17 Fevral 2026 09:10
175
Mədəniyyət
A- A+
Çillələr yerini çərşənbələrə verir

Çillələr yerini çərşənbələrə verir


İlin qış fəslinin bölgülərinə çillə deyilir. Əski təsəvvürlərdə bu dövr həm soyuq, həm də çətinlik, ağırlıq dövrü kimi başa düşülür. Adamlar dərd-bəladan, xəstəliklərdən xilas olmaq üçün xüsusi ayinlər icra edirlər, elə bu da "çillə kəsmək" adlanır. 

Folklorşünas alimlərimizin araşdırmalarına görə, Novruza hazırlıq yeni təqvimlə dekabrın 21-22-də başlayır və üç mərhələdə bayram davam etdirilir. Birinci mərhələ Böyük çillə ilə Kiçik çillə arası (21/22 dekabr-1 fevral), ikinci mərhələ Kiçik çillənin davam etdiyi müddət (1-20 fevral), üçüncü mərhələ isə dördhəftəlik İlaxır çərşənbələri əhatə edən Boz aydır. 

Novruza doxsan gün qalmış, yəni qışın - Böyük çillənin girməsi ilə bağlı xalq arasında çillə şənlikləri keçirilir. Böyük çillə 40 günü əhatə edir. Onun ilk gecəsi "şəbi-yelda" adlanır. Qış fəslinin ən uzun sürən Böyük çilləsi öz qarına-tufanına, soyuq və dondurucu şaxtasına görə el arasında "qaraqış" da adlanır. Amma adamlar heç bu "qaraqış"dan da çəkinməyib öz işlərini görüblər. Ömrünü, gününü torpağa bağlayan əkinçi onu arata qoyur, arxları, kanalları təmizləyir. O, torpağı qırxdan çıxaran bu Böyük çillədə bağ-bağatı, bostan-tərəvəz sahələrini suvarır. El arasında "çillə suyu" adlanan bu suvarma torpağın nəmliyinə kömək edir, şoranlaşmanın qarşısını alır, onu dondurmaqla ziyanvericiləri qırır.

Böyük çillənin başlanğıc günü ilin ən uzun gecəsi olduğundan ona "çillə gecəsi" də deyirmişlər. Həmin axşam adamlar qışdan qorxmadıqlarını nümayiş etdirmək üçün tonqallar yandırır, rəqslər edir, əyləncəli oyunlar, tamaşalar göstərirdilər. 

Ulularımız deyiblər ki, Böyük çillədə torpaq qırxın çıxarır, Kiçik çillədə isə torpaq səhər yuxusundadır. Çillələr barədə el-oba arasında gəzən maraqlı deyimlər də var. Deyilənə görə, "Qış" adlı kişinin "Böyük çillə", "Kiçik çillə", "Boz ay" adlı üç oğlu var imiş. "Qış" əvvəlcə ilkini - Böyük çilləni qırxgünlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, görsün nə var, nə yox, adamlar necə yaşayırlar, necə işləyirlər. Böyük çillə ağ qar yapıncısını çiyinlərinə salıb yola çıxır. Axır ki, aralıq ayının, yəni dekabrın 20-də gəlib el-obaya yetişir. Adamlar səhər yuxudan oyanıb çölə baxanda görürlər ki, hər yan ağappaq qara bürünüb. O saat başa düşürlər ki, Böyük çillə gəlib çıxıb. 

Çuvalların, küpələrin, xaralların ağzı açılır, təndirlər yandırılır, kürsülər qurulur, buğda götürülüb səməni göyərdilir.  Etnoqraf alimlər qeyd edirlər ki, qışın əsas atributlarından biri qardır. Qar bərəkət, gələn ilin bolluğu və məhsulu deməkdir. Payız əkinlərinin qalın qar ilə örtülməsi onun şaxtadan qorunması, yazda bol su ilə təmin edilməsi deməkdir. 

Böyük çillə, nar çillə, 

Ağ gül üstə qar çillə. 

Taxıllara yorğan ol, 

Bağçalara bar çillə.

Qar örtüyünün insanlar üçün müsbət xüsusiyyətli olması "Qar olmasa, bar olmaz", "Qar ili, var ili" kimi atalar sözlərində də öz əksini tapıb. Qış fəslində gecə və gündüz havanın necə keçməsi kimi əlamətlər ilin ümumi vəziyyəti haqqında fikir söyləməyə də imkan verir. 

Böyük çillə girəndə və çıxanda ulularımız məclis qurar, şirniyyat, isti xörəklər bişirər, əhvallarını xoş saxlayardılar. Adamlar bu üsulla təbiətə təsir etmək, qışa bağlı olanları mülayimləşdirmək istəmişlər.

Böyük çillənin ən məşhur ayini səməni göyərtmək və ondan halva bişirməkdir. Bu "Səməni bayramı" çoxsaylı mərasim ayinlərindən biridir. Baharı çağırmaq, bununla da təbiəti yaşıl görmək, əkdiyi taxılın göyərməsi arzusunun simvolunu yaratmaq təşəbbüsündən irəli gələn səməni göyərtməyin tarixi əcdadlarımızın ilkin əmək, təsərrüfat həyatı ilə bağlıdır. Yaşayışını, dolanışığını, təsərrüfat ilinin - baharın, yazın başlamasında görən əcdadlarımız taxılı ev şəraitində göyərtməklə yazın tez gəlməsini, torpağın oyanmasını, məhsulun cücərib böyüməsi arzusunu ifadə etmişlər.

Estetik düşüncədə çillə şəxsləndirilir, onun boy-buxunu, gücü və ümumilikdə daxili aləmi, xisləti barədə söz açılır. Mərasim nəğmələrində Böyük çillə xoşqılıqlıdır, insana o qədər də ziyan vurmur. Çillə nəğmələrindən birində deyilir:

Böyük çillə, boyu bir belə...

Gəldi elə, gülə-gülə.

Ağ gülünü də göstərdi,

Ağ dilini də göstərdi.

Nə nənəmi dağlatdı,

Nə bir uşağı ağlatdı.

Nə ağrı verdi elə,

Nə ağır söz aldı dilə.

Ötdü belə-belə,

Getdi gülə-gülə.

Ulularımız qışı qarşılamaq mərasiminə "Kovsəc", yolasalma mərasiminə isə "Çilləkəsdi" və ya "Çilləçıxartma" deyirmişlər.

40 gün bitən kimi Kiçik çillə elə-obaya göndərilir. Fevral ayının əvvəlindən başlayaraq iyirmi gün davam edən Kiçik çillə qışın oğlan çağı sayılır. Bu çillə soyuqluğu, boran-tufanı, şaxta-sazağı ilə seçilir. Kiçik çillənin "Xıdır Nəbi" adlanan birinci ongünlüyü isə, ümumiyyətlə, qış fəslinin ən sərt, çovğunlu, dondurucu vaxtı sayılır. 

Kiçik çillədə qış çox hirsli gəlir. Bir əlində qılınc kimi şaxta, bir əlində çovğun, boran, div nərəli külək.

Kiçik çillənin də özünəməxsus təbiəti onunla bağlı nəğmələrdə əks olunmuşdur. Həmin nəğmələrdə ulu əcdadlarımızın erkən təsəvvürləri, yaratdığı mifoloji obrazlar, deyim və ifadələr, bəzənsə daha dolğun, mifik süjetlər, yaxud onların müəyyən motiv və obrazları verilmişdir:

Kiçik çillə, boyu bir belə,

Hikkəsi ir belə...

Gəlişi oldu haynan,

Gedişi oldu vaynan.

Əlində qırmanc,

Eli-günü yandırdı.

Neçə günahsız doqqaz bağladı,

Neçə alaqapı sındırdı.

Kəsdi neçə evin yağmasın,

Pendirin, çörəyin, ağmasın.

Axırda zara gəldi el,

Oturub şər üstündə

Zarın-zarın ağladı.

Bu kiçicik çillənin

Bu piscik çillənin

Əl-qolunu bağladı.

Çillə bayramını xalqımız xüsusi qeyd edər, bu günə əvvəlcədən hazırlıq görərdi. Bayram günü demək olar ki, bütün evlərdə "Çillə qarpızı" kəsilərdi. Bu, ən gözəl pay hesab edilərdi. "Çillə qarpızı"na bolluq, bərəkət rəmzi kimi baxılır. "Çillə qarpızı" evin ağsaqqalı tərəfindən kəsilib dilimlənir, bütün ailə üzvlərinə paylanır, ağız ləzzəti ilə yeyilərdi. Belə bir inam mövcuddur ki, "Çillə qarpızı" yeyən adam demək olar ki, ilboyu xəstələnmir. Ona görə də xəstələr üçün "Çillə qarpızı" ən böyük töhfə hesab edilir.  Nişanlı qızlara da pay aparılır. Bu el söyləmələrində, nəğmələrdə də öz əksini tapır: 

Bu qarpız, çillə qarpız  

Düşübdü dilə qarpız.

Yığılıb xurcunlara,

Gedir yargilə qarpız. 

Çillə nəğmələrində ulu əcdadın erkən təsəvvürləri, yaratdığı mifoloji obrazlar, deyim və ifadələr, bəzənsə daha dolğun mifik süjetlər, yaxud onların müəyyən motiv və obrazları nəzərə çarpır. Bu nəğmələrdə, əslində, bir arzu - qışın qurtarması, insanların çətinlikləri başa vurub yaza çıxmaq istəkləri ifadə edilir.

Kiçik çillə 20 günlük gəzintisini başa vurduqdan sonra "Qış" adlı kişinin üçüncü oğlu Boz ay dördhəftəlik səfərə çıxır. Bundan sonra isə Novruz gəlir. Su təmizlənir, təbiət canlanır, torpağı isidən Od gurlaşır, Külək Yer üzünə çıxaraq əvvəlcə təmizlənir, sonra isə müxtəlif libaslarda özünü göstərir. Torpağın oyanmasını isə ulu əcdadlarımız ən şən, şux mərasimlər, ayinlərlə qarşılamışlar. Xalq arasında belə bir inam olmuşdur ki, dörd ünsürdən sonuncusunun oyanması ilə  Su, Atəş, Yel və Torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır.  


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

10:42
17 Fevral

Çində ay təqvimi ilə yeni il başlayıb

10:41
17 Fevral

Payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb  

10:40
17 Fevral

Tünd şokoladın istifadəsi ürəyi və qaraciyəri iltihabdan qoruyur – TƏDQİQAT  

10:38
17 Fevral

Populyar içkilərin gözlənilməz təhlükəsi aşkar edilib

10:37
17 Fevral

Keçmiş məcburi köçkün: Bu gün bizim üçün unudulmazdır 

10:35
17 Fevral

Ağdam sakini: Bu gün bizim üçün çox əlamətdardır 

10:29
17 Fevral

Keçmiş məcburi köçkün: Böyük sevinc hissi ilə Ağdam şəhərinə qayıdırıq 

10:28
17 Fevral

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb  

10:27
17 Fevral

ABŞ-də atışma zamanı 3 nəfər ölüb

10:14
17 Fevral

Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşları Azərbaycana il ərzində üç dəfə vizasız gələ biləcəklər  

10:13
17 Fevral

Qərbi Azərbaycan İcmasının üzvləri İrəvan Qazılığının ofisini ziyarət ediblər

10:12
17 Fevral

Azərbaycan və Gürcüstan konsulluq yardımı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib

10:11
17 Fevral

Nazir: BƏƏ ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir  

10:08
17 Fevral

Təbii fəlakət bir aydır Fransa və İspaniyanı çənginə alıb

09:15
17 Fevral

Çillələr yerini çərşənbələrə verir

09:10
17 Fevral

"Sülh körpüsü" cəmiyyətlər arasında etimadın yaranmasına xidmət edir

09:05
17 Fevral

Şirvanda "Qərbi Azərbaycan Azərbaycanın əzəli torpağıdır!" mövzusunda tədbir keçirilib

09:00
17 Fevral

Tariximizin faciəvi səhifələrindən biri 

08:55
17 Fevral

Doğma yurdlarına qovuşanların sayı sürətlə artır

08:50
17 Fevral

Azərbaycan geniş geosiyasi sistemin iştirakçısı olduğunu bir daha sübut etdi

08:45
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!