Dünya od tutub yanır!
* Bu yanğın get-gedə genişlənir!
* Bu yanğının fəsadları getdikcə artır!
* Bu yanğından zərər çəkənlərin də miqdarı sürətlə çoxalır!
Təəssüf ki, belə yanğınlara odun atanların sayı onu söndürmək istəyənlərdən qat-qat artıqdır.
Aşkarda yanar ocağa neft töküb alovu qızışdıranlarla yanaşı, üzdə bir söz söyləyərək daldada "ələkçiyə qıl verənlər" də kifayət qədərdir.
Barmaqla sayılacaq qədər az ölkə var ki, onların liderləri müharibə ocağını söndürməyə qəlbən çalışır, vuruşanların sülhə gəlmələri üçün səmimən vasitəçilik etmək istəyir.
Lakin dalaşanların bir-birinə qarşılıqlı iddiaları çox olduğundan hələ ki heç bir tərəf güzəştə getməyə, sülhə gəlməyə meyilli görünmür.
* Ziyan çəkənlər isə daha çox döyüşən ölkələrin mülki insanları, sıravi vətəndaşlarıdır.
* Ziyan çəkənlər evləri dağıdılan, ocaqları söndürülən, doğmalarını, əzizlərini, yaxınlarını itirən günahsız insanlardır.
* Ziyan çəkənlər təkcə vuruşan tərəflər deyil, onlara qonşu olan ölkələrdəki hava məkanlarının bağlanmasından əziyyət çəkən sərnişinlərdir.
* Ziyan çəkənlər həm də bütün dünyadır.
Əslində, Yer kürəsi o qədər də böyük deyil.
Kosmosdan baxanda onun kiçikliyi aydın hiss olunur.
Hər gün göyə buraxılan yüzlərlə PUA-lar, qanadlı raketlər, dronlar səmanı çömçə kimi bulandıraraq qarışdırır.
Artıq dünyanın bütün qitələrində ilin fəsilləri dəyişib, yerini səhv salaraq çaşbaş qalıb.
* Dayanmadan vulkanlar püskürür, zəlzələlər baş verir;
* Meşə yanğınları planetimizin ağ ciyərlərini parçalayır;
* Sellər bütöv yaşayış məntəqələrini ağzına alıb aparır...
Kənd təsərrüfatının növrağı dağıldığından kəndli bol məhsula həsrət qalır, bazarlarda qiymətlər od tutub yanır.
Lakin gözünü pul hərisliyi tutmuş silah alverçilərinin, əlləri onların cibində olan siyasətçilərin başları artan gəlirlərini hesablamağa qarışdığından bütün bunları sanki görmür, yaxud görmək istəmirlər.
Bir günün içində ömürləri boyu qazandıqlarını itirərək yurdsuz-yuvasız qaçqına çevrilənlərin, bir qarın yemək üçün saatlarla itələşərək sonda gülləyə qurban gedənlərin faciəsi bu oyunları quranları zərrə qədər də narahat etmir.
Heç bütün bu qovğaların nüvə silahlarının işə düşəcəyi ilə yekunlaşa biləcəyi də sanki heç kəsin eyninə deyil.
Atom bombaları partlayanda isə nə varlı bilir, nə yoxsul tanıyır...
Heç dini əlamətləri də fərqləndirmir.
Dünya nüvə silahının nə olduğunu Xirosima və Naqasaki şəhərlərinin timsalında aydın gördü.
Amma nüvə silahının nə edə biləcəyini deyəsən artıq unudub...
Ölənlərin heç biri özü ilə o dünyaya heç nə apara bilmir!
Dünya hökmranlığı etmək, dünyanın var-dövlətini bir ölkənin əlində cəmləmək ideyası da bəşər tarixi yaranandan bəri kimsəyə müyəssər olmayıb.
Hərçənd ki, buna çalışanlar, bu yolda dəryalarca qan tökənlər də çox olub.
Bəs döyüşən tərəflər bu barədə düşünmürlərmi?
Bəs döyüşən tərəfləri müdafiə edərək silahlandıranlar baş verəcək idarəolunmaz nəticələrdən özlərinin də böyük ziyan görəcəklərini anlamırlarmı?
* Niyə sülh yaratmaq istəyənlərin səmimi səsi eşidilmir?!
* Niyə hədələr sülh çağırışlarını eşidilməz edir?!
* Niyə indiyədək iki dünya müharibəsinə səbəb olanlar üçüncünün həm də sonuncu ola biləcəyini anlamaq istəmirlər?!
Suallar çox, ağıllı çıxış yolları barədə danışıqlara gəlmək istəyənlər isə yox dərəcəsindədirlər.
***
Nəhayət, hamının çoxdan gözlədiyi hadisə baş verdi...
İsraillə İran arasında müharibə başladı!
İran həmişə İsraili yer üzündən siləcəyi ilə hədələyirdi.
İsrail İranın nüvə silahı yaratmasına heç zaman imkan verməyəcəyini bildirirdi.
İran isə MAQATE-nin və ABŞ-nin bütün xəbərdarlıqlarına məhəl qoymadan uranın zənginləşdirilməsini davam etdirirdi.
Nəhayət, məlum oldu ki, tezliklə İranın beş atom bombası hazırlamasına kifayət edəcək qədər zənginləşdirilmiş uranı olacaq.
İsrail də bir gecə qəflətən İranın çoxsaylı obyektlərini raket zərbələri ilə vuraraq onun bir neçə yüksək çinli hərbçilərini və nüvə silahı hazırlamaqla məşğul olan alimlərini öldürdü.
ABŞ Prezidenti D.Tramp İranı bu yoldan çəkindirmək üçün xəbərdarlıq etmişdi və sülh danışıqlarına çağırmışdı.
Lakin...
İsraillə İran arasında müharibənin olmamasını və indiki halda isə dərhal dayanmasını istəyən ən səmimi dövlət Azərbaycandır!
Çünki...
Azərbaycanın İsraillə çoxdan dostluq və əməkdaşlıq əlaqələri var və Vətən müharibəsində istifadə etdiyimiz müasir silahların bir qismini İsraildən almışıq və yenə də alırıq.
İranla Azərbaycan tarixi köklərə, milli ənənələrə malik müsəlman dövlətləridir və azərbaycanlıların böyük bir qismi İran ərazisində yaşayır.
Azərbaycan həmişə İrana dost münasibəti bəsləyib, onunla əməkdaşlığa can atıb.
Təəssüf ki, İran heç də həmişə Azərbaycana səmimi münasibət bəsləməyib, hətta İkinci Qarabağ müharibəsində hava məkanını açaraq daim Ermənistana silah-sursat daşınmasına şərait də yaradıb.
Azərbaycan isə heç zaman qardaşlıq mövqeyindən geri çəkilməyib.
İsrailin hücumu baş verən kimi Azərbaycan XİN dərhal bəyan etdi ki, ölkəmiz heç bir üçüncü dövlətə onun ərazisindən İrana qarşı istifadəyə yol verməyəcəkdir!
Azərbaycan İranda qalaraq müharibə nəticəsində çətin vəziyyətə düşən əcnəbi diplomat və turistlərin öz vətənlərinə rahat və təhlükəsiz qayıtmaları üçün sərhəd qapılarını onların üzünə açdı!
Azərbaycan daim bəyan etdiyi mövqeyində yenə də dönməz və qətiyyətlidir:
Ölkəmiz Cənubi Qafqazda sülh, əməkdaşlıq və mehriban qonşuluğun tərəfdarıdır!
Bunun üçün özünün bütün imkanlarını qonşularla bəlli prinsiplər əsasında bölüşməyə də hazırdır.
***
Azərbaycan xalqı və Azərbaycan dövləti müharibənin nə olduğunu yaxşı bilir!
Həm də ən yaxın dövrün təcrübəsi əsasında!
Bizim xalq heç zaman aqressiv olmayıb, heç kəsin torpağına göz dikməyib, heç bir halda müharibə istəməyib.
Amma daim qürurlu olub, müstəqil, azad yaşamaq istəyib, kimsənin qoltuğuna qısılmayıb!
İmperiyasevər qüvvələr, xain və məkrli qonşuları isə başqa cür düşünüblər.
Həm də təkcə düşünməyiblər, bizdən torpaq qoparmaq üçün daim fürsət gəziblər.
Hər dəfə Azərbaycanın taleyüklü məqamlarında əllərinə belə bir fürsət düşüb.
Çar Rusiyasının köməyi ilə Cənubi Qafqazda yerləşən və Azərbaycan torpaqları hesabına özlərinə vassal dövlət yaradan ermənilər ötən əsrin əvvəllərində - Azərbaycan Xalq Cümhuriyyəti qurulanda yaranmış mürəkkəb vəziyyətdən istifadə edərək əlavə ərazilərimizi ələ keçirdilər.
Çar Rusiyasının "qırmızı davamçıları" olan sovet dövründə də Moskvanın köməyi ilə dəfələrlə soydaşlarımızı dədə-baba torpaqlarından deportasiya etdirərək boşaldılan ərazilərə sahib çıxdılar.
1923-cü ildə isə Kremlin qərarı ilə torpaqlarımızda "DQMV" adlı qondarma qurum təsis etdirərək, əslində, ərazimizdə gec partlayan mina basdırmış oldular.
Qırmızı imperiya laxlayaraq dağılanda isə yenə köhnə ssenari ilə hərəkətə başladılar.
Plan bəlli, niyyət məlum olsa da, yeni müstəqilliyin ilk illərində ölkəyə maymaq və qorxaq insanlar başçılıq etdiklərindən uzaqgörənlik və qətiyyət göstərə bilmədilər.
Həqiqi rəhbərindən və sadiq oğlundan ayrı düşmüş Azərbaycan xalqı isə ordusuz və silahsız olduğundan torpaqlarını qoruya bilmədi.
"Arxalı köpək qurd basar" - demişlər.
Ermənilər havadarlarına və dostlarına güvənərək, onlardan siyasi, hərbi, maliyyə, diplomatik dəstək alaraq ərazilərimizin iyirmi faizini işğal etdilər.
Bu qanlı müharibədə iyirmi min övladını şəhid verən Azərbaycan işğalla heç zaman barışmayacağını dönə-dönə bəyan etdi.
Xalq həqiqi rəhbəri Ulu Öndər Heydər Əliyevi yenidən ölkə rəhbərliyinə qaytardı, sülh danışıqları yolu ilə torpaqlarını qaytaracağına ümid bəslədi.
Ulu Öndər Heydər Əliyev ölkədə daimi və dönməz sabitlik yaratdı, Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirdi, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olaraq ölkənin gələcək iqtisadi inkişafını təmin etdi, yeni ordu quruculuğuna başladı!
Ömür isə bundan artığına imkan vermədi...
***
İlham Əliyev ölkə rəhbəri kimi fəaliyyətə başlayanda baş problemin - Qarabağ məsələsinin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmini əsasında həllinin mümkünlüyünü yaxşı bilirdi.
Lakin o da məlum idi ki, Ermənistan heç zaman torpaqları sülh yolu ilə qaytarmayacaqdır.
O da məlum idi ki, ATƏT-in Minsk qrupu "sülh danışıqları" adı ilə məsələnin çözümünü uzatmağa çalışaraq bu yolla xalqımızın işğalla barışacağına bel bağlayırdı.
Həm də müharibə variantı zamanı yenidən Ermənistana dəstək verərək onu bir daha qalib çıxaracaqlarına əmin idilər.
Azərbaycana qarşı qurulmuş bu oyunun bütün "qayda"larına əməl etməklə sülh danışıqlarına getmək, son nəticədə isə düşmən üzərində qələbə çalmaq elə də asan iş deyildi.
Bu, heç mümkün də görünmürdü.
Amma...
İlham Əliyev iti zəkası, uzaqgörənliyi, möhkəm iradəsi və qətiyyəti, ən əsası, nəyi necə və nə vaxt etmək məharəti sayəsində təkcə Ermənistana deyil, onun havadarlarına və dəstəkçilərinə, müdafiəçilərinə də qalib gəldi.
Uzun illər çəkən bu prosesdə Azərbaycanın fərqli, düşünülmüş və özünəməxsus xarici siyasəti də formalaşaraq yeni məna kəsb etdi.
Ən əvvəl, Müzəffər Ali Baş Komandan İlham Əliyev səmərəsizliyinə və nəticəsizliyinə əmin olduğu sülh danışıqlarından imtina etmədi.
Eyni zamanda bu danışıqlar zamanı bütün təsir və təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarına ziyan verə biləcək heç bir sənədə imza atmadı.
İlk növbədə qaçqın və çadır düşərgələrində, ictimai binalarda və qeyri-yaşayış yerlərində məskunlaşaraq ağır şəraitdə qalan məcburi köçkünlərin həyat və məişət şəraitlərinin yaxşılaşdırılması üçün təcili və təxirəsalınmaz tədbirlər görülməli idi.
Büdcəyə kifayət qədər vəsaitin toplanılmadığı bir vaxtda bunu etmək asan iş deyildi.
Üstəlik, regionlarda vəziyyət ağır olaraq qalır, elektrik enerjisi böyük fasilələrlə verilir, işsizlik və yoxsulluq baş alıb gedir, sahibkarlıq inkişaf etmirdi.
Bütün bunların həlli üçün ölkənin iqtisadi imkanları genişləndirilməli idi.
Prezidentliyinin ilk günlərində cənab İlham Əliyev eyni vaxtda bir çox məsələ ilə məşğul oldu:
* Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul olunaraq uğurla yerinə yetirildi.
* Sahibkarlıq inkişaf etdirildi, çoxsaylı yeni iş yerləri açıldı, işsizlik və yoxsulluq beş faiz səviyyəsinədək aşağı salındı.
* 116 yeni qaçqın şəhərciyi və yaşayış kompleksi salınaraq 300 mindən çox məcburi köçkünün həyat şəraiti yaxşılaşdırıldı.
* Regionlar fasiləsiz elektrik enerjisi ilə təmin olundu, ölkə üzrə qazlaşdırma qısa müddətdə 95 faizi keçdi.
* Görülən bu və digər tədbirlər nəticəsində tarixinin ən qüdrətli Azərbaycanı yaradıldı.
Bütün bunlar üzdə olan və hamının görə bildiyi məsələlər idi.
İlham Əliyev bir an da olsun torpaqların qaytarılmasını və ölkənin ərazi bütövlüyünün bərpasını yaddan çıxarmırdı!
Aşkar və gizli formada yeni ordu quruculuğu ilə ciddi şəkildə məşğul olurdu!
BELƏLİKLƏ:
* Yeni gənc nəsil yetişdirildi və onların iştirakı ilə müasir ordu formalaşdırıldı.
* Ən yeni texnologiyalara əsaslanan müasir silahlar alınaraq ordu təchiz edildi.
* Yeni xüsusi təyinatlılar və komando hissələri yaradıldı.
* Davamlı və sistemli şəkildə hərbi təlimlər keçirilərək orduda peşəkarlıq yüksək səviyyəyə qaldırıldı.
* Yeni taktika və strategiyanın tətbiqinə, müasir müharibənin aparılmasına nail olacaq yeni hərbçilər, hərbi mütəxəssislər dəstəsi yetişdirildi.
Bir sözlə, Azərbaycan işğalçıya qarşı müharibəyə tam hazır oldu!
Hətta 2016-cı ilin dördgünlük Aprel müharibəsində yeni ordu çox böyük uğurla sınaqdan keçirildi.
Ermənistan isə baş verənlərdən nəticə çıxarmadı.
Azərbaycan yenə də sülh danışıqlarından dönmədi...
O vaxta qədər ki, Ermənistanın yeni rəhbəri N.Paşinyan sərxoş vəziyyətdə "Qarabağ Ermənistandır və nöqtə" deyərək sülh danışıqlarının mənasızlığını açıq şəkildə göstərdi.
Lakin İlham Əliyev bu dəfə də tələsmədi.
Əvvəlcə Soçidə, sonra isə Münxendə keçirilən beynəlxalq tədbirlərdə Paşinyanın bu mövqeyini gündəmə gətirərək sülhdən məhz Ermənistanın qaçdığını dünya ictimaiyyətinin nəzərinə dönə-dönə çatdırdı.
Zaman göstərdi ki, İlham Əliyev tələsməməkdə, hər dəfə hesablanmış və düşünülmüş addımlar atmaqda nə qədər haqlı imiş!
İkinci Qarabağ müharibəsi başlayanda hərbi əməliyyatların uzanmaması üçün də mümkün olan hər şeyi etdi.
Özü isə üç cəbhədə - hərb meydanında, diplomatiya sahəsində və informasiya müharibəsində cəsarət və qətiyyətlə döyüşərək hər üçündə qalib gəldi!
Zaman İlham Əliyevin artıq neçənci dəfə haqlı olduğunu, düzgün və müdrik addımlar atdığını bir daha təsdiq etdi!
Ermənistanın və dostlarının bütün çabalarına baxmayaraq, kimsə Azərbaycanı günahkar çıxara bilmədi!
Heç bir beynəlxalq təşkilat, bəzilərinin istəyinə baxmayaraq, ölkəmizə qarşı sanksiya tətbiq edə bilmədi!
Azərbaycan müharibənin bütün qanunlarına sonadək əməl etdi!
Ermənistanın xahiş və yalvarışlarından və yalnız İlham Əliyevin bütün şərtləri təmin olunduqdan sonra müharibə dayandırıldı.
Düşmənə sülh əlini birinci uzadan isə məhz qalib Azərbaycan oldu!
***
Azərbaycanın özünəməxsus, fərqli, düşünülmüş siyasəti vardır.
* Bu siyasət Heydər Əliyev siyasi kursunun prinsipləri əsasında formalaşdırılıb.
* Bu siyasət beynəlxalq hüququn norma və prinsiplərinə söykənir.
* Bu siyasət İlham Əliyevə xas qətiyyət, iradə və uzaqgörənliklə aparılır.
* Bu siyasət ən əvvəl ölkənin milli və dövləti maraqlarını ehtiva edir.
Belə düşünmək yanlış olardı ki, bu gün Azərbaycanın yeritdiyi siyasət tam fərqli və məhdud çevrədədir.
Əksinə, Azərbaycanın yeritdiyi siyasət humanist, insanpərvər, sülhsevər olmaqla bu istiqamətdə çalışan ölkələrlə uyğun şəkildə, dostluq şəraitində aparılır.
Bu gün Azərbaycan Qoşulmama Hərəkatının, TDT-nin üzvüdür.
Digər qurum və təşkilatlarla da daim əlbir və əlaqəli çalışır, daha neçə birliyə üzvlüyə hazırlaşır.
Lakin onun üzv olduğu, yaxud olacağı təşkilatlarla əməkdaşlığının dəyişməz prinsipləri də mövcuddur.
Bunlar milli maraqların, hər bir dövlətin fərdi maraqlarının qorunması, beynəlxalq hüquqa əsaslanan sülhpərvər siyasətdir.
Əməkdaşlıq zamanı Azərbaycan heç bir dövlətin maraqlarına biganəlik və sayğısızlıq göstərmir!
Əksinə, bir çox məqamlarda razılaşaraq uyğun addımlar atır.
Eyni zamanda özünün milli maraqları ilə bağlı məsələlərdə kimsəyə güzəştə getmir və heç kəs ondan belə bir addım da gözləməsin!
Azərbaycan dünyanın da, dövlətlərin də inkişafını yalnız sülh və əməkdaşlıqda, bir-birinin daxili işlərinə qarışmamaqda, qarşılıqlı hörmətdə görür.
Azərbaycan heç zaman heç kəsin torpağına göz dikməyib, kiməsə qarşı ərazi iddiası ilə çıxış etməyib!
Heç kəsə də öz torpaqlarının bir qarışını belə güzəştə getməyib və bunu daim açıq şəkildə bəyan edib!
Bəli, Azərbaycan otuz ilə yaxın bir müddətdə Ermənistanı ağıla gəlməyə, torpaqları sülh yolu ilə qaytarmağa çağırdı və gözlədi.
Lakin elə ki, yolunu azmış dövlətin bunu xoşluqla etməyəcəyini, əksinə, artıq işğal etdiyi əraziləri özününkü saydığını və bunu açıq şəkildə bəyan etdiyini gördü, o zaman silaha əl atdı!
Ancaq müharibəni də mərdcəsinə apardı!
Yalnız düşmənin hərbi obyektlərini, terrorçu qrup və hərbi birləşmələrini hədəf seçdi, dəqiq zərbələrlə ətrafa ziyan vurmadan məqsədinə çatdı!
Ağlını itirmiş Ermənistan rəhbərliyi Azərbaycanın dinc yaşayış məntəqələrini qadağan edilmiş ballistik raket, kasetli və fosforlu bombalarla atəşə tutanda belə təmkinini itirmədi.
* Yenə humanizm göstərdi!
* Yenə müharibə qanunlarını pozmadı!
* Yenə düşmənlə düşmənin etdiyi kimi etmədi!
Amma sonda məqsədinə çatdı!
Mərdliklə çatdı!
Kişi kimi çatdı!
Mülki əhalini qurbana çevirmədən çatdı!
Ölkə ərazisini dinc şəkildə tərk etmək istəyənlərə isə təhlükəsiz yol verdi, hətta ehtiyacı olanlara yardım belə göstərdi.
***
Bu gün müharibə yenidən Cənubi Qafqaza yaxınlaşır!
Ermənistan hələ də ərazi iddialarından əl çəkərək sülh müqaviləsini imzalamaq istəmir.
İranla İsrail açıq və dağıdıcı müharibəyə başlayıblar...
Lakin Azərbaycan yenə sülh yolunu tutur, tərəfləri sülhə gəlməyə çağırır.
Azərbaycan hələ də səbir edərək Ermənistanın revanşist niyyətlərdən çəkinəcəyini gözləyir, müharibə bitən ilk günlərdən indiyədək sülhə çağırışını davam etdirir.
Bütün müharibələr sülhlə qurtarır...
Kimin hansı güzəştə gedib, nəyə nail olmasına baxmayaraq.
Dünya yalnız sülh şəraitində inkişaf edir!
Müharibə heç zaman xalqları və dövlətləri irəli aparmır, ağ günlərə çıxarmır.
Bu gün bir-biriləri ilə silahlarla, hədə-qorxu dili ilə danışaraq əhaliyə çətinliklər, ölüm və qaçqınçılıq yaşadanlar bu həqiqəti daha tez dərk etsələr, hər iki tərəf üçün daha yaxşı olar.
Azərbaycanın hamıya təklif etdiyi və özünün daim sadiq qaldığı əsl və ən düzgün yol da məhz budur:
Sülh yolu!
* Azərbaycan nə bu yolundan dönəndir, nə də prinsiplərindən geri çəkilən!
* Azərbaycan nə tələsəndir, nə də gecikən!
* Azərbaycan heç vaxt düşünülməmiş addım atmır!
İndiyədək nə lazımdırsa, o da edilib!
Bundan sonra görüləcək işlər də Azərbaycanın milli maraqlarına xidmət edəcəkdir!
Bu, birmənalıdır!
Bəxtiyar SADIQOV