"...Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
Cari il oktyabrın 21-də Qazaxıstanda mətbuata bəyanatında Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizin Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması rəsmi Bakının sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir.
Onilliklər boyu yürütdüyü işğalçılıq siyasəti sayəsində özünü dalan ölkəyə çevirən Ermənistan məhz ölkəmizin humanist və barışı özündə ehtiva edən siyasəti sayəsində düşdüyü bu ağır vəziyyətdən çıxmağa başlayıb.
Barış istiqamətində praktiki addımlar atılır
Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində Qazaxıstan və Rusiyadan Ermənistana qatar vasitəsilə artıq bir neçə dəfə taxıl ixracı edilib. Dekabrın 19-da isə Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünə başlanılıb. Yəni obrazlı şəkildə ifadə etsək, indi Ermənistana və ermənilərə insan yaşamı üçün vacib əhəmiyyət daşıyan çörək də, enerji məhsulları da Azərbaycandan gedir. Bu addımı həm də Azərbaycanın humanizm və sülh dəyərlərinə verdiyi qiyməti göstərir.
Ərazi bütövlüyünü və suverenliyini öz gücünə tam təmin edən və hərtərəfli şəkildə sürətlə inkişaf edən respublikamızın qısa vaxt kəsimində işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər, Böyük qayıdış proqramının uğurla həyata keçirilməsinin özü də düzgün müəyyənləşdirilən dövlət strategiyasının nəticəsidir.
Eyni zamanda Azərbaycan bölgədə normallaşmanın, inkişafın və əməkdaşlığın mövcud olması üçün postmünaqişə dövründə də daim sülhü təşviq edir və bu istiqamətdə əməli addımlar atır.
Bu il 8 avqustda keçirilən Vaşinqton görüşündə bölgədə davamlı normallaşmanın təməlləri atılıb, əldə edilən mühüm razılaşmalar regiona uzunmüddətli inkişaf üçün yeni imkanlar açıb.
Onu da vurğulayaq ki, regionda davamlı sülhün əldə olunması üçün proseslər sadəcə siyasi aspektdə deyil, barışın əsas şərtlərindən olan qarşılıqlı etimad quruculuğu istiqamətində də gedir. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri nümayəndələri heç bir vasitəçi olmadan görüşlər keçirirlər. Bu isə tərəflər arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması baxımından mühüm hadisədir. Bu həm də iki ölkə arasında normallaşma istiqamətində aparılan danışıqların ictimai səviyyədə də dəstəklənməsini ortaya qoyur.
Yuxarıda vurğuladığımız kimi, burada vacib məqamlardan biri də Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranzit məhdudiyyətlərini aradan qaldırması ilə bağlıdır.
Belə ki, Pezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.
Dekabrın 19-da Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.
22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Böyük Kəsik stansiyasından yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.
Qeyd edək ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.
İrəvan ona açılan bu iqtisadi-ticari qapını bağlasa...
Azərbaycandan Ermənistana neft yükü tədarükünün həyata keçirilməsi bu il 8 avqust tarixində Vaşinqtonda əldə edilən sülhə dair razılaşmanın praktik şəkildə də təsdiqini tapdığının göstəricisidir. Bu onu göstərir ki, qətiyyət və səyləri ilə Cənubi Qafqazda de-fakto sülhü bərqərar edən Azərbaycan bu müstəvidə atdığı əyani addımlarla prosesə mühüm töhfələr verir və nümunə ortaya qoyur.
Bu məsələ kommersiya maraqlı olsa da, özündə qarşılıqlı etimadı qüvvətləndirən mahiyyət daşıyır və sabitliyə hesablanıb. O da reallıqdır ki, iqtisadi maraqlar ölkələri çox hallarda real münaqişələrdən yayındırır və bu mənada Ermənistanın Azərbaycanın onun üçün açdığı bu iqtisadi-ticari qapını bağlaması ağılsızlıq olar.
Yeri gəlmişkən bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanda istehsal olunan neft məhsullarının Ermənistana tədarükü ilə bağlı jurnalistlərə açıqlamasında bu hadisəni alqışladığını bildirib. Onun sözlərinə görə, ticarət özəl şirkətlər arasında həyata keçirilir, lakin bunun üçün siyasi şərtlər Azərbaycanla Ermənistan arasında nail olunan sülh sayəsində yaradılıb.
Hazırda bölgədə de-fakto sülh təmin edilib. Tərəflər sülh gündəliyinin irəli aparılması üçün qarşılıqlı addımlar atırlar. Ancaq Cənubi Qafqazda de-yure də sülhün təmin olunması üçün Prezident İlham Əliyevin təbirincə desək, Ermənistanın hələ yerinə yetirəcəyi ev tapşırıqları var. Hazırda müşahidə olunan müsbət yönümlü proseslərin davamlı olub-olmayacağı da İrəvanın sülhə nə dərəcədə sadiqliyindən birbaşa asılıdır. Nədən ki, Ermənistanın son dövrlər sərgilədiyi müəyyən davranışlar bu ölkənin sülh fəaliyyətini sual altında qoyur. Buna dekabrın 2-də Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəd nümunədir. Həmin sənəddə postmünaqişə dövrünün reallıqlarının təhrif edildiyi və burada sülh gündəliyinə zidd olan məsələlərin öz əksini tapdığı açıq şəkildə görünür. Sənədin həm giriş hissəsində, həm də bəzi bölmələrində Qarabağdan könüllü şəkildə Ermənistana miqrasiya edən sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri ifadəsi işlədilib", insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətməkdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslər "əsir" statusunda qeyd edilib. Bir sözlə, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməyən həmin sənəd birbaşa ölkəmizi hədəf alıb ki, bu həm Ermənistanın davamlı sülhlə bağlı ikiüzlü siyasətini, həm də Aİ-nin anti-Azərbaycan ritorikasını göstərir.
Ancaq müstəqil siyasət yürüdən Azərbaycan öz yolu ilə davam edir və Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçırsa belə, bu, ona zərrəcə təsir göstərməyəcək. Əksinə, Ermənistan özü yenə də bütün sahələrdə böhran yaşayan təcrid ölkəyə çevriləcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"