Bu gün dünyadakı qlobal böhranlar fonunda Orta Dəhliz, Xəzər hövzəsi və Cənubi Qafqaz, yəni Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə edən bu məkan vahid regional platforma kimi özünü sabit, dinc və geniş əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir. Bütün bunlar keçən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalan razılaşma nəticəsində əldə olunub. Ona görə də hesab edirəm ki, Vaşinqton Sammiti təkcə Azərbaycan və Ermənistan üçün deyil, Gürcüstan, eləcə də digər ölkələr üçün mühüm tarixi hadisə idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-alim, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin keçmiş müavini Nika Alavidze söyləyib.
O deyib: “İlk növbədə qeyd etmək istərdim ki, ötən bir il olduqca sevindirici və məhsuldar olub. Bu məhsuldarlıq və irəliləyişlər Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Ermənistan və Gürcüstan üçün real və konkret nəticələr verib. Bu dövr Azərbaycan və Ermənistan liderlərinin yüksək peşəkarlığını, ölkələrinin maraqlarına böyük hörmətlə yanaşdıqlarını nümayiş etdirdi. Bunun nəticəsində regionda uzun illər davam edən münaqişə başa çatdı və sülh bərqərar oldu. Bu isə Azərbaycan, Ermənistan və bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm addımların atılmasına imkan yaratdı”.
O qeyd edib ki, hazırda həm Amerika, həm də Avropa şirkətlərinin, Avropa İttifaqı və ABŞ nümayəndələrinin, eləcə də işgüzar dairələrin təmsilçilərinin bu iki ölkəyə səfərlərinin əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. Regiona maraq nəzərəçarpacaq dərəcədə yüksəlib. Eyni zamanda, Orta Dəhlizin rolu getdikcə artır.