Münxen Təhlükəsizlik Konfransı artıq uzun illərdir qlobal təhlükəsizlik gündəliyinin formalaşdığı əsas siyasi platformalardan biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu tədbir çərçivəsindəki panel müzakirəsində iştirakı, keçirdiyi görüşlər, verdiyi müsahibələr isə, sadəcə, diplomatik aktivlik deyil, ölkəmizin beynəlxalq sistemdə mövqeyinin necə dəyişdiyini nümayiş etdirən siyasi göstəricilər kimi qiymətləndirilə bilər.
Konfrans çərçivəsində təşkil edilmiş "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" paneli təkcə iqtisadi marşrutlar və nəqliyyat layihələri barədə texniki müzakirə təsiri bağışlamırdı. Prezident İlham Əliyevin paneldəki çıxışı, suallara verdiyi cavablar Azərbaycanın regiondakı rolu, sülh gündəliyinə yanaşmasını və Avrasiya geosiyasətində özünü necə təqdim etdiyini açıq şəkildə göstərdi.
Paneldən çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan özünü artıq yalnız tranzit ölkə kimi deyil, Avrasiyanın siyasi, iqtisadi və logistika arxitekturasını formalaşdıran güclü subyekt mövqeyində təqdim edir.
Tranzit ölkədən geosiyasi qovşağa
Prezident İlham Əliyevin suallara ilk cavablarında əsas vurğu Azərbaycanın son illərdə nəqliyyat və logistika infrastrukturuna yatırdığı sərmayələrə yönəldi. Bu, sadəcə, iqtisadi layihələr deyil, ölkənin uzunmüddətli geosiyasi strategiyasının əsas elementidir.
Azərbaycanın liman, dəmir yolu, magistral və hava nəqliyyatı sisteminə yatırdığı investisiyalar tranzit potensialını artırmaqla yanaşı, ölkəmizi Avropa ilə Asiya arasında alternativ və dayanıqlı marşrut kimi möhkəmləndirir. Prezidentin yük həcminin gələcəkdə 500 min nəqliyyat vahidinə çatdırılması barədə açıqlaması rəsmi Bakının logistika sahəsində regional liderlik ambisiyasını aşkar göstərir, Azərbaycanın Orta dəhlizə, sadəcə, iqtisadi layihə kimi deyil, geosiyasi alət kimi yanaşdığını da nümayiş etdirir.
Cənab İlham Əliyev Ermənistanla sülh prosesinə dair suallara cavabları ilə Azərbaycanın regional strategiyasının əsas fəlsəfəsini də ortaya qoydu. Dövlətimizin başçısı sülh müqaviləsinin imzalanmasının hüquqi şərtlərindən danışsa da, əsas mesaj başqa idi: sülh təkcə sənəd deyil, Ermənistanın qonşularına qarşı ərazi iddalarından reallıqda da tam geri çəkilməsi, iqtisadi və nəqliyyat inteqrasiyası ilə möhkəmlənən prosesdir.
Bağlantı layihələrinin etimad quruculuğu vasitəsi kimi təqdim edilməsi Azərbaycanın regionda yeni əməkdaşlıq modelini təşviq etdiyini göstərir. Bu modelin əsas məntiqi belədir ki, iqtisadi qarşılıqlı asılılıq siyasi sabitlik yaradır və sabitlik naminə qarşılıqlı iqtisadi əməkdaşlıq mühiti formalaşdırılmalıdır. Zəngəzur dəhlizinin - başqa sözlə, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin təsviri də bu kontekstdə verildi. Çin-Mərkəzi Asiya-Azərbaycan-Ermənistan-Türkiyə-Avropa xəttinin təqdim olunması isə Azərbaycanın özünü regional körpü deyil, inteqrasiya platforması kimi təqdim etməsi deməkdir. "Marşrut boyunca bütün ölkələr həm siyasi, həm iqtisadi baxımdan daha sıx inteqrasiya olunacaq və həmin addım Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli və əbədi sülhə növbəti töhfə olacaq. Çünki sülh, həqiqi sülh prosesi getdikdə əldə oluna bilər. Sənədin imzalanması vacibdir. O, bünövrədir. Lakin sonra gördüyünüz işlərin də əhəmiyyəti heç də az deyil" - deyə Azərbaycan Prezidenti panel çıxışında bildirdi.
Paneldə cənab İlham Əliyevin ABŞ Administrasiyasının layihəyə marağı ilə bağlı bölüşdüyü fikirlər xüsusilə diqqətçəkən mesajlar idi. TRIPP layihəsinin ABŞ rəhbərliyi tərəfindən dəstəklənməsinin vurğulanması bu marşrutun yalnız iqtisadi deyil, siyasi təhlükəsizlik layihəsi kimi də qəbul olunduğunu göstərir.
Azərbaycanın Türkiyə ilə birlikdə əvvəlki enerji və nəqliyyat layihələrini Qərbin praktiki iştirakı olmadan reallaşdırması barədə xatırlatma isə ölkəmizin regionda təşəbbüskar aktor rolunun daha bir təcəssümüdür. Bu mesaj Azərbaycanın müstəqil geosiyasi oyunçu statusunu vurğulayır.
Dövlətimizin başçısının çıxışında Çin, Mərkəzi Asiya və Xəzər regionunun xüsusi vurğulanması rəsmi Bakının Avrasiya inteqrasiyasını geniş perspektivdə gördüyünə dəlalət edir, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşmasının qeyd olunması da ölkəmizin yalnız Qərb-Şərq deyil, həm də Şimal-Cənub istiqamətində bağlantı siyasəti qurduğunu göstərir. Bu yanaşma Bakının yeni dünya ticarət xəritəsində özünü logistika və enerji mərkəzi kimi yerləşdirmək strategiyasına uyğundur.
Azərbaycan Prezidenti İlham Əliyev dedi: "…Biz region ölkələri haqqında danışdıq və Xəzər dənizinin o tayında Mərkəzi Asiyadakı qonşularımızı unutmamalıyıq. Çünki onlar olmadan Çindən Avropaya heç bir yük daşımaq mümkün olmayacaq. Beləliklə, Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Avropa - coğrafiya budur və Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə çox fəal qarşılıqlı əlaqədədir. Ötən ilin noyabrında Azərbaycan rəsmi olaraq Mərkəzi Asiya beşliyinə daxil edildi, Mərkəzi Asiya beşliyi altılığa çevrildi. Bu, misli görünməmiş bir hadisədir, çünki biz Cənubi Qafqaz ölkəsiyik, amma Mərkəzi Asiya Məşvərət Şurasının üzvüyük".
Paneldə Rusiya ilə bağlı suala verilən cavab Azərbaycanın ənənəvi balans siyasətinə sadiqliyini bir daha nümayiş etdirdi. Cənab İlham Əliyev Ukraynada Azərbaycan obyektlərinə hücumların qəbulolunmazlığını bildirərək, eyni zamanda rəsmi Bakının böyük güclər arasında açıq qarşıdurmalarda tərəf olmaqdan yayınmaq, lakin milli maraqlarımıza zidd məqamlarda öz haqlı mövqeyini də diplomatik yolla müdafiə etmək strategiyasını yüksək peşəkar üslubla bir daha sərgiləmiş oldu.
Təhlükəsizlik tərəfdaşlığına keçid
Prezident İlham Əliyevin Münxendə keçirdiyi görüşlər isə Azərbaycanın xarici siyasətində dörd əsas istiqaməti üzə çıxardı. Bunlar Avropa ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi, enerji diplomatiyasının möhkəmləndirilməsi, regional təsir dairəsinin genişlənməsi və balanslı beynəlxalq siyasətin qorunmasıdır.
Cənab İlham Əliyevin Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri ilə görüşü və görüş zamanı hərbi-texniki əməkdaşlığın müzakirəsi Azərbaycanın Avropa ilə münasibətlərinin artıq təkcə enerji sahəsi ilə məhdudlaşmadığını göstərir. Azərbaycanın Avropa təhlükəsizlik sistemində yeni tərəfdaş kimi qəbul olunması ölkənin beynəlxalq mövqeyinin dəyişdiyini nümayiş etdirir. Bu proses Bakının geosiyasi çəkisinin artması ilə paralel gedir.
Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşdə isə sülh prosesi və regional əməkdaşlıq məsələlərinin müzakirəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından sonrakı mərhələdə özünü regional sabitlik təşəbbüskarı kimi təqdim etmək strategiyasının beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Bu görüşlər ona dəlalət edir ki, Azərbaycan artıq təkcə regional oyunçu kimi deyil, həm də regional nizamın formalaşmasında iştirak edən güclü dövlət kimi qəbul edilməkdədir.
Bolqarıstan rəhbərliyi və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşlər, aparılan müzakirələr Azərbaycanın Avropa üçün enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olaraq qalmaqda davam etdiyini təsdiqləyir. Enerji əməkdaşlığının nəqliyyat, elektrik enerjisi və logistika layihələri ilə genişlənməsi isə Azərbaycanın Avropa ilə münasibətlərini daha dərin strateji səviyyəyə qaldırır.
Bolqarıstanla münasibətlərdə mədəni və humanitar əməkdaşlığın vurğulanması Azərbaycanın son illərdə yumşaq güc siyasətini sistemli şəkildə qurduğunu göstərir. Mədəniyyətlərarası dialoq təşəbbüsləri və beynəlxalq forumlara evsahibliyi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.
Çoxvektorlu strategiya
Azərbaycan Prezidenti Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə də görüşdü. Bu görüş Azərbaycanın Yaxın Şərq istiqamətində diplomatik xəttinin aktiv şəkildə davam etdiyini göstərir. Həmin əlaqələr Azərbaycanın öz fəaliyyətini yalnız Cənubi Qafqazın aparıcı dövləti olaraq məhdudlaşdırmadığını, daha geniş regionlarda iqtisadi və siyasi tərəfdaşlıq şəbəkəsi qurmağa çalışdığını göstərir. Bu, xüsusilə nəqliyyat marşrutları, enerji əməkdaşlığı və ticarət imkanları baxımından Azərbaycanın regional rolunun genişlənməsinə xidmət edir.
Ukraynanın Prezidenti Volodimir Zelenski ilə görüş də balans siyasətinin və humanitar diplomatiyanın göstəricisi kimi diqqətçəkən idi. Bu görüş və müzakirələr Azərbaycanın beynəlxalq siyasətində balans prinsipinin davam etdiyini göstərir. Görüşdə enerji əməkdaşlığı perspektivlərinin müzakirəsi Azərbaycanın regional enerji aktoru kimi rolunun Şərqi Avropa istiqamətində də genişlənə biləcəyini nümayiş etdirir. Eyni zamanda Ukraynaya göstərilən humanitar dəstəyin vurğulanması ölkəmizin beynəlxalq siyasətdə yalnız geosiyasi deyil, həm də humanitar məsuliyyət prinsiplərinə əsaslandığını göstərir. Bu, Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edən mühüm elementdir. Belə yanaşma Bakıya müxtəlif siyasi bloklar arasında balanslı siyasət aparmaq imkanı verir və ölkənin tərəfdaş kimi qəbul olunmasını gücləndirir.
Texnoloji diplomatiya
Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Oracle" korporasiyasının və "Goldman Sachs" şirkətinin rəhbərliyi ilə də görüşlər keçirdi. "Oracle" rəhbərliyi ilə görüşü Azərbaycanın Münxen konfransındakı diplomatik xəttinin yalnız siyasi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını, texnoloji transformasiyanın da xarici siyasətin əsas istiqamətlərindən birinə çevrilməsinə dəlalət edir. Bu görüş əslində Azərbaycanın yeni inkişaf modelinin əsas elementlərindən biri olan rəqəmsallaşma və süni intellekt siyasətinin beynəlxalq tərəfdaşlıq üzərində qurulduğunu vurğulayır. "Oracle" kimi qlobal texnologiya nəhəngi ilə əməkdaşlığın genişləndirilməsi ölkənin dövlət idarəçiliyində, iqtisadiyyatda və təhsil sistemində rəqəmsal infrastrukturu gücləndirmək niyyətini əsas tutur.
Xüsusilə ali təhsil müəssisələrində fəaliyyət göstərən "Oracle" akademiyaları bu əməkdaşlığın yalnız biznes və texnologiya səviyyəsində deyil, həm də insan kapitalının inkişafına yönəldiyini diqqətə çatdırır. Bu, Azərbaycanın uzunmüddətli perspektivdə texnoloji kompetensiyaya əsaslanan iqtisadi model qurmaq strategiyasının mühüm elementidir.
Eyni zamanda görüşdə ABŞ ilə strateji tərəfdaşlıq çərçivəsində süni intellekt sahəsinin prioritet kimi qeyd olunması Azərbaycanın qlobal texnoloji gündəlikdə özünə yer tutmaq cəhdini göstərir. Bu isə ölkənin enerji ixracatçısı imicindən kənara çıxaraq innovasiya və rəqəmsal iqtisadiyyat aktoru kimi formalaşmaq niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.
"The Goldman Sachs Group Inc." şirkətinin rəhbərliyi ilə görüş Azərbaycanın beynəlxalq maliyyə sistemində mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır.
2010-cu ildən bəri davam edən tərəfdaşlığın vurğulanması Azərbaycanın qlobal maliyyə institutları ilə uzunmüddətli əməkdaşlıq strategiyasına sadiq qaldığını, Dövlət Neft Fondu ilə əməkdaşlığın qeyd olunması isə ölkənin maliyyə idarəçiliyində beynəlxalq institutlarla işləmə modelini davam etdirdiyini göstərir.
Bu görüşün əsas siyasi-iqtisadi mənası ondan ibarətdir ki, Azərbaycan yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də qlobal kapital bazarları ilə inteqrasiya olunmuş maliyyə tərəfdaşı kimi çıxış etməyə çalışır. Belə əməkdaşlıq ölkəyə investisiya cəlbi imkanlarını artırmaqla yanaşı, maliyyə sektorunun beynəlxalq standartlara uyğun inkişafına da şərait yaradır.
Bu tip görüşlər həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi siyasətinin mühüm komponenti kimi qiymətləndirilə bilər. Qlobal maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi ölkənin qeyri-neft sektoruna investisiya axınını sürətləndirmək və beynəlxalq iqtisadi əlaqələrini gücləndirmək baxımından strateji əhəmiyyət daşıyır.
Konfrans çərçivəsində Azərbaycan Prezidenti yerli telekanalların suallarını cavablandırdı, gündəlikdəki bir çox aktual məsələyə aydınlıq gətirdi, həmçinin Fransanın "France 24" televiziyasına geniş müsahibə verərək Azərbaycan-Fransa münasibətlərindən irəli gələn məqamlarla bağlı ölkəmizin mövqeyini bölüşdü.
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakının siyasi nəticələri bir daha nümayiş etdirir ki, Azərbaycan xarici siyasətində çoxvektorlu strategiyanı davam etdirərək beynəlxalq sistemdə öz rolunu genişləndirir. Ölkəmiz regionda sülh gündəliyinin əsas təşəbbüskarlarından biridir. Avropa üçün enerji tərəfdaşından daha geniş təhlükəsizlik tərəfdaşına çevrilir. Yaxın Şərq və Şərqi Avropa istiqamətlərində diplomatik təsirini artırır. Humanitar və mədəni diplomatiya vasitəsilə beynəlxalq imicini gücləndirir.
Beləliklə, builki Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın daha geniş geosiyasi sistemdə aktiv və təsirli iştirakçıya çevrildiyini bir daha təsdiqlədi.
İradə ƏLİYEVA,
"Azərbaycan"