14 Fevral 2026 08:00
165
SİYASƏT
A- A+
İki ilin uğur salnaməsi və yeni strateji hədəflər

İki ilin uğur salnaməsi və yeni strateji hədəflər


Azərbaycan regional liderlikdən qlobal təhlükəsizlik və enerji arxitekturasının aparıcı aktoru statusuna yüksəlib


2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının Heydər Əliyev yoluna, Prezident İlham Əliyevin siyasi kursuna sonsuz etimadının təcəssümünə çevrildi. Xalqımız bu seçkidə də cənab İlham Əliyevin ətrafında sıx səfərbər oldu, Azərbaycana inkişaf və Zəfər bəxş edən siyasi kursun davamına səs verdi.

Bu gün cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi and içməsinin ikinci ili tamam olur. Möhtərəm İlham Əliyevin 2024-cü il fevralın 14-də Milli Məclisdə etdiyi fundamental çıxış Azərbaycan tarixində yeni dövrün başlanğıcı kimi xarakterizə olunur. Çünki proqram xarakterli çıxışında dövlət başçısının verdiyi mühüm mesajlar ölkəmizin gələcək inkişaf istiqamətlərini, daxili və beynəlxalq siyasi xəttin əsas cizgilərini dəqiq şəkildə müəyyənləşdirdi. 

Dövlət başçımızın strateji əhəmiyyət daşıyan nitqi idarəçilik və xarici əlaqələrə dair ciddi məqamlardan, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq proseslərindən tutmuş nəqliyyat qovşaqlarının bərpasına qədər geniş spektrli mövzuları əhatə etdi. Prezidentin çıxışı gələcək onilliklərdə respublikamızın inkişaf yolunu təyin edən proqram xarakterli mühüm yol xəritəsi idi.

2018-ci ildə andiçmə mərasimində cənab İlham Əliyev torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını bəyan etmişdi. İki ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandıq və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdik. Şanlı qələbəmizin ardından, 2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror tədbirləri nəticəsində torpaqlarımızda separatizm yuvası tamamilə dağıdıldı və Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. 2024-cü il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçirildi və cənab İlham Əliyev xalqın yüksək etimadı ilə yenidən prezident seçildi. 2024-cü ilin 14 fevralında Prezident İlham Əliyevin Milli Məclisdə etdiyi proqram xarakterli çıxış əvvəlki dönəmdə qarşıya qoyulan vəzifələrin uğurla yekunlaşdırılmasının  və Azərbaycanın hər sahədə tamamilə yeni tarixi mərhələyə qədəm qoymasının elanı idi. 

Ötən iki il regionun geosiyasi mənzərəsini kökündən dəyişən mühüm hadisələrlə zəngin olmaqla yanaşı, strateji hədəflərin müəyyənləşdiyi səmərəli bir dövr kimi də əlamətdardır. Xatirimizdədir ki, cənab Prezident andiçmə mərasimində çıxışı zamanı bir neçə prioritet müəyyənləşdirdi. Onlardan biri milli həmrəylik ideologiyası idi. Qarabağ zəfərinə qədər milli ideologiyamızın əsasını torpaqlarımızın işğaldan azad edilməsi təşkil edirdi. Qələbədən sonra "güclü Azərbaycan, güclü türk dünyası" konsepsiyası ön plana çıxdı. Dövlətimizin başçısının "Bizim ailəmiz türk dünyasıdır" bəyanatı yeni ideologiyanın gündəmə gətirilməsi idi. Məhz ötən dövr ərzində Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq əlifba, ortaq tarix dərslikləri və mədəniyyət paytaxtları layihələri ilə xalqlararası əlaqələr rəsmiləşdirildi, türk xalqları arasında inteqrasiya dərinləşdi. Həmçinin daxili siyasətdə milli həmrəylik modelini möhkəmləndirmək üçün hakimiyyət və müxalifət arasında sağlam dialoq mühiti yaradıldı. Siyasi qüvvələrin Qarabağın bərpası məsələsində vahid mövqedən çıxış etməsi milli birliyi sarsılmaz etdi.

Prezidentin çıxışında vacib məqamlardan biri hərbi güc və müdafiə sənayesi sahəsi idi. Dövlət başçısı bəyan etdi ki, müharibənin bitməsinə baxmayaraq, ordu quruculuğu prosesi dayanmayacaq, əksinə, yeni təhdidlərə uyğun olaraq daha da sürətlənəcək. Keçən iki il ərzində bu istiqamətdə mühüm addımlar atıldı. Azərbaycan Ordusu 44 günlük müharibədən sonra tamamilə yeni struktur islahatına keçid etdi. Komando hərbi hissələrinin sayı və dislokasiyası artırıldı. Bir neçə ölkədən yeni hərbi texnikalar alındı. Eyni zamanda pilotsuz uçuş aparatlarının döyüş növbətçiliyinə qəbul edilməsi Azərbaycanın kəşfiyyat və zərbə gücünü artırdı. Türkiyə şirkətləri ilə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında imzalanan sazişlər əsasında Bakıda birgə istehsal genişləndirildi. Bu gün Azərbaycan hərbi məhsullarının 30-dan çox ölkəyə satışı həyata keçirilir. Prezidentin rəhbərliyi ilə atılan addımlar sayəsində Azərbaycan Ordusu dünyanın ən modern ordulardan birinə çevrilib. 

Dövlətimizin başçısının nitqində işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, Böyük qayıdışın milli hədəf kimi xarakterizə edilməsi bu proqramın sadəcə sosial layihə deyil, Azərbaycanın dövlətçilik qüdrətinin nümayişi olduğunu göstərdi. 2024-cü ildən etibarən köç prosesi kəndlərdən şəhər mərkəzlərinə keçib, minlərlə ailə hazırda müasir standartlara cavab verən çoxmənzilli binalarda məskunlaşıb. Qarabağ və Şərqi Zəngəzurda müasir infrastrukturun qurulması, Xankəndidə Qarabağ Universitetinin açılması bölgədə sosial dayanıqlığı təmin edən əsas amillərdir. Vətəndaşlarımızın öz yurdlarına geri dönməsi üçün mühüm şərtlərdən biri dayanıqlı məşğulluqdur. Bu məqsədlə işğaldan azad edilmiş zonalarda yüzlərlə müəssisələr fəaliyyətə başlayıb. Bu müəssisələr inşaat materiallarından tutmuş qida sənayesinə qədər geniş sahələri əhatə edir. Magistral yolların, habelə tunellərin inşası bölgənin logistik əlçatanlığını təmin edib. 

2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın həm xarici siyasətində, həm də iqtisadi modelində köklü transformasiyanın təsdiqi oldu. Prezident İlham Əliyevin andiçmə mərasimindəki yeni dövr hədəflərinin ən parlaq göstəricilərindən biri məhz bu tədbir idi. COP29 Azərbaycanı dünyanın iqlim siyasətinin mərkəzinə gətirdi və bir neçə mühüm nailiyyətlə yadda qaldı. Bakı neft-qaz ixracatçısı olan bir ölkənin eyni zamanda "yaşıl gündəliy"in ən fəal tərəfdarı ola biləcəyini dünyaya sübut etdi. COP29-un Bakıda keçirilməsi Azərbaycanın neft-qaz ölkəsindən "yaşıl enerji" qovşağına keçidini sürətləndirdi. Dövlətimiz 2030-cu ilə qədər bərpaolunan enerjinin payını ümumi gücdə 30 faizə çatdırmağı hədəfləyir. 

Ötən müddətdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artıb, qlobal tranzit mərkəzi kimi mövqeyimiz möhkəmlənib. Bu gün 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə qazın ixracının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Prezident İlham Əliyevin 2024-cü ildə müəyyən etdiyi hədəflər Azərbaycanın müdafiə qabiliyyətini artırmaq, diplomatik nüfuzunu qlobal səviyyəyə qaldırmaq və daxili sosial rifahı təmin etmək üzərində qurulmuşdu. Ötən iki ildə Azərbaycan postmünaqişə dövrünü geridə qoyaraq, Avrasiyanın mühüm siyasi və iqtisadi aktoru kimi öz yerini daha da möhkəmləndirdi. 

Cənab Prezidentin xarici siyasətlə bağlı qoyduğu hədəflər, xüsusilə Ermənistanla sülh prosesinin irəliləməsi və münasibətlərin tənzimlənməsi, sərhədlərin delimitasiyası, eləcə də regional kommunikasiyaların açılması istiqamətindəki fəaliyyət son iki ildə özünün ən həlledici fazasına qədəm qoyub. 2024-cü ilin aprelində Rusiya sülhməramlı kontingentinin Qarabağı tərk etməsi Prezident İlham Əliyevin qətiyyətinin növbəti təntənəsi oldu. 2024-cü ilin mayında isə Ermənistanla delimitasiya prosesinin ilk praktiki və dinc nəticəsi olaraq Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı. Ən əsası isə Bakının təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında vasitəçisiz, ikitərəfli danışıqlara start verildi. Azərbaycan ATƏT-in Minsk qrupunun rəsmən ləğvi kimi legitim tələblərini gündəmdə saxlayaraq, natamam sülhə razı olmayacağını nümayiş etdirdi. Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində yararsız quruma çevrilmiş Minsk qrupu və ona bağlı digər mənasız strukturlar ləğv edildi. 

Sülh prosesində dönüş nöqtəsi isə 2025-ci il avqustun 8-də Vaşinqtonda reallaşan tarixi görüşlər və əldə edilən mühüm razılaşmalar oldu. ABŞ-nin regiondakı reallıqları qəbul edən obyektiv yanaşması ilə sülh danışıqları yeni müstəviyə daxil oldu. Vaşinqton görüşündə Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması Azərbaycan diplomatiyasının güclü tərəf kimi daha bir qələbəsini rəsmiləşdirdi. 

2026-cı ilin yanvarında Davos Dünya İqtisadi Forumundakı çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sülh yalnız sənəd üzərində qalmamalı, müştərək iqtisadi mənfəətlər, bərpaolunan kommunikasiyalar və ticarət əlaqələri ilə möhkəmlənməlidir. Bu baxımdan, Ermənistanla iqtisadi bağların bərpası və TRIPP layihəsinin (Zəngəzur dəhlizi) açılması yönündə atılan addımlar, sadəcə, nəqliyyat marşrutu deyil, həm də bəşəri sülhün unikal modeli kimi qəbul edilməyə başlandı. 

Prezident İlham Əliyevin yeni dövrdəki strateji baxışı münaqişə və ədavət səhifəsini qapadaraq, Cənubi Qafqazı sülh və sabitlik məkanına, vahid iqtisadi sistemə çevirməkdən ibarətdir. Bu mənada dövlət başçısının 2026-cı il fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə səfəri və orada Şeyx Zayed Fondu tərəfindən təsis edilmiş nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunması Azərbaycan liderinin sülh modelinin qlobal miqyasda təsdiqlənməsidir. Bu önəmli mükafat sülh və əməkdaşlığın inkişafına töhfə verən seçilmiş şəxslərə verilir. Cənab İlham Əliyevin bu mükafata layiq görülməsi onun uzaqgörən diplomatiyasının, regional sülh və əməkdaşlıq təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu onu təsdiqləyir ki, Azərbaycan qlobal geoiqtisadi və geosiyasi oyunçular üçün vacib mərkəz kimi qəbul olunur.

Dövlətimizin başçısının vurğuladığı kimi, hazırda Azərbaycan heç zaman görünmədiyi qədər mühüm tərəfdaşa çevrilir. Fevralın 10-da ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana yüksəksəviyyəli tarixi səfəri və tərəflər arasında böyük əhəmiyyət kəsb edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycanın xarici siyasətində yeni bir eranın başlanğıcı və ölkəmizin geosiyasi arenada artan çəkisinin bariz nümunəsidir. Bu səfər göstərir ki, Azərbaycan artıq sadəcə regional məsələlərdə deyil, qlobal əhəmiyyətli qərarların qəbulunda rəyi soruşulan və etibarlı tərəfdaş kimi qəbul edilən bir dövlətdir. 

Bütövlükdə, cənab İlham Əliyevin ölkə Prezidenti kimi 2024-cü ilin fevralından start götürən yeni səlahiyyət dövrü Azərbaycanı daxildə daha sarsılmaz, beynəlxalq müstəvidə isə daha nüfuzlu bir dövlət halına gətirib. İki il öncə bəyan edilən hədəflər bu gün artıq Azərbaycanın yeni reallığıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət ölkəmizi regionun mütləq liderindən qlobal təhlükəsizlik və enerji arxitekturasının aparıcı aktoru statusuna yüksəldib. Bu, sadəcə bir dövrün yekunu deyil, Azərbaycanın daha qüdrətli gələcəyinin təminatıdır.


Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

Xarici ölkənin xüsusi xidmət orqanları ilə gizli əlaqəyə girənlər ifşa olundu

08:40
14 Fevral

Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır

08:35
14 Fevral

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

08:30
14 Fevral

Azərbaycanın inkişaf tarixinin qürurverici dövrü

08:25
14 Fevral

Prezident İlham Əliyev bəyan etdiyi məqsədlərə ardıcıllıqla nail olur

08:20
14 Fevral

Arzuları reallığa çevirən güclü Lider

08:15
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!