Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" mövzusundakı beynəlxalq elmi konfransın əhəmiyyəti çox böyükdür və tədbiri bir neçə aspektdə dəyərləndirmək olar. Konfrans müasir neokolonializm və müstəmləkəçilik ideologiyalarının təkcə tarixini deyil, həm də müasir dövrdəki formalarını araşdırmaq məqsədi daşıyır. Bu, sadəcə keçmişin bir hissəsi kimi deyil, müasir beynəlxalq münasibətlərdə və siyasi-iqtisadi asılılıqların formalaşmasında müstəmləkəçilik ideyalarının necə təkrarlandığını açıq şəkildə ortaya qoyur. Azərbaycanda bu kimi mövzuların sistemli şəkildə müzakirəyə çıxarılması intellektual səviyyənin yüksəldilməsi və beynəlxalq hüququn, insan haqları sahəsində səylərin artırılması baxımından vacibdir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Bakı Təşəbbüs Qrupu dekolonizasiya sahəsində fəaliyyət göstərən qlobal platforma kimi kolonializmə məruz qalan xalqların səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mühüm rol oynayır. Bu, Azərbaycan üçün yeni diplomatik imkanlar yaratmaqla yanaşı, insan haqları, ədalət və beynəlxalq hüququn qorunması kimi sahələrdə aktiv iştirak anlamına gəlir. Müstəmləkəçilikdən əziyyət çəkən digər xalqların nümayəndələrinin konfransda iştirak etməsi Azərbaycanın həmrəyliyini göstərir. "Konfransda qeyd olunduğu kimi, müstəmləkəçilik və onun təsirlərinin universitet proqramlarına daxil edilməsi Azərbaycanın təhsil sistemində də müasir qlobal məsələlərə dair biliklərin inkişafına və gənc nəslin məlumatlandırılmasına xidmət edir. Bu, ölkənin uzunmüddətli strateji inkişafı üçün vacibdir. Konfrans həm tarixi ədalət çağırışıdır, həm də gələcək üçün yeni postkolonial dünyagörüşünün formalaşması təşəbbüsüdür. Bütün bunlarla yanaşı, bütövlükdə mövzu ilə bağlı öz baxış bucağımı ifadə etməyi də zəruri sayıram: XX əsrin ortalarında baş vermiş dekolonizasiya prosesləri nəticəsində Afrika, Asiya və Karib hövzəsi ölkələrinin əksəriyyəti formal müstəqillik qazansa da, neokolonial münasibətlər sistemi hələ də tam ləğv olunmayıb. Fransanın Afrika ölkələri ilə münasibətləri bu baxımdan klassik nümunədir. Bu şəraitdə Azərbaycanın qlobal miqyasda ədalətin bərpası istiqamətində atdığı addımlar xüsusi diqqətəlayiqdir", - deyə E.Mirzəbəyli əlavə edib.
Deputat qeyd edib ki, müasir müstəmləkəçilik klassik müstəmləkəçiliyin zorakı, hərbi ekspansiyasından fərqli olaraq daha incə, strukturlaşdırılmış və "qanuni" mexanizmlərlə həyata keçirilir. Neokolonializmin əsas xüsusiyyətləri iqtisadi asılılığın daha da gücləndirilməsi, mərkəzləşdirilmiş valyuta nəzarətinin həyata keçirilməsi, təbii ehtiyatların talan edilməsi, mədəni və informasiya ekspansiyasının genişləndirilməsidir. Neokolonializm çox vaxt ticarət müqavilələri, borc siyasəti və beynəlxalq maliyyə institutları (IMF, Dünya Bankı) vasitəsilə tətbiq olunur. Keçmiş müstəmləkə dövlətləri Afrika ölkələrinə investisiya və yardım adı ilə iqtisadi nəzarəti davam etdirirlər. CFA frankı zonasındakı 14 Afrika ölkəsinin valyutası bu gün də Fransa Mərkəzi Bankı tərəfindən tənzimlənir. Neokolonial münasibətlərdə çox vaxt Afrikanın neft, qızıl, kobalt, uran kimi strateji ehtiyatlarının xarici şirkətlər tərəfindən aşağı qiymətə istismar olunması müşahidə olunur. Fransız dili və təhsil sistemi, həmçinin Fransa mediasının Afrika ölkələrində yayımı, əhalinin düşüncəsinə ciddi təsir edir. Bu sistemlər müstəmləkəçiliyin rəsmi siyasi formasının ləğv olunmasına baxmayaraq, faktiki asılılığın davam etdirilməsinə xidmət göstərir.
Deputat bildirib ki, Fransanın Afrika ilə əlaqələrində "Françafrik" (Françafrique) adlandırılan qeyri-rəsmi model əsasında qeyri-şəffaf siyasi, iqtisadi və hərbi əlaqələr şəbəkəsi qurulub: "Bu modeldə Fransa bir tərəfdən özəl şirkətlərini, digər tərəfdən isə siyasi elitaları dəstəkləməklə mövcud rejimlər üzərində təsirini saxlayır. Məsələn, Fransa şirkətləri (TotalEnergies, Areva) Çad, Mali, Qabon və digər ölkələrdə energetika və mədən sektoruna nəzarət edir, CFA frankı vasitəsilə maliyyə siyasətinə birbaşa təsir göstərir, Fransa ordusu isə Afrikada daimi hərbi bazalara malikdir. Bu münasibətlərin nəticəsində Afrika ölkələrinin siyasi suverenliyi nominal xarakter daşıyır, iqtisadi resurslar isə əhalinin rifahı üçün deyil, xarici şirkətlərin mənfəəti üçün istifadə olunur".
Son illərdə Azərbaycanın öncüllük nümayiş etdirdiyi proses də daxil olmaqla, neokolonial modellərə qarşı müqavimətini artırmaqda olduğunu vurğulayan deputat bildirib ki, 2020-ci ildən bəri Malidə, Burkina-Fasoda və Nigerdə baş verən çevrilişlər və həmin ölkələrin Fransa ilə əməkdaşlığa son qoyması bu prosesin bariz göstəricisidir. Fransa qoşunlarının bu ölkələrdən çıxarılması, yeni valyuta planlarının hazırlanması və Çin, Türkiyə kimi alternativ tərəfdaşlara yönəlmə neokolonial münasibətlərin zəifləməsinə işarə edir.
Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan neokolonializmlə mübarizədə prinsipial mövqe nümayiş etdirən, qlobal Cənubun maraqlarını müdafiə edən aparıcı ölkələrdən birinə çevrilib. Bu kontekstdə Azərbaycanın fəaliyyəti bir neçə əsas istiqamət üzrə qiymətləndirilə bilər: Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrlik etdiyi müddət ərzində təşkilatın prinsip və dəyərlərinə sadiqliyini nümayiş etdirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə QH çərçivəsində Afrika ölkələrinin maraqlarının müdafiəsi xüsusi yer tutub. "Azərbaycan Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq prinsipi əsasında əlaqələr qurur. ADA Universiteti vasitəsilə Afrikadan onlarla tələbənin təqaüdlə təhsil alması, habelə Bakı Təşəbbüs Qrupunun fəaliyyətləri mühüm alət funksiyasını yerinə yetirir. Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Təşəbbüs Qrupu dekolonizasiya məsələlərinin gündəmə gətirilməsində və informasiya mübarizəsinin aparılmasında mühüm rol oynayır. Azərbaycan yeni dünya düzənində çoxqütblülüyün, ədalətli beynəlxalq münasibətlər sisteminin bərqərar olunmasını dəstəkləyir. Bu yanaşma neokolonial sistemin dağılmasına xidmət edən mühüm ideoloji və siyasi bazanı formalaşdırır", - deyə siyasətçi əlavə edib.
Onun sözlərinə görə, müasir müstəmləkəçilik, qlobal ədalətsizliyin təzahürüdür. Onun aradan qaldırılması üçün yalnız keçmiş müstəmləkə dövlətlərinin məsuliyyət daşıması kifayət deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin prinsipial və ardıcıl mövqeyi tələb olunur. Azərbaycan bu kontekstdə yeni, daha bərabər əsaslı beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verən, siyasi, diplomatik və intellektual resurslarını bu məqsədə səfərbər edən ölkə kimi çıxış edir. Afrika və digər regionlarla həmrəylik, neokolonial təzyiqlərə qarşı ortaq mübarizə XXI əsrin beynəlxalq gündəmində getdikcə daha çox önəm kəsb edir və bu prosesdə Azərbaycanın yeri xüsusilə əhəmiyyətlidir.
Deputat deyib ki, neokolonializmin yaratdığı struktur asılılıqlar və istismar mexanizmləri beynəlxalq münasibətlər sisteminin əsas problemlərindən biridir. Bu müstəvidə Azərbaycan öz tarixi təcrübəsinə, regional liderliyinə və beynəlxalq nüfuzuna əsaslanaraq ədalətli və bərabərhüquqlu münasibətlər sisteminin qurulmasına töhfə verə bilər. Bu, həm də Azərbaycanın Cənubi Qafqazdan kənarda artan geosiyasi əhəmiyyətinin göstəricisidir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"