Ötən il ölkəmizdə 20 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub
Xəbər verildiyi kimi, Bakıda "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq tədbir keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycanın əczaçılıq sənayesinin inkişafını müzakirə etmək və bu sahədəki mövcud vəziyyəti dəyərləndirmək olub. Bu yerdə qeyd edək ki, Azərbaycan son illər əczaçılıq sektorunda ciddi inkişaf yolu keçib. Ona görə də beynəlxalq tədbirlər bu inkişafı sürətləndirmək üçün mühüm platforma rolunu oynayır.
Əczaçılıq sənayesi yalnız dərman istehsalını deyil, həm də bu sahəyə investisiyaların cəlb edilməsi, yerli istehsalın artırılması və beynəlxalq bazarlara çıxış məsələlərini əhatə edir. Xüsusən biotexnologiyalar və genetik mühəndislik kimi sahələrdəki yeniliklər Azərbaycanın əczaçılıq sənayesinin gələcəyinə böyük təsir göstərir. Bu sənaye sahəsi insanların sağlamlığını qorumaq və müalicə etmək üçün dərmanların və digər farmasevtik məhsulların hazırlanması və yayılması ilə bağlı prosesləri idarə edir.
Ölkəmizdə əczaçılıq sahəsində fəaliyyət göstərən bir çox şirkət mövcuddur. Bu şirkətlər sağlamlıq sektorunun inkişafı və əhalinin dərman ehtiyaclarının qarşılanması baxımından mühüm rol oynayırlar. Müəssisələr əsasən dərman istehsalı, distribusiya, ticarət və tibb avadanlıqları sahələrində fəaliyyət göstərirlər. Tədbir çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Pirallahı Sənaye Parkından bəhs edərkən bu barədə danışmışdır: "Sənaye parkının rezidenti olan "Diamed Co" MMC müasir texnologiyalar əsasında birdəfəlik şprislər istehsal edir. Digər bir rezident "R-Pharm" MMC müxtəlif dərman vasitələrinin qablaşdırılmasını həyata keçirir. Hazırda sənaye parkında Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri A.Ş." şirkəti ilə birgə beynəlxalq keyfiyyət standartlarına və Azərbaycanın milli əczaçılıq təhlükəsizliyi prioritetlərinə uyğun yeni əczaçılıq zavodu tikilir. Zavodda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq".
Xatırladaq ki, əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı Azərbaycanın qeyri-neft sektorunun inkişafına dəstək vermək, yerli istehsalı artırmaq və xarici investisiyaları cəlb etmək məqsədi ilə fəaliyyət göstərir. Parkda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələr üçün müasir infrastruktur və əlverişli vergi şəraiti mövcuddur. Sənaye parkının ərazisi artıq rezidentlərlə tam dolub. Sahibkarların bura marağı böyükdür. "Burada layihələrin investisiya həcmi 120 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib. Sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 45 milyon manatdan çox investisiya yatırılıb, 160-a yaxın daimi iş yeri yaradılıb. Sənaye parkında indiyədək 64,5 milyon manatlıq məhsul istehsal edilib. Pirallahı Sənaye Parkında qeydiyyatdan keçən rezidentlərin tam gücü ilə fəaliyyətə başlaması əczaçılıq sənayesinin inkişafını, dərman vasitələri və tibbi ləvazimatlara tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdıracaq", - deyə nazir müavini sənaye parkı ilə bağlı faktlara diqqət çəkib.
Tədbirdə Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş İsrailin "BioPharmax" şirkətindən də söz açılıb. Şirkət yerli istehsalı artırmaq, beynəlxalq bazarlara çıxış imkanı yaratmaq, təhlükəsiz və innovativ tibb məhsulları istehsal etmək yolu ilə Azərbaycanın iqtisadiyyatına dəyərli töhfələr verəcək. Burada 50 adda tibbi məhsul, ilk növbədə insulin istehsalı nəzərdə tutulur. Qeyd edək ki, Ələt qəsəbəsində fəaliyyət göstərən iqtisadi zona Azərbaycanın əsas ticarət marşrutlarına yaxın olması səbəbindən strateji əhəmiyyətə malikdir. Çindən Avropaya və Asiyadan Yaxın Şərqə gedən ən mühüm nəqliyyat dəhlizlərinin üstündə yerləşdiyi üçün logistika mərkəzi kimi də çox vacibdir. Ona görə də "BioPharmax" şirkətinin burada fəaliyyət göstərməsi strateji cəhətdən çox əhəmiyyətlidir.
Əlverişli şərait, təklif olunan güzəştlər Ələt Azad İqtisadi Zonasına olan marağı artırır. Artıq uzun müddətdir ki, Azərbaycanın əczaçılıq sektorunda fəaliyyət göstərən Türkiyənin "Nobel İlaç Sanayi ve Ticaret Anonim Şirkəti" tərəfindən ölkəmizdə dərman zavodunun qurulması istiqamətində müzakirələr aparılır. Şübhəsiz, sözügedən şirkətin əczaçılıq sektoruna investisiyaları bu sahədə inkişafa öz töhfəsini verəcək.
Azərbaycanın əczaçılıq sektoru son illər yerli dərman istehsalını artırıb. Bu da ölkənin xarici dərman məhsullarına olan asılılığını azaldıb və daxili bazarın tələblərini yerli istehsal hesabına daha çox qarşılamağa imkan yaradıb. Nazir müavininin tədbirdə söylədiyi faktları əlavə etsək, bu sektorun nə dərəcədə irəlilədiyini görə bilərik. Ötən il Azərbaycanda 20 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 81,5 faiz artım deməkdir. Təkcə dərman istehsalına gəlincə, 2024-cü ildə 9 milyon manatlıq dərman istehsal edilib ki, bununla da əvvəlki ilə nisbətən 4 faiz artım qeydə alınıb".
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın əczaçılıq sahəsindəki irəliləyişləri yalnız yerli tələbləri qarşılamaqla kifayətlənməyib, həm də beynəlxalq ticarət əlaqələrini və investisiyaları artırıb. Bu sektorda baş verən dəyişikliklər ölkəmizin gələcəkdə regionda mühüm əczaçılıq mərkəzinə çevrilməsini daha da yaxınlaşdırır. Və bu inkişaf davam edərsə, Azərbaycan əczaçılıq sənayesinin qlobal miqyasda da əhəmiyyətini artıracaq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"