İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilmişdir.
Nazir Şahin Mustafayev müasir beynəlxalq təcrübənin tətbiq olunması, nəzarət və şəffaflığın yüksək səviyyədə təmin edilməsi, qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi nöqteyi-nəzərindən beynəlxalq maliyyə institutları ilə müştərək icra olunan layihələrin əhəmiyyətindən bəhs etmişdir. Bu istiqamətdə Dünya Bankı ilə əməkdaşlığa xüsusi önəm verildiyi vurğulanmış və qeyd olunmuşdur ki, indiyədək bank tərəfindən Azərbaycana 50 layihə çərçivəsində 3,2 milyard dollar kredit ayrılmışdır. Hazırda 17 layihənin icrası davam edir. Bu il Dünya Bankı ilə "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi üzrə əlavə maliyyələşmə sazişi də imzalanmışdır. 2014-2016-cı illəri əhatə edən bu layihə çərçivəsində Balaxanı poliqonunun tam reabilitasiyası, ölkə üzrə məişət tullantıları strategiyasının, habelə müvafiq tədbirlər planının hazırlanması nəzərdə tutulur. Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərindəki göllərin vəziyyətinin yaxşılaşdırılması sahəsində əməkdaşlığa dair müzakirələrin aparılması da məqsədəuyğun hesab olunmuşdur.
Görüşdə Azərbaycanda sənaye parklarının fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təşkili istiqamətində Dünya Bankı ekspertləri ilə müvafiq danışıqların aparıldığı, potensial rezidentlər üçün təşviqat tədbirləri, o cümlədən təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi diqqətə çatdırılmışdır. Həmçinin regionların sosial-iqtisadi inkişafına dəstək məqsədi ilə Azərbaycanın müxtəlif rayonlarında, xüsusilə qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciklərin yaxınlığında pilot sənaye məhəllələrinin yaradılması sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlıq sahəsində fəaliyyətini Azərbaycan hökumətinin müəyyənləşdirdiyi prioritetlərə uyğun şəkildə qurulduğunu vurğulamış və hazırlanmaqda olan 2015-2019-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsində ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, habelə qeyri-neft sənayesinin inkişafının əsas hədəflər kimi nəzərdə tutulduğunu qeyd etmişdir.