Vüsal Qasımlı: "Fiskal islahatlar respublikamızı bölgənin ən
rəqabətqabiliyyətli və sosial rifah dövlətinə çevirib”
Nəticə əsaslı
büdcə və ortamüddətli xərclər çərçivəsinin tətbiqi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2020-ci il pilot dövr
kimi, büdcə xərclərinin funksional təsnifatının "Təhsil”, "Kənd təsərrüfatı” və
"Ətraf mühitin mühafizəsi” bölmələri isə pilot sektorlar kimi müəyyən edilib. İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı
fiskal sahədə aparılan islahatlar mövzusunda sualları cavablandırıb.
- Ortamüddətli
xərclər çərçivəsi nədir və bunun əhəmiyyətini necə izah edərdiniz?
- Prezident
İlham Əliyev tərəfindən təsdiqlənən "Milli iqtisadiyyat perspektivi strateji yol
xəritəsi”ndə göstərilirdi ki, ortamüddətli xərclər çərçivəsi güclü büdcə idarəçiliyi
və onun nəticə əsaslı büdcə təşkilinə uyğunlaşdırılması, dövlət xərclərinin səmərəliliyinin
təmin edilməsi və neft gəlirlərinin dəyişkənliyinin təsirinin azaldılması üçün əhəmiyyətlidir.
Nəticə əsaslı büdcə aşağıdakı şərtlər daxilində reallaşdırılacaq: dövlətin maliyyə
resurslarının proqramlar və strateji hədəflər üzrə icrasının təmin edilməsi, büdcə
vəsaitlərindən istifadə üzərində nəzarət mexanizminin qurulması, büdcə layihəsinin
büdcə təşkilatlarının fəaliyyətinin səmərəliliyini, nəticələrini və qənaətliliyini
qiymətləndirməyə imkan verən göstəricilər sistemi əsasında tərtib edilməsi.
Beləliklə,
nəticə əsaslı büdcə dövlət xərcləmələrinin daha ünvanlı, optimal və səmərəli istifadəsini
təmin edəcək.
2021-ci il
dövlət və icmal büdcə layihələri və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin
hazırlanması ortamüddətli xərclər çərçivəsinə uyğun təmin ediləcək. Bunun üçün
39 bənddən ibarət "Tədbirlər Planı” təsdiq olunub.
Azərbaycanda
ümumi amil məhsuldarlığının səviyyəsi göstərir ki, biz daha çox institutsional islahatların
və insan kapitalının inkişafı hesabına iqtisadi artımı sürətləndirə bilərik. Eyni
zamanda fiskal institutların inkişafı, o cümlədən, büdcə qaydaları, ortamüddətli
xərclər çərçivəsi və nəticə əsaslı büdcənin tətbiqi iqtisadi artımı sürətləndirməyə
hesablanıb. Bu baxımdan cənab Prezidentin rəhbərliyi ilə fiskal institutların inkişaf
etdirilməsinin mühüm əhəmiyyəti var. Bundan başqa, dövlət müəssisələrində korporativ
standartların tətbiqinin daha da genişləndirilməsi həm fiskal dayanıqlılığın, həm
də iqtisadi səmərəliliyin artırılmasına və rəqabət mühitinin yaxşılaşdırılmasına
töhfə verəcək. Ortamüddətli xərclər çərçivəsi həm də ortamüddətli resurs zərfinin
və milli xərc prioritetlərinin uyğunlaşdırılmasını təmin edəcək.
- Nəticə əsaslı
büdcənin mexanizmi necə qurulur?
- Nəticə əsaslı
büdcə hər hansı bir proqram üçün ayrılan büdcə vəsaitlərinin səviyyəsi ilə həmin proqramdan gözlənilən nəticələr arasında
əlaqə yaradan büdcə hazırlanması prosesidir. Belə bir büdcə hazırlanması prosesi
büdcə vəsaitlərinin xərclər baxımından daha səmərəli və effektiv xərclənməsini təmin
edir. Proqram əsaslı büdcə hazırlanması adlanan bu yeni metodologiyaya əsasən, büdcə
prosesi və büdcə sənədlərində strateji məqsədlər, tədbirlər, instrumentlər və onların
xərcləri barədə izahlı məlumat təqdim olunur. Bu tipli büdcələrdə əsas fəaliyyət
indikatorları bunlardır: müəyyən məqsədləri əldə etmək üçün dövlət qurumu tərəfindən
görüləcək işlərin və göstərilən xidmətlərin sayı, keyfiyyəti və xərcləri, bu tədbirlərin
və xidmətlərin icrasından gözlənilən nəticə indikatorları.
Bu tələb edir
ki, büdcənin planlaşdırılması və ümumilikdə büdcə icrası prosesinə inteqrasiyalı
yanaşma tətbiq olunsun ki, bu da prioritetlərin düzgün müəyyənləşdirilməsini və
büdcə prosesindən daha səmərəli istifadəni təmin edir. Sağlam nəticə əsaslı büdcə
sisteminin hazırlanması və tətbiqi üzrə texniki prinsiplər var ki, bu Nəticələr
Nəzəriyyəsində əks olunub. Bu yeni çərçivəyə görə, nəticə əsaslı büdcədə missiya,
hədəflər, məqsədlər və vəsaitin nə uçun xərclənməsinin izahı təqdim edilir. Burada
əsas məqam "nəticə”dir. Bu metodun tətbiqi ilə bütünlükdə planlaşdırma və büdcə
çərçivəsi nəticəyönümlü olur ki, bunun da əsasında qiymətləndirmə dayanır. Bu proses
3 elementdən ibarətdir: nəticə, strategiya (yekun nəticəni əldə etmək üçün müxtəlif
vasitələr) və fəaliyyət - son məhsul (yekun nəticəni əldə etmək üçün görülməli işlər
və tədbirlər).
Sonuncu element
üçün Əsas Nəticə İndikatorları (KPİ) müəyyən edilməlidir. Bir sözlə, nəticə əsaslı
büdcə "strategiya və planlaşdırmanın icra və ölçmə ilə kəsişməsidir”.
- Nəticə əsaslı
büdcəyə nail olunması istiqamətində xarici təcrübə necədir və Azərbaycanda qabaqcıl
təcrübənin tətbiqi imkanları barədə nə demək olar?
- Məsələn,
əvvəllər ABŞ-da ali təhsildə nəticə əsaslı büdcənin tətbiqi şagirdlərin ali təhsil
ocaqlarına qəbul olunmasını təşviq etməyə hədəflənmişdi. Belə ki, hansı ali təhsil
müəssisəsinin 1-ci semestrinin əyani şöbəsinə daha çox şagird qəbul olunursa, həmin
quruma büdcədən daha çox maliyyə vəsaiti ayrılırdı. Sonradan isə, vaxt keçdikcə
maliyyələşdirmə formulası dəyişdi ki, bu, ABŞ-ın hazırda 30 ştatında tətbiq olunur
və buraya təkcə şagird qəbulu deyil, həm də ali təhsili tam bitirmə, dərəcə alma,
əldə edilən dərəcələrin sayı, aztəminatlı ailədən olan məzunların sayı kimi meyarlar
(KPİ-nəticə indikatorları) əlavə olundu. təhsil nəticə əsaslı büdcənin tətbiq edilməsinin
üstün cəhətləri bunlardır: tələbə qəbulu və ali təhsiln əlçatanlığının artırılmasına
stimul verir; təhsil prosesində nəticələrə və nailiyyətlərə diqqət yönəldilir; nəticə
indikatorları meyarlarına cavab verən qurumlara resursların ədalətli bölüşdürülməsini
təşviq edir. Zəif cəhəti isə nəticə indikatorlarının müəyyən edilməsinin çətin olması
və eləcə də nəticələrin əldə edilməsi uzun müddət tələb etdiyi üçün bu nəticələrin
ölçülməsinin bəzən qeyri-mümkün olmasıdır.
Nəticə əsaslı
büdcə müəyyən nəticələrə nail olmağa yönəlmiş proqram icrasını və idarəetmənin səmərəliliyini,
effektivliyi və hesabatlılığı yaxşılaşdırmaq məqsədini daşıyan iştirakçı və komanda
əsaslı büdcə idarəetmə yanaşmasıdır.
Azərbaycanda
siyasət əsaslı (policy based budgetting) büdcənin tətbiqi sahəsində önəmli təkmilləşdirmədən
biri kimi Prezidentin 2010-cu il mart tarixli 239 saylı fərmanını qeyd etmək olar
ki, bu fərmanda Dövlət İnvestisiya Proqramının (DİP) hazırlanması, icrası və monitorinq-qiymətləndirilməsi
tələb olunur. DİP büdcə prosesinə inteqrasiya edilib və bu sahədə əldə edilən irəliləyişlər
büdcə hazırlanması və icrası prosesinin nizam-intizamının artırılması ilə nəticələnib.
Nəticə əsaslı
büdcə mexanizminin tətbiqi həm dövlət sektoruna, həm də mediaya büdcə xərclərini
izləməyə imkan yaradacaq. Məsələn, nəticə əsaslı büdcənin tətbiq edildiyi Norveçdə
Parlamentin Maliyyə və İqtisadi İşlər Komitəsi intensiv surətdə büdcə layihələrinin
müzakirəsini aparır. 1999-cu ildə komitədə xüsusi tədqiqat departamenti yaradılıb
ki, bu istiqamətdə təhlillər həyata keçirilsin.
- Ortamüddətli
xərclər çərçivəsinin tərkib hissəsi olan milli xərc prioritetləri necə müəyyənləşəcək?
- Milli xərc
prioritetləri strateji yol xəritələri, sektor strateji planları, həmçinin büdcə
təşkilatlarından daxil olmuş yeni siyasət təşəbbüsləri ilə əlaqələndirilməklə, məhdud
sayda tərtib olunur. Burada maksimum 5-dək milli xərc prioriteti müəyyənləşdirmək
olar. Xüsusi hallarda isə milli xərc prioritetləri 7-dək ola bilər.
Azərbaycan
iqtisadiyyatının sektor skanı da göstərir ki, altı sektoru prioritet edib, ona fokuslanmaq
daha düzgündür. Çili, Çexiya, Koreya və başqa uğur hekayələrində də 6-7 sektor üzrə
ixtisaslaşmanın daha çox fayda gətirdiyini görürük. Məqsəd ən böyük potensialın
hansı sahələrdə olmasını müəyyənləşdirmək və daha sonra həmin sahələrə investisiyaların
proaktiv şəkildə təşviq edilməsi ilə bu sahələrin inkişafına nail olmaqdır. Şaxələndirmədən
ixtisaslaşmaya keçidə fiskal siyasət də dəstək verir.
Yeri gəlmişkən,
milli xərc prioritetləri ən yüksək prioritet səviyyəsindən ən aşağı prioritet səviyyəsinə
doğru qiymətləndirilir. Resurs zərfi məhduddursa, ən yüksək prioritetə malik təşəbbüslərin,
ilk növbədə, digərlərinin isə ortamüddətli dövrdə maliyyələşdirilməsi təsdiq edilir.
- Yeni siyasət
təşəbbüslərinin büdcədə "ağırlıq” yaratmaması və inflyasiyaya səbəb olmaması üçün
nə kimi tədbirlər görüləcək?
- Yeni siyasət
təşəbbüslərini büdcə təşkilatları təqdim edir. Yeni siyasət təşəbbüsləri iqtisadi
cəhətdən əsaslandırılmalı və milli xərc prioritetlərinə, o cümlədən sektor strateji
planlara uyğun olmalıdır. Təklif olunan bütün yeni siyasət təşəbbüslərinin ümumi
illik həcmi növbəti büdcə ili üçün ayırmaların 10 faizindən çox ola bilməz. Büdcə
təşkilatlarının baza proqnozları və yeni siyasət təşəbbüsləri əsasında ortamüddətli
resurs zərfi tərtib edilir. Digər tərəfdən büdcə siyasətini müəyyənləşdirərkən ortamüddətli
monetar siyasət göstəriciləri, pul proqramı və tədiyyə balansı proqnozları nəzərə
alınır. Beləliklə, fiskal və monetar siyasət uzlaşdırılır.
Büdcə qaydalarına
əsasən, icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir. Yuxarı hədd icmal büdcənin
xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə
digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənə bilən neft gəlirləri isə
xalis maliyyə aktivlərinin 30 faizindən çox olmamaqla müəyyənləşdirilir. Beləliklə,
büdcənin "qızıl qayda”ları fiskal dayanıqlılığı təmin edir.
- Azərbaycanda
büdcə həcminin dəyişməsinin iqtisadi artıma təsirini ifadə edən fiskal multiplikator
neçədir?
- İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzində maliyyə proqramlaşdırılması çərçivəsində
apardığımız ekonometrik hesablamalar onu göstərir ki, fiskal multiplikator son üç
ildə qeyri-neft sektoru üzrə 0,5 və idxal üzrə isə 1,2 olmuşdur. 2004-2008-ci illərdə
fiskal multiplikatorlar qeyri-neft sektoru üzrə 0,7 və idxal üzrə 1,2 olduğu halda,
2009-2013-cü illərdə bu göstəricilər müvafiq olaraq 1,5 və 2,3 həddinə yüksəlmişdir.
Başqa sözlə, fiskal multiplikator 2004-cü ildən - yəni əsas neft gəlirlərinin daxil
olmasına uyğun büdcənin sürətlə böyüməsinə müvafiq şəkildə artmışdır. 2013-cü ildə
fiskal multiplikator maksimal həddə çatdıqdan sonra azalmağa başlamışdır. Bu o deməkdir
ki, təkcə fiskal alətlə iqtisadi artımı təmin etmək imkanları məhdudlaşır. Buna
görə də sürətlənən biznes və institutsional islahatlar özəl sərmayənin cəlbini təmin
etməklə iqtisadi artımı sürətləndirməlidir.
- Azərbaycanda
fiskal multiplikatora təsir edən amillər hansılardı?
- Kölgə iqtisadiyyatının
həcminin son illərdə kiçilməsi fiskal multiplikatora müsbət təsir göstərir. İlzetzkinin
fikrincə, iqtisadiyyat nə qədər kiçik olursa, fiskal multiplikator da o qədər artır.
Bu baxımdan Azərbaycan nisbətən kiçik iqtisadi miqyasları ilə daha yaxşı vəziyyətdədir.
Amma iqtisadiyyatın açıq olması fiskal multiplikatora azaldıcı təsir göstərir, çünki
fiskal stimullar müəyyən həddə idxalı maliyyələşdirməyə gedir.
Azərbaycanda
fiskal institutların təkmilləşdirilməsi, o cümlədən vergi və gömrük inzibatçılığı
sahəsində aparılan islahatlar fiskal multiplikatora müsbət təsir göstərir. Xüsusən
də vergi yükünün sahibkarlar üçün optimallaşdırılması fiskal stimul kimi qiymətləndirilməlidir.
Maliyyə Nazirliyində "Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair "Mərkəzləşdirilmiş
Elektron Reyestr Sistemi” yaradılır. Yeni sistem vasitəsilə ötürüləcək bəyannamə
məlumatları güzəşt tətbiq olunan vergi və gömrük rüsumlarının hər bir növü üzrə
mülkiyyət, iqtisadi fəaliyyət, neft və qeyri-neft sektoru parametrləri baxımından
dövlət büdcəsinə güzəştlərin tətbiqi nəticəsində mədaxil olunmayan vəsaitlərin hesablanmasına,
nəticə etibarı ilə faktiki büdcə itkilərinin müəyyən edilməsinə imkan yaradacaq.
Buradan əldə olunmuş məlumat əsasında büdcə gəlirləri üzrə fiskal multiplikatoru
daha dəqiq hesablamaq mümkün olacaq.
Dövlətin borcunun
aşağı olması iqtisadi agentlərdə büdcə siyasətinə inamı artırır, beləliklə, "dar
gün” üçün yığıma meyil azalır və bu hal fiskal multiplikatora artırıcı təsir göstərir.
Korsettinin fikrincə, ölkədəki məzənnə rejimi nə qədər az çevikdirsə, pul siyasətinin
büdcə siyasətinə uyğunluğu da bir o qədər yüksəkdir. Beləliklə, fiskal stimulun
məzənnə kanalı vasitəsilə "sızması” ehtimalı da azalır. Azərbaycanda tənzimlənən
məzənnə rejiminin olması fiskal stimulların məzənnə kanalı ilə axmasına imkan vermir.
Əksinə, son aylarda Azərbaycanın valyuta bazarında izafi likvidlik manatın bahalaşmasına
təzyiq göstərir.
Azərbaycanda
qiymətli kağızlar bazarının az inkişaf etməsi, başqa sözlə, qiymətli kağızlar bazarının
ÜDM-ə nisbətini ifadə edən Baffet əmsalının 17 faiz olması, fiskal multiplikatora
artırıcı təsir göstərir.
Azərbaycanda
2019-cu ildə həyata keçirilən sosial paketin ünvanlılığı, daha doğrusu, ailələrə
və əsasən da aztəminatlı insanlara yönəlməsi onların istehlak xərclərini və deməli,
həm də fiskal multiplikatoru artırır.
Təhlil göstərir
ki, Prezidentin rəhbərliyi altında Azərbaycanda
aparılan fiskal islahatlar - fiskal intizamın yaxşılaşdırılması, dövlət müəssisələrində
korporativ idarəetmənin gücləndirilməsi, büdcə xərcləmələrində səmərəliliyin və
şəffaflığın artırılması və institutsional inkişaf büdcə siyasətini daha nəticəverən
edir. Çünki indiki halda büdcə xərclərinin miqyası deyil, səmərəliliyi əsas hədəf
olmalıdır.
- Azərbaycanda
dövlətin fiskal dəstəyini regional müqayisədə necə qiymətləndirərdiniz?
- Hazırda
alıcılıq qabiliyyəti pariteti ilə hesabladıqda Azərbaycanda hər nəfərə düşən icmal
büdcə xərcləri 6,6 min beynəlxalq dollar təşkil edir ki, bu da Azərbaycanın Cənubi
Qafqaz və Mərkəzi Asiyada bu göstərici üzrə lider ölkə olduğunu göstərir.
Alıcılıq qabiliyyəti
pariteti ilə hesabladıqda Azərbaycanda hər nəfərə düşən icmal büdcə xərcləri Qazaxıstandan,
Özbəkistandan və Ukraynadan 1,1, Tacikistandan
1,4, Ermənistandan 1,5, Moldovadan 2, Gürcüstandan 2,4 və Qırğızstandan 3,8 dəfə
çoxdur. Azərbaycan region ölkələri ilə müqayisədə iqtisadiyyata kifayət qədər yüksək
fiskal dəstək verir.
- Fiskal siyasət
iqtisadi artımı sürətləndirməkdə nə dərəcədə rol oynayacaq?
- Səmərəli
və nəticə əsaslı fiskal siyasət iqtisadi artımı dəstəkləyir. Amma bu yetərli olmadığından
islahatlar kompleks aparılır. Frederick S. Pardee Mərkəzinin "Dünyanın Gələcəyi
Modeli” əsasında hesablamaları göstərir ki, əgər bizim bölgədə iqtisadi artım tempi
2,2 faizi aşmasa, onda davamlı inkişaf məqsədlərinə çatmaqda çətinlik çəkəcəyik.
Bu kontekstdə demək istəyirəm ki, Azərbaycanda iqtisadi artım tempinin son beş ildə
sürətlənərək bu il 3 və gələn il 3,7 faizə çatması proqnozlaşdırılır. Asiya İnkişaf
Bankının hesablamalarına görə bizim bölgədəki ölkələr daha da gücləndirilmiş islahat
gündəliyinə keçməklə, daha doğrusu, institutsional islahatları və insan kapitalının
inkişafının sürətləndirməklə indiki iqtisadi artım tempini 2-3 dəfə artıra bilərlər.
Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyeva insan kapitalının inkişafına bu qədər yüksək diqqət yetirirlər.
- Fiskal siyasət
katalizator rolunu oynayır və sərmayə cəlbinə şərait yaradır. Azərbaycanda qeyri-neft
sektoruna sərmayə cəlbini necə qiymətləndirirsiniz?
- Müstəqillik
illərində Azərbaycanda hər nəfərə 30 min ABŞ dollarına yaxın sərmayə düşür ki, bunun
da yarısını qeyri-neft sektoruna investisiya qoyuluşu təşkil edir. Qeyri-neft sektorunda
əsas kapitala yönəldilmiş vəsaitlər ötən il 1,9 faiz artmışdır. Burada nəzərə alınası
bir vacib məqam da var. Sərmayə qoyuluşu bir tərəfdən əsas fondların köhnəlməsini,
digər tərəfdən isə yeni əsas fond ehtiyacını ödəməlidir. Vergi Məcəlləsinin tələbinə
görə, əsas fondların amortizasiya normaları azalan qalıq prinsipinə əsasən belədir:
binalar, tikintilər və qurğular - 7 faizədək, maşınlar və avadanlıq - 20 faizədək,
yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə - 25 faizədək, nəqliyyat
vasitələri - 25 faizədək və s. Göründüyü kimi, əsas fonda sərmayə qoyuluşu ən azı
köhnəlmə dəyərini qarşılamaqla bərabər həm də artıq olmalıdır ki, iqtisadi yüksəlişi
dəstəkləsin. Bunun üçün Azərbaycanda əsas fondlara sərmayə qoyuluşunun daha üstün
templə arıtımı təmin olunmalıdır.
Multiplikator-akselerator
effektinin işləməsi lazımdır. Yəni sərmayə qoyuluşu iqtisadi artımı sürətləndirməlidir,
eyni zamanda artan iqtisadiyyat yeni sərmayə qoyuluşunu təmin etməlidir. Sərmayə
qoyuluşunda dövlətin payı azaldılmalıdır, çünki Azərbaycanda fiskal multiplikator
getdikcə aşağı düşür. Yəni ölkənin iqtisadi inkişafının dövlət xərcləmələri hesabına
təmin edilməsi potensialı azalır, bu mənada biz doyma nöqtəsinə yaxınlaşmışıq. Buna
görə də Azərbaycanda daha çox qeyri-dövlət sərmayələrinin artması təşviq edilir.
Bunun üçün Azərbaycanda əlverişli biznes mühiti, sabitlik, inkişaf etmiş infrastruktur
və ucuz enerji daşıyıcılarımız var. Sərmayələrin cəlbini sürətləndirmək üçün institusional
inkişaf və ixtisaslı işçi qüvvəsi məsələsinə indi daha çox diqqət yetirilir. Təsəvvür
edin ki, Azərbaycanda yüzlərlə startaplar, onları maliyyələşdirməyə hazır insanlar,
uğurlu startapları almağa razı olan investorlar olduğu halda, çatışmayan bu işi
təşkil edəcək investisiya fondları və vençur fondlarıdı. Bu halda İsrail təcrübəsində
olduğu kimi, vençur fondları bir institut olaraq startaplar, sahibkarlar və investorlar
arasında işi təşkil etməklə uğur hekayəsi yarada bilərlər. Azərbaycanda bazar infrastrukturunun
inkişafı istiqamətində islahatlar davam edəcək ki, bu da iqtisadiyyatın maliyyələşdirilməsini
daha da artıracaq.
Hər sahənin
son məhsulunun 1 milyon manat artmasının ölkə üzrə multiplikativ effektini UNEC-in
İqtisadi Araşdırmalar Elmi-Tədqiqat Mərkəzi hesablamışdır. Əgər mədənçıxarma sənayesinin
məhsulunun 1 milyon manat artmasının ölkə üzrə multiplikativ effekti 1,18 olmuşdursa,
emal sənayesində bu göstərici 2,07 təşkil edib. Deməli, biz iqtisadiyyatın "emal
dərinliyini” daha çox artırmalıyıq ki, daha yüksək multiplikativ effekt əldə edək.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan sistemli
və davamlı islahatlar kursunun tərkib hissəsi olan fiskal islahatlar Azərbaycanı
regionun ən rəqabətqabiliyyətli və sosial rifah dövlətinə çevirmişdir.
Müsahibəni
apardı:
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”