praktik elementlərini birləşdirən, istisnasız olaraq milli maraqlara söykənən, təşəbbüskar, çevik, dinamik və çoxvektorlu siyasətdir: “1994-cü ildən etibarən əsas strateji istiqamətləri müəyyənləşdirilən xarici siyasətimizin cəmi 32 illik tarixinə nəzər yetirməklə, regional və qlobal proseslərin aktiv oyunçusuna çevrilmək üçün ən müxtəlif – geosiyasi, iqtisadi, mədəni, hərbi və digər istiqamətlərdə atılan strateji addımlara nə qədər böyük əmək sərf olunduğunu müəyyənləşdirmək və heç bir mübaliğəyə yol vermədən obyektiv dəyərləndirmə aparmaq çətin deyil. Yaxın tarixdə baş verənlərin göz önünə sərgilədiyi mənzərə isə belədir: Azərbaycan regional və qlobal proseslərdə ayrı-ayrı güc mərkəzlərinin peyk-dövlətinə çevrilmədən, qütblərarası manipulyasiyaya, yer və yön dəyişməyə yol vermədən, ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan, milli maraqlarından bir addım da geriyə çəkilməyən azsaylı dövlətlərdən biridir. Ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin həm forma, həm də məzmun etibarilə milli olması, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi və hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialını və coğrafi mövqeyini mühüm geostrateji faktora çevirən, təşəbbüslərinin rəğbətlə qarşılanmasına zəmin yaradan əsas amillər isə onun etimadlı, məsuliyyətli dövlət imicidir”.

Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev ərazisi və əhalisi o qədər də böyük olmayan ölkə üçün, xüsusilə geosiyasi ziddiyyətlərin qlobal miqyasda dərinləşdiyi bir zamanda, müstəqil amil kimi dünya miqyasında dayanmağın və hörmət qazanmağın asan olmadığını vurğuladı. Eyni zamanda qeyd etdi ki, Azərbaycanın xarici siyasətdəki addımları dünyada böyük təqdirlə qarşılanır: “Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu, nadir təcrübədir... Nə üçün Azərbaycan seçilir? Çünki birincisi, bizə inam var. Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. İkincisi, indi bir çox ölkələr müxtəlif düşərgələrə üzv olublar, yaxud da ki, olmaq istəyirlər. Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil”. Prezident İlham Əliyevin bu fikirləri təkcə Azərbaycan liderinin dövlət başçısı kimi xarakterini və mövqeyini ifadə etmir, həm də onun ölkəyə qazandırdığı obrazın cizgilərini ortaya qoyur. Daha öncə xarici siyasətin klassik elementlərindən söz açdığım zaman diqqət çəkdiyim milli xarakter də elə budur və xalqla liderinin ümumiləşdirilmiş obrazını yaratmaqla milli ruhun yüksəlişini təmin edir. 

E.Mirzəbəyli bildirib ki, Prezidentin Qurultaydakı çıxışında diqqət çəkilən ilk məqam Azərbaycanın mürəkkəb və sürətlə dəyişən geosiyasi mühitdə öz təhlükəsizliyini təmin etmək üçün milli gücünü davamlı şəkildə artırmasıdır: “Bu, xarici siyasətin yalnız diplomatik vasitələrlə həyata keçirilən fəaliyyət olmadığını göstərir. Xarici siyasətin effektivliyi, ilk növbədə, dövlətin öz qərarlarını müstəqil qəbul etmək və həmin qərarları müdafiə etmək imkanlarından asılıdır. Prezidentin “ətrafımızda məkanlar alovlanıb, qaynayır” fikri də məhz bu reallıqdan çıxış edir. Azərbaycanın ətrafında müharibələrin və toqquşmaların davam etdiyi, beynəlxalq hüququn təsir imkanlarının zəiflədiyi şəraitdə dövlətin təhlükəsizlik siyasətinin əsas məqsədi mümkün təhdidlərin qarşısını almaq üçün adekvat milli güc formalaşdırmaqdır. Burada söhbət müharibə istəməkdən deyil, əksinə, müharibənin qarşısını alacaq gücə malik olmaqdan gedir. Bu baxımdan “Azərbaycana qarşı hansısa təxribat törətmək heç kimin ağlına belə gəlməsin” yanaşması xarici siyasətin müdafiə komponentinin fəal çəkindirmə siyasəti ilə tamamlandığını göstərir. Başqa sözlə, Azərbaycanın təhlükəsizlik strategiyasında milli güc yalnız müharibə aparmaq vasitəsi deyil, müharibənin qarşısını almaq üçün siyasi alətdir. Bu isə müasir beynəlxalq münasibətlər sistemində dövlətin müstəqilliyini qorumağın fundamental şərtlərindən biridir. Eyni məntiq dövlət başçısının “Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca” ölkəyə qarşı təzyiqlərin artacağı barədə fikirlərində də özünü göstərir. Burada diqqətçəkən əsas məsələ odur ki, müstəqil xarici siyasət avtomatik olaraq təzyiqlərin yoxluğu demək deyil. Əksinə, beynəlxalq münasibətlərdə öz maraqlarını daha fəal müdafiə edən dövlətin üzərinə düşən siyasi məsuliyyət və qarşılaşdığı təzyiqlər də arta bilər. Bu reallıq Azərbaycan nümunəsində daha aydın görünür. Dövlətin milli maraqlarını ardıcıl şəkildə müdafiə etməsi onun xarici siyasətini daha görünən və daha təsirli edir. Belə şəraitdə əsas məsələ təzyiqlərdən yayınmaq deyil, həmin təzyiqləri idarə edə biləcək siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olmaqdır”.

Deputat deyib ki, Prezidentin çıxışında informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilməsi də bu baxımdan təsadüfi deyil. Müasir dövrdə dövlətlərin qarşılaşdığı təhlükələr artıq yalnız hərbi və fiziki xarakter daşımır. İnformasiya məkanı, ictimai rəy, milli kimlik və xüsusilə gənclərin dünyagörüşü uğrunda mübarizə də geosiyasi rəqabətin mühüm istiqamətlərindən birinə çevrilib. “Bizə əfsanə yaratmaq lazım deyil” fikri də məhz bu kontekstdə mühüm siyasi məna daşıyır. Azərbaycanın üstünlüyü tarixi və siyasi reallıqları süni şəkildə konstruksiya etməkdə deyil, öz mövqeyini faktlara, əldə edilmiş nəticələrə və real siyasi təcrübəyə əsaslandırmaqda görülür. Bu yanaşma xarici siyasətin informasiya təminatını da milli təhlükəsizlik məsələsi səviyyəsinə yüksəldir. Başqa sözlə, müstəqil xarici siyasətin davamlılığı yalnız dövlətin beynəlxalq aləmdə necə təqdim olunmasından deyil, onun öz cəmiyyətinə həqiqətləri necə çatdırmasından da asılıdır. Xarici təsirlərin və informasiya manipulyasiyalarının artdığı bir dövrdə milli informasiya məkanının qorunması dövlətin suverenliyinin tərkib hissəsinə çevrilir. “Azərbaycanın müstəqil xarici siyasətinin yaratdığı üstünlüklərdən biri də ölkənin beynəlxalq və regional təşkilatlarda artan roludur. Prezidentin çıxışında BMT-dən sonra ikinci ən böyük təsisata dörd il yekdilliklə rəhbərlik edilməsinin, eləcə də Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinin xüsusi qeyd olunması bu baxımdan diqqətəlayiqdir. Burada mühüm olan yalnız ayrı-ayrı təşkilatlarda əldə edilən status deyil, Azərbaycanın coğrafi yerləşməsinin yaratdığı çərçivələri siyasi və iqtisadi əməkdaşlıq imkanları hesabına genişləndirə bilməsidir. Cənubi Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya ilə siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin dərinliyi onun regional sistemlər arasında birləşdirici həlqə kimi çıxış etmək imkanlarını artırır. Bu, Azərbaycanın xarici siyasətində coğrafiyanın taleyə çevrilməsinin qarşısının alınması və coğrafi mövqenin siyasi resursa çevrilməsi deməkdir.  Eyni yanaşmanı Azərbaycanın İslam dünyası ilə münasibətlərində də görmək mümkündür. Prezidentin çıxışında Azərbaycanın D-8-ə üzv qəbul edilməsi, İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələri və Bakıda keçiriləcək Zirvə Görüşünə verilən önəm Azərbaycanın özünü yalnız milli və regional deyil, həm də daha geniş sivilizasiya məkanının siyasi aktoru kimi təqdim etdiyini göstərir. Burada Azərbaycanın üstünlüyü yalnız İslam dünyasına mənsub olması ilə məhdudlaşmır. Söhbət bu mənsubiyyəti konkret siyasi təşəbbüslərə, əməkdaşlıq mexanizmlərinə və birləşdirici missiyaya çevirmək imkanından gedir. Prezidentin “İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq” fikri Azərbaycanın xarici siyasətində vasitəçilik və birləşdiricilik funksiyasının getdikcə daha çox önə çıxdığını göstərir”.

Deputat vurğulayıb ki, Azərbaycanın müxtəlif geosiyasi və sivilizasion məkanlarla paralel münasibətlər qurması onun çoxvektorlu xarici siyasətinin mahiyyətini daha aydın nümayiş etdirir. Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması, eyni zamanda, Çin və ABŞ ilə strateji tərəfdaşlıq formatlarının yaradılması bu siyasətin ən mühüm göstəricilərindəndir.Prezidentin çıxışında Çin və ABŞ-nin “dünyanın iki supergücü” kimi təqdim olunması və Azərbaycanla hər iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğunun xüsusi vurğulanması, əslində, çoxvektorlu siyasətin mahiyyətini izah edir. Azərbaycan hansısa geosiyasi qarşıdurmanın tərəfinə çevrilmək əvəzinə, müxtəlif güc mərkəzləri ilə milli maraqlar əsasında münasibətlər qurmağa üstünlük verir. Bu modelin ən mühüm üstünlüyü manevr imkanlarının qorunmasıdır. Dövlət bir geosiyasi düşərgəyə tam bağlanmadıqda onun müxtəlif tərəfdaşlarla münasibətlərində alternativlər yaratmaq, milli maraqları daha geniş diplomatik müstəvidə müdafiə etmək və dəyişən beynəlxalq şəraitə daha çevik reaksiya vermək imkanları artır.Lakin çoxvektorlu siyasətin davamlılığı yalnız diplomatik manevr qabiliyyətindən asılı deyil, onun əsas kapitalı etimaddır. Prezidentin “dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir” fikri də məhz bu siyasi kapitala işarə edir. Beynəlxalq münasibətlərdə dövlətin reputasiyası və etibarlılığı ölçülə bilən maddi resurs qədər mühüm strateji aktivə çevrilə bilər. Çünki dövlətin verdiyi vədə əməl etməsi, tərəfdaşlıq münasibətlərində ardıcıllıq nümayiş etdirməsi və ikili standartlardan uzaq dayanması onun siyasi çəkisini artırır. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə eyni vaxtda əməkdaşlıq edə bilməsinin arxasında məhz belə etimad mühiti dayanır. “Bu etimadın formalaşmasında Azərbaycanın Qarabağ məsələsində nümayiş etdirdiyi siyasi xətt də xüsusi əhəmiyyət daşıyır. Prezidentin çıxışında hərbi qələbədən sonra sülhə keçidin vurğulanması göstərir ki, dövlətin məqsədi əbədi müharibə deyil, milli maraqları təmin edən dayanıqlı sülhün əldə olunmasıdır. Burada Azərbaycanın xarici siyasətinin daha bir mühüm üstünlüyü – strateji təmkin amili ortaya çıxır. Prezidentin “siyasətdə emosiyalara yer yoxdur” fikri, əslində, dövlət idarəçiliyinin və xarici siyasətin fundamental prinsiplərindən birini ifadə edir. Gücə malik olmaqla gücdən nə zaman istifadə etməyi, nə zaman dayanmağı bilmək eyni dərəcədə mühüm siyasi bacarıqdır”, - deyə o əlavə edib.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, Azərbaycanın son onilliklərdə qazandığı xarici siyasət üstünlüklərini bir neçə əsas anlayış ətrafında ümumiləşdirmək mümkündür. Bunlar milli güc, siyasi müstəqillik, etibarlılıq, çoxvektorlu diplomatiya, strateji tərəfdaşlıq, regional əlaqələndiricilik, informasiya təhlükəsizliyi və strateji təmkindir. Bu komponentlərin hər biri ayrılıqda müəyyən üstünlük yaratsa da, Azərbaycanın modelini fərqləndirən əsas cəhət onların vahid siyasi strategiya daxilində bir-birini tamamlamasıdır. Milli güc müstəqil qərar qəbul etməyə imkan verir, müstəqil qərarvermə çoxvektorlu siyasət üçün zəmin yaradır; çoxvektorlu siyasət etimad və tərəfdaşlıq şəbəkəsini genişləndirir; etimad isə ölkənin regional və qlobal proseslərdə vasitəçi və birləşdirici rolunu gücləndirir. Beləliklə, Azərbaycanın xarici siyasətinin əsas üstünlüyü onun hansısa geosiyasi mərkəzə qarşı qurulmasında deyil, milli maraqların təmin olunmasına yönəlmiş çevik və müstəqil siyasi xəttin formalaşdırılmasındadır. Bu xətt Azərbaycanın həm Şərq, həm Qərb, həm Türk dünyası, həm İslam dünyası, həm də müxtəlif qlobal güc mərkəzləri ilə münasibətlər qurmasına imkan verir. Ən başlıcası isə bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil hüququn subyekti kimi çıxış etmək imkanlarını daha da genişləndirir. 

Deputat qeyd edib ki, Azərbaycanın son 32 illik xarici siyasət təcrübəsi müstəqilliyin yalnız siyasi-hüquqi status olmadığını göstərir: “Müstəqillik həm də onu qorumağa imkan verən milli gücün, siyasi iradənin, strateji düşüncənin və diplomatik etimadın daim inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin Qurultaydakı fikirlərində ifadə olunan əsas məntiq də bundan ibarətdir: Azərbaycanın xarici siyasətdə qazandığı üstünlüklərin başlıca mənbəyi onun heç bir geosiyasi düşərgənin hazır siyasət formuluna sığmayan, öz milli maraqları üzərində qurulan müstəqil siyasi xəttidir. Məhz buna görə Azərbaycan üçün müstəqil xarici siyasət sadəcə seçim deyil, dövlətçiliyin qorunmasının, milli gücün beynəlxalq siyasi təsirə çevrilməsinin fundamental şərtidir”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

VIII Qurultayın siyasi mesajları  

16:13
05 Oktyabr

Azərbaycanın xarici siyasət modeli  

15:57
05 Oktyabr

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

15:50
05 Oktyabr

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir  

15:49
05 Oktyabr

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

15:47
05 Oktyabr

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

15:37
05 Oktyabr

Böyük qayıdış daha da sürətlənəcək  

15:34
05 Oktyabr

Güclü dövlət, müstəqil siyasət, sarsılmaz iradə  

15:26
05 Oktyabr

Yeni geosiyasi reallıqlar və Azərbaycanın xarici siyasət strategiyası  

15:01
05 Oktyabr

Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir  

14:54
05 Oktyabr

Azərbaycan öz taleyinin sahibidir  

14:46
05 Oktyabr

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

14:40
05 Oktyabr

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib  

14:39
05 Oktyabr

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

14:37
05 Oktyabr

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

14:36
05 Oktyabr

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB

14:33
05 Oktyabr

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur  

13:26
05 Oktyabr

Sabah yağış yağacaq

13:24
05 Oktyabr

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

13:23
05 Oktyabr

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib  

12:33
05 Oktyabr

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb  

12:33
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!