Sellərin baş verməsinə səbəb çay yamaclarının yüksək meyilliyi, çay hövzələrində çoxlu aşınma materiallarının toplanması, güclü leysan və uzunmüddətli yağışların yağmasıdır. Havanın hərarətinin kəskin surətdə artması ilə əlaqədar çay hövzələrində toplanmış qar örtüyünün intensiv əriməsi və antropogen amillərin də rolu vardır.
Sellər çox yüksək sürətlə hərəkət edərək (saniyədə sürət 3 metr, bəzən də 10-15 metrə bərabər olur) ağırlığı 100-200 ton olan daş parçalarını asanlıqla hərəkət etdirir. Bəzən özü ilə gətirdiyi asılı materialların həcmi bir neçə milyon kubmetr olur. Yaxınlaşmaqda olan sellərin səsini, gurultu və nəriltisini yüz metrdən, hətta bir neçə kilometrədək məsafədən eşitmək olur.
Sel sularının orta hündürlüyü 3-5 metrə, nadir hallarda isə 10 metrə çatır. Belə sellərə əsasən Şin, Kiş çaylarında, Ordubadçayda və s. çaylarda rast gəlinir və bir çox hallarda böyük dağıntılara, insan ölümünə belə səbəb olur. Azərbaycanın tarixində sellər nəticəsində ən çox insan ölümü 1910-cu il avqust ayında Şin çayında baş vermiş və bunun nəticəsində Baş Göynük kəndində yaşayan 400 nəfərin itkisi ilə nəticələnmişdir.
Sellər əksər hallarda güclü leysan yağışlarından 1-2 saat sonra, çay hövzələrində toplanmış qar örtüyünün intensiv əriməsindən 5-10 saat sonra baş verir. Orta hesabla bir neçə dəqiqədən bir neçə saatadək davam edir. Ümumiyyətlə, Azərbaycanda sellərin 85-90 faizi yağış suları, 8-10 faizi qarışıq sular, 5 faizə qədəri isə qar suları hesabına baş verir. Sellər gətirdikləri asılı materialların tərkibinə görə sulu-daşlı, sulu-palçıqlı, daşlı-palçıqlı növlərə bölünür. Tərkibində 30-40 faiz gətirmə materialları olan sellərə turbulentli sellər, daşlı-palçıqlı, sulu-palçıqlı tərkibli sellərə isə strukturlu sellər deyilir və onlar daha böyük dağıdıcı qüvvəyə malik olurlar.
Son 100 il ərzində Azərbaycanda sellərin baş verməsini araşdırarkən məlum olur ki, onların 76 faizi iyun (10,5%), iyul (37,7%), avqust (28,5%) aylarında baş verir. Deməli, sellərin ən çox baş verdiyi vaxt yay aylarıdır.
Azərbaycan Respublikası səth quruluşunun müxtəlifliyi ilə seçilir. Orta yüksəkliyi 384 metr olmaqla, ərazisinin 60 faizini dağlar və dağətəyi yerlər, 40 faizini düzənliklər, o cümlədən 18 faizini isə dünya okeanı səviyyəsindən aşağıda yerləşən torpaqlar təşkil edir. Deməli, Azərbaycan ərazisinin 51960 km2-də sellərin başvermə ehtimalı yüksəkdir. Respublikadakı böyüklü-kiçikli 1200 çaydan son 50 ildə selli çayların sayı artaraq 170-ə çatmışdır. 1800-1900-cü illərdə Azərbaycanın selli çaylarında cəmi 24 dəfə, 1900-cü ildən 1950-ci ilədək 130 dəfə, 1950-ci ildən 2000-ci ilədək 320 dəfə sel keçməsi qeydə alınmışdır.
Azərbaycanda Böyük Qafqazın cənub ətəklərindən axan çaylarda sellərin baş verməsində XX əsrin 50-ci illərinədək bir qanunauyğunluq müşahidə edilirdi. Burada olan əksər çaylarda (Kiş, Bum, Şin çayları, Kürmükçay və s.) sellər hər üç ildən bir, bir qisim çaylarda 3-5 ildən bir, bir qismində isə 5-7 ildən bir sel hadisəsi baş verirdi. Artıq Azərbaycanda hər bir sel gətirən çayda bu qanunauyğunluq müşahidə edilmir. Sellərin baş verməsi qanunauyğunluqlarını bilməklə biz həmin ərazilərdə istehsalın səmərəli təşkili barədə düzgün qərar qəbul edə bilərik. Göstərilənlərlə yanaşı, elə çay və ərazilər var ki, orada son 50 ildə bircə dəfə dağıdıcı sel hadisəsi baş vermişdir. Buna 2010-cu ildə Masallı və Hacıqabul rayonlarında çox böyük dağıntılara səbəb olmuş selləri göstərmək olar.
XVIII əsrin axırlarından başlayaraq Azərbaycanda sellər haqqında, sellərin baş verməsinə səbəb olan amillər və s. məsələlər barədə rus alimlərinin bilavasitə Böyük Qafqazın cənub ətəklərinə təşkil olunmuş ekspedisiyalarından bəhs edən bir sıra yazılara rast gəlinir. Keçən əsrin 50-ci illərindən Azərbaycanda, xüsusən Böyük Qafqazın cənub ətəklərində baş vermiş sellərin elmi istiqamətdə öyrənilməsində rus alimləri ilə yanaşı Azərbaycan alimləri də fəal iştirak etmişlər. Sellərin fiziki-coğrafi (hidroloji) istiqamətdə öyrənilməsində professor S.Q.Rüstəmovun, sosial coğrafi istiqamətdə öyrənilməsində isə professor B.T.Nəzirovanın müstəsna xidmətləri olmuşdur.
Son 100 ildə Azərbaycanda sellərin təkrarlanması, onların əhatə dairəsi, vurduğu zərərlər kəskin surətdə artmışdır. XIX əsrin əvvəllərində Nuxa xanlığı ərazilərinin əlverişli iqlimi, yüksək məhsuldar torpaqları, geniş əraziləri tutan qiymətli enliyarpaqlı ağac növləri, baramaçılığın inkişaf etdirilməsi üçün tut (çəkil) ağaclarının böyük ərazilərdə yayılması və s. amillər rusların bu ərazilərə maraqlarını daha da artırmışdır. 1854-cü ildə Nuxa şəhərində odunla işləyən 119 zavod, kirəmit zavodu, dəmirçixanalar, çörəkxanalar, hamamlarla yanaşı kiçik şirniyyat sexləri də fəaliyyət göstərirdi. Həmin il Nuxa şəhərində 4524 ev olub və hər bir evdə ildə 1,5 kub sajen (3,2 m3) oduncaq yandırılırdı. Deməli, şəhərdə ildə qiyməti 71250 rubl olan 6787 kub sajen odun yandırılırdı. Göstərilən dövrdə Böyük Qafqazın cənub yamacları sıx enliyarpaqlı meşələrdən ibarət olsa da, onların intensiv, plansız qırılması nəticəsində gələcəkdə sellərin daha tez-tez baş verməsi üçün “əlverişli” şərait yaranır.
Azərbaycanda sellərin geniş yayıldığı dağlıq və dağətəyi ərazilərdə tarixən və hal-hazırda belə aktivləşməsinin bir səbəbi də göstərilən yerlərdə normadan qat-qat artıq mal-qaranın otarılmasıdır. Bir qayda olaraq dağlıq və dağətəyi ərazilər əsasən yaylaq kimi istifadə edilir. 1990-cı illərdən Kiçik Qafqazın yay otlaqları ermənilər tərəfindən işğal edildiyindən, hal-hazırda Azərbaycanda əsasən Böyük Qafqazın yay otlaqları istifadədədir.
XIX əsrin əvvəllərində Nuxa qəzasında yay otlaqlarında saxlanılan davarın sayı 200 min baş olmuşdursa, indi bir milyon başdan artıqdır. Belə vəziyyət Böyük Qafqaz dağlarının cənub ətəklərində sellərin kəskin surətdə aktivləşməsinə şərait yaradan əsas amillərdən hesab edilir. 1896-cı il Azərbaycan tarixində ən dağıdıcı sellərin və daşqınların baş verdiyi il olub. 114 il keçdikdən sonra sel və daşqınlar yenidən 2010-cu ildə təkrarlanıb. Əgər 1896-cı ildə Nuxa, Ərəş, Göyçay uyezdlərində sel və daşqınlar 411532 rubl zərər vurmuşdursa, 2010-cu ildə bu zərər çox kəskin surətdə artaraq təxminən 1,0 milyard ABŞ dolları miqdarında olmuşdur. 1896-cı ildə baş vermiş sellər onlarca yaşayış məntəqələrinin dağılması ilə nəticələnmişdir. Belə yaşayış məntəqələrindən Aşağı Göynük, Aşağı Laiski, Tala, Şin və s. kəndləri göstərə bilərik. Deyilənlərlə əlaqədar Azərbaycanın Nuxa uyezdinə Rusiya Dövlət Canişinliyi tərəfindən sellərə məruz qalan əraziləri və sellərin vurduğu zərərləri dəqiqləşdirmək üçün Qafqaz Su Müfəttişliyi Cənubi Qafqazda sellərə məruz qalan 33 yaşayış məntəqəsini, o cümlədən Azərbaycanda sellərə fasilələrlə, qismən və daima məruz qalan 20 yaşayış məntəqəsini müəyyən edir. Belə məntəqələrdən Zaqatala, Nuxa, Qax, Muxas, Baş Göynük, Bum, Vəndam, Qutqaşen (indiki Qəbələ) və s. göstərə bilərik. Cənubi Qafqazda o dövr üçün ən böyük - 1,7 milyon rubl maliyyə vəsaiti tələb edən bu layihənin icrası 20 ilə nəzərdə tutulurdu. Bu layihə üçün hər il 85 min rubl sərfi tələb olunsa da, naməlum səbəblər üzündən həyata keçirilmir. Amma buna baxmayaraq, demək olmaz ki, Çar Rusiyası dövründə sellərə qarşı heç bir müdafiə tədbirləri görülmürdü.
Azərbaycanın sel baş verən çayları içərisində tarixən və hal-hazırda elmi cəhətdən daha ətraflı öyrəniləni, selin ən çox təkrarlananı, dağıntılar törədəni, müdafiə məqsədləri üçün ən çox maliyyə resursları sərf olunanı, amma görülən müdafiə işlərinin əsaslı səmərə vermədiyi Kiş çayı olub. Göstərilənlərin əsas səbəbi təbii proseslərlə yanaşı, insanların təbiətə düşünülməmiş müdaxiləsi olmuşdur. Hazırda Kiş çayının gətirmə konuslarında sellərə məhəl qoyulmadan intensiv mənimsəmə işləri aparılaraq çoxsaylı fərdi yaşayış evləri, istehsal müəssisələri və s. inşa edilib.
Bunlarla əlaqədar Kiş çayı yatağı kəskin surətdə daralmış, sellərin gətirdiyi asılı materialların çay yatağı boyunca hərəkəti məhdudlaşmış, asılı materialların axın məsafəsi kəskin surətdə qısalmışdır. Ona görə də Kiş çayı yatağı bəzi ərazilərdə Şəki şəhərinin ayrı-ayrı məhəllələrindən yüksəkdə yerləşir. Çayın gətirmə konusunda dağıdıcı qüvvəsini və vurduğu zərərləri əsaslı surətdə azaltmaq üçün qanunsuz aparılmış və aparılmaqda olan hər cür tikinti işləri təcili dayandırılmalı, selin dağıdıcı qüvvəsini kəskin surətdə azaltmaq, sel sularının sərbəst və daha uzağa hərəkət etməsi üçün çay yatağında toplanmış asılı materialları başqa ərazilərə daşımaq vacibdir.
Göstərilənlərlə bərabər Kiş çayından 1772-ci ildən 1916-cı ilədək 10 dəfə, 1926-cı ildən hal-hazırkı dövrədək 40 dəfə dağıdıcı, çox da dağıdıcı olmayan 100-dən artıq sel keçmişdir. Kiş çayından keçən sellərin 90 faizi gecə vaxtı, 99 faizi isə leysan yağışları ilə əlaqədar olub. Ən qısamüddətli sel 1903, 1910-cu illərdə (3 saat), ən uzunmüddətlisi isə 1911, 1972-ci illərdə (20 saat) davam etmişdir.
Azərbaycanda sellər vurduqları iqtisadi zərərlərə, dağıntılara görə digər təbii fəlakətlər içərisində birinci yerdə durur. Bu zərər və dağıntılar son 20-30 il ərzində sürətlə artmaqda davam edir. Təxminən bu zərərlər ildə 30-50 milyon ABŞ dolları miqdarındadır. Hal-hazırda respublikanın Şəki, Qax, Balakən, Zaqatala, Qəbələ, Oğuz, Göyçay, Ordubad və digər 20 inzibati rayonunda yerləşən 600-dən artıq kənd və orada məskunlaşmış 1,0-1,5 milyon əhali fasilələrlə sellərə məruz qalır. Respublikanın IV-V dərəcəli avtomobil yollarının təxminən 4 min kilometri, II-III dərəcəli yollarının 500 kilometri, yüzlərcə körpü, vacib əhəmiyyətli təsərrüfat obyektləri, çoxsaylı selqoruyucu qurğular, su kəmərləri, elektrik və rabitə xətləri, suvarma sistemləri və s. obyektlər sellərə məruz qalır.
Çoxsaylı sel gətirən çaylardan olan Muxaxçayın gətirmə konusunun sahəsi 301 km2, Balakənçayda 261 km2, Kürmükçayda 212 km2, Kiş çayında 199 km2, Şin çayında 176 km2, Filfiliçayda 119 km2 olub, bu 6 çayın gətirmə konuslarının sahəsi 1268 km2-ə bərabərdir. Bu ərazilərdə vaxtilə ən yararlı yüz min hektarlarla əkin sahələri indi daş, çınqıl, qum, gil və s. kimi selin gətirdiyi materiallarla tutulmuş yararsız torpaqlara çevrilmişdir. Böyük Qafqazın cənub ətəklərində yerləşən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarının ümumi sahəsi 750 min hektarının olub, bunun 76340 hektarı zəif, 138830 hektarı orta, 184900 hektarı yüksək dərəcədə sellər nəticəsində eroziyaya uğramış torpaqlar təşkil edir. Göstərilən ərazilərdə cəmi eroziyaya uğramış torpaqlar 500 min hektar olub, inzibati rayonlar içərisində ən çox İsmayıllıda 72,6, Şəkidə 71,5, Qaxda 70,1 faiz təşkil edir.
Azərbaycanda olan bütün selli çayların gətirmə konusları və eroziyaya uğramış torpaq sahələri bu sürətlə artarsa və sellərə qarşı çox ciddi tədbirlər görülməzsə, yaxın 30-50 il ərzində respublikanın ən məhsuldar torpaq sahələrinin 100-150 min hektara qədəri yararsız hala düşərək yenidən eroziyaya uğrayacaqdır. Əksinə, sellər nəticəsində yararsız hala düşmüş belə ərazilər yenidən bərpa olunarsa, bu ərazilərdə meyvə və üzüm bağları salınarsa, hər il 100 min tonlarla meyvə və üzüm toplamaq olar. İndi selli çaylar nəticəsində yararsız hala düşmüş ərazilərin bir qismi vaxtilə buğda, arpa, qarğıdalı və çəltik əkini sahələri olub. Bu ərazilər yenidən yararlı hala salınarsa, belə sahələrdən 100 min tonlarla dənli bitkilər toplamaq mümkündür.
Dünyanın tez-tez sel baş verən ölkələri olan İtaliya, Türkiyə, Hindistan, İran, Meksika, Kolumbiya, Qazaxıstan, Özbəkistan və s. ölkələrdə sellərə məruz qalan ərazilər sel sularının gətirdiyi materiallardan təmizlənməklə həmin ərazilər müxtəlif təsərrüfat məqsədləri üçün istifadə edilir. Azərbaycanda göstərilən ölkələrin təcrübəsindən istifadə etməklə respublikada ərzaq problemini qismən həll etmək olar.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair sonuncu dövlət proqramında təbii fəlakətlərdən diqqət ən çox sel sularının qarşısının alınmasına yönəlmişdir. Göstərilən proqramda Azərbaycanda mövcud olan və ən çox zərər vuran çaylarda sellərə qarşı görüləcək işlər və bu işlərə əsas məsul təşkilatlar müəyyən edilib. Göstərilən dövlət proqramına əsasən bir şəhər, 15 inzibati rayon ərazisindən keçən 35 sel törədən çaylara aid olan Mazımçay, Balakənçay, Katexçay, Kümrükçay, Bum çayı, Dəmiraparançay, Türyançay, Kiş, Çin, Tala çayları, Muxaxçay, Göyçay, Girdmançay və s. çaylarda selə qarşı görüləcək mühəndis-mühafizə işləri üçün əsas icraçı təşkilatlara keçmiş “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, rayon icra hakimiyyətləri və bələdiyyələri təyin edilmişdir. Əvvəlki dövlət proqramlarından fərqli olaraq, 2013-2017-ci illəri əhatə edən Dövlət Proqramında selə qarşı görüləcək sahilbərkitmə, mühəndis-qoruyucu işlərinin artıq 20 inzibati rayon ərazisindən keçən çaylarda aparılması nəzərdə tutulan tədbirlərə icraçı təşkilat olaraq yalnız “Meliorasiya və Su Təsərrüfatı” ASC təyin edilib. I və II dövlət proqramlarından fərqli olaraq, III dövlət proqramında sellərin keçdiyi inzibati rayonlar konkret göstərilib. Lakin selə qarşı nəzərdə tutulan mühəndis-mühafizə işləri aparıldığı vaxtlarda bütün sel gətirən çaylardan bir neçə dəfə sel keçmiş və bunun nəticəsində görülən işlərin tamamlanmasına imkan verməmişdir. Aparılan işlərin bir qismi sel suları nəticəsində yenidən dağılmışdır.
Azərbaycanın Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən əraziləri dünyada sellərin ən çox yayıldığı regionlardan olmaqla, son 100 ildə sellərin təkrarlanması, vurduğu zərər kəskin surətdə artmaqda davam edir. Azərbaycan hökumətinin Kiş çayında selləri ram etmək üçün sərf etdiyi külli miqdarda vəsaitlə yanaşı, Asiya İnkişaf Bankı da ölkəmizdə selə qarşı mübarizə işlərinə və seldən zərər çəkən insanlara yardım məqsədilə 22 milyon ABŞ dolları ayırmışdır.
Sellər haqqında deyilənləri ümumiləşdirərək aşağıdakı nəticəyə gəlmək olar. Azərbaycanın dağlıq və dağətəyi əraziləri, xüsusi olaraq Böyük Qafqazın cənub ətəkləri dünyanın ən çox sel hadisələrinin baş verdiyi regionlarından hesab edilir. 100 ilə yaxın bir müddətdə sellərə qarşı görülən müdafiə işləri müsbət bir nəticə verməmiş, sellərin təkrarlanması, onların vurduğu zərər kəskin artmışdır. Böyük Qafqazın cənub yamaclarından axan Kiş çayının uzunluğu 33, Şinçayın, Balakənçayın və Mazımçayın hər birinin uzunluğu 39, Kürmükçayın uzunluğu 55, Muxaxçayın uzunluğu 56 kilometr olmaqla, bu çayların çox sürətlə axmasına görə sellərin qarşısıalınma işlərini çətinləşdirir. Sellərin baş verdiyi bəzi çay hövzələrində yerləşən meşələrin məhv edilməsinin qarşısı ciddi surətdə alınmalı, onların qırılmasına bir neçə illik monitorium qoyulmalı, seyrəkləşmiş ərazilərində yeni meşəsalma işləri mütəmadi davam etdirilməlidir. Sel baş verən bəzi çay hövzələrinə yaxın ərazilərdə yerləşən bütün yaşayış məntəqələrinin hamısı qazlaşdırılmalıdır. Sellərin mövcud olduğu hövzələrdə yay otlaqları kimi istifadə edilən ərazilərdə mal-qaranın otarılmasında normativ göstəricilərə çox ciddi əməl olunmalı və bu barədə işlək qanunlar qəbul edilməlidir.
Azərbaycanda selin öyrənilməsi üçün Çar Rusiyası və Sovet dövründə çoxsaylı ekspedisiyalar təşkil edilib, bu sahəyə dair yüzlərlə monoqrafiya, elmi məqalələr nəşr olunmuşdur. Müasir dövrdə Azərbaycanda sellərin öyrənilməsində çox böyük xidmətləri olan AMEA-nın Coğrafiya İnstitutu, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi mütəxəssislərinin sellərin bilavasitə yerlərdə öyrənilməsi üçün maliyyə çətinlikləri ilə əlaqədar ekspedisiyalar təşkil etmək imkanları məhduddur. Bununla əlaqədar Azərbaycan üçün çox önəmli olan sellərin öyrənilməsi üçün dövlət büdcəsində, aidiyyəti qurumlara göstərilən məqsədlər üçün vəsaitin ayrılması nəzərdə tutulmalıdır.
Hər dağıdıcı sel yüz hektarlardan çox yararlı torpaq sahələrini daşlı, qumlu, gilli səhraları xatırladan yararsız ərazilərə çevirir. Deyilənləri nəzərə alaraq sellərə dair dövlət proqramının hazırlanması və qəbul olunması sellərin vurduğu ziyanların qarşısının alınmasında çox mühüm rol oynaya bilər.
2015-ci ilin oktyabr və noyabr aylarında Azərbaycanın Cənub bölgəsində uzun müddət davam edən leysan yağışlarından sonra Lənkəran, Astara və digər rayonlarda baş vermiş sellər son 50 il ərzində göstərilən bölgənin iqtisadiyyatına ciddi zərər yetirmişdir. Yalnız Lənkəran rayonunda 100-dən artıq kənd, 1300-ə yaxın fərdi yaşayış evi su altında qalıb.
Göstərilən rayonların təsərrüfatlarına dəyən çoxmilyonlu zərərin əsas səbəbi yalnız leysan yağışlarla yox, antropogen amillərin təsirinin artması ilə də bağlıdır. Bu təsirlərin qarşısının alınması üçün vaxtında müvafiq müdafiə tədbirləri görülməlidir.
Neron BABAXANOV,
İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin professorları