Sentyabrın 24-də Milli Məclisdə ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Parlamentin komitə sədrləri arasında görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bu gün dövlət başçıları, eləcə də parlamentlər arasında əlaqələrdə öz əksini tapdığını bildirib. Qeyd olunub ki, Azərbaycan və Gürcüstan bir-birini beynəlxalq və regional müstəvidə hər zaman dəstəkləyir, qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan münasibətləri ardıcıl şəkildə inkişaf etdirirlər.
Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani parlamentlər arasında möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Bildirilib ki, strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və energetika sahələrində yüksəksəviyyəli əməkdaşlıq əlaqələri mövcuddur.
Görüşdə Azərbaycan və Gürcüstan arasında təhsil, investisiya, energetika və turizm sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. İki ölkənin regional və beynəlxalq əhəmiyyət daşıyan birgə layihələrinin, o cümlədən Orta Dəhliz, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələrinin iqtisadi və strateji əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı dövlət başçıları, parlament sədrləri və hökumət nümayəndələri arasında mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Həmçinin ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.