Səbail
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsinin sədri Nigar Ələkbərovanın verdiyi məlumata görə, məntəqədə siyahı üzrə 1379 nəfər seçici səsvermədə iştirak etməlidir. Səsvermə başlayandan yüksək seçici fəallığı müşahidə edilir. Seçicilər bələdiyyə üzvlüyünə 57 namizəddən 17 nəfəri seçməlidirlər. Əlillərin də rahat səs vermələri üçün seçki məntəqələrinin yerləşdiyi binaların girişində panduslar yaradılmışdır. Bundan əlavə, seçkilərdə iştirak etməyə imkanı olmayan vətəndaşlar üçün daşınan qutular da hazırlanmış və lazımi ünvanlara çatdırılmışdır. Məntəqə seçki komissiyasının sədrinin sözlərinə görə, seçki prosesini yerli müşahidəçilər izləyirlər.
Seçki məntəqəsində olduğumuz zaman müşahidəçilərin seçki prosesinin gedişi ilə bağlı fikrlərini də öyrəndik. Azərbaycan Demokratik İslahatlar Partiyasından olan Vidadi Abbasov bildirdi ki, səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun, heç bir ciddi qanun pozuntusu olmadan keçirilir. O qeyd etdi ki, seçkilər barədə rəyi müsbətdir. Seçkilərin demokratik normalara və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Azərbaycan vətəndaşları seçkilərə böyük maraq göstərirlər.
Vətəndaş Həmrəyliyi Partiyasından olan müşahidəçi Teymur Məmmədov da seçici fəallığının yüksək olduğunu bildirdi. Sivil cəmiyyətdə yaşayırıq, insanların seçki mədəniyyəti getdikcə yüksəlir. Bələdiyyə seçkiləri Azərbaycanda demokratiyanın inkişafının göstəricisidir. Seçkilər demokratik şəraitdə keçirilir, insanlar istədikləri namizədləri seçməkdə sərbəstdirlər.
Məntəqədə səsvermədə iştirak edən vətəndaşlar da bələdiyyə seçkilərinin seçki qanunvericiliyinin tələblərinə uyğun keçirildiyini təsdiqlədilər. Təqaüdçü Yaşar Hüseynov bildirdi ki, bütün seçikilərdə bir seçici kimi fəallıq nümayiş etdirir. Hər kəs səsvermə hüququndan istifadə etməlidir. Mən də namizədlər içərisindən öz seçimimi etdim. Bu dəfə namizədlər sırasında qadınlara üstünlük verdim və hesab edirəm ki, qərarım düzgündür. Yeni tərkibdə bələdiyyə üzvlərinin fəaliyyətindən çox şeylər gözləyirəm.
Seçici Fəridə Nəsirova da seçkilərin şəffaf və Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyini qeyd etdi. O bildirdi ki, seçkilərin demokratik keçirilməsi üçün bütün zəruri şərait yaradılıb və seçicilər öz seçimlərini etməkdə sərbəstdirlər. Seçki günü qeyri-iş günü elan olunduğundan insanların prosesdə daha fəal iştirakı mümkündür. Seçki məntəqəsində yaradılan müsbət şəraitdən danışan F.Nəsirova əlavə etdi ki, anası xəstə olduğu üçün səsvermədə daşınan qutu vasitəsilə öz iradəsini ifadə edib.
29 saylı Səbail Seçki Dairəsinin 2 və 4 saylı seçki məntəqələrində də seçici fəallığı müşahidə edilirdi. Məlumat üçün qeyd edək ki, 2 saylı seçki məntəqəsinin önündə “ELS” təşkilatı tərəfindən “exit-poll” həyata keçirilirdi. Təşkilatın nümayəndəsi Firudin Əsədovdan aldığımız məlumata görə, səhər saatlarından başlayaraq seçici fəallığı yüksək olub və seçicilər sərbəst şəkildə öz iradələrini ifadə ediblər.
4 saylı seçki məntəqəsində olduğumuz zaman öyrəndik ki, burada da səsvermədə ciddi qanun pozuntuları aşkarlanmayıb. Məntəqə üzrə qeydə alınan 994 nəfər seçicidən 32 nəfər daşınan qutu vastəsilə səsvermədə iştirak edib. Seçki prosesini müşahidə edən “Ümid” partiyasının nümayəndəsi Mehriban Hacıramazanova bildirdi ki, insanlar yüksək əhval-ruhiyyədə seçkilərdə iştirak edirlər. Seçkilərə start veriləndən indiyə qədər qanun pozuntusuna rast gəlməmişəm. Azərbaycanda seçki təcrübəsi ildən-ilə təkmilləşir.
Nərimanov
Paytaxtımızın mərkəzi sayılan Nərimanov rayonu siyasi fəallığı, ölkəmiqyaslı siyasi proseslərdə mütəşəkkil iştirakı ilə diqqəti cəlb edir. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri bu rayonda həmişə yüksək səviyyədə baş tutub və indiyədək heç bir seçkidə ciddi qanun pozuntusu qeydə alınmayıb.
Hər dəfə olduğu kimi, budəfəki bələdiyyə seçkilərində də Nərimanov rayonunda hazırlıq işləri yüksək səviyyədə aparılıb. Seçkilərin şəffaflığını, demokratikliyini və mütəşəkkilliyini təmin etmək məqsədilə Nərimanov RİH öz səlahiyyətlərinə daxil olan vəzifələri icra edərək seçki dairələrinin və məntəqələrinin texniki cəhətdən təminatı və təchizatı, lazımi şərait yaradılması ilə bağlı müvafiq işlər həyata keçirib. Bütün seçki məntəqələri lazımi texniki avadanlıqlarla, seçki təlimatları ilə təchiz olunub.
Seçkiyə hazırlıq zamanı diqqətçəkən əsas məqamlardan biri seçici siyahılarının dəqiq tərtibidir. Nərimanov rayonunda bu sahədə problemlərin olmaması üçün bütün işlər vaxtında görülüb və seçici siyahılarının dəqiqləşdirilməsi seçkilərdən əvvəl başa çatdırılıb. Məntəqə seçki komissiyalarının üzvləri seçici siyahılarını bir neçə dəfə yoxlayıblar. Nərimanov rayonu üzrə 109 min 992 seçici qeydə alınıb. Bələdiyyəyə 19 yer uğrunda 57 nəfər namizəd mübarizə aparıb.
Rayon üzrə fəaliyyət göstərən 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci və 20 saylı Nərimanov ikinci seçki dairələrində 84 seçki məntəqəsi var. Onlardan 16 seçki məntəqəsi 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə, 35 seçki məntəqəsi 19 saylı Nərimanov Birinci Seçki Dairəsi üzrə, 33 seçki məntəqəsi isə 20 saylı Nərimanov İkinci Seçki Dairəsi üzrə fəaliyyət göstərib. Rayonun seçki dairələrində qeydiyyatdan keçmiş müşahidəçilərin sayı isə 840 nəfərdən çox idi.
Baş çəkdiyimiz 19 saylı Nərimanov birinci seçki dairəsinin 26 saylı məntəqəsində səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq öz axarı ilə davam edirdi. Səhər saatlarından etibarən seçicilər fəallıq nümayiş etdirməyə başlamışdılar. 1359 seçicinin qeydiyyata alındığı seçki məntəqəsində səsvermə zamanı qanun pozuntusuna yol verilməməsi və hər kəsin seçdiyi namizədə sərbəst şəkildə səs verməsi buraya gələn seçicilər tərəfindən yüksək qiymətləndirilirdi.
Bizimlə söhbətində seçici Cahangir Zeynalov da seçkilərin demokratik və şəffaf keçirilməsindən razılığını bildirdi: “Mən də bir Azərbaycan vətəndaşı və seçici kimi seçkilərdə iştirak edərək seçdiyim namizədə səs verməyi özümə borc bilirəm. Bu məqsədlə məntəqəyə gəldim və seçdiyim namizədə sərbəst şəkildə, heç bir kənar müdaxilə olmadan səs verdim”.
Müşahidəçilər isə səsvermənin gedişində hər hansı problemin yaşanmadığını xüsusi olaraq vurğuladılar.
Nərimanov rayonunda gün ərzində seçki məntəqələrinin fəaliyyətində heç bir problem baş vermədi və səsvermənin gedişatı ilə bağlı məlumatlar operativ şəkildə Mərkəzi Seçki Komissiyasına ötürüldü. Rayon bələdiyyə seçkiləri tam demokratik və qanunvericiliyə uyğun şəkildə baş tutdu.
Yasamal
Yerli idarəetmə orqanlarına seçkilərdə paytaxtın Yasamal rayonunun seçiciləri də fəallıq göstərdilər. 15 saylı Yasamal Birinci DSK-nın sədri Sərdar Süleymanov bildirdi ki, ümumilikdə dairə üzrə 32 seçki məntəqəsi təşkil edilib. Ümumi seçici sayı 43 min 206 nəfərdir. Onun sözlərinə görə, əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə budəfəki seçkilərdə vətəndaşların fəallığı daha yüksəkdir. Seçki məntəqələrinin hər birinin zəruri avadanlıqlarla təmin olunduğunu deyən DSK sədri məlumat verdi ki, 10 məntəqə digər təchizatlarla yanaşı, veb-kamera ilə də təmin olunub. Bu dairə üzrə məntəqələrdə seçkiləri 260 müşahidəçi izləyib. Onlardan 33 nəfəri bitərəf, qalanları isə siyasi partiyaların təmsilçiləridir.
Dairənin 8 saylı məntəqəsində olduğumuz müddət seçicilərin aktivliyini müşahidə etdik. Məntəqə seçki komissiyasının sədri Solmaz Hacıyevanın verdiyi məlumata görə, ötəndəfəki bələdiyyə seçkiləri ilə müqayisədə bu il seçici fəallığı hiss olunur. S.Hacıyeva onu da qeyd etdi ki, 1495 seçicinin qeydə alındığı məntəqə üzrə ən gənc namizəd 1990-cı il, ən yaşlı namizəd isə 1947-ci il təvəllüdlüdür.
Bu məntəqədə müşahidəçi qismində iştirak edən Milli Dirçəliş Partiyasının nümayəndəsi Elçin Şükürov hər hansı neqativ halın baş vermədiyini dedi. Həmin seçki məntəqəsində səs verən bağça müəllimi Sevda Tağıyeva isə səs verdiyi namizədlərin etimadı doğruldacaqlarına ümid etdiyini bildirdi. Pensiyaçı Mirəbdül Ələsgərov: “Paytaxtımızın hər guşəsi, o cümlədən Yasamal rayonu günbəgün abadlaşır. Ümid edirəm ki, yeni seçilən bələdiyyə üzvləri bu işdə icra orqanlarına yaxından kömək edəcəklər”.
Adıçəkilən dairənin 9 saylı məntəqəsində də seçki prosesi normal təşkil olunmuşdu. 1456 nəfər seçicisi olan bu məntəqənin komissiya üzvləri seçicilərin ətraflı məlumatlanmasında, ilk dəfə səs verən şəxslərə yardımçı olmaqda fərqlənmişlər. Məntəqə seçki komissiyasının sədri Nüşabə Novruzova da qeyd etdi ki, ötən bələdiyyə seçkiləri ilə müqayisədə bu il fəallıq hiss olunur.
Məntəqədə bitərəf müşahidəçi kimi qeydə alınan Gülarə Həsənova seçki prosesinin normal, qanun çərçivəsində keçdiyini, məntəqədə seçici və müşahidəçilər üçün hər bir şəraitin mövcudluğunu, nəzarət kameralarının quraşdırıldığını müsbət hal kimi qeyd etdi.
Səsvermədə ilk dəfə iştirak edən 18 yaş lı Çinarə Həsənli Bakı Baza Tibb Kollecinin tələbəsidir. Təəssüratları müsbətdir: “Çox gözəl hisslərdir. Arzu edirəm ki, layiq olan qazansın və cəmiyyətə, insanlara, eyni zamanda onların problemlərinə diqqətlə yanaşsın”.
16 saylı Yasamal İkinci Seçki Dairəsinin 1 saylı məntəqəsində də seçki prosesini izlədik. Məntəqə seçki komissiyasının sədri Ətrabə Kərimova seçici fəallığının müşahidə olunduğunu qeyd etdi: “1497 nəfər seçicinin qeydiyyata alındığı bu məntəqədə müşahidəçilər tərəfindən neqativ hal müşahidə olunmamışdır”. Qeyd edək ki, Ətrabə Kərimovanın ilk seçici üçün şəxsi təşəbbüsü ilə hazırladığı hədiyyə komissiya üzvləri və müşahidəçilər tərəfindən müsbət qarşılanmışdır.
Binəqədi
8 saylı Binəqədi Birinci Seçki Dairəsinin əhatə etdiyi seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq başladı. Seçicilərin rahat, maneəsiz seçki məntəqələrinə gəlib səs vermələri üçün hər cür şərait yaradılmışdı.
Öncə 6 saylı seçki məntəqəsində olduq. Məlumat verildi ki, məntəqədə 1341 seçici qeydə alınıb. 17 yer uğrunda 64 namizəd mübarizə aparır. Müşahidəçilər arasında YAP, AVP, ASDP, BQP, Müsavat, ADİP üzvləri və bitərəflər var.
7 saylı seçki məntəqəsində də seçicilər üçün hər cür şərait yaradılmışdı. Məntəqə seçki komissiyasının sədri Şəmsi Qocayev bildirdi ki, məntəqədə 1298 seçici var. Burada da YAP, ADİP, BQP, AVP-dən olan müşahidəçilər səsvermə prosesini izləyirdilər.
9 saylı seçki məntəqəsinin önündə “exit-poll” müşahidəçiləri var idi. Səs verən secicilər “exit-poll”un da sorğularına öz rəylərini bildirirdilər. Məntəqədə YAP, MDHP, ADİP, AVP-ni təmsil edən müşahidəçilər var idi.
10 saylı seçki məntəqəsində YAP, AVP, ADİP, MDHP və BQP-nin müşahidəçiləri səsvermə prosesini izləyirdilər. Heç bir qanun pozuntusu isə aşkarlanmamışdı.
Sonra 9 saylı Binəqədi İkinci Seçki Dairəsinin 2 məntəqəsində olduq. Öncə onu qeyd edək ki, dairədən aldığımız məlumata görə, qeydiyyata götürülmüş 47 min 586 seçicinin 714 nəfəri ilk dəfə səs verən gənclərdir. Dairədə yaşı 80-100 olan seçicilərin sayı 646 nəfərdir. İki seçicinin yaşı isə 100-dən yuxarıdır. Məntəqələr bütün zəruri avadanlıqla təmin edilmiş, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Bildirildi ki, dairənin 10 məntəqəsində veb-kameralar işləyir. Həmçinin 12 məntəqədə əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb. On məntəqədə “exit-poll” sorğusu keçirilir. Onların fəaliyyəti üçün də hər cür şərait yaradılıb.
5 saylı seçki məntəqəsində seçicilərin aktvliyi müşahidə olunurdu. Vətəndaşlar sərbəst şəkildə məntəqəyə daxil olur, barmaq izləri yoxlanılır, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə seçki bülletenini alıb istədikləri namizədlərə səs verirdilər. Dairə üzrə 47 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüşdü.
6 saylı seçki məntəqəsində də qanunvericiliyə uyğun şəkildə səsvermə prosesi keçirilirdi. 1313 seçicisi olan məntəqədə səsvermə prosesini YAP, Müsavat, BQP, AVP-nin müşahidəçiləri izləyirdi.
9 saylı Binəqədi İkinci Seçki Dairəsinin seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələri və bitərəf müşahidəçilər seçki prosesində heç bir qanun pozuntusuna yol verilmədiyini, səsvermənin şəffaflığını təmin edən şəraitin yaradıldığını bildirdilər.
Nizami
Nizami rayonunun seçiciləri də növbəti beş il üçün yerli özünüidarəetmə orqanlarına seçilmək istəyən ən layiqli namizədlərə üstünlük verir, onları dəstəkləyirlər. Yerli idarəetmə orqanı olan bələdiyyələrə cəmi dördüncü dəfə seçkilər keçirilsə də, növbəti seçimdə fəallıq açıq-aşkar hiss olunurdu. Seçicilər daha layiqli, qabiliyyətli və işgüzar namizədlərə səs verməyə cəhd göstərir, ən başlıcası, demokratik prinsiplərə sona qədər əməl etməyə çalışırdılar. Hər bir seçicinin etimad göstərdiyi bələdiyyə üzvünə yalnız təşəbbüskarlığına, obyektivliyinə və ədalətli mövqeyinə görə inanır, ona etimad və etibar göstərir, güvənirdilər.
Nizami rayonunun 18, 24 və 25 saylı seçki dairələrində aktiv seçki hüququ olan 109685 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Seçki prosesinin şəffaf, demokratik və ədalətli başa çatması üçün 84 məntəqədə bütün hazırlıq işləri yüksək səviyyədə başa çatmışdır. Rayon üzrə veb-kameraların sayı ötən illərlə müqayisədə xeyli artırılmışdır. Öyrəndik ki, rayon üzrə bələdiyyə seçkilərini 25 veb-kamera ilə müşahidə edirlər. Əlbəttə, bütün bunlar səsvermə ilə bağlı problemlərin operativ həllinə tam şərait yaradır. Bələdiyyə seçkilərini izləmək üçün təsdiq olunmuş təlimat şərtlərinə dəqiq əməl olunurdu. Belə ki, ayrı-ayrı məntəqələrdə yaradılmış texniki təchizat da tələblərlə uzlaşırdı. Onu da qeyd edək ki, bu il ilk dəfə bələdiyyə seçkilərində iştirak edən seçicilərin də sayı xeyli artmışdır.
24 saylı Nizami seçki dairəsi üzrə səs verən Tünzalə Həmidova etiraf etdi ki, belə siyasi kampaniyada ilk dəfə iştirak etdiyimə görə bir qədər həyəcanlıyam. Amma yaradılan şərait, sağlam mühit imkan verir ki, seçici hüququmuzdan tam istifadə edə bilək. Açığını deyim ki, elə namizədlərə üstünlük veririk ki, onlara səlahiyyət verdiyimizə görə yanılmayaq. Gərək seçdiyimiz bələdiyyə üzvləri sübut edə bilsinlər ki, onları əhatə edən adamların etimadını qazanmaq o qədər də asan deyil. Biz, hər şeydən əvvəl, seçdiyimiz adamların iş qabiliyyətini, tələbkarlığını, təşəbbüskarlığını və milli maraqlarımıza cavabdehliyini nəzərə almışıq. Nəzərə almışıq ki, seçdiyimiz adamlar beş il müddətində xeyli iş görməlidirlər...
Nizami rayonunun seçki dairələrində və ayrı-ayrı məntəqələrdə prosesə nəzarət edən müşahidəçilər də fəallıq göstərirdilər. Səsvermənin gedişini operativ və təlimata uyğun izləmək üçün hər cür şərait yaradılmışdı. Öyrəndik ki, rayon üzrə seçkinin gedişini 840 nəfər müşahidəçi izləyir. Onlar ayrı-ayrı partiyaları, qeyri-hökumət təşkilatlarını təmsil edirdilər. İlk mərhələdə nəticələr bir daha sübut etdi ki, yerli idarəetmə orqanı olan bələdiyyələrə növbəti seçkilər də ədalətli və şəffaflıq prinsiplərinə uyğun keçirilir.
Xətai
Ölkə üzrə 1607 bələdiyyəyə seçilməli olan 15035 üzvdən 19-u Xətai rayonunun payına düşür. Həmin yerlər uğrunda 104 namizəd mübarizə aparırdı. Namizədlər Yeni Azərbaycan Partiyası, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, “Ümid”, Milli Dirçəliş Hərəkatı, Sosial-Demokrat partiyalarını təmsil edirdilər.
Rayon üzrə 167 mindən çox seçici qeydə alınmışdı. Onlar 4 seçki dairəsinin məntəqələrində səs verirdilər. 33 saylı Xətai Birinci Seçki Dairəsində (Əhmədli bələdiyyəsi və Xətai bələdiyyəsinin bir hissəsi) 44195 nəfər, 34 saylı Xətai İkinci Seçki Dairəsində (Xətai bələdiyyəsinin bir hissəsi) 42929 nəfər, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində (Xətai bələdiyyəsinin bir hissəsi) 37950 nəfər və 36 saylı Xətai Dördüncü Seçki Dairəsində (Xətai bələdiyyəsi) 42909 nəfər seçmək hüququna malik idi. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələrdə lazımi şərait yaradılmışdı.
36 saylı Xətai Dördüncü Seçki Dairəsinin 4 saylı seçki məntəqəsi Heydər Əliyev adına liseydə təşkil olunmuşdu. Məntəqə seçki komissiyasının sədri Arzu Quliyeva bildirdi ki, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün artıq ölkəmizdə ənənə formalaşmışdır. Seçki praktikası təkmilləşdirilmiş, beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi hüquqi baza yaradılmışdır.
Məntəqədə Demokratik İslahatlar Partiyasından müşahidəçi Şükür Mustafayev, Ana Vətən Partiyasının nümayəndəsi İlham Qocayev və Yeni Azərbaycan Partiyasını təmsil edən Kəmaləddin Qocayev bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu, səsvermə zamanı heç bir pozuntu qeydə alınmadığını bildirdilər.
“Bakı” kinoteatrında yerləşən 33 saylı birinci seçki dairəsinin 16 saylı məntəqəsində 1433 seçici qeydə alınmışdı. Məntəqə seçki komissiyasının sədri İlqar Mürsəlov səsvermə prosesində heç bir pozuntunun, yaxud problemin olmadığını qeyd etdi. Məntəqəyə gələn seçicilər tez bir zamanda rahat şəkildə istədikləri namizədə səs verirdilər.
Əhmədli qəsəbəsindəki 95 saylı tam orta məktəbdə yerləşən 33 saylı birinci seçki dairəsinin 14 saylı məntəqəsində də hər şey qaydasında idi. Məntəqə seçki komissiyasının sədri Mətanət Süleymanova bildirdi ki, 1407 seçicinin qeydə alındığı məntəqədə səsvermə şəffaf şəkildə keçirilir. Müstəqil müşahidəçilər Zaur Mirzəyev və Yeganə Vətənxah da yaradılmış şəraitdən və səsvermənin gedişindən razılıqlarını ifadə etdilər.
Xəzər
Bələdiyyə seçkiləri Xəzər rayonunda da problemsiz keçdi. 14 saylı Xəzər Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində olarkən seçkilərin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçdiyinin şahidi olduq. Dairə üzrə qeydiyyatda olan 43 924 nəfər seçicidən 1118 nəfər 19 saylı seçki məntəqəsinin payına düşürdü. Səhər saatlarından etibarən seçicilərin aktivliyi müşahidə olunurdu.
Binə Mədəniyyət Evində yerləşən məntəqənin girişində seçicilərin siyahısı yer almışdı. Məntəqəyə gələn hər bir şəxs ad-familiyasını siyahıdan tapır və komissiya üzvlərinə yaxınlaşırdı. Burada onlar qeydiyyata alınır və səs vermələri üçün müvafiq tələblərlə tanış olurdular. Onların baş barmaqları xüsusi avadanlıqla işarələndikdən sonra səsvermə guşəsinə yaxınlaşırdılar.
Məntəqə seçki komissiyasının sədri Ağayar Əzizovun sözlərinə görə, səhər saat 8:00-dan etibarən seçkilərə start verilib və proses Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil olunub. Sədr bildirdi ki, dairə üzrə 17 üzv seçilməlidir: “Məntəqədə qanunazidd heç bir hərəkət qeydə alınmayıb. Hər kəs sakit şəkildə gəlib ürəyi istədiyi namizədə səs verir. Burada veb-kamera da quraşdırılıb. Səsvermənin gedişatı onlayn şəkildə izlənilir”.
Məntəqədə öz yerlərini alan müşahidəçilər də seçkilərin demokratik və azad formada davam etdiyini bildirdilər. Onlar heç bir neqativ halın qeydə alınmadığını dedilər. Öz namizədlərinə səs vermək üçün gələn vətəndaşlar da seçkilərin sakit tərzdə getdiyini qeyd etdilər. Xəzər rayon sakini Abdullayeva Ağanisə seçkilərin təşkilindən razı qaldığını bildirdi və vurğuladı ki, layiqli namizədə səs verib. 63 yaşlı Xəzər rayon sakini Məmməd İsmayılov seçkilərdə iştirak etməyi vətəndaşlıq borcu adlandırdı: “Bu günə qədər dövlət əhəmiyyətli bütün seçkilərdə iştirak etmişəm, heç birində hər hansı müdaxilə ilə rastlaşmamışam. Yenə də sərbəst şəkildə qeydiyyatdan keçdim, bülletenimi alıb bağlı kabinədə səsimi verdim”.
Qeyd edək ki, 19 saylı Xəzər seçki məntəqəsinə “Bakıelektrikşəbəkə”nin bir nümayəndəsi də təhkim olunmuşdu. Ona görə ki, binada qeyri-müəyyən səbəblərdən elektrik enerjisi kəsilsə, problemin qarşısı dərhal alınsın. Həmçinin rabitə ilə bağlı olan məsələlər də öncədən nəzərə alınmışdı.
Nəsimi
Paytaxtın bütün rayonlarında olduğu kimi, Nəsimi rayonunda da bələdiyyə seçkiləri normal şəraitdə keçdi. Bunu 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 11 saylı seçki məntəqəsində də müşahidə etdik. Bakı Musiqi Akademiyasında yer alan məntəqədə vətəndaşların seçki hüququndan istifadə etməsi üçün hər cür şərait yaradılmışdı. Girişdə qanunvericiliyin tələblərinə uyğun seçici siyahısı və müxtəlif təlimat lövhələri yerləşdirilib. Burada onlayn nəzarət üçün veb-kamera da quraşdırılıb.
Məntəqə seçki komissiyasının sədri Azər Babayevin sözlərinə görə, məntəqə üzrə 1244 seçici qeydiyyatdadır. Seçki bülletenində isə 66 nəfər namizəd var, onlardan 19-u seçilməlidir. Sədr bildridi ki, səsvermə başlayan andan heç bir qanun pozuntusu qeydə alınmayıb. Hər kəs istədiyi şəxsə sərbəst səs verir, hər hansı bir müdaxilədən söhbət belə gedə bilməz.
Məntəqəyə 8 nəfər müşahidəçi təhkim olunmuşdu. Onlardan bitərəf Elçin İbrahimov və Ramin Qarayev səsvermənin şəffaf keçdiyini vurğuladılar, müşahidə zamanı qanun pozuntusuna rast gəlmədiklərini bildirdilər. Digər müşahidəçilər də səsvermə prosesinin normal keçdiyini, seçkilərin gedişi ilə bağlı iradlarının olmadığını dedilər.
Seçici Cavad Quliyev isə seçkilərdə iştirak etməyin vacibliyini qeyd etdi. O, Azərbaycan xalqını seçkilərdə aktiv olmağa çağırmaqla, insanları öz hüquqlarından istifadə etməyə səslədi. Bildirdi ki, Azərbaycan müstəqil ölkədir, insanların sərbəst seçim hüquqları var. “Nə üçün bu haqqımızdan istifadə etməyək?!” - deyə əlavə etdi.
Seçici Rəfiqə Hüseynova dedi ki, səsvermə zamanı heç bir müdaxilə ilə rastlaşmayıb. İlk dəfədir ki, bələdiyyə seçkilərində iştirak edən xanım onlar üçün yaradılan şəraitə görə də təşkilatçılara təşəkkürünü bildirdi.
Xatırladaq ki, dünənki bələdiyyə seçkilərində rayon ərazisində 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə 88 seçki məntəqəsi fəaliyyət göstərib.
Qaradağ
12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyasının sədri Qəşəm Əhmədzadə ilə görüşəndə bir neçə saat idi ki, seçkilərə start verilmişdi. DSK sədri məlumat verdi ki, seçki dairəsindəki 35 məntəqədə 44761 seçici 108 namizəd arasında öz seçimini edəcək. Lökbatan bələdiyyəsindən 38, Xocasən bələdiyyəsindən 24, Korgöz bələdiyyəsindən 23, Puta bələdiyyəsindən 18 və Yasamal bələdiyyəsindən 5 namizəddən seçki marafonunda seçicilərin rəğbətini daha çox qazananlar qalib gələcəklər.
Lökbatan qəsəbəsindəki 11 saylı seçki məntəqəsinə baş çəkdik. İçəri daxil olub müşahidəçilər üçün ayrılan boş masalardan birinin arxasında əyləşdik. Seçicilər qapıdan daxil olan kimi barmaqlarına xüsusi rəng vurulur, sonra onlar masaya yaxınlaşıb şəxsiyyət vəsiqələrini təqdim edir, ünvanlarını deyərək qeydiyyatdan keçir və səs vermək üçün bülleten götürüb kabinələrə keçirdilər. Necə deyərlər, hər şey öz axarıyla gedirdi. Bir neçə dəqiqədən sonra bir gənc bizə yaxınlaşıb özünü təqdim etdi:
- Mən Ramiz Usubovam, ümumi siyasi partiyaları təmsil edən müşahidəçiyəm. Zəhmət olmasa sənədlərinizi göstərin.
Artıq məntəqədə qeydiyyatdan keçdiyimizi bildirsək də, sənədlərimizi təqdim edirik. Baxdıqdan sonra qaytarıb: “Buyurun, işinizə davam edə bilərsiniz”, - dedi. Təəccübləndiyimizi görüb izah etdi ki, bu vaxta qədər 6 seçki məntəqəsində olub, hər şeyə diqqətlə nəzarət edir, çalışır ki, heç bir qanun pozuntusuna yol verilməsin.
DSK-da bizə məlumat verilmişdi ki, seçki prosesində müşahidəçi kimi 5 siyasi partiya iştirak edir. Onlardan biri - Demokratik İslahatlar Partiyasından Amil İmanov seçkilərin bu məntəqədə normal keçdiyini, heç bir qanun pozuntusunu müşahidə etmədiyini bildirdi.
Məntəqə seçki komissiyasının sədri Gülxanım Hüseynova yalnız seçicilərlə məşğul idi. Onun əvəzinə seçki məntəqəsinin katibi Vaqif Aslanov bizə danışdı ki, bu məntəqədən 15 yerə 38 namizəd qeydə alınıb:
- Namizədlərimiz müxtəlif peşələri təmsil edən insanlardır. Aralarında müxtəlif idarələrdə çalışanlar da, müəllimlər də, siyasi partiyaları təmsil edən namizədlər də var. Bizim işimiz bütün prosesin qanun çərçivəsində başa çatmasını təmin etməkdir. Əminəm ki, heç bir qanun pozuntusuna yol vermədən işimizin öhdəsindən gələcəyik.
Sabunçu
Bakının digər rayonlarında olduğu kimi, Sabunçu rayonunun səsvermə hüququna malik sakinləri də seçki məntəqələrinə xoş ovqatla gəlir, bu mühüm işə məsuliyyətlə yanaşırdılar. Rayon ərazisində 10 bələdiyyə fəaliyyət göstərir. Bütün qəsəbələri əhatə edən yerli bələdiyyə üzvlüyünə namizədlərə səsvermənin şəffaf və ədalətli keçirilməsi üçün Bakıxanov, Sabunçu və Maştağa qəsəbələrində seçki dairələri yaradılıb. Hər üç dairənin kənd və qəsəbə ərazilərini əhatə edən 112 seçki məntəqəsi səhər saatlarından səsverməyə gələnlərin xidmətində idi. Hiss olunurdu ki, bələdiyyələr fəaliyyət göstərdikləri ərazilərin iqtisadi və sosial inkişafına dərindən nüfuz etməklə seçicilərin böyük etimadını qazanmışlar. Məntəqələrdə müşahidə olunan seçici fəallığı və burada görüşdüyümüz insanların müsbət fikirləri belə deməyə əsas verir.
Bakıxanov qəsəbəsindəki 26 saylı Sabunçu Birinci Seçki Dairəsi 37 məntəqəni özündə birləşdirir. Burada 17 bələdiyyə üzvlüyünə 45 namizəd qeydə alınıb. Dairənin 17 saylı seçki məntəqəsinin qarşısında deyə-gülə binaya daxil olmaq istəyən bir dəstə gənclə rastlaşırıq. Onlar - Zeynəb Tağıyeva, qardaşı Yusif Tağıyev, Səma Mustafayeva, Elnur Vəliyev yaxınlıqdakı Mustafa bəy Vəkilov küçəsinin sakinidirlər.
Zeynəb Tağıyeva bildirdi ki, Milli Aviasiya Akademiyasının birinci kurs tələbəsiyəm, bələdiyyə seçkilərində ilk dəfədir iştirak edirəm. Bu mənim üçün böyük fəxrdir. Yaşadığımız ərazidə bələdiyyənin həyata keçirdiyi abadlıq və quruculuq işlərinin yaxından şahidi olduğumuzdan çalışacağam ki, bələdiyyə üzvlüyünə namizədlərin ən layiqlisinə səs verim.
Məntəqəyə gənclərlə birlikdə daxil oluruq. Gəncləri komissiya üzvləri gülər üzlə qarşılayır. Onlar seçici siyahısında adlarını müəyyən etdikdən sonra şəxsiyyət vəsiqələrini təqdim edib, qanunun tələbləri baxımından səsvermə hüquqlarını icra etməyə başlayırlar.
Aşkarlığı, şəffaflığı təmin etmək üçün veb-kamera bütün proseslərə “nəzarət edir”. Burada sol tərəfdə iqtidar, müxalifət və müstəqil partiyaların təmsilçi-müşahidəçiləri əyləşmişlər. Sorğumuza ilkin olaraq müxalif düşərgənin təmsilçisi Aygün Xəlilova cavab verdi:
- Səhər saat 8-dən buradayam, təxminən dörd saat keçib, elə bir ciddi problemlə rastlaşmamışam. Sadəcə olaraq, bir nəfər gənc xanım anasının şəxsiyyət vəsiqəsini təqdim etməklə, onun da yerinə səs vermək istədiyini bildirəndə komissiya üzvləri bunun yolverilməz olduğunu dedilər. O özü qanunamüvafiq qaydada səs verib getdi və yaxınlıqda yaşadıqlarından anasının da bir azdan gələcəyini söylədi.
Müşahidəçilərdən ADP-nin təmsilçisi Şəfəq Vəliyeva, bitərəf Mənsubə Əfəndiyeva və başqaları qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər.
Səsvermə bülletenini qutuya atdıqdan sonra hamıyla sağollaşıb, onlara bu mühüm işlərində uğurlar arzulayan yaşı 70-i haqlamış ağbirçək Kübra Babayeva ilə məntəqənin çıxışında söhbətləşirik. Rəsmi dövlət qəzeti “Azərbaycan”ın jurnalisti olduğumu biləndən sonra Kübra xanım söylədi:
- Düzünü demək, olduğunu danışmaq mənim həm yaşıma görə, həm seçici kimi, həm də millət vəkilinin anası kimi (Milli Məclisin deputatı Fazil Mustafanın anasıdır - red.) borcumdur. Neçə belə səsvermənin iştirakçısı olmuşam. Təcrübədən bilirəm ki, məntəqədə səsvermə yüksək səviyyədə təşkil olunub. Məni daxilən sevindirən həm də odur ki, sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyan rayonumuzda bələdiyyələrin yaxından köməyi sayəsində bütün sahələr yeniləşir və hərtərəfli tərəqqi nəzərə çarpır. Odur ki, böyük məmnuniyyətlə yaxından tanıdığım ən işgüzar, ən layiqli namizədə səs verdim.
Qəsəbənin ərazisindəki 18 saylı seçki məntəqəsində ilk növbədə səsverməyə gələnlərin çoxluğu diqqət çəkirdi. Məntəqənin çıxışında seçici Tahir Quliyevlə söhbətləşirik. O, texnika elmləri üzrə fəlsəfə doktorudur. Səsvermənin gedişindən və təşkilindən razılığını bildirən Tahir müəllim qeyd etdi ki, yerli idarəetmənin əsas rıçaqlarından olan bələdiyyə üzvlüyünə namizədlərin layiqlilərinin seçilməsi çox məsuliyyətli və vacib məsələdir. Bunu mən özümə borc bilərək etimadı doğrulda bilən namizədə səs verdim.
Suraxanı
Bakının Suraxanı rayonu ərazisində bələdiyyə seçkilərinə ciddi hazırlığın nəticəsi səsvermə günü özünü bir daha göstərdi. Rayon ərazisində üç (30 saylı Suraxanı Birinci Seçki Dairəsi, 31 saylı Suraxanı İkinci Seçki Dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi) seçki dairəsi fəaliyyət göstərir.
Hövsan, Qaraçuxur (bir hissəsi) və Zığ bələdiyyələrini əhatə edən 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə 36334 seçici üçün hər cür şərait yaradılmışdır.
39092 nəfər seçicinin əhatə etdiyi 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin məntəqələri isə Qaraçuxur bələdiyyəsinin ərazisində yerləşir. Dairənin 30 saylı seçki məntəqəsində 1146 seçicinin 20 nəfəri ilk dəfə səs verənlərdir. Qaraçuxur qəsəbə bələdiyyəsinə seçilmək üçün 17 yer uğrunda 60 nəfər mübarizə aparır.
31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 2 saylı məntəqəsində olarkən məntəqə seçki komissiyasının sədri Süsən Allahverdiyeva səsvermənin uğurla sona çatmasına əminliyini ifadə edərək bildirdi ki, 1105 seçici öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün yaradılan imkandan istifadə edir. Məntəqədə seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Siyasi və ictimai qurumların, eləcə də bələdiyyə üzvlüyünə namizədlərin müşahidəçiləri də bu şəffaflıqdan razılıqlarını ifadə etdilər. Seçicilərdən Aygün Atakişiyeva və Məlahət İsmayılova layiq olan namizədlərə səs vermək üçün heç bir problemin olmadığını bildirdilər.
32 saylı Suraxanı Üçüncü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində fəallıq daha qabarıq idi. Məntəqə seçki komissiyasının sədri Elmira Ələkbərova bildirdi ki, burada 1189 seçici səs verəcək. Səsvermənin gedişini izləyən Elmin Əliyev, Fariz Nəzərov, Şəhriyar Əzimov, Tərlan Bəhmənov istər bitərəf, istərsə də müxtəlif siyasi partiyaların müşahidəçiləri olduqlarını və gün ərzində hər hansı qanun pozuntusuna rast gəlmədiklərini bildirdilər.
Naxçıvan Muxtar Respublikası
Dünən ölkəmizdə müstəqil dövlətçiliyimiz tarixində sayca 4-cü bələdiyyə seçkiləri keçirildi. Yerli özünüidarəetmənin inkişafında mühüm rol oynayan bələdiyyə seçkilərində Naxçıvan Muxtar Respublikasının sakinləri də fəallıq nümayiş etdirdilər.
Qeyd edək ki, muxtar respublika üzrə seçicilərin ümumi sayı 266857 nəfərdir. Onlardan 132714 nəfəri qadın, 5885 nəfəri ilk dəfə səs verən seçicilərdir. 2013-cü ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə seçicilərin sayı 5885 nəfər artmışdır. Muxtar respublika üzrə 7 dairə seçki komissiyasını birləşdirən 316 seçki məntəqəsində səsvermə keçirilib.
Muxtar respublika üzrə 1453 bələdiyyə üzvlüyünə 2179 nəfər namizədliyini irəli sürmüş, onlardan 2149 nəfərin namizədliyi qeydə alınmışdı. Qeydə alınmış namizədlərin sırasında 8 siyasi partiyanın nümayəndələri təmsil olunurdu ki, onlardan da say etibarilə Yeni Azərbaycan Partiyasının nümayəndələri üstünlük təşkil edirdi. Belə ki, seçkilərə YAP 1583, BQP 80, VHP 2, “Ümid” partiyası 3, ASRP 36, BAXCP 75, AVP 6, MDHP 1 nəfər namizəd irəli sürmüşdü. 363 nəfər isə bitərəf namizəd idi.
Muxtar respublikada ən çox seçicinin qeydə alındığı 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin əhatə etdiyi 37 məntəqənin bir neçəsində olduq. 43 min 631 seçicinin qeydə alındığı dairə üzrə 1027 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edirdi. 5 məntəqədə veb-kamera quraşdırılmışdı ki, istənilən şəxs Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkinin gedişini izləyə bilirdi.
Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıclıq Mərkəzində fəaliyyət göstərən 9 saylı məntəqəyə də baş çəkdik. Yeri gəlmişkən qeyd edək ki, Naxçıvan şəhər bələdiyyəsinə 17 üzv üçün 27 nəfərin namizədliyi irəli sürülmüşdü. Seçici Akif Məmmədov seçkilərin şəffaf keçdiyini, hər hansı kənar müdaxilənin olmadığını bildirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin ikinci korpusunda yerləşən 4-10 saylı, 5 nömrəli uşaq bağçasında yerləşən 4-20 saylı seçki məntəqələrində də eyni vəziyyətlə qarşılaşdıq.
1 saylı Sədərək-Şərur və 2 saylı Şərur seçki dairələrini əhatə edən məntəqələrdə də olduq. 1 saylı dairə üzrə 37821 seçici 260 namizəd arasından 182, 2 saylı dairə üzrə 41120 seçici 308 yerə 452 namizəd arasından seçim etməli idi. Göründüyü kimi, seçicilərin seçimi geniş olmuşdur.
6 saylı Culfa-Babək Seçki Dairəsinin əhatə etdiyi 24 bələdiyyəyə 202 üzv seçilməliydi. Seçki məntəqələrində bələdiyyə seçkilərinin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər həyata keçirilmişdi. Seçki dairəsi 44 seçki məntəqəsini birləşdirirdi ki, həmin məntəqələrin 25-i Culfa rayonunda, 14-ü Babək rayonunda yerləşirdi. Dairə üzrə 35 min 502 seçici səsvermə hüququna sahib idi.
6-17 saylı seçki məntəqəsində seçicilərin fəallığı hiss olunurdu. Hər kəs öz layiqli namizədlərinə səs verirdi. Qeyd edək ki, məntəqədə 1449 seçici qeydə alınmışdı. 6-21, 6-22 saylı seçki məntəqələrində də seçicilərin səs verməsi üçün hərtərəfli şərait yaradılmışdı.
5 saylı Şahbuz-Babək Seçki Dairəsində seçki komissiyasının sədri Taməddin Hüseynov dedi ki, DSK üzrə 26 min 899 nəfər seçici 46 məntəqə üzrə 27 bələdiyyəyə 308 nəfər arasından layiq bildikləri namizədə səs verirlər.
1 saylı Şahbuz şəhər, 2 saylı Şahbuzkənd, 26 saylı Sirab, 31 və 34 saylı Cəhri kənd seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə də seçki prosesini izləmək mümkün idi.
Ümumiyyətlə, muxtar respublikanın bütün rayonlarında vətəndaşlar yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə seçkilərdə fəallıq nümayiş etdirmişlər.
Gəncə
Nizami yurdu bələdiyyə seçkilərinə böyük ovqatla gəldi. Onu da qeyd edək ki, 2014-cü il Gəncə üçün əlamətdar hadisələrlə zəngin olub. Dövlət başçısı İlham Əliyevin ilin əvvəlində, ortalarında və sonuna yaxın Gəncəyə səfərləri, görülən işlərlə bağlı razılığını bildirməsi, icrasına başlanan layihələrə xeyir-dua verməsi gəncəlilərin qurub-yaratmaq əzmini daha da artırıb. Bunun nəticəsidir ki, qədim yurdun sosial-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə artır. Bu da şəhər əhalisinin rifahının yaxşılaşdırılmasına təsirsiz ötüşmür. Əlbəttə, belə bir ovqatla bələdiyyə seçkilərinə gələn gəncəlilərin yeni seçiləcək bələdiyyə üzvlərindən daha böyük fəallıq və işgüzarlıq gözləməsi təbiidir.
Dekabrın 23-də gəncəli seçicilər yerli özünüidarəetmə orqanlarına üzv seçilmək istəyən namizədlərə səs vermək üçün seçki məntəqələrinə üz tutdular. Səsvermə hüququna malik şəhər sakinləri 37-ci Nizami (Gəncə) Birinci Seçki Dairəsi, 38-ci Nizami (Gəncə) İkinci Seçki Dairəsi, 39-cu Kəpəz (Gəncə) İkinci Seçki Dairəsi və 40-cı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsi üzrə seçki məntəqələrində səs verirdilər. 37-ci Nizami Birinci Seçki Dairəsi üzrə 24 məntəqənin 10-da, eləcə də 38-ci Nizami İkinci Seçki Dairəsinin 24 seçki məntəqəsinin 10-da veb-kamera quraşdırılmışdı. 39-cu Kəpəz Birinci Seçki Dairəsi üzrə 29 məntəqənin 9-da, 40-cı Kəpəz İkinci Seçki Dairəsinin 30 seçki məntəqəsinin 11-də bələdiyyə seçkilərini internetlə izləmək imkanı yaradılmışdı.
39-cu Kəpəz (Gəncə) Birinci Seçki Dairəsi üzrə 25 və 26 saylı seçki məntəqələri 34 nömrəli şəhər tam orta məktəbinin binasında yerləşir. Seçki məntəqələrində hər cür şərait yaradılmışdı. 25 saylı seçki məntəqəsi seçki komissiyasının sədri Yuris Xəlilov bildirdi ki, səsverməyə hazırlıq işləri vaxtında başa çatdırıldı. Səsvermə günü səhər saat 8-dən etibarən seçicilər məntəqəyə gəlib azad şəkildə öz namizədlərinə səs verirlər.
Seçicilərdən Nuranə Ağalarovanın təəssüratını öyrəndik:
- Məntəqədə hər şey yaxşı təşkil edilib. Sərbəst şəkildə səs verib çıxdım. Arzu edirik ki, yeni seçiləcək bələdiyyə üzvləri görülən işlərə seyrçi qalmasınlar, öz işgüzarlıqları, təşəbbüskarlıqları ilə nümunə göstərsinlər.
Seçici Nazilə Nəsibova səsvermə üçün yaradılan şəraitdən razılıq etdi. Müəllim Vaqif Əsədov da ürək sözlərini bildirdi:
- Artıq ölkəmizdə ədalətli, demokratik seçki ənənələri formalaşıb. İnanıram ki, seçdiyimiz namizədlər etimadımızı doğruldacaqlar.
Sumqayıt
Sumqayıtlılar ölkəmizdə keçirilən bütün seçkilərdə mütəşəkkillikləri ilə fərqləniblər. Onlar seçkilərdə fəal iştirak edib və səslərini layiqli namizədlərə veriblər. Dünənki bələdiyyə seçkiləri də bu baxımdan istisna olmadı.
42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin 7 saylı məntəqəsi şəhər 3 saylı orta məktəbin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Qulu Əbdürrəhmanov seçkilərin kifayət qədər şəffaf keçdiyini və səsverməyə gələnlərin fəal olduğunu söylədi. Qeyd edək ki, 955 seçicinin qeydə alındığı bu məntəqədə səsvermə üçün bütün şərait yaradılmışdır. Seçki prosesi zamanı məntəqədə heç bir ciddi qanun pozuntusu qeydə alınmamışdır. Məntəqə seçki komissiyasının katibləri Nahidə Talehi, Sevil Nəcəfquliyeva, üzvlərdən Səbinə Bağırova məntəqədə səsvermənin mövcud qanun və qaydalar çərçivəsində keçməsi üçün fəallıq göstərmişlər.
Həmin dairənin 8 saylı məntəqə seçki komissiyasının sədri Məmməd Əliyev də səsvermənin normal keçdiyini və nəticələrə təsir göstərə biləcək qanun pozuntularına rast gəlinmədiyini söylədi. 1117 seçicinin qeydə alındığı məntəqənin üzvləri Sevinc İsmayılova və Məftun Seyidov seçicilərin fəallığından razılıq etdilər. Azər Baxışov, Arzu Həşimova, Aslan Məmmədov və başqaları seçkinin gedişindən razı qaldıqlarını söylədilər. Onu da qeyd edək ki, məntəqədə seçkinin gedişi veb-kamera ilə izlənirdi.
43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsində 42147 seçici qeydə alınmışdır. Dairə üzrə 34 seçki məntəqəsi fəaliyyət göstərmişdir. Dairədə ilk dəfə səs verəcək gənclərin sayı 234, yaşı 80-dən yuxarı seçicilərin sayı isə 225 nəfər olmuşdur.
Bu dairənin 18 saylı seçki məntəqəsi 29 saylı orta məktəbin binasında yerləşmişdir. Məntəqə seçki komissiyasının sədri Vəfa Məmmədova bildirdi ki, məntəqə üzrə seçicilərin sayı 1173 nəfərdir.
Məntəqənin katibləri Səbinə Rzayeva və Nazilə Bağırova səsvermə zamanı seçicilərdə yaranan suallara cavab tapmaqda yardımçı olmuşlar.
Sözügedən dairənin 19 saylı seçki məntəqəsində isə seçicilərin sayı 1055 nəfərdir. Məntəqə seçki komissiyasının sədri İlahə Kazımzadə seçki başlayandan seçicilərin səsvermədə fəal iştirak etdiklərini vurğuladı. İlk dəfə səs verən Natavan Məmmədova, Ramiz Qurbanov, Xalidə Məmmədova, Rəvanə Hüseynova seçkilərdə iştiraklarından qürur duyduqlarını bildirdilər.
Abşeron
45 saylı Abşeron Seçki Dairəsi üzrə 36 məntəqə var. Dairə seçki komissiyasının sədri Dilşad Abbasova bizimlə söhbətində bildirdi ki, məntəqələr texniki avadanlıqlarla tam təmin olunub. 14 məntəqədə quraşdırılan veb-kameralarsa seçkinin gedişini birbaşa izləməyə imkan verir.
46 min 387 nəfər seçicinin qeydə alındığı bu seçki dairəsi üzrə 7 bələdiyyədə 83 yerə 212 nəfər namizədliyini verib. Seçkini 491 müşahidəçi izləyir.
23 saylı seçki məntəqəsi Masazır qəsəbəsindəki Milli Qəhrəman Ə.Əliyev adına Qubadlı rayon tam orta məktəbində yerləşir. Məntəqə üzrə seçicilərin sayı 1492 nəfərdir.
Məntəqə seçki komissiyasının sədri Sərvər Azadəliyev bildirdi ki, məntəqə Masazır qəsəbəsini əhatə edir. Seçkini 11 yerli müşahidəçi izləyir və onlara öz işlərini yerinə yetirmək üçün bütün şərait yaradılıb. Məntəqədə ilk dəfə səs verənlərin sayı 10-dur. Bu məntəqədə hətta yaşı 100-ü adlamış seçici də qeydə alınıb. Yaşı nəzərə alınaraq Bahar Ruşanovanın səs verməsi üçün qutu onun evinə aparılıb. B.Ruşanova bildirib ki, sayca neçənci seçkidə iştirak etdiyini artıq unudub: “İnsanın yaşaması üçün ən vacib amil qayğıdır ki, mən də, şükürlər olsun, onun korluğunu çəkmirəm. Bir də xahişim odur ki, gələcək seçkilərdə də məni unutmayın”.
Şəki
Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən olan 23 dekabr bələdiyyə seçkilərinə Şəki seçiciləri də böyük ümidlərlə gəldilər. Bu da təbii idi. Son dövrlər sürətli inkişaf tempini daha da artıran dağlar gözəli Şəkinin abadlıq-quruculuq işlərində bələdiyyə üzvlərinin də müəyyən əməyi və təşəbbüsü olub. Bu baxımdan yeni seçiləcək üzvlərdən şəkililər daha böyük işgüzarlıq gözləyirlər.
Şəki seçiciləri 113, 114 və 115 saylı Seçki Dairələri üzrə seçki məntəqələrində səs verdilər. 113 saylı Seçki Dairəsinə baş çəkdik. Dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə bildirdi ki, ilk dəfə bələdiyyə seçkiləri keçiriləndə bəlkə də hansısa həyəcan hiss olunurdu. Ancaq indi qazanılan seçki təcrübəsi çox köməyimizə çatır. Şəffaf, ədalətli və demokratik prinsiplərə uyğun seçki keçirmək üçün hər cür şərait var. İnanırıq ki, əvvəlki seçkilər kimi, bu seçki də qanunvericiliyin tələblərinə uyğun ədalətli və demokratik seçki olacaq.
113 saylı Seçki Dairəsinin ərazisindəki məntəqələrin 15-də veb-kamera quraşdırılıb. Ümumilikdə 29 seçki məntəqəsi səhər tezdən qapılarını seçicilərin üzünə açdı. Əlavə bir seçki məntəqəsi isə Şəki ərazisində penitensiar xidmət sahəsində çalışanların səs verməsi üçün müvəqqəti yaradılıb.
Yolumuzu şəhər 10 saylı seçki məntəqəsinə saldıq. Seçicilər rahat şəkildə məntəqəyə daxil olur, şəxsiyyət vəsiqələrini göstərib qeydiyyatdan və digər prosedurlardan keçirdilər.
Səs verib çıxanlardan biri ilə tanış olduq, əmək veteranı Sevil İsmayılova. Səsvermə üçün yaradılmış şəraitdən razılıq edən Sevil xanım vurğuladı ki, yeni seçiləcək bələdiyyə üzvləri ümumi axından geri qalmamalı, şəhərimizdə həyata keçirilən tədbirlərin, gerçəkləşdirilən layihələrin fəal iştirakçısına çevrilməlidirlər.
12 saylı seçki məntəqəsində də seçki öz qaydasında gedirdi. Bu məntəqədə səs verən Aygül Cavadova müəllimdir. Onun təəssüratı ilə maraqlandıq:
- Bələdiyyə seçkiləri əlamətdar hadisələrdən biridir. Ölkəmiz sosial-iqtisadi qüdrətini ildən-ilə artırır. Elə Şəki də dəyişir, inkişaf imkanlarını genişləndirir. İnanırıq ki, yeni seçiləcək bələdiyyə üzvləri də bu işə öz töhfələrini verəcəklər.
Ağcabədi
82 saylı Ağcabədi Seçki Dairəsi 47 məntəqəni əhatə edir. Aşkarlığın, şəffaflığın təmin edilməsi məqsədilə məntəqələrin 7-də veb-kamera quraşdırılmışdır. Dairə üzrə seçici siyahılarına 44 790 nəfərin adı daxil edilmişdir. Təşviqat kampaniyasının siyasi fəallıq şəraitində keçirilməsinin məntiqi nəticəsidir ki, bütövlükdə Ağcabədi rayonunda seçici fəallığı müşahidə olunurdu. Seçkilərin gedişini dairə üzrə 492 müşahidəçi izləyirdi. Müşahidəçilərin arasında hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri ilə yanaşı, digər siyasi partiyaların, ictimai-siyasi təşkilatların təmsilçiləri də vardı.
Seçki dairəsinin 11 saylı seçki məntəqəsində seçicilər daha çox fəallıq göstərirdilər. Saat 12-yə qədər məntəqədə 369 nəfər səsvermədə iştirak etmişdi. Seçicilər yaxşı tanıdıqları namizədlərə sərbəst şəkildə, heç bir maneə olmadan səs verirdilər.
83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin məntəqələrində də səsvermə demokratik, azad və şəffaf qaydada davam edirdi.
Qəbələ
116 saylı Qəbələ Seçki Dairəsi 54 seçki məntəqəsini əhatə edir. Bu məntəqələrin ikisi - Vəndam qəsəbəsindəki 52 saylı və Tüntül kəndindəki 53 saylı seçki məntəqələri ərazisində seçicilərin sayı Azərbaycan Respublikasının Seçki Məcəlləsində göstərilən normadan artıq olduğu üçün 2013-cü ildə prezident seçkiləri öncəsi yaradılıb. Seçici sayının builki artımı nəzərə alınaraq Qəbələ şəhərində 54 saylı seçki məntəqəsinin yaradılmasına da ehtiyac olub. Seçkilərə hazırlıq dönəmi yüksək səviyyədə başa çatdırılıb. Seçkilərin ədalətli, şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb.
Elə səhər saatlarında yolumuzu Qəbələ şəhərindəki 2 saylı seçki məntəqəsindən saldıq. Bu məntəqədə veb-kamera da quraşdırılıb. Seçicilərdən biri ilə - təqaüdçü müəllim Səməd Hüseynovla görüşüb təəssüratını soruşduq.
Səməd müəllim dedi: - Məntəqədə demokratik səsvermə mühiti var. Bütün prosedurları heç kimin müdaxiləsi olmadan keçib ürəyin istəyən namizədə səs verirsən. İndiyəcən təbliğat işləri üçün də hər cür şərait yaradılmışdı. Buna görə bilirdik ki, hansı namizədin “qabı”nda nə var. Bələdiyyə üzvlüyünə namizədliyini irəli sürənlər seçkiyə qədər çox vədlər verirlər, əsas məsələ odur ki, seçiləndən sonra onları seçənlərin etimadını layiqincə doğruldub əhəmiyyətli işlər görə bilsinlər. Bu baxımdan düşünürəm ki, seçimimdə səhv etməmişəm.
Şəhər 5 saylı seçki məntəqəsində isə gənc seçici Xalidə Rəsulova ilə həmsöhbət olduq: - Hər şey yaxşı təşkil olunub, sərbəst səs verib çıxdım. Sevindirici haldır ki, bələdiyyə üzvlüyünə namizədlər arasında gənclər çoxdur. Bu da onu göstərir ki, gənclərimiz məsuliyyətli işlərə ürəklə girişmək istəyirlər. Layiq olanları seçə bilsək, gələcək uğurların başlanğıcını qoymuş olarıq.
Digər baş çəkdiyimiz seçki məntəqələrində - Vəndam qəsəbəsindəki 20 saylı seçki məntəqəsində seçici Sevil Mürşüdova, Soltannuxa kəndindəki 13 saylı seçki məntəqəsində seçici Şəfaət Əsədova və digərləri də bələdiyyə seçkilərinin ədalətli keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirdilər.
Bərdə
93 saylı Bərdə Seçki Dairəsinin əhatə etdiyi məntəqələrdən biri şəhər mədəniyyət evində yerləşir. Göz oxşayan səliqə-sahman elə ilk baxışdan deməyə əsas verir ki, burada səsvermə gününə ciddi hazırlıq görülüb. 8 saylı məntəqə seçki komissiyasının sədri Mehman Quliyevlə söhbətdən məlum oldu ki, şəhərin Heydər Əliyev prospektinin, Aydın Əhmədov, Gəncə və Koroğlu küçələrinin səsvermə hüququ olan sakinləri məhz bu məntəqədə səs verəcəklər. Seçkilərə hazırlıq prosesində demokratik tələblər əsas götürülmüş, məntəqə seçki komissiyasının tərkibi müxtəlif siyasi partiyalardan formalaşmışdır.
Məntəqədə seçki prosesinin gedişində aşkarlığa, şəffaflığa böyük önəm verilirdi. Yeni Azərbaycan, Ana Vətən, Böyük Quruluş, Azərbaycan Demokratik İslahatlar partiyalarını və müxtəlif ictimai-siyasi təşkilatları təmsil edən, eyni zamanda bu prosesə öz təşəbbüsü ilə qoşulan 10 nəfərdən ibarət müşahidəçilər qrupu səsvermənin gedişini izləyirdi. Məntəqədə quraşdırılmış veb-kamera isə aşkarlığın daha bir göstəricisidir.
Səsvermə otağından çıxan bir nəfər seçici ilə həmsöhbət oluruq. Özünü təqdim edir: Bərdə şəhər sakini Saqi Sadıqov deyir:
- Altmış yaşım var. Çox seçkilərdə iştirak etmişəm. Bir seçici olaraq indiki bələdiyyə seçkilərinin bu şəkildə keçirilməsindən çox razıyam. Bax indi səs verib gedirəm. Məntəqədə hər kəsin istədiyi namizədə səs verməsi üçün normal şərait var. Mən seçki bülletenində adları qeyd olunmuş 61 namizəddən yaxşı tanıdığım, qabiliyyətinə, bacarığına yaxından bələd olduğum 15 nəfərə səs verdim. Qoy ən layiqlilər qalib gəlsinlər.
Şəmkir
Şəmkir Qərb bölgəsinin ən iri rayonlarından biridir. Burada 3 dairə seçki komissiyası fəaliyyət göstərir. 98 saylı Seçki Dairəsi rayonun mərkəzində, 99 saylı Dairə Şiştəpə kəndində, 100 saylı Dairə isə Kür qəsəbəsində yerləşir.
Səhər tezdən müxtəlif qəsəbə və kəndləri əhatə edən yüzdən artıq seçki məntəqəsində səsvermə başlanıldı. Yerli özünüidarəetmə orqanlarının nüfuzu getdikcə artdığına görə bələdiyyələrə maraq da yüksəkdir. Təkcə 99 saylı Dairənin 38 məntəqəsində 167 yer uğrunda 460 nəfər mübarizə aparır. Seçicilər bölgənin həyatına dərindən bələd olan qayğıkeş, təşəbbüskar insanlara etimad göstərməyə çalışırlar.
Vəziyyətlə tanış olmaq üçün rayonun ən ucqar kəndlərdən birinə -Tatarlıya getdik. Burada 99 saylı Şəmkir Seçki Dairəsinin iki məntəqəsi fəaliyyət göstərir. 17 saylı məntəqə seçki komissiyasının sədri İlham Məmmədovla görüşdük. Görülən işlər barədə həvəslə, maraqla danışır. Seçkilərin demokratik, şəffaf keçməsi üçün hər cür şərait yaradılıb. Müxtəlif yaşlı, müxtəlif peşəli insanlar dəstə-dəstə gəlirlər. Kəndin ağsaqqalı, səksəndən çox yaşı olan Səməd Şahquliyev nəvəsi ilə gəlib. Onun yoldaşı da, gəlini də, oğlu da burada səs verirlər. Ağsaqqalla söhbət edirik:
- Kənddə seçkilərə maraq çoxdur, - deyir. - Son illərdə bələdiyyələr özünü doğruldur. Elə bizim bu ucqar kəndimizdə bələdiyyənin köməyi ilə içməli su xətti çəkilib, yollar sahmana salınıb. Kəndi ikiyə bölən Zadaçayı üzərində körpü tikilib. Dövlətin abadlıq və quruculuq xəttinə uyğun olaraq bələdiyyə üzvləri də əhalinin arzu və istəklərinə həvəslə yanaşır, xeyirdə-şərdə yaxından iştirak edirlər. Ona görə də biz çalışırıq ki, bu yerli idarəetmə orqanına ən layiqli adamlar seçilsinlər.
Zəyəm texnologiya zavodundakı, Düyərli, İrmaş, Şiştəpə kəndlərindəki seçki məntəqələrində də seçkilərin mütəşəkkil keçdiyinin şahidi olduq. Məntəqələrdə müxtəlif partiyaların müşahidəçiləri üçün hər şərait yaradılıb. Günün ikinci yarısında 98 saylı və 100 saylı dairə seçki komissiyalarının bir neçə məntəqəsi ilə əlaqə saxladıq. Dedilər ki, səsvermə qaydasında gedir. Heç bir narahatlıq, problem yoxdur, seçki əsl demokratik şəraitdə, obyektiv, ədalətli keçir.
Ağsu
87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsi üzrə fəaliyyət göstərən 62 seçki məntəqəsinin 56-sı Ağsu rayonunun ərazisindədir. Seçkilərlə əlaqədar bütün hazırlıq işləri vaxtında başa çatdırıldığına görə dekabrın 23-də səsvermə xoş ovqatla başladı. Şəhər 5 saylı seçki məntəqəsi də azad, ədalətli və şəffaf seçki keçirilməsinə hazır idi. Səhər tezdən səsvermə otaqlarında vəziyyət bir daha yoxlanıldı, texniki avadanlığın işlək olmasına diqqət yetirildi, komissiya üzvləri arasında iş bölgüsü dəqiqləşdirildi. Boş seçki qutuları qanunvericiliyin tələblərinə uyğun olaraq məntəqə seçki komissiyasının üzvlərinə, ilk seçicilərə və müşahidəçilərə göstərildikdən sonra möhürləndi və saat 8:00-da səsvermənin başladığı elan olundu.
Seçici Cəmaləddin Zeynalovun seçki prosesinin gedişi və öz seçimi ilə bağlı fikirlərini öyrəndik:
- Rayonumuz çox inkişaf edib, həyata keçirilən abadlıq-quruculuq işləri, yenidənqurma tədbirləri Ağsunun simasını tamamilə dəyişib. İndi yollarımız rahat, evlərimiz, küçələrimiz yaraşıqlıdır. İnsanların istirahəti üçün gözəl parklar salınıb. Yeni iş yerləri açılıb. Fabriklər, zavodlar fəaliyyət göstərir. İçməli su, təbii qaz, enerji təchizatı məsələləri həll olunur. Bələdiyyə üzvlüyünə namizəd seçimimdə bu amillər, bu işlərin davamını görmək arzusu mühüm rol oynadı. Elə bu arzu ilə də sərbəst şəkildə öz seçimimi edib çıxdım.
Ağsu şəhərindəki 4 saylı seçki məntəqəsində səs verən Şəfəq Balıyeva ilə də söhbət etdik. Şəfəq xanım dedi:
- Səsvermə prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun gedir. Hər seçicinin öz seçim meyarı var. Mən öz namizədimə inanıram. İnanıram ki, dəyişib gözəlləşən rayonumuza yeni seçilən bələdiyyə üzvləri də öz töhfələrini verəcəklər. Bir məsələni də qeyd edim ki, ölkəmizdə seçkilərin azad, ədalətli və demokratik keçirilməsilə əlaqədar artıq böyük təcrübə qazanılıb. 2013-cü il prezident seçkilərində də bunun şahidi olduq. Hətta müşahidəçi qismində ölkəmizə gələn xarici qonaqlar da seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyini dəfələrlə vurğulayıblar. Hamı görür ki, indiki bələdiyyə seçkiləri də, əsasən, azad və şəffaf keçirilir.
Masallı
Son 2 ildə Masallı daha da abadlaşıb, yenilənib, əhalinin həyat səviyyəsi yaxşılaşıb. Bütün bunlara görə masallılılar bələdiyyə seçkilərinə xoş ovqatla qatılmışlar.
70 saylı Masallı DSK-nın sədri Valeh Seyfullayev dedi ki, 42 seçki məntəqəsində hazırlıq işləri vaxtında başa çatmışdır: “Dairə üzrə 38 min 730 seçici qeydə alınmışdır. Siyasi partiyalar və fərdi təşəbbüslə qeydə alınmış namizədlərin sayı isə 239 nəfərdir. 11 özünüidarəetmə orqanına 115 nəfər seçiləcək”.
DSK-nın 1 nömrəli seçki məntəqəsindəyik. Məntəqə seçki komissiyasının sədri Kamran Fətullayev seçkilərin mütəşəkkil keçdiyini bildirdi: “Bu gün 1212 seçici səs verməlidir ki, onun da 42-si ilk dəfə səs verənlərdir”. Prezident təqaüdçüsü, el ağsaqqalı Məmmədhüseyn Həsənov:
- Ölkəmizdə keçirilən şəffaf, demokratik seçkilərə görə sevinirəm. Mən də layiqlı namizədlərə səs verdim. İnanıram ki, onlar bu gün quruculuq və abadlıq meydanına dönən Masallının daha da gözəlləşməsinə çalışacaqlar.
71 saylı DSK-nın sədri Hikmət Xanməmmədov isə bildirdi ki, dairə üzrə 12 yerli özünüidarəetmə orqanına 124 bələdiyyə üzvü seçilir: “Qeydə alınan 267 namizəddən 80 nəfəri ali təhsilli qadın, qalanı gənclərdir. Seçicilərin ümumi sayı 33 min 445 nəfərdir. 39 məntəqədə seçki komissiyalarına zəruri texnika və əyani vasitələr verilib”.
DSK-nın Ərkivan kəndində yerləşən 2 nömrəli seçki məntəqəsinə gəldik. Məntəqə seçki komissiyasının sədri Əyyar Tahirov dedi ki, məntəqə üzrə 1219 nəfər seçici qeydə alınıb və onlardan 14 nəfəri ilk dəfə səs verənlərdir. Seçicilər adından Zaur Tağıyev ümumi əhvali-ruhiyyəni belə ifadə etdi:
- İnandığım namizədlərə səs vermişəm. Yaşadığım İsoba məhəlləsini daha abad görmək istəyirəm. İnanıram ki, səs verdiyim namizədlər bu işə ürəkdən can yandıracaqlar.
Hacıqabul
43 min 101 nəfər seçicisi olan 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsinin bütün məntəqələrində normal şərait yaradılmışdır. Məntəqələr rabitə, fasiləsiz enerji və digər kommunikasiya xidmətləri ilə təmin olunmuş, 8 məntəqədə veb-kameralar quraşdırılmışdır.
Dairənin 10 və 11 saylı məntəqələrinə baş çəkdik. Seçicilərin fəallığı hiss edilən hər iki məntəqədə normal iş şəraiti yaradılmış və veb-kameralar quraşdırılmışdır.
1220 nəfər seçicinin qeydə alındığı 11 saylı məntəqədə seçicilərin 16 nəfəri ilk dəfə səsverən gənclər, 45 nəfəri qoca və ahıllar idi ki, onlardan da ən yaşlısının 102 yaşı vardı. Seçici Zəmanə Hüseynova:
- İlk dəfədir səs verirəm. Həm sevinirəm, həm də həyacanlıyam. Bilirəm ki, ölkəmizdə gənclərə böyük diqqət və qayğı var. Odur ki, biz gənclər də çalışırıq ki, haqqın və ədalətin yanında olaq. Bu gün də məhz belə etdim. Xalqın, millətin qeydinə qalan insanlara səs verdim.
82 yaşlı Vəlican Həsənov isə səsvermədə iştirak edən yaşlı nəslin nümayəndələrindəndir:
- Bu xalq həmişə öz ağsaqqallarını eşidib, onların məsləhətlərinə qulaq asıb, bir işə başlayanda həmişə ağsaqqal xeyir-duası alıb. Bu gün də səhər tezdən məntəqəyə gəlmişəm ki, xeyir-dua verim. Qoy camaatımız elə-obaya can yandıran insanlara səs versin.
Tərtər
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da seçicilər bələdiyyələrin yeni üzvlərini seçdilər. Səsvermənin gedişi ilə bağlı 95 saylı Seçki Dairəsi dairə seçki komissiyasının sədri Həmid Mehdiyevə müraciət edirik. O dedi:
- Bizim rayonda 43 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 40-ı 95 saylı Seçki Dairəsinə, 3-ü 97 saylı Goranboy-Ağdam-Tərtər Dairəsinə aiddir. Üç qapalı məntəqəmiz, 41214 nəfər seçicimiz var. 8 məntəqədə səsverməni izləmək üçün veb-kamera quraşdırılmışdır. Hazırda səsvermə fəallıq və şəffaflıqla davam edir.
Bələdiyyə seçkilərində 630 nəfər 18 yaşı yeni tamam olmuş gənc ilk dəfə səs verir. Onlardan biri Şirin Əlizadədir. O öz təəssüratlarını bizimlə bölüşdü:
- Şəhərin M.F.Axundov küçəsində yaşayıram. İlk dəfə səs verdim. Sevinirəm ki, bələdiyyə seçkilərində bir gənc kimi öz seçimimi etdim. Səsvermə şəffaf və demokratik şəraitdə keçir. Seçimimizə heç bir müdaxilə edilmir.
Quba
53 saylı Quba-Qusar Seçki Dairəsinin sədri Rahim Qarayev bizimlə söhbətində bildirdi ki, dairə üzrə səsvermə hüququ olanların sayı 46 617 nəfərdir. Onlardan 39509 Qubanın, 7108 nəfəri Qusarın payına düşür. Quba rayonunda 61, Qusarda isə 15 məntəqə fəaliyyət göstərir. 183 bələdiyyə üzvlüyünə 473 namizəd qeydə alınıb.
Seçki Dairəsinin 22 saylı məntəqəsi Qubanın Zərdabi qəsəbəsindəki respublika Elmi-Tədqiqat Bağçılıq-Subtropik Bitkilər İnstitutunun binasında fəaliyyət göstərir. Məntəqə seçki komissiyasının sədri Vahid Əliyev seçicilərin sayının 1087 nəfər olduğunu bildirdi. Məntəqədə olarkən seçici Xalidşah Balakişiyevlə görüşdük. O, seçkinin tam demokratik keçdiyini, şəffaflığın qorunduğunu bildirdi.
52 saylı Quba Seçki Dairəsi üzrə seçicilərin sayı 44860 nəfərdir. Dairənin bütün seçki məntəqələri lazımi texniki avadanlıqla təmin edilib. Rayon üzrə fəaliyyət göstərən 72 seçki məntəqəsinin 12-də veb-kameralar quraşdırılıb.
Dairə üzrə qeydə alınmış müşahidəçilərin sayı 731 nəfərdir. Rayonun 19 bələdiyyəsi üzrə 179 yerə 438 namizəd qeydə alınmışdı.
Quba rayonunda olarkən yolumuzu 5 saylı məntəqədən də saldıq. Məntəqə Quba şəhər 3 saylı tam orta məktəbdə təşkil edilib. Məntəqə seçki komissiyasının sədri Sara Ağayeva səsvermə üçün bütün şəraitin yaradıldığını, məntəqədə veb-kamera quraşdırıldığını bildirdi. Seçicilərdən Rasim Xeyirov, Lalə Məmmədova və başqaları seçkilərin şəffaf keçirildiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini qeyd etdilər.
Şabran
54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə seçicilərin sayı 49285 nəfərdir. 70 məntəqənin 46-sı (28765 seçici) Şabranın, 24-ü (20520 seçici) Siyəzənin inzibati ərasizinə düşür. İlk dəfə səs verənlərin sayı 385, məntəqələr üzrə qeydə alınan müşahidəçilərin sayı 790 nəfərdir.
Dairə seçki komissiyasının sədri Əmircan Ocaqov bildirdi ki, 10 məntəqədə veb-kamera quraşdırılıb. Həmin kameralar vasitəsilə seçkinin gedişini birbaşa izləmək mümkündür.
2 saylı məntəqə Şabran Rayon Sosial Müdafiə Mərkəzinin inzibati binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Gülnar Əkbərova:
- Seçicilərimiz seçkinin şəffaf, ədalətli, demokratik keçdiyinin şahididirlər. Məntəqəyə daxil olan hər kəsə komissiyanın üzvləri Arif Fərmanov, Ramiz Şahbalayev və Nübar Şahbazova seçici siyahılarında adlarını tapmaqda kömək edirlər. Hələ seçkilərədək bildirişlərin hamısı seçicilərə çatdırılmışdı. Bundan əlavə, seçicilərlə maarifləndirici söhbətlər aparılıb.
G.Əkbərova onu da bildirdi ki, məntəqə üzrə ilk dəfə səs verənlərin sayı 5 nəfərdir: “Xəyalə Rzayeva, Elmir Qəhrəmanov, Vüsalə Əsgərova, Mətanət Quliyeva və Rəvan Mustafayev səsvermədə həvəslə iştirak ediblər. Yaşlı əhalini də nəzərə almışıq. Onların səs verməsi üçün səyyar qutu və xüsusi maşın ayrılıb. Ümummiyyətlə, məntəqə üzrə qeydə alınmış yaşlı əhalinin sayı 16 nəfərdir. Güləbatın Eyyubova, Osman Ömərov, Kamil Ağasıyev, Mələk Xudaverdiyeva və digərləri rayonun tanınan ağsaqqallarıdır. Onların səhər tezdən gəlib səs vermələri isə bütün seçicilər üçün nümunə oldu”.
Zaqatala
Gözəlliklər diyarı Zaqatalanın sakinləri bütün seçkilərdə seçici fəallıqları ilə fərqlənirlər. 23 dekabr bələdiyyə seçkilərinə də böyük ruh yüksəkliyi ilə gələn zaqatalalılar yaxşı bilirlər ki, ildən-ilə daha da gözəlləşən, abadlığı və müasirliyi ilə göz oxşayan Zaqatalanın uğurlarına yeni seçiləcək bələdiyyə üzvləri də müəyyən töhfə verə bilərlər. Bu baxımdan seçmək hüququna malik hər bir rayon sakini elə seçkilərə hazırlıq dönəmindən bələdiyyə üzvlüyünə namizədlərlə hərtərəfli maraqlanmış, onların etimadını doğrultmaq əzmində olanları özləri üçün yəqinləşdirmişlər.
Nəhayət, bu da gözlənilən gün - 23 dekabr bələdiyyə seçkiləri günü. 110 saylı Zaqatala Seçki Dairəsi rayonun 31 kəndini əhatə edir. Başqa sözlə, bu dairənin 47 seçki məntəqəsi dekabrın 23-də şəhər tezdən qapılarını seçicilərin üzünə açdı. Onu da qeyd edək ki, seçki məntəqələrinin 90 faizi yeni tikilmiş məktəb binalarında, qalanları isə əsaslı təmir edilmiş mədəniyyət evlərində yerləşir. Bu dairə üzrə seçicilər 16 bələdiyyəyə 156 üzv seçməlidirlər. Hələ hazırlıq prosesində seçki məntəqələrində olarkən gördük ki, seçkilərin azad, ədalətli və demokratik prinsiplərə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, seçki günü yüksək əhval-ruhiyyə ilə başladı.
Seçki məntəqələrinə baş çəkməzdən öncə dairə seçki komissiyasının sədri Fikrət Mustafayevlə görüşüb seçkilərin gedişi ilə maraqlandıq. Fikrət müəllim dedi ki, seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Seçki məntəqələrində təcrübəli komissiya üzvləri, katiblik və texniki heyət fəaliyyət göstərir. Ötən seçkilərdən xeyli təcrübə qazanmışıq. Çalışırıq ki, hər bir seçici öz seçimini rahat və azad şəkildə ifadə edə bilsin.
Onu da öyrəndik ki, seçki məntəqələrinə gəlmək imkanında olmayan yaşlı və xəstə insanların səs vermələri üçün evlərinə mövcud qanunvericiliyə uyğun seçki qutuları göndərilib. Belə səs verənlər arasında Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Aşağı Tala kənd sakini Zalxay Həsənova da oldu. Zalxay xanım səsi ilə bərabər xeyir-duasını da əsirgəmədi: - Fədakarlıqla çalışsınlar, xalqımızın, seçicilərimizin etimadına layiq olsunlar.
Car kəndində 94 yaşlı İbrahim Davudovla görüşdük: “İlk səs verənlərdən biri mən oldum. Yaşım çox olsa da seçki məntəqəsinə özüm getdim. Rahat şəkildə səs verib qayıtdım. İnanıram ki, yeni seçilənlər kəndlərimizdəki yaxşı işləri daha da artıracaqlar” - deyə o bildirdi.
Cəlilabad
Cəlilabadlılar ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən bələdiyyə seçkilərini sosial-iqtisadi inkişaf, quruculuq-abadlıq sahələrində qazandıqları nailiyyətlərlə qarşılamışlar. Bu nailiyyətlərin əldə edilməsində yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin də payı var. Onların bu əməyini qiymətləndirən və gələcəklərinə böyük ümid bəsləyən seçicilər ölkəmizdə nisbətən gənc təsisat olan bu quruma yaxından dəstək vermək üçün dünən seçki məntəqələrinə gəlmişlər.
67 saylı Cəlilabad Şəhər Seçki Dairəsinin 5 saylı məntəqəsi Ziyalılar evində yerləşir. Məntəqə seçki komissiyasının sədri Əminağa İsbarov dedi ki, məntəqədə 1303 seçici qeydə alınmışdır. Onlardan 674 nəfəri qadındır. 28 nəfər gənc isə ilk dəfə səs verənlərdir. Şəhər bələdiyyəsi üzrə 15 yerə 42 namizəd var. Onu da qeyd edək ki, məntəqədə seçkilərə hazırlıq işləri vaxtında başa çatdırılmış, veb-kamera quraşdırılmışdır.
Əminağa müəllim məntəqəyə gələn seçiciləri bir-bir salamlayıb, onlara xoş arzularını yetirirdi. Məntəqə seçki komissiyasının katibləri və üzvləri - Müşviq Dadaşov, Aslan Babayev, Yusif Əliyev, Səxavət Hüseynov, Akif Niftəliyev isə öz üzərilərinə düşən vəzifələri qanun çərçivəsində operativ icra edirdilər.
Yaxınlaşıb seçicilərdən bir neçəsi ilə söhbət etdik. Mətləb Verdiyev, Yavər Zeynalov, Füzuli Quliyev, Sara Məhərrəmova, Ərkinaz Əliyeva, Gülputa Əsgərova, Sabir Quliyev razılıq hissi ilə bildirdilər ki, ötən bələdiyyə seçkilərindən bəri ölkəmizdə, o cümlədən Cəlilabadda bir sıra nailiyyətlər qazanılmış, quruculuq-abadlıq sahəsində müsbət irəliləyişlər əldə edilmişdir: “Biz məhz bu irəliləyişə, bu tərəqqiyə və bütün bu nailiyyətlərə imza atan siyasi kursa səs vermişik”.
Seçki məntəqəsində Böyük Quruluş partiyasının təmsilçisi, məntəqə seçki komissiyasının katibi Aslan Babayevdən seçkilərin necə keçdiyini soruşduqda dedi:
- Hər şey göz qabağındadır. Seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun, azad, şəffaf, ədalətli, bir sözlə, demokratik şəraitdə keçirilir. Əvvəlcədən seçicilər arasında həyata keçirilən geniş maarifləndirmə tədbirləri səsvermə prosesində nəticəsini göstərir.
Biz digər müşahidəçi qrupların üzvləri, müxalifətin təmsilçiləri ilə də görüşüb söhbət etdik. Onlar da səsvermə prosesinin normal keçdiyini, heç bir ciddi qanun pozuntusuna rast gəlmədiklərini dedilər.
67 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının sədri Mirsahib Sultanov isə qeyd etdi ki, ötən seçkilərdən sonra əldə etdiyi uğurlara, yerli problemlərin həlli sahəsindəki çevikliyinə, dəyərli təşəbbüslərinə görə seçicilər arasında bələdiyyələrin nüfuzu xeyli artmışdır və bu üzdən də seçicilər yerli özünüidarəetmə orqanlarına bel bağlayırlar: “Xalqın böyük ümid bəslədiyi bələdiyyələrin həyatında mühüm hadisə olan seçkilərin şəffaf və demokratik keçməsi, seçicilərin sərbəst, azad və normal səs vermələri üçün dairənin əhatə etdiyi məntəqələrin hamısında lazımi şərait yaradılmışdır. Məntəqələr seçkiyə aid olan bütün texniki vasitələrlə təchiz olunmuşdur. Məntəqələrdən aldığımız son məlumatlara görə, seçkilərdə gənclər fəallıq göstərirlər. Seçicilərin ümumi sayının 25 faizdən çoxunu gənclər təşkil etməsi bizi sevindirir”.
Mingəçevir
Energetiklər şəhəri Mingəçevirdə bələdiyyə seçkiləri 2 seçki dairəsi üzrə keçirilirdi: 47 saylı Mingəçevir və 49 saylı Yevlax-Mingəçevir Seçki Dairələri. 47 saylı Dairədə 30 məntəqə yaradılmışdır. 49 saylı Seçki Dairəsinin 13 seçki məntəqəsi də Mingəçevirdədir. Bütövlükdə Mingəçevirdə bələdiyyə seçkiləri üçün 43 məntəqə yaradılmışdır. Şəhər üzrə seçicilərin ümumi sayı 49 492 nəfər təşkil edir.
Şəhərdəki 14 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır ki, bu da seçki prosesini onlayn izləmək imkanı yaradır. 47 saylı dairə seçki komissiyasının sədri Oqtay Məmmədovdan aldığımız məlumata görə, seçkilərin gedişində heç bir qanun pozuntusu qeydə alınmamışdır. Ümumiyyətlə, səsvermə prosesində problem yoxdur. Seçicilərin öz iradələrini sərbəst şəkildə və maneəsiz həyata keçirməsi üçün bütün məntəqələrdə normal şərait var idi.
Ağstafa
108 saylı Ağstafa dairə seçki komissiyasının ərazisində 26 bələdiyyəyə üzvlər seçilirdi. Burada 236 yer üçün 620 nəfər qeydə alınmışdı. Dünən rayonun müxtəlif guşələrində yerləşən 41 məntəqədə seçkilər keçirilirdi.
Təkcə Dağkəsəmən kəndində 4 məntəqə fəaliyyət göstərir. Dedilər ki, dördündə də işlər yaxşı gedir. Şəhər mədəniyyət evindəki 4 saylı məntəqədə, rayonun ən ucqar kəndi sayılan Ağgöldəki 35 saylı məntəqədə, habelə, Poylu qəsəbə və Xətai kənd məntəqələrində də səsvermə Respublika Seçki Komissiyasının təlimatına uyğun gedirdi. 8 məntəqədə veb-kameralar quraşdırılmışdı. Müxtəlif partiyadan olan müşahidəçilər səsvermənin gedişini müşahidə edirdilər .
Günün ikinci yarısında 108 saylı dairə seçki komissiyasının sədri T.Eyyubovla əlaqə saxladıq. Dedi ki, heç bir narahatlıq-nigaranlıq qeydə alınmamışdır. Hamı seçkilərin demokratik, şəffaf keçməsinə və bələdiyyələrə ən layiqlilərin seçilməsinə çalışır.
Gədəbəy-Tovuz
104 saylı Gədəbəy-Tovuz dairə seçki komissiyası Slavyanka kəndində yerləşir. Buradakı məntəqələrin 23-ü Gədəbəyə, 38-i isə Tovuza baxır. Həmin məntəqələrdə də səsvermə Mərkəzi Seçki Komissiyasının təlimatına uyğun olaraq başladı. 6 məntəqədə veb-kamera quraşdırılmışdı. Ayrı-ayrı partiyaların və namizədlərin 575 nəfər müşahidəçisi üçün hər şərait yaradılmışdı.
Arıqıran kəndindəki 2 və 59, Qaravəlilərdəki, Səfərlidəki 61, Kovxanəbidəki 34 saylı məntəqələrdə də işlər nümunəvi qurulmuşdu. Günün ikinci yarısında dairə seçki komissiyasının sədri Elman Rüstəmovdan öyrəndik ki, ən ucqar kəndlərdə də fəallıq yüksəkdir. Yerli özünüidarəetmə orqanlarına seçkilər ədalətli, şəffaf, demokratik keçir.
Lerik
Lerik şəhərində də seçici fəallığı yüksək idi. Mədəniyyət sarayındakı seçki məntəqəsinə üz tuturuq.
Şəhərdəki üç məntəqədən biri bu saraydadır. Məntəqədə şəhərin ağsaqqallarından Prezident təqaüdçüsü, biologiya üzrə fəlsəfə doktoru Musa Bədəlov, əməkdar müəllim Məhərrəm Kazımov, Hidayət Bəşirov, Qəhrəman Əliyev, Musarza Məmmədov və Özübəy Quliyevlə görüşdük. Onlar bələdiyyələrə ötən seçkilərdən keçən dövrdə bu qurumun şəhərdə apardığı abadlıq işlərindən, əhaliyə göstərilən xidmətdən söhbət açdılar. Dedilər ki, xeyir-şər evi istifadəyə verilib, qədim qəbiristanlığın Şərq üslubunda hasara alınmasına başlanıb. Küçələrdə yaşıllıq salınıb, şəhərin təmizliyindən ötrü maşınlar alınıb. Qarabağ əlilləri üçün 16 ailəlik yaşayış evi sakinlərini qəbul edib.
Seçki komissiyasının üzvləri ilk dəfə səs verməyə gələn gəncləri təbrik edib gül dəstələri verdilər. Səsvermənin gedişini siyasi partiyalardan və təşəbbüs qruplarından 11 müşahidəçi izləyirdi. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından müşahidəçi Mirtağı Əbi oğlu söhbət zamanı dedi ki, səsvermə prosesində heç bir pozuntuya yol verilməyib, seçicilər fəallıq göstərirlər. Bu, bələdiyyələrə inamdan irəli gəlir.
Xaçmaz
Xaçmaz rayonunda iki seçki dairəsi fəaliyyət göstərir. 55 saylı Xaçmaz şəhər Seçki Dairəsi rayon mərkəzində yerləşir. Dairə seçki komissiyasının sədri Bəhram Ömərov bizimlə söhbətində bildirdi ki, bələdiyyə seçkilərində seçicilər üçün normal şərait yaradılıb. 450 müşahidəçi səsvermənin gedişini izləyir.
Bu seçki dairəsində seçicilərin sayı 43465 nəfərdir. Dairə üzrə məntəqələrin sayı 39-dur. İlk dəfə səs verən seçicilərin sayı 467 nəfərdir. 12 məntəqədə veb-kamera quraşdırılıb.
Səhər məntəqələr açılandan seçicilər bir-bir, iki-iki öz vətəndaşlıq borclarını yerinə yetirməyə gəlirdilər. Xaçmaz rayon Z.Əliyeva adına məktəb-liseydə fəaliyyət göstərən 1 saylı seçki məntəqəsinə baş çəkdik. Seçici siyahısında 1254 nəfər sakinin adı qeyd olunmuşdu. Məntəqədə səsvermənin gedişini 7 müşahidəçi izləyirdi. Məntəqə üzrə 2 xəstə qeydiyyata alınıb. Onların səs verməsini təmin etmək üçün avtomobil və daşınan qutu ayrılmışdı. Məntəqədə səsvermənin gedişi veb-kamera ilə müşahidə edilirdi.
Ağdaş
90 saylı Ağdaş Seçki Dairəsi üzrə bütün seçki məntəqələrində bələdiyyə seçkiləri xoş əhval-ruhiyyə ilə başladı. Bu ab-hava baş çəkdiyimiz Ağdaş şəhərindəki 2, 4, 5 və 10 saylı seçki məntəqələrində də hiss olunurdu. Seçki məntəqələrinin əksəriyyəti yeni tikilmiş məktəb binalarında yerləşirdi. Digər məntəqələr isə lazımi səviyyədə təmir olunub.
Şəhərdəki seçki məntəqələrindən əlavə, Dəhnəxəlil kəndində 11, Qolqətidə 13, Aşağı Zeynəddində 21, Qaradağlıda 20 və Pirkəkə kəndindəki 17 saylı seçki məntəqələrində də olduq. Bu məntəqələr də bələdiyyə seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün lazımi avadanlıq və texniki təchizata malik idi.
Ağdaş şəhər 2 saylı seçki məntəqəsində də seçki prosesi normal şəkildə davam edirdi. Səs verib məntəqədən ayrılan seçici Müzəffər Abdullayevdən təəssüratını soruşduq. O dedi:
- Hər seçici öz seçimini sərbəst şəkildə gerçəkləşdirir. Fikir verirsiniz, Ağdaş necə dəyişib, necə gözəl və müasir olub. Əlbəttə, görülməli işlərimiz də var. Yeni seçiləcək bələdiyyə üzvləri də öz üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmalıdırlar. Bu qədər əziyyət çəkilir, vaxt sərf edilir. Onlar da seçicilərin etimadını doğrultmalı, seçiləndən sonra gərəkli işlər görməlidirlər.
Seçici Əntiqə Məmmədova isə fikrini belə ifadə etdi:
- Seçki məntəqələrində yaradılan şəraitdən tutmuş bələdiyyə üzvlərinin apardıqları təbliğata qədər hər şey bizə imkan verdi ki, yaxşı düşünək-daşınaq və istədiyimiz, ümumi mənafe naminə faydalı hesab etdiyimiz namizədlərə səs verək. Əminliklə deyə bilərik ki, bu seçkilər də əvvəlkilər kimi, demokratik prinsiplərə uyğun keçirilir. Bunun üçün hər cür şəraitin yarandığının şahidi olduq.
Goranboy
Tapqaraqoyunlu kəndi birbaşa sərh əd bölgəsində yerləşir. Namərd düşmənlə üz-üzədir. Dövlətin qayğısı və köməyinə arxalanan kənd camaatı ən gərgin günlərdə belə ata-baba yurdlarını tərk eləməyiblər. Düşmənin hər cür fitnə-fəsadına baxmayaraq doğma torpaq mərdliklə qorunur, hamı qurub yaradır, əkin-biçinlə məşğuldur.
İllər keçdikcə əhalinin sayı sürətlə artır, təzə evlər tikilir, ailələr qurulur, seçicilərin sayı çoxalır. Elə buna görə də cari ildə burada 18 saylı seçki məntəqəsindən əlavə daha bir məntəqə yaradılıb. 56 saylı seçki məntəqəsi yeni tikilmiş məktəb binasında yerləşir. Otaqlar geniş, işıqlı və yaraşıqlıdır. Məntəqə seçki komissiyasının sədri Seymur Mustafayev deyir ki, burada bələdiyyə seçkilərinin obyektiv və ədalətli keçməsi üçün hər şərait yaradılıb.
97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyasının əhatə etdiyi 35 məntəqədə 19 bələdiyyə formalaşacaqdır. Burada 161 yer uğrunda 411 nəfər mübarizə aparır. Tərtər rayonunda 3 məntəqə fəaliyyət göstərir. Sarov, Bəyimsarov , Borsunludakı məntəqələrdə üç mindən çox adamın səs verməsi gözlənilir.
Goranboy rayonundakı Qızılhacılı, Xanqarvənd və Yuxarı Ağcakənd seçki məntəqələrində də bütün işlər Mərkəzi Seçki Komissiyasının tələblərinə uyğun qurulub. 6 məntəqədə veb-kameralar işləyir. Müşahidəçilər üçün münasib yerlər ayrılıb. Otaqlar elə qurulub ki, hamı sərbəst surətdə səs verə bilir. 97 saylı dairə seçki komissiyasının sədri Faiq Məhərrəmov deyir ki, səhərdən bəri heç bir narahatlıq-nigaranlıq qeydə alınmamışdır, seçki ədalətli, şəffaf keçir. Bələdiyyə seçkiləri ölkəmizdə demokratiyanın təntənəsini bir daha sübut edir.
Yardımlı
Yardımlıda 30 bələdiyyə fəaliyyət göstərir. Yerli özünüidarəetmə orqanlarına seçkilərin azad və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb, seçki məntəqələri zəruri inventar və avadanlıqla təmin edilib.
Seçki prosesinin gedişini izləmək üçün 5 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Budəfəki bələdiyyə seçkiləri marafonuna rayonun 68 seçki məntəqəsindən 260 yer uğrunda 525 namizəd qoşulub. Onların 112-si qadındır. Namizədlər arasında gənclər də çoxdur, amma hakim partiyanın təmsilçiləri üstünlük təşkil edir: 434 nəfər. İkinçi yerdə bitərəflərdir: 153 nəfər. Bundan başqa, Böyük Quruluş Partiyasından 26, Azərbaycan Sosial Rifah Partiyasından 9, BAXCP-dən 11, Ana Vətən Partiyasından 25, ASDP-dən 8, Vətəndaş Həmrəyliyi Partiyasından 4, Klassik Xalq Cəbhəsi Partiyasından 9, habelə digər partiyalardan ümumilikdə 5 namizəd mübarizəyə qoşulub. Seçkilərin gedişini izləmək üçün 830 müşahidəçi qeydə alınıb.
...Seçicilər seçki məntəqələrinə gəlib səsvermə hüququndan istifadə edərək dəstəklədikləri namizədlərə sərbəst şəkildə səs verirdilər. Biz bunu 45 saylı Şəfəqli seçki məntəqəsində də müşahidə etdik. Burada seçici fəallığı hiss olunurdu.
Məntəqədə 18 namizəd 9 yer uğrunda mübarizə aparır. Namizədlərdən 10-u YAP tərəfindən irəli sürülüb, 8-i isə bitərəfdir.
Seçki məntəqəsində veb-kamera quraşdırılıb. Kəndin tanınmış ziyalısı, Qabaqcıl maarif xadimi, 76 yaşlı Nadir Əliyev deyir:
- Kənd bələdiyyəsi yerli özünüidarəetmə orqanıdır. Düzgün və ədalətli seçim etməliyik ki, kəndimizin sosial-iqtisadi inkişafı daha da sürətlənsin. Ona görə də buraya gəlib dəstəklədiyim namizədlərə səs verdim. Bu mənim hüququmdur və öz hüququmdan istifadə etməkdə heç kəs mənə təsir göstərə bilməz. Baxıram, hamı mənim kimi öz səsvermə hüququndan yararlanır. Biz azad və demokratik ölkədə yaşayırıq. Bu ölkəyə isə yalnız belə azad, şəffaf və demokratik seçki yaraşır.
Müxalif yönümü ilə tanınan seçici Seyfulla Sultanov da seçki prosesindən razılığını ifadə edir;
- Konstitusiyamız insanlara azad seçki hüququ verib və insanlar da bu hüquqdan yararlanırlar. Mən heç bir antidemokratik halla rastlaşmadım.
Göygöl-Daşkəsən
Azərbaycanda müstəqilliyin ən önəmli bəhrələrindən biri də yerli özünüidarəetmə orqanlarının yaradılmasıdır. Bələdiyyələr vasitəsilə əhali yerlərdə iqtisadi məsələlərin həlli, abadlıq-qurucluq işləri ilə məşğul olur. Aylar, illər ötdükcə bələdiyyələrin də nüfuzu artır. Elə buna görə də bələdiyyə seçkilərinə maraq getdikcə yüksəlir.
101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsinin məntəqələrində də Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq geniş hazırlıq işləri görülüb. Göygöl rayonunun Üçtəpə kəndində iki məntəqə fəaliyyət göstərir. Səhər tezdən 42 saylı məntəqədə olduq. Orta məktəbin binasında 1380 nəfərin səs verməsi üçün hər cür şərait yaradılmışdı. Otaqlar işıqlı və yaraşıqlı idi. Burada veb-kameralar qurulmuş, müşahidəçilər üçün müvafiq yerlər ayrılmışdı.
Seçki dairəsinin 28 məntəqəsi Daşkəsən rayonunda yerləşir. Xoşbulaq, Yuxarı Daşkəsən və Tapan kəndlərindəki məntəqələrə də baş çəkdik. Hər yerdə səsvermə demokratik qaydada, ədalətli, şəffaf keçirdi.
Xızı
44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin 32 saylı seçki məntəqəsi Xızı rayonunun Sıtalçay kəndindəki N.Allahverdiyev adına kənd tam orta məktəbində fəaliyyət göstərir. Məntəqə seçki komissiyasının sədri Xanımzadə Hətəmova bizimlə söhbətində bildirdi ki, səhər bələdiyyə seçkilərinə start veriləndən seçicilər məntəqəyə gəlir və istədikləri namizədə səs verirlər. Burada seçicilərin sayı 1274 nəfərdir. Məntəqə seçki komissiyasının üzvləri seçicilərə adlarını seçici siyahılarında tapmaqda kömək edir, sərbəst şəkildə səs vermələrini təmin edirlər. Məntəqədə ilk dəfə səs verənlər 7, yaşı 80-100 arası olanlar isə 17 nəfərdir. Gənclərdən Nahid Əliyev, Kəmalə Ağabalayeva, Heyrət Heybətov və başqaları artıq səsvermədə iştirak ediblər. Yaşlıların normal qaydada səs verməsi üçün tədbirlər görülüb. Onların hər birinin evinə daşınan qutu göndərilib.
Biz məntəqədə olanda “N” saylı hərbi hissənin zabit və əsgərləri də səs verirdilər. Vətənin müdafiəçiləri bizimlə söhbətlərində işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini vurğuladılar.
“Azərbaycan”