Prezident İlham ƏLİYEV: "Energetika sahəsində əlaqələrimiz çoxşaxəli formatda inkişaf edir"
Azərbaycan-Serbiya iqtisadi əlaqələrində enerji əməkdaşlığı xüsusi yer tutur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri çərçivəsində imzalanan sənədlərdən biri də məhz bu sektora aiddir. Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş" imzalanıb.
Əvvəla xatırladaq ki, Serbiya Azərbaycandan qaz alan 16 ölkədən biridir və bu sırada səkkizinci olub. 2023-cü il dekabrın 10-da Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi ilə tərəfdaşlıq münasibətləri daha da möhkəmlənib. Məlum olduğu kimi, bu interkonnektor "Cənub qaz dəhlizi"nə inteqrasiya edilib.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru ixrac infrastrukturunun zənginləşməsi üçün atılan növbəti uğurlu addım idi. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edirdi. Həmin vaxt Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Niş şəhərində ölkəmizin media nümayəndələrinə müsahibəsində söyləmişdi ki, bu, onlar üçün çox vacib bir layihədir. O, həmçinin qeyd etmişdi: "Bu həm də Serbiyanın Niş, Dimitrovqrad, Bela Palanka və Pirot kimi mühüm şəhərlərinin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Bizim gələcəkdə 6 və ya 7 LNG terminalından qaz almaq imkanımız da olacaq ki, bu da Serbiyanın ümumi enerji təhlükəsizliyində mühüm rol oynayacaq".
Bu il fevralın 15-də dövlətimizin başçısının Serbiyaya rəsmi səfəri çərçivəsində hər iki Prezident mətbuata bəyanatla çıxış edib. Aleksandar Vuçiç qarşımızda elektrik enerjisi dövrü başlandığını vurğulayaraq Prezident Əliyevdən bununla bağlı olan layihədə onlara yardım göstərilməsini xahiş etdiyini bildirib: "Belə olarsa, biz işləri daha sürətlə bitirə bilərik. Bizə elektrik enerjisinin çox sayda mənbələri lazımdır. Daha çox elektrik enerjisi istehsal etməliyik. Azərbaycanın giqavatlarla ölçülən elektrik enerjisi olacaq. Lakin məsələ belədir ki, onun idxalı üçün lazımi ötürücü xətlər olacaqmı?! Biz Azərbaycan tərəfi ilə mühüm məsələlər üzərində razılığa gəldik. Bu gün Serbiyanın qaz şirkəti və SOCAR bu mövzuda söhbət aparıblar və əməkdaşlıq sazişi imzalanıb. Çalışacağıq hər bir məsələni iki və ya üç ay ərzində həll edək ki, dərhal sonra layihə sənədləri hazırlansın və tikinti başlanılsın. Tikinti iki ildən artıq çəkəcək. İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq".
Stansiya üçün Niş şəhərinin ətrafında üç yer seçilib. Tikintinin ya Tripale, Kruşti, ya da Nişka Banyada aparılması gözlənilir. A.Vuçiç ən münasib yerin Kruşti olacağını düşünür. Yeni stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq.
Prezident Əliyev bu məsələ ilə məşğul olacağına söz verib. Və Serbiyanın Prezidenti də, xalqı da bilir ki, bu sözün arxasında böyük kömək dayanır. Yeri gəlmişkən, Aleksandar Vuçiç bunu dəfələrlə deyib:
"İlham Əliyevin sözünə hər hansı imzadan daha çox inanırıq".
Azərbaycan şirkətləri yeni layihədə nəzarət işlərini həyata keçirəcək. Serbiya şirkətləri də işlərə qoşulacaq. "Hər iki tərəf 50 faizlə işləyəcək. Qazla işləyən 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək. Bu, yaxşı nümunə olacaq. Gələcəkdə biz daha çox qazla işləyən elektrik enerjisi stansiyalarını tikməliyik. Kiçik modul tipli reaktorlar quraşdırılacaqdır. Məlumat mərkəzləri olacaq və digər məsələlər həll ediləcək. Mən amerikalılarla müzakirəyə başlamışam və əgər onlar Monteneqronun Bar limanından başlayaraq, neft və qaz kəmərlərini çəksələr, məlumat mərkəzlərini tiksələr, Priyepoledən Zlatibor dağlarından keçərək Belqrada qədər bu işləri icra etsələr, yaxşı olar. Məlumat mərkəzləri yaradılmalıdır. Süni intellektin imkanlarından istifadə etməsək, biz bir ölkə olaraq geridə qalacağıq. İlon Mask deyir ki, iki aydan sonra hər şey kəskin dəyişəcək. Sadəcə, insanlar bunu hələ görmür və bilmir. Bu səbəbdən işlər sürətləndirilməlidir və biz azərbaycanlı dostlarımıza dəstəyə görə minnətdarıq", - deyə Serbiya Prezidenti layihə haqqında ətraflı məlumat verib.
Bu elektrik stansiyasının yaradılması prosesi Serbiyada mövcud olan sərmayə imkanlarına söykənir. Təbii ki, əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkə, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.
Prezident İlham Əliyev öz bəyanatında elektrik stansiyalarının tikintisinin və yenidən qurulmasının, onların reabilitasiyasının hər bir ölkənin gələcək inkişafını təmin etdiyini bildirib. Çünki daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu baxımdan xüsusilə təbii resursları olmayan ölkələr bir çox halda asılı vəziyyətə düşürlər.
Daha sonra dövlətimizin başçısı Serbiya ilə bütövlükdə energetika sahəsində əlaqələrimizin indi çoxşaxəli formatda inkişaf etdiyini bildirib: "Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq".
Çünki indi ölkəmizdə bir sıra bərpaolunan enerji stansiyalarının tikintisi davam edir. 2032-ci ilə qədər Azərbaycanda əlavə 8 giqavat enerji gücü əldə olunacaq. İstehsal olunan "yaşıl enerji"nin böyük hissəsi ixraca yönəldiəcək.
"Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır", - deyə Pezidentimiz bildirib.
Flora SADIQLI,
"Azərbaycan"