Prezident İlham Əliyev: "Uzunmüddətli perspektivdə
bizim əsas gəlir mənbəyimiz təbii qaz olacaqdır”
Zəngin ehtiyatlara malik olan "Şahdəniz”
yatağı Azərbaycanı dünyaya həm də qaz ixrac edən ölkə kimi tanıtdı. 2006-cı ilin
sonlarında Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan qazını Gürcüstana çatdırdı.
Bundan az sonra qaz həm də Türkiyəyə nəql olunmağa başladı.
CQBK-ya Gürcüstan-Türkiyə sərhədində əlavə
bir xətt də qoşulur və bütövlükdə bu marşrut Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. Türkiyə mavi yanacağı Azərbaycandan BTƏ və 2018-ci ilin ortalarından TANAP-la (Trans-Anadolu
Qaz Boru Kəməri) idxal edir. Qeyd edək ki, ötən il Türkiyəyə 9,1 milyard kubmetrdən
çox Azərbaycan qazı ixrac olunub.
2019-cu ildə Azərbaycanın xaricə təbii qaz
satışının həcmi 11,7 milyard kubmetr təşkil edib. Bu barədə Energetika Nazirliyinin
hesabatında məlumat verilir. Hesabatda, həmçinin bildirilir ki, bu həcm 2018-ci
ilin ixrac göstəricilərindən 2,1 milyard kubmetr, yəni 22,2 faiz çoxdur.
Gürcüstan Azərbaycan qazını CQBK və Qazıməmməd-Qazax
ixrac kəməri vasitəsilə alır. Keçən il bu ölkəyə verilən qazın 1 milyard 176,4 milyon
kubmetri CQBK, qalanı Qazıməmməd-Qazax xətti ilə nəql olunub. Hesabat ilində bu
boru kəmərləri qonşu ölkəyə 2,4 milyard kubmetrdən çox qaz ixrac edib. Bu, əvvəlki
illə müqayisədə ümumilikdə 200 milyon kubmetrdən çoxdur.
Hazırda "Şahdəniz” yatağından Azərbaycan
(SOCAR-a), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a) bazarlarına və çoxsaylı obyektlər
üçün BTC şirkətinə qaz çatdırılması davam edir. Xatırladaq ki, "Şahdəniz” layihəsində
iştirak payları belədir: BP (operator - 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz),
"Cənub qaz dəhlizi Apstrim” (6,7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz),
NİKO (10 faiz).
Yataqda hasilat "Şahdəniz Alfa” və "Şahdəniz
Bravo” platformalarından həyata keçirilir. Bu qurğuların hasilat gücü gündə 56 milyon (ildə 20 milyard)
standart kubmetrdir. 2018-ci il iyul ayının sonunda "Şahdəniz Bravo”dan ilk qazın
əldə edildiyi vaxtdan bəri hasilat tədricən artır. Bu il də "Şahdəniz”dən hasil
edilən qazın xeyli artacağı gözlənilir.
Yaxın gələcəkdə
Azərbaycan digər yataqlardan da mavi yanacaq əldə edəcək. Prezident İlham Əliyevin
dediyi kimi: "Azərbaycan gələcəkdə qazın ixracından vəsait qazanacaq. Çünki bizim
neft yataqlarımız artıq bəllidir. Düzdür, indi xarici şirkətlərlə yeni layihələr
işlənilir. Əminəm ki, onlar da imzalanacaq. Artıq imzalanmış layihələrdən də yaxşı
nəticələr gözləyirik. Ancaq uzunmüddətli perspektivdə bizim əsas gəlir mənbəyimiz
təbii qaz olacaqdır”.
Azərbaycanın
bütün qaz ehtiyatlarının işə salınmasında keçən ilin sonunda tam istifadəyə verilmiş
TANAP kəmərinin əhəmiyyəti böyükdür. Bu baxımdan kəməri yüksək dəyərləndirən dövlət
başçısı keçən ilin dekabr ayında yerli jurnalistlərə müsahibəsində demişdir:
"TANAP imzalanmasaydı,
"Şahdəniz-2” də havada qalacaqdı... Bu, imkan verdi ki, "Şahdəniz” qaz-kondensant
yatağı tammiqyaslı işlənsin və beləliklə, orada 1 trilyon kubmetrdən çox olan təbii
qaz hasil edilsin, nəql edilsin. Əgər TANAP imzalanmasaydı, bu gün artıq hasilata
hazırlaşan "Abşeron” yatağı da qalacaqdı. Heç kim oraya vəsait qoymayacaqdı. "Abşeron”
yatağından da biz ən azı 300 milyard kubmetr qaz hasilatı gözləyirik”.
Azərbaycan
uzun illərdir "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından çıxarılan səmt qazından
da bəhrələnir. Belə ki, AÇG-nin səmt qazının çox hissəsi təmənnasız olaraq Azərbaycan
dövlətinə təhvil verilir. 2019-cu ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən
Səngəçal terminalı, həmçinin "Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla
5,7 milyon kubmetrdən çox, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı çatdırılıb.
Səmt qazı Səngəçaldan SOCAR-a məxsus kəmərlə nəql olunaraq "Azəriqaz” sisteminə
ötürülür. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən
kollektora vurulur.
AÇG yataqlarında
"dərin qaz” adlandırılan zəngin ehtiyatlar da mövcuddur. Onların da istismarı nəzərdə
tutulur. Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan şaxələndirilmiş ixrac
infrastrukturu isə, ümumiyyətlə, istismarda olan və perspektiv yataqlardan alınan qaz ehtiyatlarımızın işə salınmasına və bundan
ölkəmizin yüksək gəlirlər əldə etməsinə imkan verəcək.
Flora SADIQLI,
"Azərbaycan”