16 Avqust 2015 12:08
3805
CƏMİYYƏT
A- A+
“ASAN xidmət”in könüllülük fəaliyyəti cəmiyyətin maraqlarını ifadə edir

“ASAN xidmət”in könüllülük fəaliyyəti cəmiyyətin maraqlarını ifadə edir

 

Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və “ASAN könüllüləri”nin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki onlar bu işlərə könüllü şəkildə qoşulurlar, özləri bu təşəbbüsü göstərirlər və işləri ilə ölkəmizin ümumi inkişafına töhfə verirlər...

İlham ƏLİYEV

 

Gənclər bəzən həyatlarını hansı işə həsr edəcəklərinə qərar verməkdə çətinlik çəkirlər. Ölkəmizdə isə bu istiqamətdə bir sıra ciddi tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilən “könüllü fəaliyyət” proqramı buna bariz nümunədir. Necə ki, hər il yüzlərlə gənc könüllü şəkildə “ASAN xidmət” mərkəzlərinə gəlir, öz iş qabiliyyətlərini və intellekt səviyyələrini gücləndirirlər.
Gələcək nəslin dünyagörüşlü yetişdirilməsi baxımından bu məsələ ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Ona görə də Bakıda yerləşən “ASAN xidmət” mərkəzlərinin birində olub könüllülərin fəaliyyətini izlədik. Şahidi olduq ki, onlar həqiqətən də öz işlərini təmənnasız, çox ürəklə görürlər.
“ASAN könüllüləri”nə elə mərkəzə daxil olan kimi, məlumat lövhələrinin, aparatlarının qarşısında və s. guşələrdə rastlaşmaq olur. Onlar bütün xidmət sahələrində növbəli şəkildə fəaliyyət göstərirlər. Məlum oldu ki, könüllülər vətəndaş məmnunluğunun təmin edilməsi üçün “ASAN xidmət” mərkəzinin daha operativ şəkildə fəaliyyət göstərməsinə yardımçı olurlar.
Könüllülərin fəaliyyəti ilə tanış olmazdan əvvəl “ASAN könüllüləri” Gənclər Təşkilatından öyrənmişdik ki, onlar müqavilə əsasında 2 ay müddətində fəaliyyət göstərirlər. Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri 2 ay ərzində həyata keçirən könüllülərə agentliyin rəsmi sertifikat və xasiyyətnaməsi verilir. Könüllü fəaliyyət müddəti ərzində ilk cəlb olunmuş könüllülər vətəndaşların qarşılanması, məlumatlandırılması, anketlərin doldurulması, elektron löhvələrdə işləmə, sıra növbələrinin verilməsi kimi işlərlə məşğul olurlar. Gənclərin könüllü fəaliyyətə marağının artması və könüllü axınının çoxalması bu fəaliyyətin “ASAN xidmət” mərkəzləri ilə yanaşı, agentliyin digər sahələrində tətbiqinə də yol açıb. Belə ki, könüllülər agentliyin sosial innovasiyalar və strateji araşdırmalar, nəzarət və qiymətləndirmə şöbələrinə xidmətə cəlb olunurlar və bununla da onlar bir çox sahələr üzrə yeni təcrübələrə yiyələnirlər.

 

Məqsəd gələcək karyeranı qurmaqdır

 

“ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərən Lalə Hüseynova Azərbaycan Kooperasiya Universitetinin birinci kurs tələbəsidir. O, burada gördüyü işlər barədə təəssüratlarını bizimlə bölüşdü: “ASAN xidmət” fəaliyyətə başlayanda könüllülərlə bağlı məlumatlar diqqətimi çəkdi və mən də burada könüllü kimi işləmək istədim. CV-mi yazıb göndərdim, qəbul etdilər, sonra müsahibə mərhələsindən keçdim. “ASAN xidmət”dəki fəaliyyətimdən çox razıyam. Burada pozitiv, nəzakətli iş şəraitində çalışırıq. Əsasən vətəndaşın şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi, məhkumluq haqqında arayışlar, onların qeydiyyata alınması və digər məsələlərlə bağlı ərizələrin yazılmasında insanlara kömək edirik. Bundan başqa, məlumat lövhələrində, ödəniş terminalında xidmətlə əlaqədar könüllü kimi fəaliyyət göstəririk”. L.Hüseynova dedi ki, könüllü qrupları arasında hər hansı bir məsələ və yaxud şəxslə bağlı təqdimat hazırlanır. Həmin təqdimat 2 ay müddətində hazırlanmalı və təqdim olunmalıdır. Belə layihələrin təşkil olunması qruplar arasında rəqabət yaradır və nəticədə gənclərin intellektual səviyyəsi və biliyi artır.
Könüllülər qrup şəklində fəaliyyət göstərirlər, hər qrupun da öz adı və rəhbəri var. Məsələn, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin ikinci kurs tələbəsi, könüllü Hüseyn Cəfərov “Ş.İ.Xətai” qrupunun üzvüdür. O, qrupun digər üzvləri ilə birgə Ş.İ.Xətai ilə bağlı təqdimat hazırlamalıdır. “ASAN xidmət”i seçməyinin səbəbi isə buradakı kollektivin mehriban və nəzakətli olmasıdır: “Məqsədim dövlət müəssisələrində iş prinsipini öyrənmək və gələcəkdə burada əldə etdiyim təcrübə sayəsində dövlət qulluğunda çalışmaqdır. Məni könüllü kimi işə qəbul etdiklərinə görə “ASAN xidmət” rəhbərliyinə təşəkkürümü bildirirəm”.
Gülnar Pənahova mərkəzin giriş qapısında aparat xidmətində dayanmışdı. O, Azərbaycan Texniki Universitetinin tələbəsidir, artıq iki aydır ki, “ASAN xidmət” mərkəzində könüllü olaraq çalışır: “Çox xoşdur ki, mən də “ASAN xidmət”də çalışıram. Məqsəd gələcək karyeramı qurmaqdır. Əsasən də gələcək iş fəaliyyətimə “ASAN xidmət”də başlamaq istəyirəm”.
Könüllülərin qrup rəhbərindən aldığımız məlumata görə, onların hər biri gün ərzində növbəli sistemlə bütün xidmət sahələrində fəaliyyət göstərir. Mərkəzin və könüllülərin fəaliyyətinin tənzimlənməsi məqsədilə könüllü fəaliyyət gündəlik olaraq 2 və 3 növbə əsasında həyata keçirilir. 2 növbəlilik sistemə əsasən birinci növbə 10:00 - 14:00, ikinci növbə 14:00 - 20:00-a qədər davam edir. 3 növbəlilik sistemə əsasən isə 1-ci növbə saat 10:00 - 13:00, 2-ci növbə 13:00 - 16:00, 3-cü növbə 16:00 - 20:00-a qədər davam edir. Bu növbəlilik prinsipləri könüllülərin həm “ASAN xidmət” mərkəzlərində xidmət göstərməsinə, həm də digər işlərinə, eləcə də təhsilinə vaxt ayırmasına kömək göstərir. Həftə ərzində bir istirahət günü nəzərdə tutulur.

 

Könüllülərin gündəlik işi heç də ərizə doldurmaqdan ibarət deyil

 

“Asan könüllülər”i Gənclər Təşkilatının sədri Fərid Sadıxlının sözlərinə görə, artıq “ASAN Akademiya” konsepti yaradılıb. Bu konseptin əsas məqsədi könüllülərə gündəlik bacarıqların, vərdişlərin aşılanmasıdır: “Biz könüllülərin vərdişlərə və bacarıqlara yiyələnmələrinə çalışırıq. Bunun əsas mahiyyəti könüllülərimizə öz işlərinə tənqidi yanaşmanı aşılamaqdır. Bundan savayı, bir sıra layihələrimiz - natiqlik klubu, “bir gənc - bir beyin” kimi layihələrimiz də məhz bu məqsədə istiqamətlənmişdir”.
“Bütün könüllülük fəaliyyəti “ASAN School” könüllülük proqramı ilə həyata keçirilir”. Bu sözləri isə “ASAN xidmət” mərkəzinin insan resursları və təlim şöbəsinin müdir müavini, “ASAN School” könüllülük proqramının rəhbəri Cahangir Hacıyev dedi. Bidirdi ki, “ASAN School” 3 mərhələyə bölünür - Master 1, Master 2 və “ASAN kadr”. “ASAN kadr” master dərslərindən keçmiş könüllüləri işlə təmin edən karyera mərkəzidir. Bu günə kimi bu mərhələ üzrə qeydiyyatdan keçən CV sayı 700, vakansiyaya müraciət sayı isə 300-dən çoxdur: “Adətən iş yerləri şəxslərdən ilk olaraq təcrübə soruşurlar. Bu baxımdan, “ASAN könüllülük” proqramı həmin gənclərə lazım olan təcrübəni verir. Bu proqram çərçivəsində gənclər təkcə “ASAN xidmət” çərçivəsində yox, eyni zamanda başqa dövlət və qeyri-dövlət orqanlarında da təcrübə yığmaq imkanı qazanırlar. Ona görə də bu gənclər daha hazırlıqlı olurlar. Təbii ki, həm özəl, həm də dövlət sektorunda belə kadrlara tələbat daha çox olur”.
C.Hacıyev bildirdi ki, könüllülər digər əməkdaşlarla bərabər, həftə sonları mütəmadi şəkildə mədəniyyət tədbirlərinə cəlb olunurlar. Könüllülərin “ASAN xidmət”dəki fəaliyyəti təkcə ərizə doldurmaq deyil. Bu işin daha dərin fəlsəfəsi var - onlar insanlarımıza kömək edirlər, dövlətin həyata keçirdiyi inzibati islahatlara dəstək olurlar, insanlarla davranışı öyrənirlər, ən əsası da gələcək iş fəaliyyətləri ilə bağlı təcrübə qazanırlar.

 

300-dən çox könüllü işlə təmin olunub

 

Onu da xatırladaq ki, “ASAN könüllüləri”nin I Ümumrespublika Forumu da keçirilib. Ötən ilin dekabr ayında Sabirabad rayonunda baş tutan forumda Prezident İlham Əliyev də iştirak edib. Forumun məqsədi ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətində dövlət qayğısının nümayiş etdirilməsi, “ASAN xidmət” mərkəzlərində çalışan könüllülər üçün tətbiq olunan yeniliklərin müzakirəsi, “ASAN könüllüləri” Gənclər Təşkilatının gələcək fəaliyyəti üçün rəy və təkliflərin formalaşdırılması olub.
“ASAN könüllüləri”nin I Ümumrespublika Forumunda çıxış edən Prezident İlham Əliyev bildirib: “Şadam ki, artıq “ASAN xidmət”in böyük könüllülər dəstəsi vardır. “ASAN xidmət” cəmi iki ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən çox könüllü “ASAN xidmət”də işləmişdir, təcrübə toplamışdır və ümumi işimizə öz töhfəsini vermişdir. Hazırda 500 könüllü bizim mərkəzlərdə çalışır və beləliklə, gözəl bir gənc nəsil yetişir. Gənclərimiz bizim gələcəyimizdir... Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir. Çünki Azərbaycanda hazırda mövcud olan ictimai-siyasi vəziyyət, gözəl ab-hava belə təşəbbüslərin irəli sürülməsinə imkan yaradır...”
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində indiyədək 3000-dən çox könüllü əməkdaş fəaliyyət göstərib. Bugünədək 300-dən çox könüllü gənc “ASAN xidmət” mərkəzlərində və digər dövlət orqanlarında işə qəbul edilib.
İlk dəfə “ASAN xidmət”də həyata keçirilən könüllü iş prinsipini növbəti dəfə I Avropa Oyunları zamanı da gördük. Gənclərin qüsursuz fəaliyyəti deməyə əsas verir ki, bu təcrübədən digər özəl və dövlət qurumlarının da yararlanması hər iki tərəfə yalnız fayda verər.

Elgün MƏNSİMOV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!