ATƏT sədri xəbərdarlıq etdi
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri və Polşa XİN rəhbəri Zbiqnev Rau Avropada müharibə təhlükəsi barədə xəbərdarlıq edib.
Bəyanat Vyanada ATƏT-in Daimi Şurasının Avropada təhlükəsizlik məsələlərinə, o cümlədən Ukrayna böhranına və Rusiyanın “təhlükəsizliyə təminat” tələblərinə həsr olunmuş iclasında səsləndirilib. Avropada müharibə təhlükəsi ötən 30 ildə olduğundan daha böyükdür”, - deyə Rau bildirib.
“Böhran bütün Avropa sisteminin sabitliyini təhdid edir”
Diplomat Rusiya və ABŞ da daxil olmaqla, 57 ölkənin nümayəndələri qarşısında çıxış edib və regional gərginliyin azaldılması üçün ATƏT-in formatından istifadə etməyə çağırıb.
Onun sözlərinə görə, hazırkı böhran bütün Avropa sisteminin sabitliyini və təhlükəsizliyini təhdid edir.
ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter isə bu həftə təşkilatın formatında konkret nəticələr əldə ediləcəyinə şübhə ilə yanaşır: “Bizim əsas məqsədimiz prinsip etibarilə dialoq qurmaqdır”. Karpenter əlavə edib ki, əsas prinsip və öhdəliklərə uyğun olaraq, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət , bir-birinin sərhədlərinin pozulmazlığı, güc və ya güc hədələrinin tətbiq edilməməsi də daxil olmaqla, təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün yalnız ATƏT-də, bütün 57 üzv dövlətin səs bərabərliyi ilə bir masa arxasına əyləşmək olar.
Rusiya nümayəndəsi Qərbi danışıqları uzatmaq cəhdlərindən çəkinməyə çağırıb
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç Qərbə təhlükəsizlik məsələsində danışıqları uzatmaq cəhdlərinə görə xəbərdarlıq edib: “Açıq şəkildə xəbərdarlıq etmək istəyirik. Rusiyanın ABŞ və NATO ilə dialoqu çərçivəsində təhlükəsizliyin təmin edilməsi üzrə məzmunlu danışıqlar prosesini uzatmaq və ya prosesi mövqelərin mənasız şəkildə mübadiləsinə çevirmək cəhdləri istisnasız olaraq bütün dövlətlərin təhlükəsizliyi üçün vəziyyətin qaçılmaz pisləşməsi ilə nəticələnə bilər”.
“Diplomatik marafon”
Yanvarın 12-də Brüsseldə keçirilmiş NATO Şurası ilə Rusiya arasında 2019-cu ildən bəri baş tutan ilk danışıqlarda Şimali Atlantika Alyansının 30 ölkəsinin nümayəndələri və təşkilatın baş katibi Yens Stoltenberq iştirak ediblər. Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Aleksandr Qruşko rəhbərlik edib, heyətin tərkibində müdafiə nazirinin müavini Aleksandr Fomin də olub. ABŞ-ı dövlət katibinin müavini Vendi Şerman təmsil edib.
NATO Şurası-Rusiya iclası bu həftə Moskva ilə münaqişənin həllinə dair “diplomatik marafon”un mərhələlərindən biri idi. Belə ki, yanvarın 10-da Vendi Şerman Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla Cenevrədə danışıqlar aparıb. Kreml və rusiyalı diplomatlar bu danışıqları uğursuz kimi qiymətləndiriblər. Dünən Sergey Ryabkov RTVİ telekanalına müsahibəsində bildirib ki, Vaşinqton və onun müttəfiqləri əsas təhlükəsizlik təkliflərini rədd ediblər və buna görə də yaxın zamanlarda yeni görüş üçün əsas yoxdur.
Rizvan HİLALOĞLU,
“Azərbaycan”