2025-ci ilin avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqton şəhərində keçirilmiş görüşə dair Birgə Bəyannaməni imzaladılar.
Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələni və Ağ Evin Cənubi Qafqaz siyasətində rəsmi Bakının prioritetlərini dəstəkləməsini nümayiş etdirir. Yeddi maddədən ibarət sənəd Azərbaycan-Ermənistan sülh gündəmində ABŞ-nin mövqeyini yeniləyərək, onu Cənubi Qafqazdakı reallıqların nəticələri ilə uyğunlaşdıran struktura malikdir.
TRIPP – müasir nizamda yenilik
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm Ermənistanla müharibədə, həm də sülh prosesində qələbə qazanıb.
Azərbaycan bununla Ermənistanın işğal və revanşist doktrinasını dəyişdirmək üçün göstərdiyi prinsipallıqda real nəticələr əldə edir. Bu dövrdə Ermənistan sülhə məcbur edilib və sülh üçün sənədin paraflanması ABŞ-ın vasitəçiliyi ilə baş tutub. Azərbaycanla Ermənistan arasında ABŞ-də sülh müqaviləsinin paraflanması uzun prosesin məntiqi nəticəsi idi.

Bu proses Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün irəli sürdüyü beş baza prinsipinə Vaşinqton tərəfindən xüsusi dəstəyini qazandırıb. Qeyd edək ki, Azərbaycan 2022-ci ilin fevralında Ermənistana suverenlik meyarlarında əsaslanan 5 baza prinsipi təqdim edib. Bu təkliflərin mətni və detalları 2022-ci ilin martında ictimaiyyətə açıqlanıb.
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Həmin prinsiplər Azərbaycanın qurulmaqda olan yeni dünya nizamındakı mövqelərini möhkəmləndirərək yeni tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yaranmasını şərtləndirir.
Bu çərçivədə regionda kommunikasiyaların açılması prinsipi beynəlxalq oyunçuların iştirakı ilə reallaşan transmilli layihələr üçün fundamental hüquqi zəmin rolunu oynayır.
Başqa sözlə, Donald Trampın Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” -TRIPP) prioritetlərini dəstəkləməsinin məzmunu Azərbaycanın nəqliyyat-logistika üzrə strategiyasına uyğun formada qurulub. Razılaşmaya əsasən, ABŞ-nin rəhbərlik etdiyi konsorsium Ermənistan hakimiyyəti ilə birlikdə TRIPP marşrutunu inşa edəcək və bu da öz növbəsində Azərbaycanın quru yolla Naxçıvana birbaşa çıxışını təmin edəcək.
Bu, TRIPP marşrutunun təchizat və logistika zəncirlərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) inteqrasiyasını sürətləndirir. Azərbaycan üçün Orta Dəhlizin bütün seqmentlər üzrə böyüməsi və infrastrukturun inkişaf etdirilməsi strateji məsələdir. TRIPP marşrutunun əhəmiyyəti Azərbaycan-ABŞ əlaqələri, prosesdə Ermənistanın iştirakı fonunda aşağıdakı strateji istiqamətləri müəyyənləşdirir:
TRIPP Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən Azərbaycan-Ermənistan sülh formulu əsasında Xəzər regionuna daha böyük faydalar verə bilər.
ABŞ Mərkəzi Asiya ilə Cənubi Qafqazdakı prioritetlərini vahid geosiyasi məkan kimi təyin edərək Azərbaycanın bu iki regiondakı maraqlarına dəstək göstərir. Azərbaycan burada TRIPP vasitəsilə təchizatların Mərkəzi Asiyadan Avropaya və ondan kənara çatdırılmasını daha səmərəli edən mərkəz rolunu oynayır.
Ermənistan Azərbaycanın tələb etdiyi Konstitusiya dəyişikliklərin gözlənilən nəticələrini TRIPP-in çərçivəsi ilə eyniləşdirir. Bu, Azərbaycanın iştirakı ilə Ermənistanın iqtisadi təcriddən çıxarılması stimullaşdırır. Bu amil Ermənistan üçün “xilas kəməri” layihəsində Azərbaycanın mövqeyini daha üstün yerlərə çıxarır.
Strateji tərəfdaşlığın xüsusiyyətləri
ABŞ kimi supergücün Prezident İlham Əliyevin irəli sürdüyü təhlükəsizlik və sülh çərçivələrini inkişaf etdirmək planları Bakı-Vaşinqtonun əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Vaşinqtona səfər zamanı qeyd olunan Birgə Bəyannamə ilə bərabər, Prezident İlham Əliyevin iştirakı ilə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə ABŞ Prezidenti tərəfindən Sərəncam imzalanması da diqqət çəkir. 907-ci düzəlişin tətbiqinin dayandırılması Azərbaycan-ABŞ hərbi-texniki əməkdaşlığını üfüqdə göstərir.
Prezident İlham Əliyevin Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyanla görüşü çərçivəsində əlavə olaraq hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” paraflanıb, habelə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edilərək Minsk prosesinin və onunla əlaqədar strukturların tamamilə ləğvi barədə sənəd imzalanıb.
Bunlar regionun gələcək münaqişələrdən uzaqlaşmasının vacib elementlərini və buna ABŞ-nin dəstək mexanizmlərini ehtiva edir. Prezident İlham Əliyevin strateji qərarları güc mərkəzlərini Cənubi Qafqazda dominantlıq ambisiyasından uzaqlaşmağa məcbur etməklə konstruktiv əməkdaşlığa yönəldir.
Bu prosesdə Azərbaycan-ABŞ əməkdaşlığının strateji çalarları önə çıxır. Dövlətimizin başçısı Vaşinqtonda liderlərin mətbuata bəyanatları zamanı deyib: “Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir - qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə”.
Azərbaycanla ABŞ strateji tərəfdaşlığı regionda prestijli əməkdaşlıq modeli üçün yaxşı çıxış yoludur. Ancaq gedişatın məntiqi davamı üçün tamamlayıcı xətlər lazım idi ki, o da dörd hadisədə özünü göstərdi:
- Prezident İlham Əliyevlə Donald Tramp arasında 2026-cı ilin yanvarın 21-də məktub mübadiləsi oldu;
- 2026-cı ilin yanvarın 22-də Prezident İlham Əliyevin Donald Tramp ilə görüşü keçirildi. Prezident İlham Əliyev həmin gün “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirak etdi;
- Fevralın 10-da ABŞ-nin Vitse-prezidenti Cey.Di.Vens Azərbaycana səfər etdi. Səfər çərçivəsində ABŞ ilə Azərbaycan arasında Strateji Tərəşdaşlıq haqqında Xartiya imzalandı;
- Prezident İlham Əliyev fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasına qatıldı.

İclasda prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyən Donald Tramp vurğuladı ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək dedi: “Bilirsiniz, müharibə edəndə onun xərcləri sülhün dəyərindən 100 qat artıq olur. Orada sonda əyləşən cənabı (Prezident İlham Əliyevi - red.) görürük. O gülümsəyir. Otuz il mübarizədən sonra bu, aydın oldu, elə deyilmi? Otuz il müharibə gedib və biz onun öhdəsindən gəldik”.
Sülh Şurası ABŞ-nin rəhbərliyi altında münaqişələri sonlandırmaq strategiyası ilə bərabər, ABŞ maraqlarının TRIPP marşrutu üzərində cəmləşdirilməsini təmin edir. Şura BMT-yə alternativ təşkilat kimi yaradılıb – bu, Prezident İlham Əliyevin BMT-nin yenilənməsi ilə bağlı çağırışlarına cavab verən qərarın göstəricisidir.
Nəticə etibarı ilə ötən il avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar, imzalanan sənədlər, ondan sonrakı proseslər Azərbaycan Prezidenti İlham Əliyevin sülh və təhlükəsizlik üçün səylərinin uğurlu olduğunun barometridir. ABŞ-Azərbaycan əlaqələrindəki strateji istiqamətləri TRIPP marşrutu ilə Sülh Şurası arasındakı əlaqələri koordinasiya edən məqam kimi xarakterizə etmək olar.
Bu cür addımlar həlledici zamanda olmaqla Azərbaycana qarşı informasiya əməliyyatları ilə təşkilatlanmış qüvvələrə ağır zərbə vurur. Azərbaycana qarşı iqtisadi və siyasi təzyiq göstərmək üçün təlimat almış qüvvələrin qabiliyyəti zəifləməklə Bakının regional indeksdəki mövqeləri dəyişməz reallıq kimi qəbul edilir.