07 Sentyabr 2013 01:09
567
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

№ 245                        Bakı şəhəri, 2 sentyabr 2013-cü il

 

"Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin  2013-cü il 2 sentyabr

tarixli 245 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 192.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. Müvəqqəti idxal proseduru altında təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar yerləşdirilir. 

1.2. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.

1.3. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir. Şəxslər müvafiq icazə aldıqdan sonra mallardan yalnız həmin icazədə göstərilmiş müvəqqəti idxal prosedurunun məqsədləri üçün istifadə edə bilərlər.

1.4. Gömrük ərazisinə müvəqqəti idxal edilmiş mallardan təyinatı üzrə istifadəyə nəzarət həmin malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən Gömrük Məcəlləsinə müvafiq qaydada həyata keçirilir.

1.5. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilərkən, müvafiq prosedur sahibi həmin mallar üçün ödənilməsi nəzərdə tutulan gömrük rüsumlarının və vergilərin tam ödənilməsini təmin etməlidir.

1.6. Bu Qaydaların müddəaları fiziki şəxslər tərəfindən güzəştli və sadələşdirilmiş qaydada ölkə ərazisinə gətirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara şamil edilmir.

 

2. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi şərtləri

 

2.1. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində istifadə olunur:

2.1.1. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, onların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;

2.1.2. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;

2.1.3. bu Qaydaların 2.3-cü bəndində qeyd edilən hallar istisna olmaqla, prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.

2.2. Aşağıdakı malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə yol verilmir:

2.2.1. nümayiş, reklam və sərgi məqsədləri üçün vahid nüsxədə gətirilmə halları  istisna olmaqla, yeyinti məhsullarının, spirtli və spirtsiz içkilərin, tütün və tütün məmulatlarının, xammal və yarımfabrikatların, sərf olunan material və nümunələrin;

2.2.2. gömrük ərazisinə gətirilməsi qadağan edilmiş və ya məhdudlaşdırılmış malların;

2.2.3. sənaye və digər tullantıların.

2.3. Aşağıdakı şərtlər daxilində gömrük ərazisində təsis edilən prosedur sahibi müvəqqəti idxal xüsusi gömrük prosedurundan istifadə edir:

2.3.1. Azərbaycan Respublikası adından (dövlətlərarası müqavilələr) və Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr) Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə, hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulduqda;

2.3.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda tikinti fəaliyyəti, habelə dövlət satınalmaları həyata keçirildikdə və ya məhsul istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə dövlət sifarişləri yerinə yetirildikdə;

2.3.3. mədəniyyət, turizm, idman və bu qəbildən olan digər tədbirlər.

 

3. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi

 

3.1. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində qeyd edilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir:

3.1.1. malların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, həmin nomenklaturada göstərilən ölçü vahidində miqdarı, habelə dəyəri;

3.1.2. malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinin məqsədi;

3.1.3. malların təkrar ixrac edilməsi müddəti.

3.2. Ərizə ilə birlikdə aşağıdakılar da təqdim edilir:

3.2.1. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

3.2.2. ərizəçi kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN;

3.2.3. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uy-ğun  aparılacağına dair zəmanət;

3.2.4.      gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə dair təminat.

3.3. Daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 3 (üç) iş günü müddətində baxılır və bu Qaydaların 3.4-cü bəndində göstərilən hallar mövcud olmadıqda, malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron formada icazə verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə dərhal məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqda, ərizəyə 1 (bir) iş günü müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir.

3.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.4.1. malların gömrük ərazisinə gətirilməsi qadağan edildikdə və ya məhdudlaşdırıldıqda;

3.4.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda;

 

3.4.3. bu Qaydalarda nəzərdə tutulmuş şərtlərə riayət edilmədikdə.

3.5. İcazənin verilməsindən imtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra icazə almaq üçün bu Qaydalara uyğun olaraq yenidən gömrük orqanına müraciət edilə bilər.

3.6. İcazənin alınması üçün təqdim edilmiş məlumatlarda və sənədlərdə dəyişiklik olduqda, icazə sahibi  dərhal  bu barədə gömrük orqanına məlumat verir.

 

4. İcazənin ləğv edilməsi

 

4.1. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə gömrük orqanı tərəfindən aşağıdakı hallarda ləğv edilir:

4.1.1.      icazə sahibinin bu barədə müvafiq ərizəsi təqdim edildikdə;

4.1.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar aşkar edildikdə;

4.1.3. icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda;

4.1.4. icazənin verilməsi üçün əsas olmuş şərtlərə riayət edilmədikdə;

4.1.5. məhkəmənin müvafiq qərarı olduqda;

4.1.6. bu Qaydaların 5.5-ci bəndində nəzərdə tutulmuş halda.

4.2. İcazə sahibi icazənin ləğv edilməsi barədə dərhal kağız üzərində yazılı və ya elektron formada məlumatlandırılır.

4.3. İcazə ləğv edildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar dərhal digər gömrük proseduru altında yerləşdirilməlidir.

 

5. Hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi

 

5.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verilə bilər.

5.2. Hüquq və öhdəliklərin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxsə ötürülməsi məqsədi ilə prosedur sahibi tərəfindən gömrük orqanına müraciət edilir.

5.3. Hüquq və öhdəlikləri qəbul edən şəxsin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edəcəyinə zəmanət təqdim edildikdə, gömrük orqanı tərəfindən həmin şəxsə bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq icazə verilir.

5.4. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklər bu prosedur altında yerləşdirilmiş mallar qismən istifadə olunduqdan sonra da digər şəxslərə ötürülə bilər.

5.5. Müvəqqəti idxal xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə sahibinə verilmiş icazə ləğv edilir.

 

6. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti və həmin müddətin uzadılması

 

6.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir.

6.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər.

6.3. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır.

6.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması ilə bağlı müraciətə gömrük orqanları tərəfindən 3 (üç) iş günü  müddətində baxılır.

6.5. Gömrük orqanları bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş şərtlərə əməl olunmadığını aşkar etdiyi halda malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar qəbul olunduqdan  1 (bir) iş günü müddətində prosedur sahibi bu barədə yazılı formada məlumatlandırılır.

6.6. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması prosesi müvəqqəti idxal xüsusi gömrük proseduru üçün müəyyən edilmiş müddətin axımını dayandırmır.

6.7. Müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir.

6.8. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur.

 

7. Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi

 

  7.1. Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verildikdə, gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir.

  7.2. 1 (bir) il müddətində təkrar ixrac olunması şərtilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş aşağıdakı xarici mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunmaqla istifadə olunur:

  7.2.1. tədbirin keçirildiyi yerdən kənara aparılmaması, icarəyə verilməməsi və ya mükafat müqabilində başqa cür istifadə olunmaması şərtilə sərgilərdə, yarmarkalarda, konfranslarda, təqdimatlarda, müsabiqələrdə və iclaslarda nümayiş və ya istifadə üçün nəzərdə tutulan mallar;     

  7.2.2. rezidentlə bağlanılmış müqavilə əsasında birgə filmlərin, televiziya proqramlarının və ya audiovizual materialların istehsalı halları istisna olmaqla, kirayə obyekti olmaması şərtilə aşağıdakı peşə avadanlığı və həmin avadanlıq üçün ləvazimatlar:

  7.2.2.1. reportajların hazırlanması, müəyyən proqramlar üçün verilişlərin və yazmaların həyata keçirilməsi məqsədi ilə mətbuat, radio və ya televiziya yayımı avadanlığı;

  7.2.2.2. film çəkmək məqsədi ilə kinematoqrafiya avadanlığı;

  7.2.2.3. peşə avadanlığının təmiri üçün nəzərdə tutulmuş ehtiyat hissələri;

  7.2.2.4. peşə avadanlığının daşınması üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitələri;

  7.2.3. sənaye istehsalı, təbii sərvətlərin istismarı, binaların tikintisi, təmiri və istismarı, torpaq işləri üçün nəzərdə tutulan mallar istisna olmaqla, şəxsin vəzifəsinin, sənətinin və ya peşəsinin icrası məqsədi ilə müvəqqəti gətirilən hər hansı digər mallar;

  7.2.4. malların qablaşdırılması üçün taralar və ya malların yüklənməsi üçün konteynerlər və onların təmiri üçün tələb olunan ehtiyat hissələri;

  7.2.5. gəlir əldə etmək məqsədi ilə istifadə etməmək, digər şəxslərə müvəqqəti istifadə üçün verməmək şərtilə tədris məqsədləri və ya elmi tədqiqat mərkəzlərində tədqiqat işlərinin aparılması üçün gətirilən mallar, pedaqoji ləvazimatlar;

  7.2.6. satmamaq şərtilə teatr və ya sirk tamaşalarının, konsertlərin, idman tədbirlərinin və ya məşqlərinin və digər mədəniyyət tədbirlərinin keçirilməsi üçün xüsusi geyimlər, idman malları, musiqi alətləri, səhnə ləvazimatları və ya rekvizitləri;

  7.2.7. təlim, əhliləşdirmə, çoxaltma, baytarlıq müalicəsi, turizm, təcrübə keçmə və digər xüsusi tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş heyvanlar;

7.2.8. təbii fəlakətlərin, qəzaların və bədbəxt hadisələrin aradan qaldırılmasından ötrü Azərbaycan Respublikasının dövlət orqanlarına  və təşkilatlarına əvəzsiz müvəqqəti istifadəyə verilməsi üçün gətirildikdə və ya xarici dövlətlərə həmin hadisələrin aradan  qaldırılması üçün aparıldıqda;

7.2.9. hüquqi və fiziki şəxslərin mülkiyyətində qalmaqla müalicə və digər tibb müəssisələrinə əvəzsiz müvəqqəti istifadəyə verilməsi  üçün tibb avadanlıqları və ləvazimatları gətirildikdə (aparıldıqda).

  7.3.      Malların bu Qaydaların 7.2.1-7.2.9-cu yarımbəndlərində göstərilən şərtlərə uyğun istifadə edilməsi nəzərdə tutulmadıqda, müvəqqəti idxal müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti idxal müddəti uzadıldıqda, müvəqqəti idxal edilən mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edilir.

  7.4. Müvəqqəti idxal müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti idxal müddəti uzadıldıqda, müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən qismən azad edilməsi müvafiq olaraq birinci ilin bitdiyi tarixdən və ya müvəqqəti idxal müddətinin uzadıldığı tarixdən həyata keçirilir.

7.5. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

  7.6. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğindən artıq olmamalıdır.     

7.7. Aylıq ödənişlərin hesablanması müvəqqəti idxal olunan mallar gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Aylıq ödənişlər ödənilmə tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir.

7.8. Müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük proseduru altında yerləşdirilərkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır.

7.9. Gömrük rüsumlarının və vergilərin ödənilməsindən qismən azad edilməklə, müvəqqəti idxal edilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi zamanı hesablanmış gömrük rüsumlarının və vergilərin məbləğindən həmin mallara görə ödənilmiş aylıq ödənişlərin məbləği çıxılmalıdır.

7.10. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinə bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin 164.2.2-ci maddəsinin tələblərinə riayət edilməsi şərtilə sərbəst dövriyyə üçün buraxılmış mallar hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

19:50
02 İyun

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

19:49
02 İyun

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

19:48
02 İyun

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19:47
02 İyun

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

19:47
02 İyun

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

19:46
02 İyun

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

19:45
02 İyun

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

19:44
02 İyun

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

19:44
02 İyun

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir  

19:43
02 İyun

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

19:35
02 İyun

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

19:34
02 İyun

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

19:34
02 İyun

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

19:33
02 İyun

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir

19:32
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!