Azərbaycan–ABŞ münasibətləri Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində inkişaf edən çoxşaxəli əməkdaşlıq üzərində qurulub. Vaşinqton Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb, diplomatik münasibətlər isə 1992-ci il fevralın 19-da qurulub.
Son illərdə isə Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin artması Azərbaycan–ABŞ münasibətlərinə yeni məzmun gətirib. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının şaxələndirilməsi, enerji və rəqəmsal bağlantıların inkişafı, Xəzər hövzəsinin strateji əhəmiyyətinin artması və regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması ABŞ-nin Cənubi Qafqaza marağını artırıb. Bu prosesdə Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji və tranzit imkanları, iqtisadi potensialı və regional diplomatiyada artan çəkisi onu Vaşinqton üçün əhəmiyyətli tərəfdaşlardan birinə çevirib.
Bu kontekstdə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə keçidini sürətləndirən mühüm hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşü çərçivəsində Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Bununla da ikitərəfli münasibətlərin gələcək istiqamətləri regional sülh, nəqliyyat bağlantıları, enerji, iqtisadiyyat və təhlükəsizlik məsələləri ilə daha sıx əlaqələndirildi.
Bu siyasi xətt 2026-cı il fevralın 10-da ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens tərəfindən Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə yeni keyfiyyət mərhələsinə yüksəldi.
Əldə olunan bu nəticələr Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü və Azərbaycanın milli maraqlarına əsaslanan ardıcıl siyasətinin nəticəsidir. Dövlətimizin başçısı xarici siyasətin bütün istiqamətlərində Azərbaycanın maraqlarını ön planda saxlayaraq prinsipial mövqe nümayiş etdirib. Bu siyasət ölkənin həm regional proseslərdə mövqeyinin möhkəmlənməsinə, həm də beynəlxalq tərəfdaşlarla münasibətlərində yeni imkanların yaranmasına şərait yaradıb. Nəticədə Azərbaycan təkcə Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında enerji, nəqliyyat, təhlükəsizlik və geoiqtisadi proseslərdə rolunu artıran dövlətə çevrilib.
Azərbaycan-ABŞ əlaqələrinə parlament müstəvisindən baxış
Mövzu ilə bağlı AZƏRTAC-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov xatırladıb ki, 2026-cı il fevralın 10-da Bakıda Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens tərəfindən imzalanan "Strateji Tərəfdaşlıq haqqında Xartiya" Azərbaycan–ABŞ münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Həmin strateji tərəfdaşlığın siyasi əsası məhz 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə qoyulub. Deputat hesab edir ki, həmin tarixdən sonra iki ölkə qarşılıqlı hörmətə, ortaq maraqlara və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlara çevriliblər.

Vaşinqton görüşü həm də TRIPP layihəsinin reallaşması, Orta Dəhlizin mövqeyinin güclənməsi, ABŞ Konqresinin 907-ci düzəlişinin dayandırılması və sonradan ləğv olunması, eləcə də Ermənistanla yekun sülh sazişi üçün mühüm siyasi zəmin formalaşdırıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə bildirib ki, 2025-ci il 8 avqust tarixi həm də Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu ilə Barak Obama dövründən başlayaraq pisləşən və Bayden administrasiyası dövründə kəskinləşən Bakı-Vaşinqton münasibətlərini yeni zirvələrə daşımağa imkanlar yaratdı: "Enerji əməkdaşlığından Orta Dəhlizə, rəqəmsal texnologiyalardan süni intellektə, kibertəhlükəsizlikdən müdafiə sahəsinə, kritik minerallardan investisiyalara qədər geniş istiqamətlər vahid strateji gündəliyə daxil edilir. Göründüyü kimi, imzalanan ikitərəfli sənədlər Qələbəmizdən sonra dövlətimizin qurduğu yeni geosiyasi arxitekturaya uyğundur".

Onun sözlərinə görə, ABŞ Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri Vaşinqtonun Bakı ilə münasibətlərində yeni siyasi və strateji məzmunun formalaşdığını göstərən mühüm addımlardan biridir.
Deputat vurğulayıb ki, ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya Cənubi Qafqazda sülhün və barışın təminatına xidmət edən, üçüncü ölkələrə qarşı alyans xarakteri daşımayan və regionun gələcəyini müəyyənləşdirəcək əsas kommunikasiyaların açılmasına böyük miqdarda investisiyaları təmin edən müttəfiqlik platformasıdır.
"Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın ABŞ ilə münasibətlərinin yeni, çoxsahəli mərhələyə keçməsi deməkdir. Cənubi Qafqazın yeni xəritəsi artıq çəkilir. Vaşinqtonla formalaşan strateji tərəfdaşlıq isə həmin prosesin daha geniş beynəlxalq müstəviyə çıxmasının göstəricisidir",- deyə o əlavə edib.

Milli Məclisin deputatı Nigar Arpadarai vurğulayıb ki, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ əməkdaşlığı üçün uzunmüddətli institusional platforma yaradıb. Sənədin imzalanmasından qısa müddət sonra ABŞ-nin hökumət və biznes dairələrinin Bakıya geniş tərkibli səfəri, ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqunun keçirilməsi və irihəcmli iqtisadi sazişlərin imzalanması artıq xartiyanın praktiki nəticələr verdiyini nümayiş etdirib. Deputatın fikrincə, sənəd iqtisadi əməkdaşlıqla yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat, logistika, rəqəmsal inkişaf, regional bağlantılar və investisiya sahələrində də yeni imkanlar açaraq iki ölkə arasında əməkdaşlığın strateji əsaslarını möhkəmləndirir.
Strateji tərəfdaşlığın regional əhəmiyyəti
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş və sonrakı razılaşmalar Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu göstərdi. Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, Orta Dəhlizin əhəmiyyətinin artması, nəqliyyat və enerji layihələrinin genişlənməsi, eləcə də Azərbaycan–Ermənistan sülh prosesində irəliləyişlər ölkənin müstəqil və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir.
Bu mərhələdə ABŞ Konqresinin 907-ci düzəlişi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində atılan addımlar ikitərəfli münasibətlərdə yeni etimad mühitinin və strateji əməkdaşlığın gücləndiyini nümayiş etdirdi.
Formalaşan əməkdaşlıq platformaları, Strateji Tərəfdaşlıq Xartiyası və regional kommunikasiya layihələri Cənubi Qafqazda sülh, iqtisadi inteqrasiya və əməkdaşlıq üçün yeni imkanlar yaradaraq, Vaşinqtonda başlanmış siyasi mərhələni regionun gələcəyi baxımından əhəmiyyətli hadisəyə çevirdi.